Məhkəmə qərarları › İş №2(103)-2177/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2177/2021

11.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2177/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh1 və onun nümayəndəsi (vəkili) Cavabdeh2 iştirakları ilə İddiaçı Cavabdeh1 qarşı “evə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx xxxxxxxx 2007-ci il tarixdə rəsmi nikaha daxil olduğunu, nikahlarından xx xxxxxx 2009cu il təvəllüdlü Arzu, xx xxxxxxxx 2011-ci il təvəllüdlü Aysu və xx xxxxxx 2015-ci il təvəllüdlü Ayxan adlı uşaqlarının dünyaya gəldiyini, ailə qurduqdan sonra Zaqatalada yaşadıqlarını, bütün cehiz əşyalarını oraya apardığını, bir müddət sonra Bakıya gələrək Buzovna qəsəbəsində kirayədə qaldıqlarını, 2009-cu ildə Buzovna qəsəbəsində 3 sot torpaq aldıqlarını, atası X4 köməkliyi və ustalığı ilə həmin sahədə ev tikdiklərini, 2011-ci ildən cavabdehlə və uşaqları ilə yeni ev əşyaları alaraq həmin evdə yaşamağa başladıqlarını, 10 ilə yaxın ailəsi ilə orada yaşadığını, əşyaları da həmin evdə olduğunu, münasibətləri pozulduğuna görə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi əsasında nikahlarının pozulduğunu, bundan sonra cavabdehin onu və uşaqlarını həmin evə buraxmadığını bildirmiş, buna görə də azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Səmədzadə küçəsində yerləşən 14 A saylı evə köçürülməsi və evə istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı, övladları xx xxxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxxxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxxxx 2015-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Səmədzadə küçəsində yerləşən 14A saylı evə köçürülmələri, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin edilməsinə dair hissədə - ləğv edilməsini və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Səmədzadə küçəsində yerləşən 14A saylı evin atası tərəfindən inşa edildiyi, həmin evdə iddiaçı ilə birlikdə yaşasalar da, oradakı əşyaların iddiaçıya məxsus olmadığı, evin yerləşdiyi torpaq sahəsinin atası tərəfindən satın alındığı, bu faktı təsdiq edən şahidin ifadəsinin nəzərə alınmadığı, ümumiyyətlə sübutlara düzgün qiymət verilmədiyi və işə qeyri obyektiv baxıldığı arqumentləri ilə əsaslandırmışdır. Cavabdeh və onun məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını; iddiaçı və onun nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək və iddia ərizəsinin məzmununa uyğun izahatlar verərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin təmin edilmiş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Qətnamədən iddiaçı şikayət vermədiyindən, iddia tələbinin təmin olunmayan hissəsi apellyasiya baxışının predmeti deyildir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiyanın hədləri ilə bağlı qeyd etdiyi kontekstdə аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, İddiaçı ilə Cavabdeh1 xx xxxxxxxx 2007-ci il tarixdə nikaha daxil olmuş, nikahlarından üç uşaqları dünyaya gəlmiş, ailə qurduqdan sonra onlar Zaqatala rayonunda, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Səmədzadə küçəsində yerləşən 14A saylı evdə yaşamış, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşqalar iddiaçının himayəsində saxlanılmışlar. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Səmədzadə küçəsində yerləşən 14A saylı evin reyestrdə qeydə alınmamış əmlak (özbaşına tikili) olduğu işin mübahisələndirilməyən halıdır; iddiaçının iddiasına görə həmin ev nikah dövründə həyat yoldaşının aldığı torpaq sahəsində onun atasının köməkliyi ilə inşa edilmiş, orada cavabdehlə birlikdə 2011-ci ildən etibarən barabər yaşamışlar; cavabdehin bildirməsinə görə isə, evin yerləşdiyi torpaq sahəsini atası satın almaqla evi də məhz atası inşa etmiş, iddiaçı ilə orada yaşasalar da, evdəki əşyalar iddiaçıya məxsus olmamışdır. 14 nömrəli Birləşmiş şəhər Xəstəxanasının iş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli məktubundan aydın olur ki, ünvan 1 ünvanında yaşayan xx.xx.2009cu il təvəllüdlü X7 xx.xx.2010-cu il tarixdən, xx.xx.2011-ci il təvəllüdlü X8 xx.xx.2011-ci il tarixdən, xx.xx.2015-ci il təvəllüdlü X9 xx.xx.2016-cı il tarixdən həmin xəstəxanının uşaq şöbəsində qeydiyyatdadırlar. X1, X2 və X3 Bakı şəhəri 17 saylı və 39 saylı notariat ofislərində təsdiqlənmiş və iş materiallarına əlavə edilmiş ərizələrində isə göstərilmişdir ki, qonşuları İddiaçı ünvan 2 ünvanında 10 il müddətində qeydiyyatsız yaşamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş həyat yoldaşı onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya (o cümlədən azyaşlı uşaqlarına) qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Beləliklə, iddiaçının keçmiş əri yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı azyaşlı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Kollegiya onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunduğu mübahisəli deyildir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bu yanaşmanın əksi, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının və azyaşlı uşaqlarının da cavabdehlə bərabər həmin evdə yaşamasını təmin etmək məqsədi ilə mübahisəli evə köçürülmələri barədə gəlinən qənaət əsaslı hesab edilməlidir. Kollegiya həmçinin nəzərə alır ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1442/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni “İddiaçı, övladları xx xxxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxxxxx 2011-ci il təvəllüdlü X8 və xx xxxxxx 2015-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, H.Səmədzadə küçəsində yerləşən 14A saylı evə köçürülmələri” hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar