Məhkəmə qərarları › İş №2(103)-2178/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2178/2025

18.03.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2178/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)- 85/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair İddiaçı ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-85/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 55 nömrəli, xx.xx.2006-cı il tarixli qərarı əsasında alqı-satqı yolu ilə İddiaçı Biləcəri Bələdiyyəsinin hüdudları daxilində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 8 ünvanında yerləşən 600 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmiş 289.51 kv.m hissəsində aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi və həmin torpaq sahəsinin iddiaçının sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)- 85/2024 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. 26 noyabr 2024-cü il tarixdə İddiaçı tərəfindən sözügedən qətnamədən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(001)-85/2024 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qətnaməsindən İddiaçı Nadiq qızı tərəfindən verilmiş apelyasiya geri qaytarılmışdır. Sonradan İddiaçı yenidən apelyasiya şikayəti vermiş və məhkəmənin 06 dekabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qərardadı ilə ötürülmüş prosessual müddətin bərpası ilə bağlı ərizə verilmədiyindən apelyasiya şikayəti geri qaytarılmışdır. 13 dekabr 2024-cü il tarixdə İddiaçı yenidən şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunmaması və şikayətin mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-1156/2025 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa edilərək, apelyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 85/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardad ilə Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(001)-85/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardadda buna səbəb kimi müddəti ötürməyi və şikayəti elektron kabinet vasitəsilə göndərmədiyi əsas gətirlilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 cü il tarixli, 2(001)-85/2024 cü il tarixli qətnaməsi onun və vəkilinin elektron kabinetinə xx.xx.2024 cü il tarixdə yerləşdirilmişi, o, isə apellyasiya şikayətini xx.xx.2024 cü il tarixdə poçt vasitəsi ilə göndərmişdir. Buna görə də Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinin müddətinin ötürülməmiş hesab edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024 cü il tarixli qərardadı ilə apellyasiya şikayəti yenidən geri qaytarılmış, əsas səbəb kimi prossesual müddətin bərpa edilməsi ilə bağlı ərizə verilmədiyi göstərilmişdir. Bundan sonra o, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayət etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin edilməyərək şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətinin təmin edilməməsinin səbəbi kimi yenə də prossessual müddətin bərpasına dair ərizə vermədiyi qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1156/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-85/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hal-hazırda yenidən Apellyasiya şiikayəti verir. Apellyasiya şikayəti ilə bərabər prossesual müddətin bərpa edilməsinə dair ərizə yazmaq zərurəti yaranmışdır. Qeyd etdiyi qərardadlardan verdiyi yalnış şikayətlər səbəbindən apellyasiya şikayətinin müddətini ötürmüşdür. Yuxarıda qeyd etdiklərini nəzərə alaraq, üzrlü səbəbdən buraxılmış müddəti bərpa edərək apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş edir. Birinci instansiya məhkəməsində ərizəyə baxılması ilə əlaqədar təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı qız ərizəni müdafiə edərək göstərdi ki, o, bilmirdi ki, şikayəti poçt vasitəsi ilə vermək olmaz. Poçt vasitəsi ilə verdiyindən apelyasiya şikayəti vermək üçün müddəti üzürlü səbəbdən ötürmüşdür. Ona görə də ərizəsinin təmin edilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-85/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı şikayət vermişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin yuxarıda qeyd etdiyi qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli, 2(001)-85/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Aşağıda göstərdiyi səbəblərə görə qərardadı əsassız və qanunsuz hesab edir. Belə ki, qərardadda göstərilir ki, Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qətnaməsi onun və vəkilinin elektron kabinetinə 22 oktyabr 2024-cü il tarixdə yerləşdirilsə də, guya həmin qətnamədən apellyasiya şikayəti 26 noyabr 2024-cü il tarixdə verilmişdir. Həmçinin qərardadda o, da göstərilir ki, guya o, müddətin üzrlü hesab edilməsinə dair məhkəməyə sübut təqdim etməmişdir. Halbu ki, apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə Binəqədi rayon məhkəməsinə göndərmişdir. Bu faktı təsdiq edən poçt qəbzini elektron kabinetdə yerləşdirmişdir. Həmin poçt qəbzindəki dairəvi möhürün içərisində 21 noyabr 2024-cü il qeyd edilmişdir. Hətta o, bu barədə elektron kabinetə əsaslandırılmış ərizədə yerləşdirmişdir. Belə olan halda Binəqədi rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, №e-2(001)-85/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə buraxılmış müddət bərpa edilməli idi. Lakin görünür hakim poçt qəbzinə əhəmiyyət verməmiş və ona görə də müddətin bərpası barədə ərizəmi təmin etməmişdir. Apellyasiya şikayətini poçt vasitəsilə xx.xx.2024-cü il tarixdə Binəqədi rayon məhkəməsinə göndərməyi barədə elektron kabinetdə yerləşdirdiyi poçt qəbzinə hakim əhəmiyyət verməmiş və ümumiyyətlə qərardadda həmin qəbzə münasibət bildirməmişdir. Hesab edir ki, apellyasiya şikayəti Binəqədi rayon məhkəməsinə daxil olduğu gündən deyil, poçt rabitə müəssisəsinə daxil olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən qəbul edilmiş sayılmalıdır. Binəqədi rayon Məhkəməsinin e-2(001)-85/2024 saylı, xx.xx.2025-cü il tarixli qərardadının ləğv edilməsi, apellyasiya şikayətinə buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-85/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 360.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.6-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Hazırki iş üzrə iş materiallarından görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli qətnaməsi İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil elektron kabinetlərinə 22 oktyabr 2024-cü il tarixdə yerləşdirilmişdir. Apellyasiya şikayəti isə ilk dəfə 26 noyabr 2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi apellyasiya şikayəti qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmişdir. MPM-ə müvafiq olaraq prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir (maddə 128.1). Qanunla müəyyən edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur (maddə 130.1). Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir (maddə 133.1). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən aydın olur ki, yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır. Hazırki işdə iddiaçı müddəti ötürməsini apellyasiya şikayətinin elektron kabinet vasitəsilə verilməli olduğunu bilməməsi ilə əsaslandırmışdır. Lakin yuxarıda qeyd edilən müddəalardan aydın olur ki, həmin dəlil müddətin ötürülməsinin üzrlü səbəbi qismində qəbul edilə bilməz. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı müddətin ötürülməsinə dair hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı tutarlı sübut təqdim etməmişdir. Halbuki qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin müddətin bərpasından imtina ilə bağlı gəldiyi nəticə tam qanuni və işin hallarına uyğundur. Ümumiyyətlə kollegiya qeyd edir ki, prosessual müddətlər ədalət mühakiməsinin həyata keçirilməsi zamanı tərəfləri intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, qanun məhkəmə qərarlarından narazı qalan tərəflərə üç pilləli məhkəmə sisteminin imkanlarından istifadə etməklə həmin qərarlardan şikayət vermə imkanı verməklə yanaşı, digər tərəflərin də sonsuz çəkişmələrdən qorunması və hüquq müəyyənliyinin təminatı məqsədilə prosessual müddətlər tətbiq etməklə, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmişdir, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 133, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-85/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar