Məhkəmə qərarları › İş №2(103)-2185/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2185/2024

16.04.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2185/2024 16.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqı) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə3 və nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqı tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-160/2024 nömrəli 10 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-də işə qəbul edilmiş, xx.xx.2013-cü il tarixdə həmin sexdə istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzi təmir sexinin istilik izolyasiya və hörgü sahəsinə istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh Mexaniki Emal Xidmətinin istilik izolyasiya sahəsinə 3-cü dərəcəli xadimə vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli əmrlə isə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

2. Cavabdeh xx.xx.2020-ci il tarixli, 61/k saylı işə qəbul barədə əmrindən çıxarışa görə İddiaçı 03 iyul 2020-ci il tarixdən 2 ay sınaq müddəti ilə "xxxx" MMC-də Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə xadimə işinə qəbul edilmişdir.

3. “Enerjiservistikintitəmirsazlama" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 03 iyul 2020-ci il tarixli əmək müqaviləsinə görə İddiaçı 03 iyul 2020-ci il tarixdən 03 sentyabr 2020-ci il tarixədək 2 ay müddətinə, işin birinci 1 ayı sınaq müddəti hesab edilməklə "xxxx" MMC-də Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinə xadimə vəzifəsinə işə qəbul olunmuşdur. Əmək müqaviləsində müqavilənin nömrəsi göstərilməmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli, 33/k saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrə əsasən Mexaniki Emal xidmətinin istilik izolyasiya sahəsinin “xadimə” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hisssəsinin “b” – “əmək müqaviləsinin müddətinin qurtarması” bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.

5. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli MŞB/16- 00802 saylı «Mediasiya sessiyasında iştirak edilməməsi barədə» arayışdan müəyyən edilir ki, iddiaçı məhkəməyədək tərəflər arasında mübahisənin həlli məqsədi ilə mediasiya təşkilatına müraciət etmiş, xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixə mediasiya sessiayası təyin edilmiş, cavabdeh iştirak etmədiyindən hazırki arayış verilmişdir.

6. İddiaçının mobil telefon vasitəsi ilə çəkilmiş 2023-cü ilin may ayına aid fotoşəkillərdən görünür ki, iddiaçının həmin tarixlərdə üzündə ağır dərəcəli yanıqlar olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 34/k saylı əmrin ləğv edilməsi, onunla müddətsiz əmək müqaviləsi bağlanılmaqla, əvvəlki işinə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə “Enerjitikintitəmirsazlama” mexaniki emal xidmətinin istilik izolyasiya sahəsinə 3-cü dərəcəli xadimə vəzifəsinə təyin edilmişdir. 06.03.23-cü il tarixdə onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilmişdir. Bu sahədə 2000-ci ildən etibarən işləyir və onun xəbəri olmadan 2020-ci il tarixdə onunla müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə onun gördüyü iş daimi xarakter daşıyır.

9. İddiaçı məhkəməyə vəsatətlə müraciət edərək birdirmişdir ki, mediasiyaya müraciət etdikdən sonra üzünə qaynar su tökülərək yanmışdır. Bu səbəbdən o, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə pozulmuş hüquqlarının bərpası üçün müraciət edə bilməmişdir. Odur ki, tərəfindən iddia müddəti üzrlü səbəblərdən ötürülmüşdür.

10. Cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə verərək, iddia müddəti keçdiyindən iddia tələbinə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 noyabr 2023-cü il tarixli 4/1763 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, İddiaçı adından olan “Əmək müqaviləsi (kontraktı)”nın arxa tərəfində “7.2 işçinin adı, atasının adı və soyadı göstərilməklə ünvanı, tel:” hissəsində “İmzası:” qrafasında olan imza - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 10 yanvar 2024-cü il tarixli 2(004)-160/2024 nömrəli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin edilmiş, Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 33/k saylı əmrin ləğv edilməsi, İddiaçı onunla müddətsiz əmək müqaviləsi bağlanmaqla Cavabdeh “Mexaniki Emal xidməti” bölməsinin istilik izolyasiya sahəsinə “xadimə” vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, Cavabdehndən 100 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə ödənilməsi, 124 manat məbləğində məhkəmə ekspertizasının dəyərinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı xəstələnməsi – ağır dərəcəli yanıqlar alması nəticəsində məhkəməyə qanunla müəyyən edilmiş bir ay müddətində müraciət edə bilməmişdir. Odur ki, buraxılmış müddət bərpa edilərək mübahisəyə mahiyyəti üzrə baxılmalıdır.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən təqdim edilmiş müddətli əmək müqaviləsinin ekspert rəyinə əsasən saxta olması, iddiaçı tərəfindən imzalanmaması, beləliklə də tərəflər arasında əmək müqaviləsinin bağlanmaması təsdiq edilmişdir. Tərəflər arasında müddətli əmək müqaviləsi bağlanmadığından cavabdeh əsassız olaraq iddiaçını əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə işdən çıxarmışdır. Cavabdeh iddiaçı ilə əmək müqaviləsinin Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq əmək münasibətlərinə xitam verdiyindən, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilmədir. Bundan əlavə iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmaması müəyyən edildiyindən və xadimənin əmək funksiyası (yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusu) yerinə yetirilməsi şərtlərinə görə daimi xarakterə malik olduğundan və iddiaçı onunla müddətli əmək müqaviləsi bağlamağa razı olmadığından iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmalıdır.

15. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 296, 3, 44, 45, 47, 300, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, ötürülmüş iddia müddətinin bərpası ilə bağlı məhkəmənin mövqeyi əsassızdır, belə ki, iş materiallarında olan və e-məhkəmə sisteminə yerləşdirilmiş və iddiaçının üz nahiyyəsində yanıq xəsarətlərinin olduğu fotoşəkillərin “whatsapp” proqramı vasitəsi ilə göndərilməsi aprel-may aylarında göstərilsə də, həmin fotoşəkillərin məhz həmin vaxt çəkilməsinə və iddiaçının qeyd edilən xəsarətləri həqiqətən aprel-may ayları aralığında almasına dair iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı həqiqətən də üz nahiyyəsindən yanıq xəsarətlərinin almasına dair sağlamlıq müəssisəsinin rəyi, ambulator və ya stasionar müalicə almasına dair sənəd və s. hər hansı sübut təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, həmin tarixdə (iddiaçının yanıq xəsarətlərinin aldığını iddia etdiyi vaxt) keçirilən mediasiya sessiyasında iddiaçı şəxsən iştirak etmiş və mediasiya arayışını almışdır. İddiaçı iddia müddətini 3 aydan çox müddətə ötürmüşdür və həmin 3 aydan çox müddət məhz iddiaçının aldığı yanıq xəsarətləri sağaldıqdan sonrakı dövrü əhatə edir. MMC-nin yerinə yetirdiyi işin bütövlükdə daimiliyi birbaşa olaraq təsisçi tərəfindən verilən sifarişdən, həmçinin Cəmiyyətin gördüyü işlərə olan tələbatdan asılı olaraq dəyişməsi təbii olaraq işəgötürənin işçilərlə məhz müddətli əmək müqaviləsi bağlamaq zərurətini yaratmışdır. Ekspert rəyi istənilən halda iş üzrə yeganə mötəbər sübut sayılmamalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi-vəkili qeyd etdi ki, may ayında mediasiya sessiyasında iddiaçı iştirak etmişdir, belə olan halda iddia ərizəsini vaxtında verə bilərdi. İddiaçı tərəfindən həmin fotoşəkillər hazırlıq iclasında təqdim edilməmiş, son baxış günü məhkəməyə təqdim edilmişdir. İddiaçı iddia ərizəsində konkret onunla müddətsiz əmək müqaviləsi bağlanmasını qeyd etməmişdir. Müəssisədə iş daimi xarakterli deyil, “Azərenerji”dən gələn sifarişdən asılı olaraq iş yükü dəyişir, ona görə də müddətli müqavilə bağlanır. Ekspertiza nəticəsində imzanın iddiaçıya məxsus olmadığı qeyd edilsə də, müəyyən situasiyadan emosianal stressdən və ya tələskənlikdən asılı olaraq insan fərqli imza çəkə bilər, yəni məhkəmənin yalnız bu fakta əsaslanaraq nəticəyə gəlməsi düzgün deyildir. Müəssisəsinin başqa bir işçisinin də iddiası olmuş, həmin işçi də iddiaçı ilə birlikdə eyni vəkilə müraciət etmişlər, həmin vəkil işi gecikdirdiyinə və sənədləri özündə saxladığına görə müddət ötürülmüş və vaxtında məhkəməyə müraciət etməmişlər, eyni vaxtda mediasiya sessiyasından keçmişlər, eyni vaxtda da iddia verilmişdir.

20. İddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, iddia ərizəsinin verilməsi üçün sənədləri vəkil Şəlalə Tağıyevaya vermişlər, lakin həmin vəkil sənədləri özündə saxlamaqla məhkəməyə verməmişdir. Həmin vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət vermişlər, onun şikayəti əsasında İntizam Komissiyasının iclası keçirilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

21. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

22. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 23.Maddə 45.5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

24. Maddə 47, «f» bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

25. Maddə 51. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.

26. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

27. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

28. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

35. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göründüyü kimi xx.xx.2023-cü il tarixli əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmiş, xx.xx.2023-cü il tarixdə isə “Mediasiya sessiasiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. İddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir.

38. İddiaçı göstərmişdir ki, 2023-cü ilin may ayında üz nahiyyəsi yandığı üçün müddəti üzrlü səbəbdən buraxmışdır.

39. Cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verərək, iddianın rədd edilməsini xahiş etmişdir.

40. Məhkəmə müddətin üzrlü səbəbdən ötürülməsi qənaətinə gələrək mübahisəyə mahiyyəti üzrə baxmışdır.

41. İddiaçının üz nahiyyəsindən yanıq xəsarəti alması müəyyən edilsə də, xx.xx.2023-cü il tarixli "Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, iddiaçı mediasiya sessiyasında iştirak etmişdir.

42. İddiaçı apellyasiya baxışı zamanı göstərmişdir ki, iddia ərizəsinin verilməsi üçün sənədləri vəkil Şəlalə Tağıyevaya vermiş, lakin həmin vəkil sənədləri özündə saxlamaqla məhkəməyə vaxtında iddia ilə müraciət etməmişdir. Həmin vəkillə bağlı Vəkillər Kollegiyasına şikayət vermiş, onun şikayəti əsasında İntizam Komissiyanın iclası keçirilmişdir.

43. Cavabdeh tərəf də izahatında göstərmişdir ki, Müəssisəsinin başqa bir işçisinin də iddiası olmuş, həmin işçi də iddiaçı ilə birlikdə eyni vəkilə müraciət etmiş, həmin vəkil işi gecikdirdiyinə və sənədləri özündə saxladığına görə müddət ötürülmüş və vaxtında məhkəməyə müraciət etməmişlər, eyni vaxtda mediasiya sessiyasından keçmişlər, eyni vaxtda da iddia verilmişdir.

44. Beləliklə müəyyən edilir ki, iddiaçı həqiqətən iddia ərizəsinin verilməsi üçün vəkil Şəlalə Tağıyevaya tapşırıq vermiş, yəni iradəsi iddia ərizəsinin verilməsinə yönəlmiş, lakin həmin vəkilin səhlənkarlığı nəticəsində iddia ərizəsi vaxtında verilməmişdir. Həmin vəkil barəsində isə şikayət ərizəsi ilə müraciət edilmişdir. 45.Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində buraxılmış müddətin bərpa edilməsi əsasları sırasında “digər obyektiv hallar” da yer almışdır ki, Kollegiyanın qənaətinə görə də, iddiaçının göstərdiyi bu hal məhz digər obyektiv hal kimi qiymətləndirilməlidir.

46. Kollegiya hesab edir ki, iddiaçı tərəfindən müddət üzrlü səbəbdən ötürülmüşdür, ona görə də məhkəmə haqlı olaraq iddia tələbinə mahiyyəti üzrə baxmışdır.

47. İddia tələbinə münasibətdə Kollegiya hesab edir ki, məhkəmənin iddianın təmin edilməsi barədə qənaəti qanuni və əsaslıdır.

48. İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xitam verilmişdir.

49. Birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş əmək müqaviləsindəki imza iddiaçıya məxsus deyildir. Göründüyü kimi həmin müqavilə iddiaçı tərəfindən imzalanmamaqla etibarsız müqavilədir.

50. Digər tərəfdən iddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" MMC-də işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar olaraq Mərkəzi təmir sexinin istilik izolyasiya və hörgü sahəsinə istehsalat sahəsini və xidməti otaqları yığışdıran vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə onun bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmiş, xx.xx.2020-ci il tarixdə Cavabdeh Mexaniki Emal Xidmətinin istilik izolyasiya sahəsinə 3-cü dərəcəli xadimə vəzifəsinə təyin edilmişdir.

51. Göründüyü kimi iddiaçı xx.xx.2013-cü il tarixdən 2020-ci ilə qədər "xxxx" MMC-də işləmiş, daha sonra struktur dəyişikliyi ilə əlaqədar olaraq başqa vəzifəyə keçirilmişdir. xx.xx.2013-cü il tarixdə bağlanmış əmək müqaviləsi müddətsiz olmuşdur.

52. Kollegiya qeyd edir ki, iddiaçı 5 ildən artıq müddətdə cavabdeh təşkilatda işləmişdir və yerinə yetirdiyi işin daimi xarakter daşıması mübahisə doğurmur, belə olan halda onunla əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalı idi. «Qarşılıqlı razılığa» gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digərinə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, cavabdeh qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsi bağlamışdır ki, həmin müqavilənin də mötəbərliyi təsdiq olunmamışdır.

53. Kollegiyanın qənaətinə görə, uzun illər eyni müəssisədə çalışmış işçi ilə 2 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir.

54. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

55. Apelyasiya şikayətində qeyd olunanlar qanuni və əsaslı olan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas vermir.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-160/2024 nömrəli iş üzrə 10 yanvar 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar