Məhkəmə qərarları › İş №2(103)-2176/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2176/2023

14.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2176/2023 14.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə (Açar sözlər: evə köçürülmə və evdə istifadə qaydasının müəyyən edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı1 və nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2610/2022 saylı 07 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayətinə 14 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşin müəyyən edilmiş hallarına əsasən mübahisə predmeti olan əmlak X6 məxsus olmaqla, bu hüquq xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, habelə o, 1963-cü il tarixdən şəxsi mülkiyyət hüququ əsasında həmin evin sahibi qismində çıxış etmişdir (1963-cü il tarixli texniki inventarizasiya və qiymətləndirməyə dair pasporta və kartoçkaya əsasən). X9 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mübahisə predmeti olan əmlak miras əmlak qismində çıxış edir, iddiaçı onun oğlu və sonuncunun ailə üzvləri (oğlu və arvadı), cavabdeh isə qızlarıdır. X4 adına vərəsəlik işi açılmış, lakin miras əmlaka dair vərəsələrin payları müəyyən edilməmişdir. İddiaçı1, İddiaçı3 2000-ci ildən, İddiaçı2 2002-ci ildən, X10 2004-cü ildən, Cavabdeh1 1959-cu ildən, Cavabdeh2 1970-cı ildən həmin evə pasport qeydiyyatına düşmüş, həmin evdə yaşamışlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların və azyaşlı ailə üzvü X5 Bakı şəhəri Qaradağ rayonu Sənğəçal qəsəbəsi 1-ci massiv, 24B (yeni nömrə 1 ) evə köçürülməyini, evdən istifdə qaydasının müəyyən edilməsi və onların həmin evin sahəsi 21.1 kv.m. və 20.1 kv.m. olan, bacıları olan cavabdehləri isə həmin evin sahəsi 17.7 kv.m. və 18.7 kv.m. olan otaqlara köçürülməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin torpaq sahəsi 1946-cı ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən X13 Əvəz (Avaz) oğlunun adına fərdi yaşayış evi tikmək üçün ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır. 1951-ci ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşması və qiymətləndirilməsinə dair” Pasportunda qeyd edilmişdir. Valideynləri vəfat edəndən sonra yaşadığı evin X2nun adına sənədləşdirilməsini həyata keçirmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın reyestr nömrəsi **********78- 10301, qeydiyyat nömrəsi **********9, qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli Seriya RX N:1368700 saylı Çıxarış verilmişdir. Atalarından qalmış mübahisəli evi özü mərhum atasının adına sənədləşdirmiş və bununla əlaqədar bütün xərcləri o, çəkmişdir. O zaman atası xəstə olanda bütün evdə yaşayanları yanına çağırmış və evi nəvəsi, yəni onun oğlu İddiaçı2 vəsiyyət etmişdir. Azərbaycan Respubliaksı Əmlak X8 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərazilərin invertarlaşması keçirilmiş və yaşadıqları evə «ünvan 1 ünvanı verilmişdir. Ailədə 12 övlad olmuş və onların hamısı həmin evdə böyüyüb başa çatmış və sonradan bacı-qardaşlarının çoxu ailə quraraq başqa ev və ya mənzil sahəsinə köçmüşlər və ya aldıqları torpaq sahəsində ev tikərək orada yaşayırlar. X2 xx.xx.2009-cu ildə, anası X7 isə 2013-cü ilin aprel ayında vəfat etmişdir. Hazırda həmin ünvanda 4 nəfərdən ibarət ailə üzvləri - arvadı İddiaçı3, qızı X10 və oğlu İddiaçı2 və iki bacısı - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə yaşayır. O, ailə quranda həmin evdə yaşasa da, lakin sonradan valideynləri ilə evdə yaşayanların sayının çox olduğunu əsas gətirərək, həyətda yardımçı bir sahə tikilərək onu ailəsi ilə birlikdə həmin sahəyə köçürmüşlər. Ailə üzvləri çox olduğundan, mənzil sahəsi isə 3 otaqdan ibarət olduğundan, onu ailəsi ilə birlikdə həyətdə yardımçı sahə kimi inşa edilmiş sahəyə köçürmüşlər və mübahisəli evin bir otağı valideyinlərinin, bir otaq qonaq otağı kimi və digər bir otaqları isə bacılarının istifadəsinə verilmişdir. Sonradan valideyinləri vəfat etdiyindən bacıları cavabdehlər ona ailəsi ilə birlikdə evdə boş otaqlarda yaşamağına imkan verməmişlər. Belə ki, hazırda onun dəfələrlə cavabdehlərə müraciətlərinə və xahişlərinə baxmayaraq, bacıları ona və ailəsinə həmin otaqlarda yaşamaqlarına üsyankar formada mane olurlar. Son zamanlar cavabdehlər onu və ailə üzvlərini söyüb təhqir etdiyindən və yaşayış şəraitinin ağır olması səbəbindən həyat yoldaşı və övladları uzun müddətdir ki, yoldaşının böyük qardaşıgildə bir otaqda qısılıb qalıblar. Cavabdehlər onunla mübahisə edərkən polis orqanlarına müraciət etməkdən çəkinmirlər. Yaşadığı yardımçı mənzil sahəsi bərbad vəziyyətdədir və həmin sahədə əvvəllər yanğın olmuşdur. Sonradan o, həmin sahəni qismən bərpa edib orada yaşasa da, lakin hazırda uçulmuş və sökülmüş vəziyyətdədir və bir neçə yerindən çat vermişdir. Yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi 1-ci massiv, ev 24B (yeni nömrə 1) texniki pasporta əsasən aşağıdakı ölçülərdədir: 1-ci otaq - 21.1 kv.m; 2-ci otaq - 20.1 kv.m; 3-cü otaq - 17.7 kv.m; 4-cü otaq - 18.7 kv.m. Eyni zamanda sahəsi 30 kv.m yardımçı sahə və sahəsi 16 kv.m olan mətbəx də mövcuddur.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 07 oktyabr 2022-ci il tarixli 2(002)-2610/2022 saylı qətnaməsi ilə (hakim Gülnar Əhmədova) iddia təmin edilməmişdir.

5. Məhkəmə qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi miras əmlakla bağlı olduğundan, indiki halda qeyd edilən əmlaka dair vərəsələrin payı müəyyən edilmədiyindən, vərəsələr miras şəriki qismində çıxış edirlər. Belə olan halda isə həmin əmlakın hüquqi rejimi MM-nin 1157-1.1-ci maddəsinin təsiri altına düşür (mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir). İndiki halda qeyd edilən hal vərəsələrin əmlak hüquqlarına toxunduğundan, ilk növbədə miras əmlaka dair vərəsələrin əmlak üzrə pay hüququ müəyyən edilməlidir. Hətta tərəflərin miras əmlakla bağlı istifadə hüququ yaranmış olsa belə (hazırki mülki iş üzrə miras əmlaka dair pay hüququ müəyyən edilmədiyindən, həmin halın araşdırılması zərurəti hazırki məqamda aradan qalxmış olur), indiki halda qeyd edilən əmlak miras əmlak qismində çıxış etdiyindən, ilk növbədə miras əmlaka dair vərəsələrin payı müəyyən edilməlidir (əmlakın paylı mülkiyyətçiləri müəyyən edilməlidir.) Bu halın nəzərə alınmaması isə digər vərəsələrin paya dair mülkiyyət hüquqlarının əsassız yerə məhdudlaşdırlması ilə nəticələnə bilər ki, bu hal da özlüyündə konstitusion norma və prinsiplərə ziddir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 157.4, 164.1, 164.2, 165.1, 1133.1, 1133.2, 1151.1, 1157, 1157-1.1, 1157-1.2, 1157-1.3, 1274-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

7. Qətnamədən İddiaçı1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apelyasiya şikayətində göstərilmişdir ki, miras açılmamış həmin miras əmlakı təşkil edən evdə onun yaşaması, vərəsə olması, miras açılan vaxtdan əmlaka sahiblik və faktiki idarə etmə halları məhkəmənin diqqətindən kənarda qalmışdır. Faktiki olaraq mirasın bir hissəsi 2009-cu ildən, tam olaraq isə 2013-cü ildən açılmışdır. Lakin 12 nəfər vərəsələrdən heç biri bu günə kimi miras əmlakdan öz paylarını müəyyən etməklə miras şəriki qismində çıxış etməmişdir. 1972-ci ildən 9 nəfər bacıları və qardaşları ailə qurub xaricdə öz evlərində yaşayır və yaşayış sahəsinə ehtiyacları yoxdur, vərəsə kimi çıxış etmirlər. O, ailə quranda öz ailə tərkibi ilə atasının evində yaşamış və bu günə kimi iki nəfər cavabdehlərlə həmin miras əmlakı təşkil edən evdə yaşayırlar. Yaşadığı yardımçı otaqda baş verən yanğından sonra tərəflər arasında mübahisə yaranmış, boş olan otaga köçməsinə cavabdehlər maneçilik törədir. Yardımçı otaqda yanğından sonra yaranmış şərait yaşayışa uyğun deyildir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

10. İddiaçı və nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı qeyd etdi ki, 1946-cı ildə ev tikilmiş, 1951-ci ildə isə sənədləşdirilmişdir. Onun yaşadığı “B” tikilisi təxminən 1983-cü ildə tikilmiş, sonra orada yanğın baş vermiş, ona görə də 1987-ci ildə yenidən bərpa edilmişdir. O, 2000-ci ildə ailə qurmuşdur. 2000-ci ilə qədər “B” tikilisində yaşayış olmamışdır, “əl damı” kimi istifadə edilmişdir. O, ailə qurduqdan sonra həmin “B” tikilisində yaşamış, əsas evdə isə anası, atası və iki bacısı (cavabdehlər) yaşamışdır. Hazırda “B” tikilisi yaşamaq üçün tam yararsız vəziyyətdədir. Arvadı uşaqları 1 ilə yaxındır qayınatasıgildə yaşayır, çünki burada yaşamağa yer yoxdur.

11. Cavabdeh2 apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, “B” tikilisi 1980-ci illərin əvvəlində tikilmiş, yandıqdan sonra 1987-1989-cu illərdə yenidən bərpa olmuşdur. İki otaq və mətbəxdən ibarətdir, həmin sahədən əvvəllər evdə yaşayan hər kəs istifadə etmişdir. İddiaçı “B” tikilisində yaşayır, sadəcə təmir elətdirmək istəmir.

12. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər iddiaçılar və digər cavabdeh məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

13. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

14. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

15. Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.

16. Maddə 1243.1. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

17. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

18. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apelyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Qətnamədən yalnız İddiaçı1 şikayət vermişdir, buna görə də qətnamə ancaq ona aid hissədə yoxlanılır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı1 aid hissədə qismən ləğv edilməli, ona aid hissədə iddia qismən təmin edilməlidir.

43. İddiaçı1 və cavabdehlər bacı-qardaşdır. X1 1963-cü il tarixdən şəxsi mülkiyyət hüququ əsasında mübahisəli evin sahibi qismində çıxış etmiş, xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Ev atalarının adına xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış və çıxarış verilmişdir. Həyətdə həmçinin 1980-cı illərin əvvəllərində “B” tikilisi inşa edilmiş, həmin tikilidə yanğın baş vermiş və 1987-89-cu illərdə həmin tikili yenidən bərpa edilmişdir. İddiaçı 2000-ci ilə qədər atasıgillə birlikdə əsas evdə yaşamış, 2000-ci ildə ailə qurduqdan sonra həmin “B” tikilisinə köçmüş və təxminən son 1 ilə kimi orada yaşamışdır.

44. Hazırda İddiaçı1 bacılarının yaşadığı əsas evə köçürülməsini tələb etmiş, məhkəmə isə iddianı rədd edərək göstərmişdir ki, vərəsələrin payı müəyyən edilmədiyindən və vərəsələr miras şəriki qismində çıxış etdiyindən həmin əmlakın hüquqi rejimi MM-nin 1157-1.1-ci maddəsinin təsiri altına düşür, ilk növbədə miras əmlaka dair vərəsələrin əmlak üzrə pay hüququ müəyyən edilməlidir.

45. Hazırda apelyasiya baxışının predmetini qətnamənin yalnız İddiaçı1 aid hissəsinin yoxlanılması təşkil etdiyindən, Kollegiya hesab edir ki, bu hissədə qətnamə qismən ləğv edilməlidir.

25. Məhkəmənin istinad etdiyi MM-nin 1157-1.1-ci maddəsi miras şəriklərinin mirasın bölüşdürülməsinə qədər onu birgə idarə etmələrindən bəhs edir ki, həmin norma da iddianın rədd olunması üçün əsas təşkil edə bilməz.

26. Mübahisəsiz qaydada müəyyən edilir ki, miras açıldıqdan sonra mərhum atalarına məxsus olan ev miras əmlak kimi İddiaçı1 və cavabdehlər tərəfindən faktiki olaraq qəbul edilmişdir. Qəbul edilmiş miras isə onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

46. Beləliklə, mübahisəli yaşayış evi İddiaçı1 və cavabdehlərin birgə mülkiyyətini təşkil edir. Bu isə o deməkdir ki, iddiaçı mülkiyyətində olan yaşayış evinə köçmək istəyir. Ona görə də o, evə köçürülməsini tələb etməkdə haqlı olmuşdur.

47. İş materiallarında olan fotoşəkillərdən müəyyən edilir ki, “B” tikilisi yaşayış üçün tam yararsızdır.

48. Odur ki, qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, İddiaçı1 evə köçürülməsi hissəsində tələbi əsaslı olduğundan təmin edilməlidir.

49. Evdən istifadə qaydasının müəyyən edilməsi hissəsində isə Kollegiya qeyd edir ki, vərəsələrin payları müəyyən edilmədiyindən evdən istifadə qaydasını hazırda müəyyən etmək mümkün deyildir, bu hissədə məhkəmə iddianın rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı1 apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2610/2022 saylı iş üzrə 07 oktyabr 2022-ci il tarixli qətnaməsi qismən - İddiaçı1 evə köçürülməsinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilsin. İddiaçı1 Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsi 1-ci massiv, 24B saylı (yeni nömrə 1) evə köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar