Məhkəmə qərarları › İş №2(103)-2195/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2195/2022

17.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2195/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə İddiaçı Cavabdeh1 Nikoroviçə, X3, Cavabdeh2, X1, Cavabdeh4, X5, X7 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 iyul 2021-ci il tarixli qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 Nikoroviçə, X3, Cavabdeh2, X1, Cavabdeh4, X5, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, cavabdehlərin yetkinlik yaşına çatmayan X9 və X11 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, V.Balandin küçəsində yerləşən 14 nömrəli evin 1 nömrəli mənzilindən istiifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 07.02.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Məhkəmənin 26 iyul 2021-ci il tarixli qərardadı ilə həmin qətnamədən X6 tərəfindən verilən apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilərək baxılması üçün Bakı Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmış, qərardaddan İddiaçı nümayəndəsi Nümayəndə verdiyi şikayət isə məhkəmənin 18.01.2021-ci il tarixli qərardadı ilə təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı ləğv edilərək X4 apellyasiya şikayətini müddəti ötürməklə verib-vermədiyi məsələsinə qiymət verilməsi üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 133.1-ci və 360-cı maddələrinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. İş materiallarından aydın olur ki, X6 Cavabdeh3 oğludur; Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2018-ci il tarixli qətnaməsi 04.10.2019-cu il tarixdə Natalya İvanovnaya təqdim edilmiş, 21.10.2019-cu il tarixdə onun apellyasiya şikayəti məhkəməyə daxil olmuş, məhkəmənin 28.10.2019-cu il tarixli qərardadı ilə prosessual müddət buraxılmamış hesab edilərək şikayət apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Bakı Apellyasiya Məhkəməsinin 21.11.2019-cu il tarixli qərardadı ilə şikayət üzrə apellyasiya, dövlət rüsumunun ödənilmədiyi əsas göstərilməklə qeyri-mümkün hesab olunmuşdur. İş materiallarından görünür ki, Natalya İvanovna Bakı Apellyasiya Məhkəməsinin həmin qərardadından kassasiya şikayəti vermiş, şikayət vəkil tərəfindən tərtib olunmadığından 09.12.2019-cu il tarixli qərardadla geri qaytarılmış, qərardad 14.12.2019cu il tarixdə ona çatdırılmış, bundan sonra o və oğlu X6, başqa cavabdehin – Cavabdeh4 – verdiyi apellyasiya şikayəti üzrə keçirilən apellyasiya baxışı iclaslarında iştirak etmiş, 17.06.2021-ci il tarixdə isə Nikolay Smıvin birinci instansiya məhkəməsinə qətnamənin ona təqdim olunması barədə ərizə ünvanlamışdır. “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, üzürlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyrimümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Birinci instansiya məhkəməsi qənaətini belə əsaslandırmışdır ki, X6 qətnaməni 08.07.2021-ci il tarixdə aldığından şikayət vermə müddətini ötürməmişdir; bununla belə məhkəmə, adı çəkilən şəxsin faktiki olaraq 2019-cu ildən məlumatlı olduğu məhkəmə aktından hazırkı dövrədək hansı səbəblə şikayət vermədiyini, bunun üzrlü səbəblə bağlı olub-olmadığını araşdırmamışdır. Nəzərə alınmalıdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması isə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir. Bu konteksdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni qüvvəyə minməsindən uzun müddət keçdikdən sonra ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, mübahisələndirilən qərardad ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş birinci instansiya məhkəməsinə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə X4 müvafiq müddəti ötürüb-ötürmədiyinə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-850/2018 saylı iş üzrə 26 iyul 2021-ci il tarixli qərardadı ləğv olunsun və iş, bu qərardadın əsaslandırıcı hissəsində şərh olunanlar nəzərə alınmaqla X4 qətnamədən verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülmədiyi məsələsinə baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar