Məhkəmə qərarları › İş №2(103)-2177/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2177/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2177/2023 15.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4111/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı qeydiyyatda olduğu və mərhum atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və yaşayış evinin birinci mərtəbəsində ayrıca giriş qapısı açılmaqla birinci mərtəbədə onun, ikinci mərtəbədə isə cavabdeh olan qardaşı Cavabdeh istifadə qaydalarının müəyyən edilməsi barədə iddiası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4111/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmiş, məhkəməyə ərizənin verilməsi üçün dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

2. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 228; Mənzil Məcəlləsinin 12.2; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbayjan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli; “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarlarına istinadən qeyd edilmişdir ki, mübahisəli ev hüquqi statusuna görə özbaşına tikili olsa da, həmin evdən istifadə ilə əlaqədar maneçilik törətməsi, əmlak hüquqlarının həyata keçirilməsinə maneə kimi qiymətləndirilməlidir. Mübahisəli ev eyni zamanda fiziki obyekt kimi daşınmaz əşyadır və mübahisəli evin özbaşına tikili statusuna malik olması, həmin evdən istifadə etməsini məhdudlaşdıran hal kimi qəbul edilə bilməz. Mübahisəli evin hüquqi statusuna görə özbaşına tikili olması, həmin evdən istifadə ilə əlaqədar edilən maneələrin aradan qaldırılması ilə bağlı məhkəmədə iddia qaldırmağa mane deyil. Mübahisə predmeti olan yaşayış evinin mülkiyyətçisi müəyyən edilməsə də, işin hallarından görünür ki, hazırda orada cavabdeh yaşayır. İddiaçı isə nikaha daxil olanadək orada yaşamışdır. Lakin ailə qurduqdan sonra həmin evi tərk etmişdir. Hazırkı işin faktiki hallarına görə iddiaçı ailə qurduqdan sonra yaşamağa davam etməmişdir, onun yaşayış evini tərk etməsi könüllü olmuşdır. İddiaçı cavabdehin ailə üzvü olsa da, o uzun müddət həmin mənzildə yaşamayaraq istifadə hüququnu itirmişdir. İddiaçı müəyyən müddət evə gələrək orada qalmasına əsaslansa da, bu hal iddiaçının yaşayış evinə istifadə hüququnun saxlanılmasına əsas ola bilməz. Bu halda məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan yaşayış evinə köçürülməsi üçün hüquqi əsas yoxdur.

3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ №784123 saylı ölüm haqqında şəhadətnaməyə əsasən tərəflərin atası X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş və akt qeydləri kitabında 30 aprel 2016-cı il tarixdə 197 nömrə ilə qeyd edilmişdir; - Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 472778 saylı ölüm haqqında şəhadətnaməyə əsasən tərəflərin anası X4 xx.xx.2011ci il tarixdə Bakı şəhərində vəfat etmiş və akt qeydləri kitabında 13 avqust 2011-ci il tarixdə 1042 nömrə ilə qeyd edilmişdir; - xx.xx.1989-cu il tarixli, X-JQ №400506 saylı doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən Cavabdeh, X9, X5, İddiaçı və X6 ünvan 1 ünvanında qeydiyyatdadır (iş səh. 4-6, 45). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

4. İddiaçı apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)- 4111/2022 saylı qətnaməsinin ləğv olunması, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə; “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, iddiaçının ailə quraraq müvəqqəti başqa ünvana köçərək yaşaması onun ata mülkündən və qeydiyyatda olduğu fərdi yaşayış evindən istifadə hüququndan məhrum edə bilməz. İddiaçı mütəmadi olaraq gəlib mübahisəli fərdi yaşayış evində yaşamış və cavabdehlə şifahi razılaşma əsasında daimi yaşamamışdır. Mərhum ataları belə birinci mərtəbəni iddiaçıya ikinci mərtəbəni isə cavabdehə verməsini əvvəlcədən bəyan etmişdir ki, bunu cavabdeh özü də bilir və inkar edə bilməz. İddiaçı isə ailə quran zaman birinci mərtəbə təmirsiz olduğundan müvəqqəti məcburi yaşayış yerini dəyişmişdir. Bir müddət kirayədə qalan zaman yaşayış təminatını ödəyə bilmiş hazırda isə bu mümkün olmadığından və cavabdehlə olan razılaşma pozulduğundan mübahisəli fərdi yaşayış evinə köçüb yaşamaq məcburiyyətindədir. Fərdi yaşayış evinin sahibi olmuş tərəflərin ataları X3 vəfat etdikdən sonra iş üzrə tərəflər mərhumun qanuni vərəsələri tanınmışdır ki, bu da əsas verir ki, mərhumun mübahisəli evinə də gözləntisi var və həmin fərdi yaşayış evinə də iddiaçının da cavabdehlə eyni hüququ yaranır. Mübahisəli fərdi yaşayış evinin həyətyanı sahəsində əlavə tikililər də vardır ki, cavabdeh onları da təkbaşına istifadə edib yararlanır. Halbuki, həmin sahələrə də hüququ var. Lakin hazırda cavabdehlə razılıq olacağını ehtimal edib həmin sahələrə iddia qaldırmamışdır. Cavabdeh birinci mərtəbədə keçmiş yoldaşı və övladlarının, ikinci mərtəbədə isə özünün yaşadığını bildirsə də onun bu dedikləri tamamilə yalandır. Belə ki, cavabdehin keçmiş yoldaşı və övladları mübahisəli fərdi yaşayış evində deyil valideyninə məxsus olan və Günəşlidə yerləşən mənzildə yaşayırlar. Məhkəmə qanunu düzgün tətbiq etsə də mübahisəli fərdi yaşayış evinin iddiaçı və cavabdehin mərhum atalarının olmasını və hazırda da tərəflərin atalarının vərəsəsi olmasını və atadan qalan əmlaklarda özbaşına tikili olsa belə bərabər hüquqları vardır. Belə olan halda da iddiaçı belə qeydiyyatda olduğu yaşayış yerindən məhrum edilə bilməz. İddiaçı da fərdi yaşayış sahəsinin ailə üzvləri ilə yaşayıb və eyni zamanda da rəsmi olaraq mübahisəli fərdi yaşayış evinə qeydiyyatdadır. Belə olan halda iddiaçı mənzilə köçərək maneəsiz istifadə etmək hüququna da malikdir. Belə olan halda mübahisəli əmlaka iddiaçı ilə cavabdeh eyni hüquqa malik olmalı, iddiaçı mübahisəli mənzilə köçərək maneəsiz yaşayaraq istifadə etməlidir. Məhkəmə qətnaməsində və araşdırılmış hansı sübutlar əsasında bunu müəyyən etməsini qeyd etməmiş və əsaslandırmamışdır. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi tərəflərin arasında hər hansı digər mübahisə olmadığını, İcra Hakimiyyəti ilə bağlı olan işdə hər ikisinin eyni tərəf olduğunu bildirmişdir.

6. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdeh bu tələblə bağlı olmayan başqa mübahisələri olduğu üçün bu tələbin irəli sürüldüyünü bildirmişdir.

7. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən iddiaçının nümayəndəsi barışıqla bağlı təklifləri olduğunu, lakin cavabdehin digər məhkəmədə olan iş yekunlaşana qədər vaxt verilməsini xahiş etdiyini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verdikləri sorğuların cavabını götürmədiklərini bildirmişdir.

8. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdeh barışıq sazişi bağlamağa hazır olduğunu, lakin iddiaçının digər məhkəmədə işin yekunlaşmasını gözləməsini xahiş etdiyini bildirmişdir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı barışıqla bağlı razılığa gəlmədiklərini, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə verdikləri sorğuların cavabını gətirmədiyini, mübahisəli yaşayış sahəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışının olmadığını, 2003-ci ildən həmin evdə yaşamadığını, həmin mənzilə ailəsi ilə birlikdə köçmək istədiyini bildirmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh iddiaçının həmin mənzildə qeydiyyatda olduğunu, lakin 20 ildir ki, həmin mənzildə yaşamadığını, mənzilə köçmək üçün ona hər hansı müraciət etmədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

13. Diqqətə çatdırılmalıdır ki, hazırkı mülki münasibətlər üzrə iddiaçının (münasibətlər yaranan və hazırkı dövrdə) hüquqlarının yaranmadığı, apellyasiya dəlilləri üzrə hər hansı hüquqi nəticələr doğurmadığı müəyyən edilir. Apellyator tərəfindən cavabdehə yönəldilən tələb nəzərə alınaraq apellyasiya şikayətində qeyd edilən dəlillərin münasibətləri tənzimləyən normativ əsaslara (maddi və prosessual hüquq normalarına) uyğunluq təşkil etmədiyi müəyyən edilir.

14. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13, 15; 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6, 123-cü maddəsinə; (münasibətlər davam edən olduğundan) qüvvədə olan Mənzil Məcəlləsinin 30; Mülki Məcəllənin 6, 11.1, 152, 153, 158, 178, 226, 228-ci maddələrinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1, 2-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarının 1-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 14.3, 15, 50, 52, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 267, 372, 385, 386, 388 və 390-cı maddələrinə istinadən hesab edir ki, daşınmaz əmlakın mülki hüquqi statusu, evin sahibliyinin və digər hüquqlarının, habelə cavabdehə qarşı yönəlmiş tələbin sonuncuya aidiyyəti müəyyən edilməmiş, mülkiyyət, sahiblik və istifadə hüquqları olmuş şəxslər müəyyən edilməmiş, iddiaçının irəli sürdüyü dəlillər sübuta yetirilməmişdir. Ona görə, hazırkı münasibətlərdə iddiaçının və cavabdehin subyektiv hüququ müstəvisində sübutların mövcud olmaması, habelə mübahisənin mülki hüquqi səciyyəsinin müəyyən edilməməsi iddianın təmin edilməsi üçün əsas olmamışdır. İddiaçının hüquqlarını qeydiyyatdan keçirmək üçün inzibati orqana müraciət etmək imkanları izah edilməlidir. Qeyd edilməlidir ki, hazırkı mülki hüquq münasibətlərində özbaşına tikiliyə dair maddi hüquq normalarının analogiya üzrə tətbiqi belə hüquqdan sui-istifadəyə şərait yaradan hal kimi və məhkəmə səlahiyyətindən kənar olaraq yolverilməzdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti (iddia) əsassız olduğundan təmin edilməməli və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4111/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar