Məhkəmə qərarları › İş №2(103)-2190/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2190/2025

05.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2190/2025 05.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş (Açar sözlər: «pul») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı, Cavabdeh3 , nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-86/2025 saylı, 24 yanvar 2025ci il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: icraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Tərəflərin üzərlərinə götürdükləri öhdəliklər barədə Müqavilənin (Hüquqi xidmətlərin göstərilməsi haqqında öhdəlik müqaviləsi) predmetinə görə “Sifarişçilər”in "xxxx" ASC ilə aralarında xx.xx.2018-ci il tarixdə, kredit verilməsi haqqında 80-1/18, 80-2/18 və 80-3/18 saylı bağlanmış kredit müqavilələri üzrə yaranmış mübahisənin “Sifarişçilər”in xeyrinə həll edilməsinin müqabilində, müqavilə ilə nəzərdə tutulmuş haqqın “İcraçı”ya ödənlməsindən ibarətdir. Müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1-ci,4.2. və 4.3-cü bəndlərinə əsasən ödəniş məsələləri razılaşdırılmışdır. 4.1-ci bəndə əsasən bu müqavilə üzrə xidmət haqqının miqdarı, bu müqavilə üzrə sifarişçilərin xeyrinə həll edilmiş ümumi pul vəsaiti miqdarının 1.5%(bir ondan beş) faizini təşkil edir.4.2-ci bəndə əsasən ödənişinin həyata keçirilməsi vaxtı, mübahisənin tam sifarişçilərin xeyrinə həll edilməsi anından başlayır. 4.3-cü bəndə isə razılaşdırılıb ki, bu müqavilə üzrə 30000(otuz min)manat məbləğində pul vəsaiti əvvəlcədən ödəniş kimi, sifarişçilər tərəfindən icraçıya ödənilir və bu məbləğ, xidmət haqqı kimi ödənilən ümumi məbləğə aid edilməklə, yekun hesablamalarda nəzərə alınır.

2. Müqavilə üzrə sifarişçi Cavabdeh3 tərəfindən icraçı İddiaçı 4 (dörd) ayrı-ayrı qəbz üzrə ümumilikdə 22190 manat ödəniş edilmişdir.

3. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı ********** nömrəli VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir, fəaliyyət istiqaməti Müəlliflərin hüquqları və patentlər üzrə hüquqi sənədlərin hazırlanmasıdır.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1.-ci və 4.2.-ci bəndlərinə əsasən xidmət haqqı kimi əvvəlcədən ödənilmiş 22.190 (ödənilmiş avans) manat nəzərə alınmaqla, 210.645 (iki yüz on min altı yüz qırx beş) manat borcun, 500 manat ödənilmiş dövlət rüsumuna görə xərcin əvəzinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiada göstərilib ki, müqavilə əsasında göstərilən hüquqi xidmət nəticəsində bankı cavabdehlərə qarşı ümumilikdə 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qəpik) manat həddində iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. Müqaviləyə əsasən, tərəflər sözügedən mübahisə məbləğinin 1.5% həddində məbləği icraçı qismində İddiaçı ödəməlidir. Lakin cavabdehlər müqavilə öhdəliklərinə əməl etməmiş, 232854,63 manat həddində öhdəliyini qismən icra etmiş, 210.645 (iki yüz on min altı yüz qırx beş) manat məbləğində hissə ödənilməmişdir.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-86/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Fariz Əlizadə) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, Azərbaycan Respublikası MMin 16.1 və 560.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarında sərgilənən hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, bu prinsip Mülki Məcəllənin ayrı-ayrı normalarında mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalarda nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarı). Buna görə də, Azərbaycan Respublikasının qanunvericiliyi ilə hüquqdan sui-istifadə üzərində həyata keçirilən razılaşmaların və hərəkətlərin etibarsız olduğu müəyyən edilmişdir (Mülki Məcəllənin 560.2-ci maddəsi). Qeyd edilənlərlə yanaşı hüquqi yardım xidmətinin göstərilməsinə dair müqavilələr üzrə işin uğurlu nəticəsinə görə mükafatın ödənilməsinin nəzərdə tutulmasının sui-istifadəyə səbəb olacağı halların konkret olaraq dairəsini müəyyən etmək mümkün deyil. Bu, tapşırığın xarakterindən, tapşırılan işin mürəkkəbliyindən, ödənişin miqdarından və işin digər faktiki hallarından asılı olaraq qiymətləndirilməli olan meyardır. Bu səbəbdən hüquqdan sui-istifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, icraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən müəyyən edilir ki, müqavilənin predmeti sifarişçilərlə "xxxx" ASC arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqavilələri üzrə mübahisənin həll edilməsi ilə bağlı xidmət göstərilməsi barədə razılaşmışlar. Müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1.-ci və 4.2.-ci bəndlərinə əsasən ödəniş məsələləri razılaşdırılmışdır. Müqavilənin 4.1-ci bəndə əsasən müqavilə üzrə xidmət haqqı sifarişçilərin xeyrinə həll edilmiş ümumi pul vəsaitinin 1.5% hissəsi təşkil edir. Ödəniş qəbzlərinə əsasən müqavilə üzrə sifarişçi Cavabdeh3 tərəfindən icraçı İddiaçı 4 (dörd) ayrı-ayrı qəbz üzrə ümumilikdə 22190 manat ödəniş edilmişdir. "xxxx" ASC-nin cavabdehlərə qarşı ümumilikdə 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qəpik) manat həddində iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qapik) manat vəsaitin 1.5% hissəsi 232854,63 manat təşkil edir. İcraçı İddiaçı Vəkillər Kollegiyasının üzvü deyildir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən İddiaçı ********** nömrəli VÖEN əsasında fərdi sahibkar kimi fəaliyyət göstərir, fəaliyyət istiqaməti Müəlliflərin hüquqları və patentlər üzrə hüquqi sənədlərin hazırlanmasıdır. Tələb əqdə əsaslandıqda məhkəmə xidməti vəzifəsinə uyğun olaraq tələbin əsası qismində müqavilənin etibarlılıq məsələsinə öz təşəbbüsü ilə hüquqi qiymət verməlidir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Hüquq tətbiq etmə aşağıdakı ardıcıllıqla həyata keçirilir:

1. İmperativ normalar (əgər varsa).

2. Müqavilə şərtləri.

3. Dispozitiv normalar.

4. İşgüzar adətlər.

5. Analogiya (qanunun və ya hüququn). “Müqavilə azadlığı” prinsipi mütləq xarakter daşımır və imperativ hüquq normasına zidd olan müqavilə şərtləri etibarsızdır. Etibarsızlığın hüquqi xarakteri məhz qanunsuzluğa dövlət müdaxiləsinin operativ tətbiq edilməsidir. Dövlət institutu tərəfindən qanunvericilik normalarının tətbiq edilməsi mülki hüquq münasibətlərinin subyektlərinin mənafelərinin və hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə bir sıra hallarda subyektin iradə ifadəsinin qarşısına keçməklə ədalətli münasibətləri tənzimləməyə xidmət edir. Nəzərə almaq lazımdır ki, mülki hüquq münasibətlərinin subyektlərinin sərbəst iradə ifadəsi imkanı olsa da, bu xüsusat mütləq mahiyyət daşımır və qanuna, cəmiyyətin, subyekt(lər)in qanunla qorunan mənafelərinə zidd olan hissədə etibarsızdır və heç bir hüquqi əhəmiyyəti yoxdur. İcraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında bağlanmış xx.xx.2023- cü il tarixli Hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilənin 4.1-ci bəndinin etibarsızlığı sifarişçilər tərəfindən mübahisələndirilməmişdir. MM-in 339-cu maddəsinə əsasən, əqdin (mübahisələndirilən əqd kimi etibarsızlıq halı) etibarsızlığını mübahisələndirmək zərərçəkənin iradəsindən asılı olmaqla subyektiv hüquq kimi ona məxsusdur, məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilməz. Bu barədə tələb olmadığından məhkəmə əqdin (tam və ya hissəvi) etibarsızlığı xüsusatına toxunmur. Həmçinin, MM-in 354-cü maddəsinin dispozitiv şərtləri (1 illik kəsici müddət) etibarsız əqd üzrə nəticələrin aradan qaldırılması nöqteyi-nəzərdən diqqətə alınmalıdır. Cavabdeh(lər) tərəfindən müqavilənin etibarsızlığı ilə bağlı məhkəmədən kənar və ya məhkəmə icraatı çərçivəsində iradə ifadəsi bildirilməmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış pretenziya məktubu isə həm nəticə hissəsi, həm də təhlili əsasında mahiyyəti üzrə etibarsızlıqla bağlı deyil, müqavilənin ləğvi ilə bağlıdır. Prinsip olaraq mülki hüquq münasibətlərin subyektləri hüquqlarından vicdanlılığın tələb etdiyi tərzdə istifadə etməlidirlər. Hazırki mübahisə mahiyyəti üzrə ədalətlilik meyarlarına (ümumi hüquqi prinsip) uyğun şəkildə həll edilməlidir. Müqavilə üzrə sifarişçilər tərəfindən 22190 manat ödəniş edilməsi xüsusatı, müqavilənin bağlanmasına səbəb olan kredit müqaviləsi üzrə müdafiə çərçivəsində göstərilmiş hüquqi xidmətin dərəcəsi, mübahisənin ağırlığı, mahiyyəti, həddləri nəzərə alınmaqla hesab edilir ki, göstərilmiş xidmət üzrə 22190 manat ödəniş kifayət qədər yüksək məbləğdir. Müqavilə üzrə qalıq 210.645 (iki yüz on min altı yüz qırx beş) manat tələb edilməsi hüquqdan sui-istifadədir, hüquqi baxımdan vicdanlı davranış deyildir, razılaşma şərti isə sifarişçilərin bilgisizliyindən, ağır vəziyyətdə olmalarından edilmiş suiistifadənin nəticəsidir. Məhkəmə proseslərində nümayəndə kimi iştirak etmək hüququ müstəsna olaraq vəkilə və şəxsin yaxın qohumlarına məxsusdur. İddiaçının isə vəkillik statusu yoxdur. Bu şərtlər çərçivəsində göstərilən hüquqi xidmətin keyfiyyəti, dərəcəsi aşkardır. Nəzərə alınır ki, iddiaçı bankın iddia tələbi üzrə 3 illik iddia müddəti ötürüldüyündən iddia müddətinin tətbiq edilməsi proseduru üçün 1 cümlədən ibarət sadə yazılı ərizənin təqdim edilməsi kifayətdir. Həmin ərizənin təqdim edilməsi üçün 232835 manat həddində hüquqi xidmətin göstərilməsi ağlabatan və hüquqi baxımdan vicdanlı davranış deyildir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilə bilməz. Məhkəmə nəzərə alır ki, mübahisə predmeti üzrə tərəflər (iddiaçı və cavabdehlər) arasında bağlanmış müqavilənin bağlanması əsası qismində çıxış edən "xxxx" ASC ilə cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Məhz həmin iddia tələbinin təmin edilməməsi bank qarşısında ümumi öhdəliyin xitamına deyil, məhz iddia müddətinin ötməsi əsası ilə öhdəliyin məhkəmə qaydasında tələb edilməməsi ilə nəticələnmişdir. Həmin iddia tələbinin təmin edilməməsi cavabdehin oğlu X4 təqsirləndirilməsi ilə bağlı cinayət işinin nəticəsinə də (təqsirsizliklə əlaqədar) preyudisial olaraq müsbət mənada təsir edə bilməmişdir. Yəni, mahiyyəti üzrə tərəflər arasındakı xidmət müqaviləsinin predmetini təşkil edən mübahisə hüquqi baxımdan mahiyyəti üzrə uğurla yekunlaşmamışdır (iddia rədd edilmişdir).

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş edib şikayətini bununla əsaslandırmışdır ki, Yasamal Rayon Məhkəməsinin hakimi bilərəkdən və qəsdlə qanunvericiliyin normalarına heç bir əhəmiyyət belə vermədən müqavilənin tərtibi zamanı qarşı tərəfi aldatmağı nəticəsinə gəlməklə yanaşı, tərəflər arasında yaranmış münasibətlərin tapşırıq müqaviləsi münasibəti kimi dəyərləndirmiş və iddia tələbini rədd etmişdir. İlkin olaraq qeyd edir ki, əmək fəaliyyəti bankda başlamış, uzun illər isə rəhbər, hətta Azərbaycan Respubllikasının Sənaye İnvestisiya Bankının və Azərbaycan Respublikasının Kapital Bankının İdarə heyətinin sədri vəzifəsində çalışmış, Cavabdeh3 kələk gəlmək və ya aldatmaq onun səviyyəsi deyildir. Bir daha qeyd edir ki, aralarında bağlanmış müqavilə şərtləri, məhz Cavabdeh3 diqtəsi ilə başlanmış və Cavabdeh3 və ailə üzvlərinin bir neçə dəfə ona olan müraciətləri əsasında bir neçə dəfə dəyişdirilmişdir. xx.xx.2023-cü il tarixli müqavilə üzrə müəyyən olunmuş 1,5 faiz məbləğində ona ödəniləcək xidmət haqqının miqdarı da, Cavabdeh3la ailə üzvlərinin birgə qəbul etdikləri qərar olmuşdur. Hərçənd ki, 2-ci - xx.xx.2024-cü il tarixli digər müqavilə öhdəliyi üzrə ona ödənilməsi nəzərdə tutulan xidmət haqqının məbləği, hazırki müqavilə üzrə ödənilməsi nəzərdə tutulan məbləğdən ən azından 20 dəfədən də artıq olduğu halda, həmin müqavilədən şəxsən özü imtina etmişdir. Həmin xx.xx.2024-cü il tarixli müqavilənin 4-cü bəndinin şərtləri ilə xidmət haqqının ödənilməsi vaxtı və qaydası aşağıdakı kimi nəzərdə tutulmuş və əmlakların ümumi dəyəri 15 milyon manat miqdarında dəyərəndirilmişdir. 4.1. Bu Müqavilə üzrə xidmət haqqının miqdarı, ümumilikdə qaytarılması nəzərdə tutulmuş: 4.1.1. - Bakı şəhəri, ünvan 1 ünvanda olan və X1 mülkiyətindəki əmlakın; 4.1.2.- Bakı şəhəri, ünvan 2 ünvanda olan və X2 mülkiyyətindəki əmlakın və; 4.1.3.- ünvan 3 ünvanda olan və X3 mülkiyyətində olan əmlakların və ya həmin əmlakların bazar qiymətinə uyğun dəyərinin 1(bir) faizini; 4.1.4. Ümumilikdə qaytarılması nəzərdə tutulmuş digər əmlaklarının isə, 33 (otuz üç) faizini təşkil edir və bu zaman ödənilməsi nəzərdə tutulan bütün vergilər də nəzərə alınır. 4.2. “Sifarişçilər” tərəfindən “İcraçıy”ya ödənilən xidmət haqqının vaxtı, bu müqavilənin 4.1.-ci bəndində qeyd edilən faiz nisbətində hesablanmaqla, əmlakın və ya bu əmlakın bazar qiymətinə uyğun pulunun “Sifarişçlər”ə qaytarılması təmin edilən gün hesab olunur, yaxud pulun hissə-hissə qaytarılması təqdirdə də, bu nisbətdə hesblamalar aparılmaqla, ödənişlər həyata keçirilir. 4.3. “İcraçı” tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmədiyi halda, “Sifarişçilər”dən avans şəklində alınmış məbləğ, “İcraçı” tərəfindən ona geri qaytarılır. Bütün bu sübutlar işə əlavə olunmasına belə baxmayaraq, bunlara hüquqi qiymət verilməmiş, həmçinin bu cür müqavilə şərtlərindən və bunu nəyin müqabilində imtina etməyindən bir cümlə belə göstərilməmişdir. Hərçənd ki, açıqdan-açığa göstərmişdir ki, buna əsas səbəb, X6 sədri ilə Cavabdeh3 arasındakı cinayət əməlləri olmuşdur ki, məhz, bu əmələr nəticəsində də 3-cü şəxslərə məxsus və bankda yerləşdirdikləri aktivlərinin mənimsənilməsinin həyata keçirilməsi olmuşdur. Məhz, bu hədə altında da, Cavabdeh3 ona verilməyən kreditin alınmasına imza etdikdən sonra uzun müddət susmuş, bank isə Cavabdeh3 verilməyən kreditin ondan geri alınması ilə bağlı vaxtında məhkəməyə müraciət etməmişdir. Nəticədə, 3-cü şəxslərə məxsus və bankda yerləşdirdikləri aktivlərinin mənimsənilməsinin həyata keçirilməsi baş vermişdir. Bundan başqa, Cavabdeh3, susmasına daha bir səbəb, X6 sədri ilə birlikdə SOCAR və SİLK WEY Şirkətlərinə məxsus 15 milyon manata yaxın aktivlərinin birgə mənimsənilməsinin həyata keçirilməsi olmuşdur. Məhz, bu səbəbdən Bank ümumiyyətlə apellyasiya şikayəti verməmiş, Cavabdeh3 apellyasiya şikayətinin verilməsi isə, guya üzərinə düşən öhdəliyi yerinə yetirməməyilə əlaqədar olsa da, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsindən sonra kassasiya şikayəti verməkdən imtina etmişdir. Ona görə də hesab edir ki, məhkəmənin hazırki iş üzrə qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iş üzrə iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çxarılmalıdır.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında Cavabdeh3 və onun nümayəndəsi və vəkili Nümayəndə1 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əvvəlki məhkəmə iclasında digər Cavabdeh2 da apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Cavabdeh1 isə məhkəmə iclaslarında iştirak etmədi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.2. Əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Maddə. 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. Maddə 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Maddə 784.Vəkalət verən tapşırığın icrası gedişində vəkalət alana dəyən zərər üçün, əgər zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, vəkalət alan qarşısında məsuliyyət daşıyır. Maddə 785.1. Əgər tapşırığı bir neçə şəxs birlikdə vermişsə, vəkalət alan qarşısında onlar birgə borclular kimi məsuliyyət daşıyırlar. Maddə 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. Maddə 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Maddə 786.6. Əgər vəkalət alan tərəfindən müqavilə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə ləğv edilirsə, vəkalət alan görülmüş işlərin haqqının ödənilməsini yalnız o halda tələb edə bilər ki, vəkalət verənin görülmüş işlərdə hansısa marağı olsun.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri:

13. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın qismən təmin edilməsi üçün əsasdır.

14. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

16. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

17. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

18. İddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından iş üzrə birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə gəldiyi nəticə düzgün olmamışdır.

19. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehlərin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia qismən haqlı sayılır.

20. Əlbətdə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

21. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.

22. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki hüququn tətbiq edilməsində səhv buraxaraq həm tətbiq etdiyi maddi hüquq normalarını səhv təfsir etmiş, həmçinin qətnamədə göstərdiyi dəlilləri işin hallarına uyğun olmamış, yəni müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Bununla əlaqədar, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar hüquqi dəyərləndirmə aparılmasını məhkəmə tərkibi zəruri hesab edir.

23. Belə ki, işin mübahisəsiz halı ilə müəyyən edilir ki, icraçı İddiaçı ilə sifarişçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 arasında xx.xx.2023-cü il tarixli Tərəflərin üzərlərinə götürdükləri öhdəliklər barədə Müqavilə (Hüquqi xidmətlərin göstərilməsi haqqında öhdəlik müqaviləsi) bağlanıb və predmetinə görə “Sifarişçilər”in "xxxx" ASC ilə aralarında xx.xx.2018-ci il tarixdə, kredit verilməsi haqqında 80-1/18, 80-2/18 və 80-3/18 saylı bağlanmış kredit müqavilələri üzrə yaranmış mübahisənin “Sifarişçilər”in xeyrinə həll edilməsinin müqabilində, müqavilə ilə nəzərdə tutulmuş haqqın “İcraçı”ya ödənlməsindən ibarətdir. Müqavilənin 2.4.-cü, 3.2.-ci, 4.1-ci, 4.2. və 4.3-cü bəndlərində ödəniş məsələləri, o cümlədən 4.1-ci bənddə müqavilə üzrə xidmət haqqının miqdarı, sifarişçilərin xeyrinə həll edilmiş ümumi pul vəsaiti miqdarının 1.5% faizini təşkil etdiyi, 4.2-ci bənddə ödənişin həyata keçirilməsi vaxtının, mübahisənin tam sifarişçilərin xeyrinə həll edilməsi anından başladığı, 4.3-cü bəndə isə müqavilə üzrə 30000(otuz min)manatın əvvəlcədən ödəniş kimi, sifarişçilər tərəfindən icraçıya ödənilməsi və bu məbləğ, xidmət haqqı kimi ödənilən ümumi məbləğə aid edilməklə, yekun hesablamalarda nəzərə alınması razılaşdırılıb. Müqavilə üzrə sifarişçi Cavabdeh3 tərəfindən icraçı İddiaçı cəmi 22190 manat ödəniş edilmişdir. Göründüyü kimi, hazırki mübahisənin yaranmasına səbəb tərəflər arasında yaranmış tapşırıq münasibətləri ilə bağlı olmuşdur. Yəni, cavabdehlər iddiaçı ilə bağladıqları müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam icra etmədiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

24. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi tərəflər arasında bağlanmış müqavilə yaxud onun hansısa şərtləri cavabdehlər tərəfindən nə məhkəmədən kənar, nə də məhkəmə qaydasında mübahisələndirilməyib, əksinə cavabdeh tərəf müqavilənin 4.1 və 4.3-cü bəndlərində göstərilən şərtləri qismən icra edib, yəni 22190 manat iddiaçıya ödənilmişdir. Demək ki, tərəflər arasında bağlanmış sözügedən müqavilənin etibarlı əqd olması hər hansı bir mübahisə doğurmur. Cavabdehlərin mübahisələndirdiyi hal iddiaçının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə onların da öhdəliyinin qalan hissəsini icra etməkdən imtina etmələri ilə bağlıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, hazırkı iş üzrə cavabdehlərin "xxxx" ASC-yə qarşı xx.xx.2018-ci il tarixli 80-1/18, 80-2/18 və 80-3/18 saylı kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə ilkin, "xxxx" ASC-nin isə onlara qarşı həmin kredit müqavilələri üzrə yaranmış borcun ödənilməsinə dair qarşılıqlı iddiası Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e-2(006)- 791/2024 saylı qətnaməsi ilə hər iki iddia üzrə rədd edilmiş, bank həmin qətnamə ilə razılaşsa da cavabdehlərin apellyasiya şikayəti üzrə Bakı Apellyasiya Məhkəməsinin 31 iyul 2024-cü il tarixli, 2(103)-3151/2024 nömrəli qətnaməsi ilə şikayət təmin edilməmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, e-2(006)-791/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış və qətnamə qanuni qüvvəsini almışdır. "xxxx" ASC-nin cavabdehlərə qarşı ümumilikdə 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qəpik) manat həddində iddiası iddia müddətinin ötürülməsi əsası ilə təmin edilməmişdir. 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qapik) manat vəsaitin 1.5% hissəsi isə 232854,63 manat təşkil edir.

25. Birinci instansiya məhkəməsi iddianın tam rədd edərkən qənaətində göstərdikləri ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, iddiaçının göstərdiyi xidmət üzrə ilkin olaraq 22190 manat avans şəklində alması kifayət qədər yüksək məbləğ kimi görünə bilər. Ancaq müqavilə üzrə qalıq olan 210645 manatın tələb edilməsinin hüquqdan sui-istifadə kimi qiymətləndirilməsi, hüquqi baxımdan vicdanlı davranış kimi qiymətləndirilməməsi ədalətli yanaşma deyildir. Çünki müqavilə üzrə razılaşdırılmış məbləğin tələb edilməsi hüquqdan sui-istifadə, eləcə də vicdansız davranış ola bilməz. Üstəlik bu cür razılaşma şərti də sifarişçilərin bilgisizliyindən və ağır vəziyyətdə olmalarından edilmiş sui-istifadənin nəticəsi ola bilməz. Əvvəla ona görə ki, sifarişçilər özlərini heç vaxt bilgisiz hesab etməyiblər və razılaşma şərti də öz iradələri ilə baş verib. Ağır vəziyyətdə olmaları isə ümumiyyətlə başadüşülən deyildir. Çünki məhkəmənin sifarişçilərin bilgisizliyinə və ağır vəziyyətdə olmalarına nəyin əsasında gəldiyi bəlli deyil. Ən azından sifarişçilər bunu bəyan etməyiblər.Göründüyü kimi, məhkəmənin gətirdiyi bu dəlillər təsdiq edilmədiyindən iddianın tam rədd etmək üçün əsas ola bilməzdi.

26. Bundan əlavə, məhkəmənin iddianı tam rədd edərkən başqa bir arqumenti ilə əlaqədar qeyd olunur ki, iddiaçının vəkil statusunun olmaması, üstəlik onları məhkəmədə vəkillə təmin etməsi cavabdehlərə bəlli idi. Bunu da cavabdehlər heç vaxt mübahisələndirməyib. İddiaçının onlara hansı “xidmət” göstərəcəyi və hansı “xidməti” göstərməyini istədikləri cavabdehlərə bəlli idi. Əks halda onlar bu cür “xidmət” üçün iddiaçı ilə deyil, istənilən şəxslə, o cümlədən vəkil statusu olan başqa bir şəxslə də bu cür müqavilə bağlaya bilərdi. Ancaq məhz iddiaçının göstərdiyi “xidmət” onları “qane” etdiyi üçün sözügedən müqaviləni iddiaçı ilə bağlayıblar. Məhkəmənin iddia müddətinin tətbiqi ilə əlaqədar məhz iddiaçının təşəbbüsü ilə verilmiş ərizənin 1 cümlədən ibarət sadə yazılı ərizə kimi və onun təqdim edilməsi üçün 232835 manat həddində hüquqi xidmətin göstərilməsinin ağlabatan və hüquqi baxımdan vicdanlı davranış olmadığı kimi dəyərləndirməsi də yersiz olmuşdur. Ən azından ona görə ki, 1 cümlədən ibarət o sadə yazılı ərizə ilə cavabdehlər 15.523.642.54 (on beş milyon beş yüz iyirmi üz min altı yüz qırx iki manat əlli dörd qapik) manat kredit borcu ödəməkdən azad olublar. Məhkəmələrin həmin pulun tələb edilməsi üçün əsas olmuş kredit müqavilələrini etibarlı əqd hesab etməsi də, iddia müddətinin tətbiqi ilə bağlı 1 cümlədən ibarət olan sadə yazılı ərizənin cavabdehlər üçün nə qədər əhəmiyyətli və vacib olmasını bir daha təsdiq etmiş oldu.

27. Göstəriləndən başqa, məhkəmənin iddianı tam rədd edərkən başqa bir arqumenti ilə əlaqədar qeyd olunur ki, bankla cavabdehlər arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə iddianın təmin edilməməsi onların bank qarşısında ümumi öhdəliyinin xitamına deyil, məhz iddia müddətinin ötməsi əsası ilə öhdəliyin məhkəmə qaydasında tələb edilməməsi ilə nəticələnməsi və bununla da cavabdehin oğlu X4 təqsirləndirilməsi ilə bağlı cinayət işinin nəticəsinə də (təqsirsizliklə əlaqədar) preyudisial olaraq müsbət mənada təsir edə bilməməsi də hazırkı iddianın tam rədd edilməsi üçün əsas ola bilməzdi. Belə ki, hazırkı iddianın irəli sürülməsinə əsas olan müqavilənin predmetini təşkil edən mübahisənin hüquqi baxımdan mahiyyəti üzrə uğursuzluqla yekunlaşmamışdır. Çünki hər bir halda məhkəmələrin etibarlı saydığı bankın kredit müqavilələri üzrə iddia tələbi iddia müddətinin ötürülməsinə görə rədd edilmişdir. xx.xx.2023-cü il tarixli müqavilənin predmeti “Sifarişçilər”in "xxxx" ASC ilə aralarında xx.xx.2018-ci il tarixdə, kredit verilməsi haqqında 80-1/18, 80-2/18 və 80-3/18 saylı bağlanmış kredit müqavilələri üzrə yaranmış mübahisənin “Sifarişçilər”in xeyrinə həll edilməsinin müqabilində, müqavilə ilə nəzərdə tutulmuş haqqın “İcraçı”ya ödənlməsindən ibarətdir. Göründüyü kimi, müqavilənin predmetində kredit müqavilələri üzrə yaranmış mübahisənin sifarişçilərin xeyrinə həll edilməsi nəzərdə tutulub. Ancaq mübahisənin cavabdehlərin xeyrinə konkret hansı formada və qaydada həll olunmasının detalları açıqlanmayıb. Ona görə məhkəmə tərkibi də müqavilənin qeyd olunan şərtinin tərəflərdən hansısınsa xeyrinə, yəni nə genişləndirici, nə də dar təfsirinə lüzum görmür. Başqa sözlə, iddiaçı mübahisənin uğurla cavabdehlərin xeyrinə həll edildiyini, cavabdehlərin isə uğurla həll edilmədiyini bəyan etmələrinə baxmayaraq məhkəmə tərkibi həmin şərtləri olduğu kimi qəbul edir. Yəni, cavabdehlər iddiaçıya yalnız kredit müqavilələrinin etibarsız hesab edilməsi nəticəsində müqavilə ilə nəzərdə tutulmuş haqqın ödəniləcəyini nəzərdə tutmuşdularsa buna bağladıqları müqavilədə dəqiq və aydın göstərə də bilərdilər ancaq göstərməyiblər. Bir də ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür(MM.777.1). Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır(MM.404.1;404.2).

28. Göstərilənlərə baxmayaraq, məhkəmə tərkibi hesab edir ki, müqavilə üzrə cavabdehlər tərəfindən iddiaçıya əvvəlcədən ödədiyi məbləğ 22190 manat da nəzərə alınmalı və müqavilə üzrə tələb edilən qalıq 210.645 (iki yüz on min altı yüz qırx beş) manat hissəsi qismən, yəni 25000(iyirmi beş min) manat həddində cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə bu qənaətə gələrkən bilavasitə hazırkı mübahisəyə aid olmasa da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası MM-in 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi, Azərbaycan Respublikası MM-in 16.1 və 560.2-ci maddələrinin əlaqəli şərh edilməsinə dair” 18 dekabr 2023-cü il tarixli qərarında sərgilənən hüquqi mövqeyini də nəzərə alır. Çünki əvvəlcədən ödənilən məbləğ də nəzərə alınmaqla 25000(iyirmi beş min) manatın tutulması işin halları, tərəflərin qarşılıqlı münasibətləri, eləcə də ədalətlilik və ağlabatanlıq meyarları baxımından uyğun məbləğ hesab edilir.

29. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, cavabdehlər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın qismən təmin olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilədən irəli gələn öhdəliklər, hüquqdan pis niyyətlə başqalarına zərər vurmaq üçün sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.

30. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 86/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.000 (iyirmi beş min) manat alınaraq İddiaçı ödənilməli, iddianın qalan hissəsi isə təmin edilməməlidir.

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

qətetdi:

İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-86/2025 saylı, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 25.000 (iyirmi beş min) manat alınaraq İddiaçı ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar