Məhkəmə qərarları › İş №2(103)-2188/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2188/2025

20.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2188/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ iş № 2(103)-4675/2024 (Açar sözlər: kompensasiya verilməklə mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-7333/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 27, 4 saylı mənzil iddiaçının babası X7 tərəfindən xx.xx.2003-cü il tarixdə alqı-satqı əsasında əldə olunmuş, onun vəfatından sonra mənzil ½ hissədə arvadı - X1 və ½ hissədə oğlu - X5 mülkiyyətinə keçmişdir.

2. 14.07.2021-ci il tarixli bağışlama müqaviləsinə əsasən həmin mənzil X2 və X8 tərəfindən İddiaçı mülkiyyətinə verilmişdir.

3. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən ümumi sahəsi 35,70 kv.m olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, ev 27, mənzil 4 mülkiyyət hüququ üzrə iddiaçının adına xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır.

4. Elektron Məhkəmə İnformasiya Sistemindən müəyyən olunur ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır.

5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 02-151/24 №-li mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən təqdim edilmiş fototəsvirlərə və sənədlərə əsasən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən, 1 otaqlı, ümumi sahəsi 35.70 kv metr təşkil edən mənzilin (təmir vəziyyəti və yerləşdiyi ərazi nəzərə alınmaqla) hazırkı dövrə olan orta aylıq kirayə haqqı 29 noyabr 2024-cü il tarixinə: 220.0 (iki yüz iyirmi) manat təşkil edir.

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.000 manat kompensasiya ödənilmək şərtilə onun ünvan 3 ünvanında yerləşən iddiaçıya məxsus olan mənzil üzərində istifadə hüququna xitam verilməsi və cavabdehin öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, sözügedən mənzil mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin fərdi yaşayış evində Cavabdeh (iddiaçının anası) qeydiyyatdadır, əvvəllər o, həmin mənzildə yaşamışdır, lakin uzun müddətdir ki, həmin mənzildə yaşamır, iddiaçıda olan məlumata görə o, axırıncı dəfə Mingəçevirdə görülüb, xəstəliyi var. Hazırda iddiaçı ona məxsus həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu həyata keçirmək, həmin əmlakı özgəninkiləşdirmək istəsə də, Cavabdeh buna razılıq vermir. İndiki halda, iddiaçı ilə cavabdeh arasında iddiaçıya məxsus olan sözügedən mənzil üzərində cavabdehin istifadə hüququna xitam verilməsi ilə bağlı mübahisə qarşılıqlı razılıq əsasında həll oluna bilmir. Buna görə də iddiaçının ona məxsus qeyd edilən mənzil üzərində öz mülkiyyət hüququnu maneəsiz həyata keçirməsi üçün cavabdehə müvafiq kompensasiya verilməklə onun həmin mənzildən istifadə etmək hüququna məhkəmə qaydasında xitam verilməlidir. İddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 35.70 kv.m. olan mənzildən cavabdehin istifadə hüququna xitam verilməsi üçün ağlabatan kompensasiya məbləği kimi 5.000 manat təklif edirlər, belə ki, Bakı şəhəri, Xətai rayonunda sözügedən mənzillə eyni şəraitli mənzillərin aylıq kirayə haqqı 200 manat təşkil edir, buna dair mütəxəssis rəyi də məhkəməyə təqdim edilmişdir.

8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 7333/2024 nömrəli qətnaməsi ilə (hakim Ş.İ.Əliyev) iddia təmin edilməmişdir.

9. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflər arasındakı mübahisə 2021-ci ildə (2009-cu il oktyabrın 1-dən sonra) yarandığından, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları əsasında həll olunmalıdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin istifadə hüququnun itirlməsinə əsas verən hallara dair sübutetmə yükü daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, həmin maddənin tələbləri baxımdan, Cavabdeh mülkiyyətçinin ailə üzvü kimi mübahisəli mənzildə yaşaması hallarının olması, bununla belə yaşayış sahəsindən istifadə hüququnu istisna edən, o cümlədən daimi əsaslarla yaşayış sahəsi əldə edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbi əsaslı deyil və ona görə də rədd edilməlidir.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 5-ci hissəsinə, 43-cü maddəsinin 1-ci hissəsinə, Mülki Məcəllənin 16.1, 560.1, 560.2, 560.3.4-cü maddələrinə, Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının anasıdır. İddiaçı ilə cavabdeh artıq neçə ildir ki, ayrı yaşayırlar. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qətnaməsinə əsasən iddiaçının atası Elxan Alızadə ilə anası Cavabdeh (iş üzrə cavabdeh) arasında bağlanan nikaha xitam verilib. İddiaçı ilə cavabdeh nəinki birgə yaşamır, hətta onların arasında heç bir əlaqə də qalmayıb. Buna görə də cavabdehin həmin mənzildən istifadə hüququna xitam verilməsinə zərurət yaranmışdır. Çünki iddiaçı indiki halda cavabdehin razılığı olmadan öz mülkiyyət hüququnu realizə edə bilmir. Cavabdehin formal olaraq həmin mənzildə qeydiyyatda olması iddiaçının öz mülkiyyət hüququnu həyata keçirməsinə real maneədir. Buna görə də iddiaçı cavabdehi qeydiyyatdan çıxarmazdan öncə onun istifadə hüququna xitam verilməsi ilə bağlı iddia qaldırmaq məcburiyyətində qalmışdır. Cavabdehin sözügedən mənzildən istifadə hüququna xitam verilməsi üçün hətta iddiaçı tərəfindən kompensasiya məbləği təklif edilmişdir. Cavabdehin istifadə hüququnun itirilməsinə əsas verən halları təsdiq edən sübutlarla bağlı həmçinin bildirir ki, iş materiallarında olan Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin 10 nömrəli Mənzil İstismar sahəsi tərəfindən verilmiş Arayışa əsasən ünvan 4 ünvanda qeydiyyatda olan Cavabdeh həmin ünvanda yaşamır. İşə baxan məhkəmə isə bu sübutları nəzərə almamış və əsassız olaraq qeyd etmişdir ki, iddiaçı cavabdehin istifadə hüququnun itirilməsinə əsas verən hallara dair sübutetmə yükü daşıyır, lakin o, buna dair sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda sual yaranır ki, iddiaçı hansı sübutu məhkəməyə təqdim etməli idi ki, onunla cavabdeh arasında ailə münasibətlərinə xitam verildiyini sübuta yetirsin?! İddiaçı yetkinlik yaşına çatmış şəxsdir, onun atası ilə cavabdeh arasında nikaha 2023-cü ild xitam verilib və cavabdehin sözügedən mənzildə yaşamadığı da Mənzil-İstismar hissəsinin arayışı ilə öz təsdiqini tapır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(103)-2188/2025 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-qiymətləndirmə ekspertizası təyin edilmişdir.

15. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB/04-7485/2025 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (indiki Polad Həşimov küçəsi), ev 27, 4 saylı mənzilin hazırda bazar dəyəri 45.450 manat, həmin ərazidə yerləşən oxşar (ölçü, təmir və s. baxımdan) mənzilin aylıq kirayə haqqı 300 manat təşkil edir.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. İddiaçının nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş əmtəə ekspertizası nəticəsində eyni şəraitli mənzilin aylıq kirayə haqqının 300 manat olması müəyyən edilmişdir. Bu səbəbdən tərəfindən ilkin verdiyi iddia ərizəsi üzrə kompensasiya məbləğinin 10.800 manat məbləğində müəyyən edilməsinə zərurət yaranmışdır. Yuxarıda göstərilənlər ilə bağlı X6 10.800 manat kompensasiya ödənilmək şərti ilə onun ünvan 5 ünvanında yerləşən mənzil üzərində istifadə hüququna xitam verilməsi və cavabdehin öz əşyaları ilə birlikdə ünvan 5 ünvanından çıxarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Məhkəmənin əvvəlki iclasında iştirak edən nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, cavabdeh həmin evdə uzun müddətdir ki, yaşamır. Mənzil cavabdehin oğluna məxsusdur və hazırda satılması zərurəti yaranmışdır. Hazırda cavabdehin mənzildən istifadə hüququ olduğu üçün iddiaçının mülkiyyət hüququ məhdudlaşmışdır. Onlar cavabdehin istifadə hüququnun olduğunu inkar etmirlər. Bu səbəblə, tələb cavabdehin kompensasiya ödəməklə istifadə hüquqlarına xitam verilməsidir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

20. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı: ...Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220.6. Məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. Hazırki işdə iddia tələbi rədd edildiyindən və iddiaçı tərəfindən apellyasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

26. İddiaçı hazırki tələbində mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (indiki Polad Həşimov küçəsi), ev 27 ünvanında yerləşən 4 saylı mənzildən cavabdehin kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş edir.

27. İşdən müəyyən olunur ki, cavabdeh iddiaçının anasıdır, həmçinin həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır. İddiaçı cavabdehin hazırda harada yaşaması barədə hər hansı məlumatı olmadığını, lakin cavabdehin həmin mənzildən istifadə hüququnun olduğunu bildirmişdir.

28. Kollegiya iddiaçının vəkil ilə təmsil edildiyini, vəkilin də bildirdiklərini əsas götürərək qəbul edir ki, Cavabdeh qeyd olunan mənzilə istifadə hüquqları yaranmışdır.

29. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququna yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

30. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəməqiymətləndirmə ekspertizası təyin edilmiş, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, MEB/04- 7485/2025 nömrəli rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (indiki Polad Həşimov küçəsi), ev 27, 4 saylı mənzilin hazırda bazar dəyərinin 45.450 manat, həmin ərazidə yerləşən oxşar (ölçü, təmir və s. baxımdan) mənzilin aylıq kirayə haqqının isə 300 manat təşkil etdiyi müəyyən olunmuşdur.

31. Kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən kompensasiyanın məbləği müəyyən edilərkən məhkəmələr tərəfindən mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə oxşar şəraitə malik olan yaşayış sahəsində üç illik müddət daxilində yaşamaq imkanı nəzərə alınır.

32. Ekspert rəyi nəzərə alındıqda həmin məbləğ 10.800 manat (36 ay x 300 manat) təşkil edir. Hazırda iddiaçı həmin məbləğdə kompensasiya ödəməyə razı olduğunu yazılı formada məhkəmə kollegiyasına bildirmişdir.

33. Məhkəmə kollegiyası iş üzrə verilmiş ekspert rəyini və iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, hazırda təklif edilən 10.800 manat kompensasiya məbləği ədalətlidir. Qeyd edilməlidir ki, həmin məbləğ mənzilin təqribən 1/4 hissəsinin dəyərini təşkil edir və bu məbləğdən artıq məbləğin kompensasiya olaraq ödənilməsi öhdəliyinin mülkiyyətçinin üzərinə qoyulması artıq onun mülkiyyət hüququnun pozulması ilə nəticələnəcəkdir.

34. Bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, kompensasiya olaraq cavabdehə 10.800 manat vəsaitin ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməsi və həmin sahədən əşyaları ilə birlikdə çıxarılması eyni vaxtda icra edilməlidir.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402.1, 405 və 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-7333/2024 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. Cavabdeh İddiaçı tərəfindən 10.800 manat məbləğində kompensasiya ödənilməklə cavabdehin ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin və cavabdeh öz əşyaları ilə birlikdə həmin mənzildən çıxarılsın. Cavabdeh 10.800 manat məbləğində kompensasiyanın ödənilməsi ilə onun iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi (indiki Polad Həşimov küçəsi), ev 27, 4 saylı mənzildən istifadə hüququna xitam verilməsi və həmin sahədən çıxarılması eyni vaxtda icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar