Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2189/2023 06.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: əmək mübahisələri, əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Hakimlər: X6 (sədrlik edən və məruzəçi), X2 və Məmmədov Məmməd Allahverdi oğludan ibarət tərkibdə, Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı "işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 479 nömrəli əmək müqaviləsindən görünür ki, işçi - İddiaçı “Korporativ Kommunikasiyalar Departamentinin Korporativ sosial məsuliyyət və təbliğat qrupunun Kiçik Mütəxəssisi” vəzifəsinə işə qəbul edilmişdir.
2. Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixdə əmək müqaviləsinə əlavə olaraq imzalanmış təhsil müqaviləsi işçinin 2021-ci ilin yanvar ayından başlayaraq 9 ay müddətinə “EAE” universitetində marketinq və satış menecmenti üzrə magistr ixtisas dərəcəsinə yiyələnməsi üçün 14 850 Avro məbləğində vəsaitin işəgötürən tərəfindən ödənilməsi, həmçinin işçinin təhsilini başa çatdırıb iş fəaliyyətini davam etdirdiyi tarixdən 3 il müddətində işəgötürənlə bağlanmış əmək müqaviləsini öz təşəbbüsü ilə ləğv etdikdə və yaxud işdən azad edildikdə (ixtisarla istisna olunmaqla) təhsil və ixtisas artrırılması üzrə xərclənmiş məbləğin iş müddətinə proporsional şəkildə geri ödənilməsi şərtlərini tənzimləyir.
3. 152/22-İA/İR nömrəli, 15 noyabr 2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrdən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) 15 noyabr 2022-ci il tarixdə xitam verilmişdir.
4. İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/9-00628 nömrəli, 14 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 tərəfindən mediasiya xərci olaraq 50 manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının işdən azad olunmağına dair 15 noyabr 2022-ci il tarixdə yazmış olduğu ərizənin etibarsız hesab olunması, 15 noyabr 2022-ci il tarixli əmrin ləğv edilməsi, əvvəlki iş vəzifəsinə bərpa edilməsi və buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə bağladığı xx.xx.2015-ci il tarixli əmək müqaviləsinə əsasən kiçik mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020ci il tarixdə cavabdehlə iddiaçı arasında əmək müqaviləsinə əlavə olaraq təhsil müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçının magistr dərəcəsinə yiyələnməsi üçün 2021-ci ilin yanvar ayından etibarən 9 ay müddətinə təhsil haqqını ödəməyi öz öhdəsinə götürmüş, iddiaçı isə təhsilini başa çatdırıb iş fəaliyyətini ən azı 3 il müddətinə cavabdeh şirkətdə davam etdirməyi öz öhdəsinə götürmüşdür. İddiaçı xaricdə təhsilini başa vurduqdan sonra cavabdeh şirkətdə əmək fəaliyyətinə davam etdiyi dövrdə yiyələndiyi ixtisasa uyğun olmayan vəzifəyə təyin edilmişdir. Daha sonra şirkətin rəhbərliyində heyət dəyişikliyindən sonra iddiaçının əmək fəaliyyəti zamanı əmək müqaviləsinin ləğv edilməsi üçün əsas ola biləcək heç bir nöqsana yol verməməsinə baxmayaraq iddiaçıya hədə-qorxu gəlinmiş və iddiaçı işdən azad edilmə ilə bağlı ərizə yazmağa məcbur edilmişdir. İşəgötürən iddiaçının hüquqi biliklərinin olmamasından istifadə edərək, ona “maddə” ilə çıxarılmamaq üçün ərizə yazmağını bildirmişdir.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-315/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, işçi işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə müraciət etmiş, işəgötürən isə onu 15 noyabr 2022-ci il tarixdə işdən azad etmişdir. Burdan da göründüyü kimi, işəgötürən işçinin iddia etdiyi kimi qərəzli olaraq işçinin işdən azad edilməsində maraqlı olsaydı və bununla bağlı işçiyə hədə-qorxu gəlsə idi, işçini işdən azad etməsi üçün ərizə ilə müraciət edildiyi tarixdən qısa müddət ərzində işdən azad etməkdə maraqlı olardı. Eyni zamanda tərəflərin hər ikisinin izahatından da məlum olur ki, işəgötürən işçini öz vəsaiti hesabına təhsil almaq və biliklərini artırmaq üçün təhsil müəssisəsinə göndərmiş və qarşılığında iddiaçı qayıtdıqdan sonra 3 il müddətində cavabdeh bankda fəaliyyətini davam etdirəcəyi barədə öhdəlik götürmüşdür. Buradan da görünür ki, işəgötürən işçi ilə bağlı əmək fəaliyyətinin uzunmüddətli davam etdirilməsində maraqlı olmuşdur. Bundan başqa iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42.2, 45.1, 68, 69.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci, 216, 220, 227, 233 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69- cu maddəsinin 7-ci hissəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə qeyd etmişdir ki, işçi öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün ərizə ilə işəgötürənə müraciət etmiş, işəgötürən isə öz növbəsində qanunvericiliyin tələbinə və əmək müqavilənin tələblərinə uyğun olaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu səbəbdən işçinin Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə işdən azad olunmasında qanunvericiliyə zidd heç bir hərəkət olmamışdır. İddiaçı ərizənin hədəqorxu gəlinərək yazılması barədə məhkəməyə müraciət etmiş və müvafiq sübutları məhkəməyə təqdim etmişdir, lakin buna baxmayaraq məhkəmə qeyd edilən maddənin tələblərini pozmaqla işi hərtərəfli araşdırmadan yanlış qənaətə gəlmişdir. Məhkəmə ərizə yazıldığı tarixdən 1 ay müddətin gözlənilməsini işəgötürənin xoş məramı kimi qiymətləndirmişdir, halbuki işəgötürənin iddiaçını ərizəsində xx.xx.2022-ci il tarixi qeyd etməsində məcbur etməkdə məqsədi sadəcə əmək qanunvericiliyinin xəbərdarlıq müddəti ilə bağlı tələbini pozmamaq idi (yəni 1 ay xəbərdarlıq müddətinin gözlənilmədiyi istisna hallardan heç birinin şamil edilmədiyini nəzərə alaraq özünü sığortalamaq üçün işəgötürən ərizəni müəyyən müddət aralığı ilə yazılmasını tələb etmişdir). Məhkəmə iddiaçı ilə cavabdeh arasında bağlanmış təhsil müqaviləsindən o qənaətə gəlmişdir ki, cavabdeh işəgötürənlə əmək münasibətlərinin uzunmüddətli olmasında maraqlı olmuşdur, halbuki iddiaçı ərizəsinin etibarsız hesab edilməsi və işə bərpa ilə bağlı işəgötürənə müraciət etdikdə, cavabdeh ərizəyə heç bir cavab verməmiş, əksinə ödənilmiş təhsil haqqının geri qaytarılması tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qeyd etdiyi kimi, işəgötürən əmək münasibətlərinin uzunmüddətli olmasında maraqlı olsa idi ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etmək əvəzinə işdən azad edilmə ilə bağlı ərizəyə münasibət bildirərdi. Məhkəməyə iddiaçı tərəfindən iddia edilən hədə-qorxu ilə bağlı müvafiq sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə iddiaçının işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyini qeyd edir. İddia ərizəsi ilə birlikdə məhkəməyə, iddiaçı ilə cavabdehin vəzifəli şəxsi Aqşin Mirzəzadə arasında olan whatsapp yazışmaları təqdim edilmişdir. Həmin yazışmalarda A.Mirzəzadə iddiaçıya “sənin işdən çıxmalı olduğun və həmin vəzifəni boşaltmalı olduğun haqqında məlumatlıyam….səni “maddə” ilə çıxarsalar, sənin özün üçün daha pis olacaq” bildirmişdir. A.Mirzəzadənin vəzifəli şəxs olaraq qeyd etdiyi hərəkəti həyata keçirmək iqtidarında olmuş, buna görə hədə real olmuşdur. Lakin bütün bu qeyd edilənlər məhkəmə tərəfindən tədqiq edilməmişdir. Bundan əlavə, xx.xx.2023-cü il tarixdə baş tutmuş hazırlıq iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ərizə yazmaqla xx.xx.2022-ci il tarixdə işdən azad edilməsi ilə bağlı müraciət etmiş və həmin tarixədək işdən azad edilməsi ilə bağlı "xxxx" ASC ilə heç bir dialoq olmamışdır. 26 yanvar 2023-cü il tarixdə iddiaçı vəsatətlə müraciət etmiş iclasda səsləndirilənlərin həqiqətə uyğun olmadığını və ərizə yazılan tarixədək (sentyabr ayında) iddiaçıya birbaşa rəhbəri Adilə Şıxıyeva tərəfindən elektron poçt vasitəsilə işləri dayandırması barədə göstəriş verildiyini bildirmişdir (müvafiq elektron poçt yazışmaları təqdim edilmişdir). Məhkəmə vəsatəti təmin etmiş, sübutları iş materiallarına əlavə etmiş lakin yenidən prosessual pozuntuya yol verərək təqdim edilmiş sübutları qiymətləndirməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən ona işdən çıxmasına dair ərizə yazması üçün təsir göstərildiyini bildirsə də, bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən analoji işlərdə iddianın həlli sübutetmə ilə əlaqəlidir lakin buna baxmayaraq iddiaçı tərəfindən təqdim edilmiş sübutlar məhkəmə tərəfindən qiymətləndirilməmiş və faktiki hallar aydınlaşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, Ali Məhkəmənin analoji mübahisələrlə bağlı işlərində əsas məsələnin sübutların qiymətləndirilməsi ilə bağlı olduğu qeyd edilir. Ali Məhkəmənin qərarlardan birində işəgötürənin "sən heç kimdən artıq deyilsəm, bizə sənin kimi işçi lazım deyil, ya ərizəni yaz, ya da səni ststya ilə işdən azad edəcəyij" mesaji hədə-qorxu kimi qiymətləndirilmişdir. İddiaçı Aqşinə yazmışdır ki, iddiaçını hüquq şöbəsinə çağırıblar işdən azad ediləcək. Aqşin də cavab olaraq bildirmişdir ki, bu barədə məlumatı var onu maddə ilə çıxaracaqlar, iddiaçıya məsləhət görmüşdür ki, ərizəni iddiaçı özü yazıb çıxsın. Bu hədə-qorxu deyil, amma məlumatı olub ki, iddiaçını işdən çıxaracaqlar. Birinci instansiya məhkəməsinin qənaətinə əsasən işəgötürən əgər işçini işdən azad etmək istəsəydi işçini 15 noyabr 2022-ci il tarixində deyil, 27 sentyabrda işdən çıxarardı. Müddətin gözləmə səbəbi qanunverciliyin tələbindən irəli gəlir. Email yazışmasından aydın olur ki, birbaşa rəhbər iddiaçıya yazmışdır ki, işləri dayandır. Aqşinlə olan yazışmalar birinci instansiya məhkəməsi tərəfindən qiymətləndirilməmişdir. Əmr veriləndən sonra məhkəməyə müraciət edilməsi iddiaçının hüquqi savadsızlığı nəticəsində olub. İddiaçı təxmini bilirdi ki, cavabdeh magistr təhsilinin ödənişi ilə bağlı iddia qaldıracaq. Bu məsələlərlə bağlı vəkilə müraciət edən zaman bu məsələ bilinib. İddiaçı pul tələbi olmasaydı hüquqşünasa müraciət etməyəcəkdi. Pul tələbi ilə bağlı iş üzrə iddiaçının vəkilə ehtiyacı var idi. Birinci instansiya məhkəməsi qənaətinə əsasən işəgötürən işçi ilə işləmək marağında olmasa idi, təhsili ilə bağlı ödənişlər etməzdi. Əgər işçi ilə işləmək marağında olsaydılar, onun ərizəsinə baxardılar, pul tələbi qaldırmazdılar. İşçinin işə gecikməsi ilə bağlı bir neçə töhməti var, o düşünürdü ki, maddə ilə onu işdən çıxara bilərlər. Adilə xanımla olan yazışmanın tarixini bilmir, yazışmalar hamısı silinmişdir.
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirir ki, işçi 27 sentyabr 2022-ci il tarixində ərizə ilə müraciət etmişdir ki, 15 noyabrda işdən azad edilsin. Həmin müddət çatdıqda tərəflər arasında bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Hədə-qorxu ilə bağlı məsələ ilə əlaqədar X5 müraciət edə bilərlər. Təhsil müqaviləsinə əsasən iddiaçıya pul ayırılıb ki, xaricdə təhsil alsın. Təhsil müqaviləsinə əsasən tərəf qayıtdıqdan sonra 36 ay müddətində onlarla işləməli idi. İşçi təhsilini başa vurduqdan sonra işdən yayınmağa başlamışdı. Daha sonra onlara ərizəsi daxil oldu və onlar da əmək müqaviləsinə xitam veriblər. Təhsil müqaviləsinin şərtlərinə əsasən onlar da məhkəmədə iddia qaldırdılar. Yazışmalardan heç nə aydın olmur, xaricdə təhsil alıb qayıtdıqdan sonra işçi işə gecikirdi. Buna görə töhmət verilib. İşəgötürən əgər işçi ilə konflikt aparsaydı onunla əmək müqaviləsinə xitam verilərdi.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyası
15. Maddə 35. İİ hissə. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.
Əmək Məcəlləsi
16. Maddə 5. Əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
17. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
18. Maddə 42.2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir.
19. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
20. Maddə 45.2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
21. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.
22. Maddə 69.1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Hazırki halda iddiaçının apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyi üçün kollegiya qətnamənin əsaslılığını tam yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
27. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh ASC ilə İddiaçı arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 479 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
28. İddiaçı ona göstərilmiş hədə qorxununun təsiri altından işdən azad edilməsi barədə ərizə yazmasına istinad edərək, ərizəsinin etibarsız hesab edilməsi, işə bərpa və məcburi işburaxmaya görə kompensasiya ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
29. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilməmiş, ona istinad edilmişdir ki, iddiaçı işdən azad edilməsi barədə yazdığı ərizənin ona göstərilən hədəqorxunun təsiri altında yazdığını iddia etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı işdən çıxma ilə bağlı 27 sentyabr 2022-ci il tarixdə ərizə ilə işəgötürənə müraciət etmiş və xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
31. İddiaçı sübut olaraq whatsapp və elekton poçt yazışmalarına istinad edir. Whatsapp yazışmasına nəzər salındıqda onun kim tərəfindən göndərilməsini müəyyən etmək mümkün olmur. İddiaçı həmin yazının digər əməkdaş Aqşin tərəfindən yazıldığını qeyd etsə də buna dair məhkəməyə sübut təqdim etməmişdir. Habelə, qeyd edilən hallarla bağlı Aqşinin ifadə verməsi üçün onun şahid kimi dindirilməsi barədə birinci instansiya məhkəməsində iddiaçının vəsatətlə müraciət etmədiyi müəyyən olunur. O cümlədən, iddiaçı digər sübut qismində elektron poçt yazışmasına istinad edir. Həmin yazıdan müəyyən olunur ki, Adilə Şıxıyeva tərəfindən işlərin görülməsinin dayandırılması xahiş olunur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi bu dəlilə etiraz edərək bildirir ki, iddiaçı işdən çıxma ilə bağlı 1 ay qabaqcadan yazılı müraciət etdiyindən ondan işlərin dayandırılması tələb olunmuşdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə işçiyə işdən çıxma barədə ərizə yazması ilə bağlı işəgötürən tərəfindən hədə-qorxu gəlindiyi, ərizə yazmağa məcbur edildiyi sübut olunmur.
33. Qeyd olunmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və sair kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur (Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsi).
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsiüçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
35. Digər tərəfdən iddiaçı qeyd edir ki, 28 noyabr 2022-ci il tarixdə ərizəsindən imtina edib və cavabdehə bununla bağlı yazılı müraciət ünvanlansa da müraciətinə baxılmamışdır.
36. Göstərilənlərlə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndində qeyd edilir ki, Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
37. Göründüyü kimi, işçi tərəfindən ərizə qanunvericiliklə müəyyən edilən müddət çərçivəsində verilmədiyi səbəbindən hüquqi əhəmiyyətini itirmişdir.
38. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
39. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-315/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Məmməd Məmmədov