Məhkəmə qərarları › İş №2(103)-2186/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2186/2024

17.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2186/2024 17.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2186/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X10 və X5 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil Astan oğlunun, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1458/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 17 aprel 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olmuş, iddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozaraq bank daxilində qeyri-etik hərəkətlərinə yol vermiş və xx.xx.2022-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş, həmçinin məcburi işburaxmaya görə ona əmək haqqının və bonusların ödənilməsini tələb edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1996-cı ilin iyun ayından xx.xx.2022-ci il tarixə kimi bank sistemində işləmiş, o cümlədən xx.xx.2000-ci il tarixdən «Beynəlxalq Bank»da qüsursuz işləmişdir. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdən heç bir əsaslı səbəb olmadan Beynəlxalq Bankın idarə heyətinin sədri Abbas İbrahimovun imzası ilə iddiaçının bankla olan əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Beynəlxalq Bankın əmək müqaviləsinə xitam verilməsi haqqında qərarında göstərilmişdir ki, xx.xx.2022-ci il tarixində özünü X1 təqdim edən şəxs bankın məlumat mərkəzinə zəng edərək Nizamı filialının müdir müavini İddiaçı şikayətçi olduğunu bildirmişdir. Belə ki, müraciət edən şəxs tanışı (qohumluq əlaqəsi olduğunu bildirir) X3 xx.xx.2022-ci il tarixdə bankın Nizamı filialına kredit götürmək üçün yaxınlaşdığını və filialın müdir müavini İddiaçı müştərinin kredit sənədləri içərisindən onun mobil nömrəsini götürərək həmin müştərini şəxsi məqsədləri üçün narahat etdiyini ona işdənkənar müxtəlif formalarda təkliflər etdiyini bildirmişdir. Əlavə olaraq qeyd etmək lazımdır ki, müştəri X6 xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarix aralığında dörd halda banka zəng və onlayn formada yazılı müraciət edərək qeyd olunan hal ilə bağlı şikayətçi olduğunu bildirmiş və bank tərəfindən əməkdaş İddiaçı qarşı tədbir görülməsini xahiş etmişdir. Məsələ ilə bağlı daxili nəzarət departamenti araşdırma aparmış, yoxlama nəticəsində video müşahidə zamanı xx.xx.2022-ci il tarixdə saat 12.13- də müştəri Tamaşa Qəhramanovanın kartından vəsaiti nağdlaşdırmaq məqsədi ilə filialda ATM-lərin yerləşdiyi otağa daxil olarkən onunla birgə əməkdaş İddiaçı da həmin otağa gəldiyi, müştərinin nağdlaşdırma əməliyyatında iştirak etdiyi və müştəriyə məxsus olan, məxfi hesab edilən PİN kodun İddiaçı tərəfindən ATM-yə daxil edildiyi müşahidə edilmişdir, əlavə olaraq müştəri nağdlaşdırma əməliyyatını bitirdikdən sonra ATM-lərin yerləşdiyi otaqdan çıxarkən əməkdaş İddiaçı da onun ardınca çıxaraq filialın giriş hissəsinə kimi söhbət edərək birgə getdikləri müşahidə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq idarə heyətinin sədri Abbas İbrahimovun əmri ilə Nizami filialının müdir müavini İddiaçı xx.xx.2022-ci il tarixdən AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində, habelə 72-ci maddəsində göstərilən bəndlərin heç biri iddiaçının işdən kənarlaşmasına əsas verən halları özündə ehtiva etmir. İşə götürən iddiaçı barəsində qərəzli mövqe tutmuşdur. Bu hər şeydən əvvəl onunla izah olunur ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdə göstərilmişdir ki, guya iddiaçı müştərinin kredit sənədlərinin içərisindən onun mobil nömrəsini götürmüşdür. Bu tam yalandır, çünki mobil nömrəsini müştəri özü iddiaçıya verib. İkinci, iddiaçı müştəri ilə iş vaxtı, iş prosesində heç bir əlaqə yaratmamışdır, müştəri ilə onun söhbətləri iş prosesinə heç bir xələl gətirməyib, eləcədə bankın imicinə xələl gətirməyib. Qəhrəmanova Tamaşa işdən kənar vaxtda özü iddiaçı ilə əlaqə yaradıb, söhbətə cəlb edib, onunla münasibətləri yalnız telefon söhbətindən ibarət olub. Həmin ərəfədə başa düşmüşdür ki, Tamaşa Qəhrəmanova məqsədli surətdə onunla danışır, məqsədi ondan ibarət olmuşdur ki, özünün köhnə tanışı X9 ilə birləşib şantaj yolu ilə iddiaçıdan pul alsınlar. Bunu başa düşən kimi iddiaçı dərhal polis orqanlarına şikayət etmişdir, onların hər ikisi barəsində polis orqanında araşdırılma aparılıb. İddiaçının işdən kənarlaşmasının bu məsələ ilə bağlı hansı səbəbli əlaqəsi vardır? İş fəaliyyəti zamanı mən heç bir kobud səhvə və ya hüquq pozuntusuna yol verməmişdir. İddiaçının müştəriyə yaxınlaşıb ona ATM-dan pul çıxarmasına köməklik göstərməsi, birincisi, bu onun xahişi ilə olmuşdur, ikincisi bu ümumiyyətlə səhv hərəkətdirmi? Sadəcə olaraq müştərinin bankdan pul çıxarmasına kömək göstərmək hər bir bank işçisinin birbaşa borcludur. Ən qısası bu bır insanlıqdır. Bu hərəkətdə səhv yoxdursa kobud səhv haradan ola bilər? Bundan əlavə iddiaçının Tamaşa Qəhrəmanova ilə olan telefon danışıqları hamısı iş fəaliyyəti zamanı yox iddiaçının məzuniyyətdə olduğu dövrdə olmuşdur. Bu hərəkətin özündə də hər hansı bir kobud səhvdən söhbət gedə bilməz. Əksinə, iddiaçı Tamaşa Qəhrəmanovanın telefon danışıqları zamanı iddiaçıya olan danışığından şübhələnib ondan polis orqanlarına şikayət etmişdir. Həmin fakt polis orqanlarında araşdırılmış və iddiaçının hərəkətlərində hər hansı qanunu zidd əməl olmaması müəyyən edilmişdir. Qeyd etdiyi halların hər hansı birində işəgötürən qanuni mənafeyinə ciddi xələl gəlməsi halları vardırmı? Qanunu və cəmiyyəti az da olsa anlayan hər bir şəxs dərhal dərk edir ki, bu hərəkətlərin heç birində bankın mənafeyinə xələl gələn hər hansı bu hal mövcud deyildir. O ki qaldı, ciddi xələl gəlməsinə, bu tamamilə cəfəngiyyatdır. Çünki, qanuni mənafeyinə ciddi xələl gəlmə dedikdə, bankın cəmiyyət və vətəndaşlar qarşısında nüfuzdan düşməsi çoxsaylı vətəndaşların banka yazılı müraciətləri, yaxud bu və ya digər hərəkətlər nəticəsində müştərilərin qaçıb dağılması, habelə banka külli miqdarda ziyan dəyməsi halların olması başa düşülməlidir. İşəgötürənin iddiaçıya qarşı olan münasibəti, o cümlədən xx.xx.2022-ci il tarixli 4139k nömrəli əmək müqaviləsinə xitam verilməsi haqqında əmri qərəzlidir, sadəcə olaraq 26 il müddətində bank sistemində qüsursuz xidmət göstərən işçiyə qarşı məhz bucur hərəkət edilməsi normal hal hesab edilə bilməz. Qeyd olunan əmr qərəzli olmaqla həm də səthi və məsuliyyətsiz verilmişdir. Hətta əmrin özündə yazılmışdır ki, «İddiaçı… AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilsin və onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin». Bildirir ki, əmrin özü də kobud səhv kimi tərtib edilmişdir. İddiaçı bank sistemində 26 il qüsursuz işləmişdir, heç vaxt heç bir intizam tənbehinə məruz qalmamışdır. Bundan əlavə iddiaçının ailəsində əlilliyi müəyyən edilmiş 18 yaşına çatmayan bir övladı və artıq əlillik qrupu verilmiş ikinci övladı vardır. İşə götürənin qərəzli olması bir daha onunla sübut olunur ki, iddiaçını qanunsuz işdən kənarlaşdırarkən hətta ailənin bu ağır vəziyyətini də nəzərə almamışdır. Göstərilənlərə əsasən işə götürənin iddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin qanunsuz olmasını nəzərə alıb onu öz əvvəlki işinə bərpa edilməsi barədə və ötən müddət ərzində ona dəymiş zərərin ödənilməsi, eyni zamanda əmək haqqı və bonusların, ƏM-nin 77-ci maddəsinə uyğun olaraq iddiaçıya orta aylıq əmək haqqının azı iki misli miqdarında təminat verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Cavabdeh tərəf iddiaya etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçının sistemə daxil olmaq səlahiyyəti var. Lakin şəxsi məqsədlər üçün səlahiyyətindən suiistifadə edilərək, nəzərdə tutulmayan məlumatlara baxılması, onların götürülməsi, istifadəsi qadağandır. Qərəzliliklə bağlı qeyd etmək istəyir ki, ABB iddiaçı qarşısında qərəzli olaraq onu işdən çıxarmaq istəsəydi niyə bu neçə illər ərzində deyil, indi çıxarmaq istəsin. Halbuki, iddiaçı həmişə hörmətli, yaxşı reputasiyası olan bir işçi olub. Əgər bankın ona qarşı qərəzli münasibəti var idisə, bu neçə ildə ortaya çıxardı. Belə uzun ssenari qurmaq bankın marağında deyil. Sağlamlıq imkanları məhdud uşaqlarının olması ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı ikinci uşağı barədə banka məlumat verməmiş və nəticədə bankın bundan məlumatı olmamışdır. İddiaçının qeyd etdiyi kimi bununla bağlı bank tərəfindən ona maddi yardım göstərilibsə, bunu sübut etmək yükü onun öhdəsinə düşür. Bununla bağlı bankın sonradan məlumatı olmasına gəlincə isə bildirmək istəyir ki, işçinin işdən çıxarıldıqdan sonra bu səbəbdən işə yenidən bərpa olunması ilə bağlı qanunvericilikdə heç bir norma nəzərdə tutulmamışdır. Tamaşa Oəhrəmanovanın nömrəsinin iddiaçı tərəfindən necə əldə olunması barədə bildirir ki, iddiaçı tərəfindən bununla bağlı üç fərqli izahat verilmişdir. Belə ki, iddiaçı adı çəkilən xanımla yazışmalarında özu şəxsən bildirir ki, nömrəni öz müdir müavini vəzifələrindən istifadə etməklə əldə etmişdir. Polisə verdiyi izahatda nömrəsini xanımın verdiyini və ilk dəfə xanımın ona zəng etdiyini, məhkəmə iclasında isə nömrəni ona xanımın verdiyini və nömrəsinin ona düşməsi üçün ilk özünün xanıma yazdığını bildirir. İddiaçının yol verdiyi hərəkətlərin onun AR ƏM-nin 70-ci maddəsinin «ç» bəndi ilə onu işdən çıxarmaq üçün əsas olub-olmamasına gəlincə isə, həmin maddənin məzmununda işçi tərəfindən öz əmək funksiyalarını kobud surətdə pozulması və müəssisənin işgüzar nüfuzuna xələl gətirməsi göstərilir. İddiaçı ilə bank arasında bağlanmış əmək müqaviləsinin 3.3-cü bəndinə əsasən əmək intizamına, o cümlədən ABB-nın Korporativ Etika Məcəlləsinin tələbləri işçi tərəfindən yerinə yetirilməlidir. Müştəri məlumatları yalnız müştərinin razılığı alımaqla bankın risklərini ön görmək məqsədilə istifadə edilə bilər. İddiaçı bununla tanış olaraq müqaviləni imzalamışdır. Yalnız iddiaçı bunu riayət etməmiş və həmin maddənin tələblərini pozmuşdur. Həmçinin bundan ziyadə, hazırki mülki iş üzrə iddiaçı sadəcə sıravi bir işçi yox, filial müdiri vəzifəsində çalışmışdır. Həmçinin o, uzun müddətdir ki, bankda fəaliyyət göstərir. Bu özu də onu göstərir ki, o, digər işçilərə örnək olmalı olduğu və bütün bankdaxili qaydalar barədə məlumatlı olduğu halda, qeyd edilən pozuntulara yol vermişdir. Həmçinin iddiaçı tərəfindən müştəri barəsində edilən hərəkətlərlə bağlı «TİKTOK» sosial şəbəkəsində paylaşım edilməsi xalq arasında nüfuz sahibi olan bir bank olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işgüzar nüfuzunu zədələmiş və ona vətəndaşların inamını sarsıtmışdır. Bütün bu qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 1458/2023 saylı qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir

6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3.9, 10, 70-ci maddəsinin “ç” bəndi, 71.2, 71.3, 72, 76.1, 77, 80.1, 187.2, 187.3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.2, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etmiş olduğu 322 saylı arayışdan görünür ki, iddiaçının şifahi izahatı alındıqdan sonra bir ay keçməklə rəsmi araşdırma aparılmış və onun üzərindən də daha 1 aya yaxın müddət keçdikdən sonra iddiaçı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmişdir (25 oktyabr 2022-ci il tarix- xx.xx.2022-ci il tarix aralığı- iki aya yaxın müddət). Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kifayət qədər araşdırma aparılması üçün vaxtı (iddiaçının verilmiş şikayəti etiraf etməsi, şikayətdən dərhal sonra onun izahatının alınması) və imkanları (hüquqşünaslarının sayının kifayət qədər olması) mövcud olmuşdur. Bildirmək istəyirlər ki, Əmək Məcəlləsində sözügedən maddənin məzmunundan da görünür ki, inzibati tənbehin verilməsi üçün müəyyən olunan 1 aylıq müddət məhz əmək və ya icra intizamının pozulmasının aşkar olduğu zamandan başlanır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfə bu hal (şikayət) onların rəsmi əlaqə nömrəsinə (Call Center) 25 oktyabr 2022-ci il tarixində daxil olmuş və bu nömrə isə hamıya bəlli olan və danışıqların qeydiyyatı aparılan əlaqə nömrəsi olmuşdur. Lakin bu hal özü hələ pozuntunun mövcudluğunun aşkar edilməsi demək deyildir. Belə ki, Banka hər gün ərzində müxtəlif mövzularda – aparılan proseduralar, işçilər və s. barəsində onlarla müraciət və şikayət daxil olmaqdadır. Hamıya məlum olan haldır ki, edilən bütün şikayət və müraciətlərin həqiqəti əks etdirməsi və dərhal ortada hansısa xətanın olması qənaətinə gəlinməsi qeyri-mümkündür. Bunu dəqiqləşdirmək üçün ilk növbədə ilkin və daha sonra rəsmi araşdırılmaların aparılması zəruridir. Daxil olan şikayət və zənglərin sadəcə müştərinin şəxsi fikri və ya reallığı əks etdirib-etdirməməsi yalnız həmin araşdırılmanın yekunlaşması zamanı müəyyən oluna bilər və yalnız bu zaman “pozuntu aşkar olundu” və ya “aşkar olunmadı” qənaətinə gəlmək olar. Hazırki iddianın predmeti olan məsələnin hallarına müvafiq olaraq da demək olar ki, Qəhrəmanova Tamaşa tərəfindən (hətta müraciətlərin bəziləri onun özü tərəfindən deyil, özünü Qəhrəmanova Tamaşanın yaxın qohumu kimi təqdim edən Rəşad Talıbov tərəfindən) İddiaçı barəsində Banka xx.xx.2022 – xx.xx.2022-ci il tarixi aralığında 4 dəfə yazılı və şifahi müraciətlər olunmuşdur. Sırf müştərinin, bəlkə də, hansısa şəxsi fikri, aqressiyası və ya sadəcə qərəzliliyi nəticəsində müraciət etməsi ilə Bankın öz əməkdaşı barəsində “pozuntu aşkar edilmişdir” ifadəsini deyə bilməsi və artıq tənbeh tətbiq etməsi ağlabatan olmamaqla bərabər ədalətli olmazdı. Buna görə də ilk növbədə pozuntunun, həqiqətən də, olub olmadığına dair ilkin, daha sonra isə rəsmi araşdırmaların aparılması təbii bir zərurət olmuşdur. Buna görə də Bankın müvafiq araşdırmaların aparılmasına məsul olan strukturu Daxili Nəzarət Departamenti tərəfindən rəsmi araşdırma məhz xx.xx.2022-ci il tarixdə başladılmış və xx.xx.2022-ci il tarixdə bitmişdir (bununla bağlı müvafiq arayış iş materiallarında mövcuddur). Odur ki, hazırki işlə bağlı İddiaçı tərəfindən əmək və ya icra intizamının pozulmasının aşkar olduğu zaman məhz xx.xx.2022-ci il tarixdən başlanılmalıdır. Həmçinin birinci instansiya məhkəməsi öz qətnaməsini bu cür əsaslandırmışdır ki, məhkəmədə şahid kimi ifadə vermiş hər üç şəxs də (hər üç şəxs rəhbərliyin göstərişi əsasında izahat alınması məqsədilə təyin olunan iddiaçıdan daha yüksək vəzifəli şəxslər olmuşlar) vətəndaşın xx.xx.2022-ci il tarixində vermiş olduğu şikayətdən sonrakı gün iddiaçıdan şifahi formada izahatlar almışlar və həmin izahatlarda iddiaçının özü əməli etiraf etmişdir. Bununla bağlı bildirmək istəyirlər ki, məhkəmə şahidlərin ifadəsini təhrif edərək sübutların da araşdırmasında və düzgün qiymət verilməsində səhvə yol vermişdir. Belə ki, məhkəmə iclasında iştirak edən hər 3 şahid: Filiallarla iş və Satışa dəstək departamentınin direktoru Vüqar Uluxanlı, Daxili Nəzarət departamentınin direktoru Taleh Nəhmədov və Təhlükəsizlik departamentinin direktoru Fuad Rzazadə öz ifadələrində və məhkəmə tərəfindən onlara verilmiş suallara cavablarında (məhkəmə iclası fasiləsiz videoyazı müşayiəti ilə aparılmışdır) rəhbərliyin göstərişi ilə deyil, öz təşəbbüsləri ilə İddiaçıla sadəcə ilkin danışıq aparmaq məqsədilə, heç bir izahat alınmadan və yalnız məsələnin nədən ibarət olmasını öyrənmək məqsədilə söhbət etdiklərini bildirmiş, şikayətçinin Bankla bağlı sosial şəbəkələrdə paylaşım edəcəyi ilə bağlı xəbərdarlığını ona çatdırmış, sonuncuya hələ ki, bank tərəfindən heç bir rəsmi tədbirlərin görülməyəcəyini bildirərək mübahisəni özünün sakit formada yoluna qoymasını bildirmişlər. Bununla da aydın olur ki, Bankın rəhbərliyi məsələnin detalları haqda heç bir məlumata sahib olmadan və rəsmi araşdırma etmədən, işin həqiqi hallarını müəyyənləşdirərək pozuntunun mövcudluğunu təsdiq etmədən yalnız şifahi qaydada Bankın üç işçisi vasitəsilə söhbət aparılması, təbii olaraq, hələ pozuntunun aşkar edilməsi demək deyildir və məhkəmənin qeyd etdiyi 1 aylıq müddətin həmin tarixdən hesablanması da əmək qanunvericiliyinin qeyd olunan maddəsinin mahiyyət və prinsiplərinə ziddir. Bundan əlavə məhkəmə öz qətnaməsində qeyd etmişdir ki, əgər barəsində intizam tənbehi verilməsi nəzərdə tutulan iddiaçı şikayət verilən məsələ ilə bağlı öz etirafını edirsə, bununla bağlı bir aydan çox araşdırma aparılmasına da zərurət qalmamışdır. Lakin onlar məhkəmənin bu mövqeyi ilə razı deyillər. Belə ki, işçidən rəsmi formada izahat alınmadan və işin halları aydınlaşdırılmadan Bankın 3 əməkdaşı ilə aparılmış danışığa Bank rəhbərliyinin ilkin mərhələdə inanması və pozuntu törətdiyini təsbit edərək barəsində tənbeh təqdim etməsi tamamən absurd olardı. Çünki həmin şəxslər özlərinin də dedikləri kimi İddiaçı rəsmi izahat almamış, sadəcə söhbət aparmışlar. Bəlkə də, işçi həmin anda başqa bir şeyin müqabilində qəsdən nəyisə boynuna almış və ya Bankın əməkdaşları sonradan rəhbərliyə özləri hansısa qərəzlilik səbəbindən işçinin etirafı ilə bağlı yalan məlumat vermiş ola bilərdilər. Çünki həmin danışıq heç bir rəsmi sənədləşmə aparılmadan, protokollaşdırılmadan və ya başqa vasitələrlə qeydə alınmadan aparılmışdır. Buna görə də sonradan artıq sırf bu tipli halların - bankdaxili insidentlərin və müraciətlərin araşdırılmasında məsul olan qurum - Daxili Nəzarət departamenti xx.xx.2022-ci il tarixdə rəsmi araşdırmaya başlamışdır. Həmçinin İddiaçı rəsmi formada izahat məhz xx.xx.2022-ci il tarixdə alınmış və öz izahatında daxil olan şikayətdə qeyd olunanları etiraf etməmiş, tamamən inkar etmiş və təqsirsiz olduğunu iddia etmişdir. Bu zaman artıq Bank qarşısında da bir-biri ilə ziddiyyət təşkil edən 2 məlumat mövcud olmuşdur. Bank əməkdaşları ilə aparılan şifahi söhbət zamanı İddiaçı təqsirini etiraf etməsi və sonradan rəsmi araşdırma zamanı sonuncunun izahatında bunu tamamən inkar etməsi ilə artıq müvafiq araşdırmacı struktur qarşısında daha ciddi yoxlamanın aparılması və həqiqətən də, əmək və ya icra intizamının onun tərəfindən pozulub-pozulmamasının müəyyənləşdirilməsi kimi bir məsələ durmuşdur. Bəlkə də, aparılan rəsmi araşdırmanın nəticəsində İddiaçı, həqiqətən də, təqsirsiz olduğu, əksinə, onunla söhbət aparan Bank əməkdaşlarının yalan məlumat verdiyi məlum olacaqdı və artıq intizam icraatı İddiaçı barəsində deyil, məhz həmin Bank əməkdaşları barəsində aparılacaqdı. Buna görə də Daxili Nəzarət departamenti öz araşdırmasını ciddi formada aparmış və xx.xx.2022 tarixdə araşdırmanın yekunlaşması və nəticələrinə dair arayış təqdim etmişdir. Həmin arayışın nəticəsində artıq İddiaçı Əmək müqaviləsinin və müvafiq olaraq Korporativ Etika Məcəlləsinin tələblərinin pozulması faktı öz təsbitini tapmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırki mübahisə ilə bağlı işçinin əmək və ya icra intizamını pozulması faktının aşkar edildiyi gün məhz sözügedən struktur tərəfindən aparılan araşdırmanın yekunlaşdığı, yəni xx.xx.2022-ci il tarixi hesablanmalıdır. Bununla da işəgötürən tərəfindən tənbeh tətbiq olunması üçün müəyyən olunan müddət pozulmamışdır. Növbəti olaraq birinci instansiya məhkəməsi öz qətnaməsini əsaslandırarkən qeyd etmişdir ki, iddiaçı cavabdehlə əmək münasibətlərini uzun müddət (20 ildən artıq) davam etdirmiş, həmin müddət ərzində buna oxşar pozuntu halı baş verməmiş (əksini sübut edən sənəd təqdim edilməmişdir), nümunəvi işçi olmuşdur. Bu halda işçinin xüsusilədə rəhbər şəxs olaraq işləməsi ona ən sonuncu intizam tənbehin verilməsi ədalətli hesab edilməməklə, işəgötürən tərəfindən bu xüsusatlar bir daha araşdırılmalı idi (başqa işə keçirmə, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi və s tətbiq edilə bilərdi). Lakin cavabdeh olaraq bu hissə ilə də razı deyillər. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Bu maddənin məzmunundan da görünür ki, qanunverici işəgötürən tərəfindən inzibati tənbeh tətbiq edilərkən hansısa növbəlilik və ya yüngüldən ağıra doğru hansısa sıralamanın tətbiq edilməli olması kimi bir müddəa təsbit etməmişdir. Yəni daha aydın desək, işçi əmək və ya icra intizamını pozduqda qanunla işəgötürənin üzərinə hansı tənbeh dairəsini tətbiq edə biləcəyi göstərilsə də, bunlardan hansını seçib-seçə bilməyəcəyi barədə hər hansı öhdəlik qoymamış və bu seçimi işəgötürənin özünə vermişdir. Bu zaman işəgötürənin törədilən pozuntunun ciddilik və önəmlilik dərəcəsinə görə özünün qanunvericilikdə sadalanan istənilən tənbeh növünü tətbiq etmək hüququ vardır. Həmçinin növbəti maddə, yəni Əmək Məcəlləsinin 186.3-cü maddəsində deyilir ki, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Hazırki məhkəmə işində də işəgötürən Bank İddiaçı tərəfindən edilmiş pozuntunu özlüyündə qiymətləndirmiş və müəyyən etmişdir ki, məhkəmə tərəfindən də qeyd edildiyi kimi 20 ildən çox bir müddətdə Bankda işləməsi Bankın nizam-intizam qaydalarını, Korporativ Etika Məcəlləsinin tələblərini və ən yüksək səviyyədə bilməsi ilə nəticələnməli, üstəlik rəhbər şəxslərdən (filial müdirinin müavini) olduğu üçün onda əlavə məsuliyyətə səbəb olmalı, digər işçilərə nümunə olacaq davranışlar sərgiləməsi ilə müşayiət olunmalı idi. Lakin o, öz vəzifə öhdəliklərinin ciddiyətini nəzərə almamış və üzərinə düşən öhdəlikləri kobudcasına pozmuşdur. Buna görə də işəgötürən olaraq Bank qanunvericinin ona verdiyi hüquq və səlahiyyətlərdən istifadə edərək heç bir pozuntu etmədən əmək müqaviləsinə məhz Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi ilə bağlı olan tənbeh növünü tətbiq etmişdir. Bununla da demək olur ki, işəgötürən Bankın İddiaçı barəsində tətbiq etdiyi tənbeh növü kifayət qədər ədalətli və tam qanuni olmuşdur.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmuş, şikayətin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalması xahiş edilmişdir.

c) Proses iştirakçılarının izahatı

10. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclaslarında) iştirak edən cavabdehin nümayəndəsi X4 verilmiş apellyasiya şikayətini müdafiə etmiş, şikayətin dəlillərinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq öz izahatında bildirmişdir ki, məlum olduğu kimi, AR ƏM-in 79-cu maddəsində işəgötürən tərəfindən AR ƏM-in 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağan olan işçilərin dairəsi müəyyən edilmişdir. Hazırda mübahisə mövzusu, həmin maddədə qeyd edilən kateqoriyaya daxil olan işçilər ilə əmək müqaviləsinin AR ƏMin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinin mümkün olub-olmamasıdır. Bu məsələ ilə bağlı hüquqi mövqe Ali Məhkəmə tərəfindən irəli sürülmüşdür. Belə ki, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2766/2020 nömrəli Qərarında qeyd edilmişdir ki, əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar barədə Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndində deyilir ki, işəgötürən tərəfindən öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi qanunverici sağlamlıq imkanı məhdud olan və ya İ dərəcə əlilliyi olan ailə üzvlərinin olmasını ehtiva edir. Əvvəla, qanunvericinin göstərişi ondan ibarət deyil ki, həmin normada sadalanan şəxslər əmək intizamını hər-hansı qaydada pozduğu halda işdən azad oluna bilməzlər. Bu normada qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, sadalanan şəxslərin dairəsinə daxil olan işçilər qanunvericinin üstünlük verdiyi hallarla bağlı işdən azad olunmasın. Məsələn, şəkər xəstəliyinə düçar olmuş şəxsin və yaxud öhdəsində 1-ci qrup ailə üzvü olan şəxsin həmin xəstəyə qulluq göstərməsi ilə bağlı (1-ci qrup xəstəyə) və yaxud həmin xəstəliklə bağlı (şəkər xəstəsi) işə gəlməsi mümkün olmasın. Bu halda qanunverici işdən çıxarmanı məhdudlaşdırır ki, həmin hal üzrsüz hal hesab oluna bilməz. Əgər həmin normanın təsir dairəsinə daxil olan şəxs normada nəzərdə tutulan hallardan asılı olmayaraq işə gəlmirsə, onda həmin norma işçini 70-ci maddənin “ç” bəndi ilə işdən azad olunmasını istisna etmir. Azərbaycan Respublikasının Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə əsasən hüquqlardan sui-istifadəyə yol verilmir. AR MM-in 16-cı maddəsinə əsasən, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. O cümlədən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Palatasının xx.xx.2023-cü il tarixli Qərardadı (müraciətin icraata qəbul edilməsindən imtina Qərardadı) dərc edilmədiyinə görə, Plenum deyil, Palata tərəfindən çıxarıldığına, o cümlədən “Konstitusiya məhkəməsi haqqında Qanun”un normalarına əsasən hesab edirlər ki, dərc edilməyən və Palata tərəfindən çıxarılan həmin qərardad məcburi deyil, çünki işə (şərh məsələsinə) mahiyyəti üzrə baxılmayıb və şərh verilməyib.

11. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclaslarında) iştirak edən iddiaçı apelyasiya şikayətini qəbul etməyərək onun təmin edilməməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, təqsirləri mövcuddur, lakin həmin təqsirlərin işdən bu cür çıxarılmasına əsas ola biləcəyini hesab etmir.

12. Apellyasiya baxışı zamanı (və öncəki məhkəmə iclaslarında) iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı 20 ildən çox müddətda cavabdeh bankda çalışmış bir inşandır. Əgər iddia olunan hərəkəti törətmiş olsa belə, etdiyi hərəkət işdən Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmasına haqq qazandırmır. İddiaçının 2 əlil uşağı vardır. Tamaşa Qəhrəmanova adlı şəxsin iddiaçı ilə danışdığı zaman niyyəti başqa olmuşdur. Bundan başqa qarşı tərəf iddiaçının hüquqlarından sui-istifadə etdiyini qeyd etsə də, burada heç bir sui-istifadədən söhbət gedə bilməz. İddiaçı heç kimə zərər vurmamışdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

13. Maddə 10. Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyinin tələblərinə işçinin əsas vəzifələri hesab olunur.

14. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

15. Maddə 70, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənini 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfmdən həmin əsasla ləğv edilə bilər.

16. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

17. Maddə 79.1. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır.

18. Maddə 186.3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

18. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.

19. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

23. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

27. Hazırki iş üzrə apelyasiya şikayəti yalnız iddianın təmin edilən hissəsindən verildiyindən apelyasiya baxışının hədlərini birinci instansiya məkəməsinin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalıdır.

29. Birinci instansiya məhkəməsi iddiaçının işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, bu təminin əsasında duran və mübahisəyə tətbiq edilməli olan maddi hüququ normasını düzgün seçməmişdir və beləliklə, cavabdehin apelyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslıdır.

30. Belə ki, birinci instansiya məhkəməsi iddianı qismən edərkən Əmək Məcəlləsinin 187.2-ci maddəsini əsas götürərək qeyd etmişdir ki, “cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin məhkəməyə təqdim etmiş olduğu 322 saylı arayışdan görünür ki, iddiaçının şifahi izahatı alındıqdan sonra bir ay keçməklə rəsmi araşdırma aparılmış və onun üzərindən də daha 1 aya yaxın müddət keçdikdən sonra iddiaçı barədə cavabdeh tərəfindən müvafiq əmr verilmişdir (25 oktyabr 2022-ci il tarix-xx.xx.2022-ci il tarix aralığıiki aya yaxın müddət). Bu hal isə onu deməyə əsas verir ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kifayət qədər araşdırma aparılması üçün vaxtı (iddiaçının verilmiş şikayəti etiraf etməsi, şikayətdən dərhal sonra onun izahatının alınması) və imkanları (hüquqşünaslarının sayının kifayət qədər olması) mövcud olmuşdur ”.

31. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd edilən mövqeyə münasibətdə aşağıdakıları qeyd edir.

32. Birinci instansiya məhkəməsi göstərilən hissədə öz qətnaməsini əsaslandırarkən ilk növbədə qeyd etmişdir ki, cavabdeh tərəfə bu hal (şikayət) onların rəsmi əlaqə nömrəsinə (Call Center) 25 oktyabr 2022-ci il tarixində daxil olmuş və bu nömrə isə hamıya bəlli olan və danışıqların qeydiyyatı aparılan əlaqə nömrəsi olmuşdur. Buna görə də hesab etmişdir ki, işçi tərəfindən əmək intizamının pozulması cavabdeh tərəfindən məhz həmin tarixdən etibarən məlum olmuşdur. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Banka edilən bütün şikayət və müraciətlərin həqiqəti əks etdirməsini müəyyənləşdirilməsi üçün ilk növbədə onların müvafiq qaydada araşdırılması zərurəti mövcuddur və hər bir müştəri şikayətinin reallıq dərəcəsini öncədən təxmin etmək qeyri-mümkündür. Daxil olan şikayət və zənglərin sadəcə müştərinin şəxsi fikri və ya reallığı əks etdirib-etdirməməsi yalnız həmin araşdırılmanın yekunlaşması zamanı müəyyən oluna bilər və həmin araşdırmanın nəticəsində işin mövcud halları ilə işçi tərəfindən, həqiqətən də, pozuntu törədilməsi qənaətinə gəlinərsə, işəgötürən üçün bu halın məlum olması yalnız həmin məqamdan sonra başlaya bilər.

33. Həmçinin, kollegiya qeyd edir ki, iş materialları və təqdim edilmiş səs yazılarından da göründüyü kimi Banka qeyd edilən xx.xx.2022-ci il tarixində zənglə edilən müraciət Tamaşa Qəhrəmanovanın (iddiaçının hüquqazidd əməlindən zərərçəkdiyini iddia edən şəxs) özü tərəfindən deyil, özünü onun yaxın qohumu kimi təqdim edən başqa bir şəxs tərəfindən edilmişdir. Bu da onu deməyə əsas verir ki, şikayət ona məruz qalan şəxsin özü yox, tamamilə üçüncü bir şəxs tərəfindən edildiyi halda bu məlumatın həqiqəti nə dərəcədə əks etdirməsi daha da şübhəli məqama çevrilmiş olur və Bank tərəfindən iddiaçının pozuntu törədib-törətmədiyi qənaətinə gəlmək üçün birmənalı olaraq əsas deyildir.

34. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin iddiaçının törətdiyi pozuntunu aşkar edilməsi anı kimi onların məlumat mərkəzinə daxil olan zəngin qəbul edilməsi ilə bağlı əsassız olmuşdur.

35. Bundan başqa birinci instansiya məhkəməsi cavabdeh tərəfindən intizam tənbehinin tətbiq edilməsi ilə bağlı müddətin ötürüldüyü qənaətinə gələrkən həmçinin qeyd etmişdir ki, məhkəmədə şahid kimi ifadə vermiş hər üç şəxs də (hər üç şəxs rəhbərliyin göstərişi əsasında izahat alınması məqsədilə təyin olunan iddiaçıdan daha yüksək vəzifəli şəxslər olmuşlar) vətəndaşın xx.xx.2022-ci il tarixində vermiş olduğu şikayətdən sonrakı gün iddiaçıdan şifahi formada izahatlar almışlar və həmin izahatlarda iddiaçının özü əməli etiraf etmişdir.

36. Qeyd edilənlərə münasibətdə əvvəla kollegiya qeyd edir ki, cavabdehin apelyasiya şikayətinin dəlillərinin də araşdırılması məqsədilə kollegiya tərəfindən birinci instansiya məhkəməsinin iclasları ilə bağlı keçirilmiş audio-video müşahidə yazılarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, iş üzrə şahid qismində dindirilən şəxslər iddiaçını tanıdıqlarından onun ilə öz təşəbbüsləri ilə söhbət apardıqlarını, bu barədə rəhbərliyin hələ məlumatı olmadığını bildirmiş, bu danışığın rəsmi səpkidə aparılmadığını qeyd etmişlər.

37. Qeyd edilməlidir ki, qanunvericiliyin tələblərinə görə hər bir halda əgər işəgötürən tərəfindən işçinin əmək və ya intizam pozuntusu törətdiyi aşkar edilərsə, ondan yazılı izahat alınmalıdır. Lakin hazırki iş üzrə hər 3 şahid öz ifadəsində iddiaçı ilə aparılan həmin görüşün rəsmi səviyyədə aparılmadığını, heç bir qeydiyyata alınmadığını bildirmişlər və bu halda həmin şəxslərin belə sahib olduqları məlumatların (işçinin öz təqsiri etiraf etməsi) həqiqiliyi şübhə altına alınmış olardı. Məhz buna görə də və bir növ işçinin də maraqlarının qorunması, fikirlərinin təhrif olunma ehtimalının olmaması məqsədilə qanunvericiliklə işçidən izahatın alınmasının yazılı formada həyata keçirilməsi imperativ olaraq öz əksini tapmışdır. Buna görə də kollegiya hesab edir ki, cavabdehin 3 əməkdaşının 25 oktyabr tarixində iddiaçı ilə şifahi söhbət aparması hələ onun tərəfindən pozuntu törədilməsinin aşkar edilməsi anlamına gəlməməlidir. Bundan başqa məhkəmə qeyd edilənlərin bariz nümunəsi olaraq onu da qeyd edir ki, İddiaçı rəsmi formada izahat məhz xx.xx.2022-ci il tarixdə alınmış və öz izahatında daxil olan şikayətdə qeyd olunanları etiraf etməmiş, tamamən inkar etmiş və təqsirsiz olduğunu iddia etmişdir. Bu da onu deməyə əsas verir ki, hələ də həmin tarixədək iddiaçının əmək intizamını pozması cavabdeh tərəfindən aşkar edilməmişdir.

38. İş materiallarında olan ABB-nin Daxili Nəzarət departamenti tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixli araşdırmanın yekunlaşması və nəticələrinə dair arayışla müəyyən olunur ki, rəsmi araşdırma xx.xx.2022-ci il tarixində başladılmış, xx.xx.2022-ci il tarixində yekunlaşaraq İddiaçı Bankla aralarında bağlanılan əmək müqaviləsinin və müvafiq olaraq Korporativ Etika Məcəlləsinin tələblərinin pozulması faktı öz təsbitini tapmışdır. Bütün bunlar da onu deməyə əsas verir ki, hazırki mübahisə ilə bağlı işçinin əmək və ya icra intizamını pozulması faktının aşkar edildiyi gün məhz sözügedən struktur tərəfindən aparılan araşdırmanın yekunlaşdığı, yəni xx.xx.2022-ci il tarixi hesablanmalıdır. İş materiallarından göründüyü kimi işçi ilə bağlanılan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verilmişdir.

39. Beləliklə, bütün qeyd edilənlərin nəticəsində kollegiya qeyd edir ki, apellyasiya şikayəti qeyd edilən hissədə qismən əsaslı olmaqla işəgötürən tərəfindən tənbeh tətbiq olunması üçün müəyyən olunan müddət pozulmamış və birinci instansiya məhkəməsi həmin hissədə yanlış nəticəyə gələrək işin faktiki hallarını düzgün aydınlaşdırmamışdır.

40. Bundan əlavə işin önəmli və aydınlıq gətirilməsi zəruri olan hallarından biri də iddiaçının himayəsində sağlamlıq imkanları məhdud uşaqlarının olması və bu kateqoriyadan olan şəxslərlə əmək müqaviləsinə xitam verilə bilməsinin mümkünlüyü ilə bağlıdır.

41. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddiaçı tərəfinin himayəsində əlil uşağının olmasını bildirsə də, bu barədə işə götürənə rəsmi məlumatın verilməsi barədə müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki bu xüsusatı bildirmək birbaşa iddiaçının üzərinə düşmüşdür. Lakin kollegiya birinci instansiya məhkəməsinin qeyd edilən mövqeyi ilə razı deyil.

42. Belə ki, Əmək Məcəlləsinin 79.1-ci maddəsinin tələblərinə əsasən, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ dərəcə əlilliyi olan ailə üzvü olan işçilərin əmək müqaviləsinin ləğv olunması qadağandır.

43. Qeyd edilməlidir ki, yuxarıda göstərilən maddə Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verilərkən işçilərin təminatları” adlanan on birinci fəslində yer almışdır və göründüyü kimi işdən azad olma zamanı məhz işçilərin sosial yönümlü mənafelərinin müdafiəsi məqsədi ilə təsbit olunmuşdur. Həmin maddədə müəyyən edilmiş hallar əgər işəgötürən üçün qadağa hesab edilirsə, ayrı-ayrı işçi kateqoriyaları üçün isə bu, dövlətin, qanunvericinin onlara verdiyi imtiyazdır (güzəştdir) və belə işçilərin dairəsi qanunda dəqiq müəyyən edilmişdir.

44. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Buna görə də Əmək Məcəlləsinin 79-cu maddəsinin qanunvericilikdə və cəmiyyətdə bəzi kateqoriya işçilərin sosial müdafiəsinin möhkəmləndirilməsi baxımından öz təyinatı vardır.

45. Kollegiya qeyd edir ki, qanunverici bu güzəştli normanı müəyyən həmin şəxslər dairəsinin hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi kateqoriya işçilərin sağlamlığının qorunması və ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi mövqeyindən çıxış etmişdir.

46. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rəsulzadə Nəzrin xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası İddiaçı, anası Rəsulova Leyladır. Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışın surətindən görünür ki, sağlamlıq imkanları məhdud xx.xx.2009-cu il təvəllüdlü X7 «Eşitmənin konduktiv və neyrosensor itirilməsi. Eşitmənin iki tərəfli itirilməsi» diaqnozu qoyulmuşdur.

47. Göründüyü kimi hazırki iş üzrə İddiaçı himayəsində 18 yaşına çatmamış sağlamlıq imkanları məhdud övladı vardır və bununla bağlı təsdiqedici sənədləri məhkəməyə təqdim etmişdir. Odur ki, hazırki halda kollegiya qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını, o cümlədən Əmək Məcəlləsinin 79-cu maddəsinin hüquqi fəlsəfə və təyinatını nəzərə alaraq kollegiya hesab edir ki, həmin maddənin təsbiti və işə tətbiq olunması ilk növbədə iddiaçının deyil, onun sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış övladının layiqli həyat səviyyəsinin və sosial təminatının müdafiəsi üçün vacib əhəmiyyət kəsb edir və məhkəmələr tərəfindən nəzərə alınmalıdır.

48. Birinci instansiya məhkəməsi bu barədə işə götürənə rəsmi məlumatın verilməsi öhdəliyinin iddiaçıda olmasını, lakin sonuncunun işəgötürəni bu barədə məlumatlandırmaması səbəbindən cavabdehin bu halı bilməməsində hər hansı təqsirin olmadığı ilə bağlı mövqeyə münasibətdə kollegiya qeyd edir ki, işəgötürən əmək münasibətlərinə sərəncamverici qüvvə olmaqla nisbətən daha güclü tərəfdir. İşəgötürən olaraq cavabdeh iddiaçının işlədiyi dövrdə bu halı bilməsə belə, ən azından hər bir işçi, o cümlədən iddiaçı ilə əmək müqaviləsinə xitam verən zaman qeyd edilən maddadəki halların işçiyə aid olub-olmamasını araşdırmalı, bu halların mövcud olduğu aşkarlanarsa, o zaman qanunvericiliyin göstərişlərinə uyğun olaraq işçi ilə əmək müqaviləsinə xitam verməkdən qaçmalıdır. Lakin hazırki iş üzrə cavabdeh tərəfindən qeyd edilən yoxlamaların həyata keçirilməsi faktı aşkarlanmamış, sonradan bu barədə məlumatları olsa da, yenə də işçinin işə bərpası ilə bağlı hansısa zəruri addımlar atılmamışdır.

49. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının himayəsində sağlamlıq imkanları məhdud 18 yaşına çatmamış övladının olması, həmin kateqoriyadan olan şəxslərin qanunvericiliklə əmək müqaviləsinə xitam verilməsinin imperativ norma ilə qadağan hesab olunması və yuxarıda qeyd edilən digər hallar nəzərə alınmaqla, hazırki iş üzrə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə işəgötürənin əmri qanunsuz hesab olunmalıdır.

50. Bütün bunlardan savayı kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər cavabdehin öz apelyasiya şikayətində bildirdiyi kimi qanunvericiliklə işəgötürən tərəfindən inzibati tənbeh tətbiq edilərkən həmin tənbehlərin hansısa birində bunun tətbiqi üçün istisna kimi müəyyən edilən və ya məhdudlaşdırılan hallar olmasa da, Əmək Məcəlləsinin 186.3-cü maddəsinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

51. Kollegiya qeyd edir ki, işin halları, bütün sübutların məcmusu və iddiaçının həm birinci instansiya məhkəməsi, həm də apelyasiya baxışı zamanı etirafedici məzmunlu ifadələri ilə onun tərəfindən, həqiqətən də, əmək intizamının pozulması, tərəflər arasında bağlanmış əmək müqaviləsinin "xxxx" ASC-nin Korporativ Etika Məcəlləsinin tələblərinin gözlənilməməsi halları öz əksini tapmışdır və işəgötürən olaraq Bankın iddiaçı barəsində intizam tənbehi tətbiq edilməsi barədə gəldiyi qənaət haqlı olmuşdur. Lakin məhkəmə bununla belə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya həmin tənbeh tədbiri verilərkən Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normasının tələbləri nəzərə alınmalı, iddiaçının cavabdehlə əmək münasibətlərini 20 ildən artıq müddət boyunca davam etdirməsi, həmin müddət ərzində buna oxşar pozuntu halının baş verməməsini də diqqətdə saxlayaraq tənbeh növünü ona mütənasib olaraq seçə bilərdi. Çünki əmək qanunvericiliyi ilə işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması halında onun əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verə bilməsi işəgötürən üçün imperativ xarakter daşımır və qanun müqavilənin ləğv edilməsini mütləq qoymur. Buna görə də kollegiya hesab edir ki, iddiaçı ilə əmək müqaviləsinə qeyd edilən əsasla xitam verilməsi zamanı yuxarıda göstərilən halların işəgötürən tərəfindən məqsədəmüvafiq hesab olunardı.

52. Məhkəmə kollegiyası cavabdehin işçinin AR ƏM-in 79-cu maddədə qeyd edilən kateqoriyaya daxil olması, onun tərəfindən bu hüquqlarından sui-istifadə edilməsi ilə intizam tənbehinin tətbiqindən yayınmaya çalışması ilə bağlı fikirlərinə münasibətdə isə qeyd edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən məhz həmin kateqoriyanın verdiyi güzəştlərdən istifadə edilərək və bunun nəticəsində əmək intizamının pozulması halı (məsələn, işçinin himayəsində sağlamlıq imkanları məhdud uşağının olmasından davamlı sui-istifadə edərək üzrsüz formada işə gəlməməsi, həmin əsasa arxalanaraq kiməsə zərər vurması və s.) mövcud olmamış, işçi pozuntunu törətdikdən və işdən azad olunmasından sonra məhkəmə mübahisəsi zamanı bu məsələ gündəmə gəlmiş və iddiaçının həmin kateqoriya şəxslər dairəsinə aid olması səbəbindən onun əmək müqaviləsinə xitam verilə bilməməsi məhz məhkəmələr tərəfindən müəyyən edilmişdir. Buna görə də kollegiya hesab edir ki, hazırki mübahisə ilə məhz qeyd edilənlər konteksində iddiaçı tərəfindən hər hansı sui-istifadə halının törədilməsindən söhbət gedə bilməz.

53. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlsə də, bu təminin əsasında duran və mübahisəyə tətbiq edilməli olan maddi hüququ normasını düzgün seçməmiş, işin bütün hallarını lazımi qaydada araşdırmamış və bu halların hərtərəfli qiymətləndirilməsini həyata keçirməmişdir. Buna görə də cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməlidir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

55. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 56.Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

57. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

58. MPM-in 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

59. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

60. Kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid olunmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-1458/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi təmin edilməklə iş üzrə yeni qətnamə çıxarılsın. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli 4139k saylı əmri ləğv olunsun. İddiaçı məcburi işburaxmaya görə işdən azad edildiyi gündən qətnamə icra olunan günədək ştat cədvəlinə uyğun olaraq əvvəlki vəzifəsinə uyğun əmək haqqı ödənilməklə (əlavələr ilə birlikdə), o, əvvəlki iş yerinə bərpa edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun əvəzi kimi dövlət nəfinə 100 (yüz) manat məbləğində pul tutulsun. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği ona ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar