Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2179/2021 16.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və evin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 1089/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X3 ailəsi ilə birlikdə ünvan 1 ünvanında yerləşən evdən 10000 manat məbləğində kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, onların istifadə etdikləri evdən çıxarılması və evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mülk xx xxxxxx 1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum atası X1 mülkiyyətində olmuşdur. Atası xx xxxxxxxx 2017-ci il tarixdə vəfat etdikdən sonra həmin ev onun mülkiyyətinə keçmiş və xx.xx.2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır. Həmin ev onun xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehlər X2 və oğlu Cavabdeh2 ailəsi ilə birlikdə həmin ünvanda qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehlərin Bakı şəhərinin ərazisində mülkiyyətlərində evlərinin olmasına baxmayaraq onun mülkiyyətində olan evdə yaşamağı davam etdirirlər ki, bu da aralarında mübahisələrə və xoşagəlməz söz-söhbətə səbəb olur. Dəfələrlə mübahisələri müxtəlif məhkəmə instansiyalarında araşdırılmış və qərarlar qəbul olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdehlər onun xüsusi mülkiyyətində olan evdən çıxmaq istəmirlər. Əksinə onun mülkiyyətində olan evin həyətində və zəbt etdikləri otaqlarda tikinti işləri aparırlar. Bu barədə dəfələrlə Bakı şəhəri Xəzər rayon Prokurorluğuna, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə, Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə ərizələrlə müraciət olunaraq məlumat verilmişdir. Ancaq müraciətləri müsbət həll olunmamışdır. Ona görə də, cavabdehlərin onun şəxsi mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən evindən istifadə hüququnun itirilməsi, onların istifadə etdikləri evdən çıxarılaraq, evin mülkiyyətçiyə təhvil verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər məhkəməyə iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışlar ki, Cavabdeh1 1983-cü ildən, oğlu Cavabdeh2 1987-ci ildən, nəvəsi isə 2020-ci ildən həmin evdə pasport qeydiyyatındadır. Yaşadıqları evdə tikinti işləri aparmış, səki, pilləkən və mətbəx tikmişlər. Mənzil darısqal olduğundan Tərlanın nənə və babasının razılığı ilə anası özünə 20 kv.m ölçüdə otaq və 20 kv.m ölçüdə mətbəx tikdirmişdir. İddiaçı, onları qaz, su və işıqdan məhrum etdiyi üçün onlar 2000 manata qaz, 1000 manata işıq, 600 manata telefon, 300 manata isə su xətti çəkdirmişlər. Evin daxilində 450 manatlıq qapı qoydurmuş, hasarı təmir etdirmiş, beton və su xətlərinin xərcini çəkmişlər. Həyətdə 150 ədəddən çox ağac və gül kolları əkmişlər. Həmin evə ümumilikdə 62000 manat məbləğində xərc çəkmişlər. İddiaçı tərəfindən onlara 62000 manat məbləğində kompensasiya ödənilərsə, mənzildən istifadə hüquqlarına xitam verilməsinə etiraz etmirlər. İddiaçının təklif etdiyi 10000 manat kompensasiya məbləği xeyli az olmaqla onları qane etmir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 1089/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun təklif etdiyi 10000 manat məbləğində kompensasiya ağlabatan və ədalətli olduğu halda, birinci instansiya məhkəməsi əsassız olaraq iddianı təmin etməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, cavabdehlər isə şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 1089/2020 saylı qətnaməsi iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 31 “a” saylı ev İddiaçı mülkiyyətindədir. ünvan 5 ünvanına dair ev dəftərindən və Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Mərdəkan qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 372 nömrəli arayışından görünür ki, X5 1983cü ildən, oğlu Cavabdeh2 1987-ci ildən həmin evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxxxx 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş «bazar qiyməti ilə müvafiq kompensasiya» ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. İşin faktiki hallarından göründüyü kimi cavabdehlərə yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən 10000 manat kompensasiya, onlara davamlı surətdə və uzun müddət daxilində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir. İddiaçı məhkəməyə sübut qismində həmin ərazidə kirayə haqqının 150 manat təşkil etdiyinə dair sübut təqdim etsə də, məhkəmə həmin sübutu mötəbər hesab etmir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi arayışda Bakı şəhəri Mərdəkan qəsəbəsi R.Qasımov küçəsi 31 “a” ünvanı və yaxın ərazidə faktiki 0,1 ha torpaq sahəsi üzərində yerləşən zəif təmirli, 2 otaqlı, ümumi sahəsi təxminən 30 kv.m təşkil edən fərdi yaşayış evinin orta aylıq kirayə haqqının 150 manat təşkil etiyi qeyd edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan daşınmaz əmlakın ümumi sahəsinin 217,20 kv.m olduğu qeyd edilmişdir. İddiaçının təqdim etdiyi arayışda isə 30 kv.m. təşkil edən fərdi yaşayış evinin orta aylıq kirayə haqqı müəyyən edilmişdir. Qanunverici isə mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsini şərtləndirilmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinə kompensasiya məbləğinin artırılmasını təklif etmiş, iddiaçının nümayəndəsi kompensasiya məbləğinin maksimum 15000 manat ola biləcəyini bildirmişdir. Cavabdehlər 15000 manat kompensasiya məbləği ilə razı olmadıqlarını, son olaraq 60000 manat məbləğində kompensasiyaya razı olduqlarını bildirmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin 30 ildən artıq müddətdə mübahisəli evdə yaşadıqlarını, onlar tərəfindən bu müddət ərzində həmin evdə ayrı bir otaq və mətbəx tikildiyini, evin və həyətyanı sahənin təmiri üçün müəyyən xərclər çəkilməsini, bundan başqa Cavabdeh2 ailəli və bir uşağının olması faktını, habelə mübahisəli fərdi yaşayış evindən köçürüləcəyi təqdirdə Cavabdeh1 digər Cavabdeh2 ailə üzvləri ilə birlikdə təklif olan məbləğ müqabilində əvvəlki mənzildə ona xas olmuş şəraitə uyğun yaşamalarının mümkünsüz olacağını nəzərə alaraq, iddiaçının təklif etdiyi məbləğdə kompensasiya ağlabatan və ədalətli deyildir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini təhlil edərək hesab edir ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə əsas yaratmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(003)- 1089/2020 saylı qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə ona münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2179/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2179/2021
16.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver