Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2184/2021 06.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Rəşad Məhəmməd oğlu Həsənov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X12 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X20 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun xx xxx 2007-ci il təvəllüdlü qızı X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməyinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2006-cı ilin yanvar ayının 25-də 44 nömrə ilə qeyd edilmişdir. Birgə nikahlarından qızları, xx xxx 2007-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bir neçə ildir ki, cavabdehin işləməməsi, ailə-məişət problemlərinin həlli məsuliyyətini onun üzərinə atması, ailəni dolandırmaq üçün iş tapmağa heç bir təşəbbüs göstərməməsi və s. səbəblərdən aralarında münaqişə yaranmış, həmin münaqişə zəminində cavabdeh onu yaşadıqları evdən çıxarmış və o, məcburən qızını da götürərək valideynlərinin yanına getmişdir. 2006cı ilin əvvəllərindən 2020-ci ilin mart ayına qədər cavabdehlə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. O, 2006-cı il yanvar ayının 25-dən ailə qurandan etibarən 2020-ci iln mart ayına qədər cavabdehin valideynlərinin yaşadığı evin (Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfıq küçəsi, ev 36) həyətində tikilmiş özbaşına tikiliyə gəlin köçmüş və orada yaşamışdır. Onlar birgə nikah dövründə həmin tikilidə yenidənqurma işləri aparmış, evin sahəsini genişləndirmiş və oranı təmir etmişlər. Bu işlərin çoxu onun və valideynlərinin vəsaiti hesabına aparılmışdır. 2020-ci ilin mart ayında cavabdeh onu yaşadığı evən qovmuşdur. Hazırda o, qızı ilə valideynlərinin mənzilində məskunlaşmışdır. O, köçmək istədiyi evdə yaşamış və yaşadığı evdən məhrum edilmişdir. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar olmadığından cavabdehin ona qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Cavabdeh qeyri-müəyyənlikdən (ev üzərində heç kəsin hüququnun qeydə alınmadığından) istifadə edərək zor tətbiq etməklə onu və uşağını evdən məhrum etmək istəyir. O, evi könüllü surətdə deyil, cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən tərk etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2020 saylı, 26 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı onun xx xxx 2007-ci il təvəllüdlü qızı X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X20 apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir, yalnız hakimin şəxsi mülahizələrinə, iş üzrə məhkəmə baxışı tamamlandıqdan və qətnamə elan olunduqdan sonra qanunsuz olaraq işə əlavə olunmuş etiraza əsaslanır. Belə ki, iş üzrə qətnamə elan olunanadək cavabdeh tərəfindən məhkəməyə heç bir etiraz daxil olmamışdır. Əgər etiraz daxil olsaydı həmin etiraz qarşı tərəfə də təqdim olunmalıydı. Cavabdeh heç bir məhkəmə iclasında iştirak etməmiş, iddiaya nəinki yazılı, heç şifahi də etiraz bildirməmişdir. Qətnamədə yerli baxışla bağlı məhkəmə qərardadına heç bir münasibət bildirilməyib. Halbuki məhkəmə yerində müayinə (baxış) ilə bağlı qərar qəbul etsə də, cavabdehin atası onu icra ertməyə imkan verməmişdir. Hakim iş üzrə düzgün nəticəyə gəlmək üçün bu xx xxxxxxx 2020-ci il tarixli X26 ilə kifayətlənməli oldu, formal mülkiyyət sahibini işə cəlb edərək yenidən yerli baxış keçirməyə heç bir təşəbbüs göstərmədi. Hakim dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestrində verilmiş sənədlərdə qeyd olunmuş göstəricilərin natura ilə üst-üstə düşüb-düşməməsinin müəyyənləşdirilməsinin vacibliyini bildirsədə bunu etməmişdi. Məhkəmə prosesi zamanı aydın oldu ki, mübahisəli yaşayış evi 2014-cü ildə cavabdehin atası tərəfindən X2. Alqısatqının formal olduğunu bildirdikdən sonra vəsatəti əsasında X14 3-cü şəxs qismində cəlb olunması ilə bağlı qərardad qəbul edildiyini elan etsə də, sonradan qərardad icra olunmamışdır. Şahidlər öz ifadələrində mübahisəli evdə əlavə tikililər aparıldığını qeyd etsələr də, buna əhəmiyyət verilməyərək tikilinin əvvəlcədən mövcud olduğunu əsas götürmüşdür. Göründüyü kimi məhkəmə iş üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmadan yalnız öz şəxsi subyektiv fikirlərinə əsaslanaraq yanlış hüquqi nəticəyə gəlmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin xx xxxxxx 2021-ci il tarixdə keçirilən iclasında, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X20 verdiyi apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Abil Bayramov apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişlər. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, qeyd edilən evin mülkiyyətçiləri ilə iddiaçı arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da iddiaçının qeyd edilən evdən istifadə hüququ yaranmadığından, o cümlədən iddia tələbi hazırki iş üzrə cavabdehə qarşı verildiyindən, evə köçürülməyə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilə bilməz və gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Abil Bayramov qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Abil Bayramov izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Abil Bayramov tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfıq küçəsində 0,0365 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 185,89 kv.m, yardımçı sahələri 55.7 kv.m və 130.19 kv.m olan, 3 otaqdan ibarət 36 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X6 adına qeydiyyatdan keçmişdir. İş matеriallarında olan, AN-İ seriyalı № ******* saylı, xx xxxxxxx 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X13 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfıq küçəsi, 36 saylı evi 20.000 manata X1. İş matеriallarında olan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014-cü il olan Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Müşfıq küçəsində 0,0365 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 185,89 kv.m, yardımçı sahələri 55.7 kv.m və 130.19 kv.m olan, 3 otaqdan ibarət 36 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X17 adına qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X23 izahatında göstərmişdir ki, iddiaçı və cavabdehlə eyni məhəllədə olurlar. Həmin evdə çox olub. ailəvi münasibətləri olmuşdur. Mübahisəli ev əvvəldən mövcud olmuş, cavabdehin atası 2006-cı ildə oranı təmir etdirmiş, sonradan orada ayrıca qapı açıb mətbəx tikilib və iddiaçı ilə cavabdeh orada yaşamağa başlamışdır. Bir damın altında olan evin iki qapısı var. Həmin mənzil əvvəldən mövcud olub. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, Cavabdehla qonşudur İddiaçı 2006-cı ildə həmin mənzilə gəlin gəlib. Tikili əvvəldən olub. İddiaçı ora gəlin köçəndə cavabdehin atası bir damın altında olan evdə ayrıca qapı açıb onlara vermişdir. Orada sonradan mətbəx və sanitar qovşaq tikilmişdir. Bir damın altında olan evin iki qapısı var. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X15 izahatında göstərmişdir ki, iddiaçı və cavabdehlə ailəvi münasibətləri olmuşdur. Hikməti və Pərvanəni tanıyır. Mübahisəli ev əvvəldən mövcud olmuş, cavabdehin atası 2006-cı ildə oranı təmir etdirmiş, sonradan orada ayrıca qapı açıb mətbəx və sanitar qovşaq tikilmişdir. İddiaçı ilə cavabdeh orada yaşamağa başlamışdır. Bir damın altında olan evin iki qapısı var. Bakı Apelyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli məktuba əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 673 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsində yerləşən mərhum X8 məxsus 36 saylı mülkdə “A” tikilisi rekonstruksiya olunaraq hal-hazırda 1 mərtəbəli, 3 yaşayış otağı - 55,70m2, köməkçi sahə - 130,19m2, açıq eyvan - 107,35m2, torpaq sahəsində talvar - 32,80m2, tövlə - 50,80m2, sanitar qovşaq - 13,70m2, təsərrüfat otağı -12,0m2 tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alımış və 36 saylı mülkdə olan əlavə və dəyişikliklərin həmin mülkün reyestrdən çıxarışında və texniki pasportunda qeydə alınması X22 Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli məktuba əlavə edilmiş xx xxxxxxx 2014-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 2010-cu il tarixdə vəfat etmiş X7 vərəsələri Bakı şəhəriŞüvəlan qəsəbəsi, M.Müşviq küçəsi ev 36-da yasayanlar oğlu - X13, oğlu X19, oğlu X28 ogludur. Bakı Apelyasiya Məhkəməsinin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş xx xxxx 2021-ci il tarixli məktuba əlavə edilmiş xx xxxxxxx 2014-cü il tarixli Vərəsəlikdə miras payın bağışlanması Müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X19, X16 xx.xx.2014-cü ildə verlmış 2V 1-234 reyestrli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum ataları X5 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Mikayıl Müşfiq küçəsi 36 saylı fərdi yaşayış evindən onlara düşən vərəsəlik paylarını qardaşları X9 bağışlamışlar. Məhkəmə kollegiyası ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, mülkiyyətin toxunulmazlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi mülki qanunvericiliyin prinsiplərindəndir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. xx xxxxxxx 2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyətli olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə görə, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Digər qohumlarla bağlı anlaşmazlığa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarı ilə tam aydınlıq gəlmişdir. Həmin Qərara əsasən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. Qeyd olunanları nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ev cavabdehin mülkiyyətində olmadığından və İddiaçı evin mülkiyyətçisindən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən qeyd edilən evin mülkiyyətçisinin digər qohumu hesab edilmir. Hazırki iş üzrə cavabdeh isə sözügedən ünvanda olan mənzilə münasibətdə hər-hansı hüquqa malik olan şəxs kimi qəbul edilə bilməz. Odur ki, birinci instansiya məhkəməsi İddiaçı mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, onun mübahisəli evə köçürülməsinə dair iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Digər tərəfdən, yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün isə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Qeyd edilən maddələrin mənasından da görünür ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Məhkəmə kollegiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Abil Bayramovun apelyasiya şikayətinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş sənədlərdə qeyd olunmuş göstəricilərin natura ilə üst-üstə düşüb-düşməməsinin birinci nstansiya məhkəməsi tərəfindən müəyyənləşdirilməməsi barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 673 saylı, xx.xx.2014-cü il tarixli Sərəncamından görünür ki, Şüvəlan qəsəbəsi, M.Müşviq küçəsində yerləşən mərhum X8 məxsus 36 saylı mülkdə “A” tikilisi rekonstruksiya olunaraq halhazırda 1 mərtəbəli, 3 yaşayış otağı - 55,70m2, köməkçi sahə - 130,19m2, açıq eyvan - 107,35m , torpaq sahəsində talvar - 32,80m2, tövlə - 50,80m2, sanitar qovşaq - 2 13,70m2, təsərrüfat otağı - 12,0m2 tikintisindən ibarət əlavə və dəyişikliklər qeydiyyata alınmışdır. Odur ki, apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlı əlavə araşdırma aparılmasına zərurət yoxdur. Beləliklə, məhkəmə kollegiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Abil Bayramovun apelyasiya şikayətinin birinci nstansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, sübutların tam və obyektiv qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməsi və yaşayış hüquqlarının pozulmasına səbəb olan məhkəmə aktı qəbul etməsi, məhkəmənin həmin mövqeyinin qanunsuz və əsassız olması barədə dəlillərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəf apelyasiya şikayətində qeyd edilənləri təsdiq edən sübutları apelyasiya şikayətinə əlavə etməmiş, məhkəmə iclasında iştirak edərkən bunu əsaslandıran hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim еtməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Abil Bayramovun apеlyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apеlyasiya şikayəti isə təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas, qət etdi: İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili X20 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1601/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Rəşad Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-2184/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2184/2021
06.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver