Məhkəmə qərarları › İş №2(103)-2199/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2199/2022

01.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2199/2022 01.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5298/2021 saylı, 08 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 834,54 ABŞ dolları borcun və 30 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında 15 aprel 2020-ci il tarixdə bağlanılmış “kart hesabının açılması və ödəniş kartından istifadə haqqında” müqaviləyə əsasən cavabdehin adına Plastik kart hesabı açılmışdır. Müqavilənin şərtlərinə uyğun olaraq hesab sahibinə açılmış plastik kart hesabına daxil olan pul vəsaitlərini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair imkan yaradılır. Bu müqaviləyə əsasən hesab üzrə əməliyyatlar hesabda mövcud olan pul vəsaiti həcmində aparılır. Həmin vəsaitin həcmindən artıq məbləğ istifadə edildikdə texniki Overdraft yaranır (Overdraft – kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması) və hesab sahibi Bankın tələbi ilə müvafiq vəsaiti Banka dərhal qaytarmalıdır. Cavabdeh tərəfindən plastik kart hesabında olan vəsaitin həcmindən artıq məbləğdə vəsait istifadə edilib və vaxtında banka ödəniş edilməmiş, yəni öhdəlik yarandığı tarixdən bu günədək öhdəliyi icra etməyərək müqavilənin 3.3.6-cı bəndini pozmuşdur. Cavabdehə ödənişlə bağlı xəbərdarlıq olunsa da, o Banka olan borcunu tam ödəməmişdir. xx.xx.2021-ci il tarixinə boclunun müqaviləyə əsasən overdraft üzrə 834,54 ABŞ dolları məbləğində borc yaranmışdır. Müqaviləyə əsasən hesab sahibi müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada hesabda olan qalıq vəsaitdən artıq miqdarda istifadə etdiyi məbləği və banka dəymiş ziyan üzrə ödənişlərin Banka ödənilməsini öhdəsinə götürür.Cavabdeh sistemdə baş vermiş nasazlıq halından sui-istifadə edərək, ümumilikdə, ona aid olmayan vəsaitdən tamamilə istifadə etmiş, bununla da Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən hüquqi əsas olmadan ABB-nin hesabına əmlak əldə etdiyi üçün əsassız varlanmışdır. Həmin Məcəllənin 1092.1ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. ABB tərəfindən cavabdehə məxsus olmayan pulun geri qaytarılması haqqında dəfələrlə şifahi və yazılı qaydada əlaqə saxlanılmasına baxmayaraq cavabdeh özünə aid olmayan pul vəsaitindən qanunsuz istifadə etmiş və onu qaytarmaqdan qərəzli olaraq boyun qaçırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(004)- 5298/2021 nömrəli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi qət olunmuşdur. Qətnamədən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5298/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı və cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, cavabdehin istifadəsində olan plastik kartdan xx.xx.2020-ci il tarixdə kart hesabının qalığından artıq məbləğ vəsait istifadə edilərək “Viemo Buisiness” təyinatı ilə 706.82 ABŞ dolları məbləğində vəsait silinmiş və bununlada kart hesabında Texniki Overdraft yaranmışdır. Lakin hazırki mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hallar araşdıılmamış və nəticədə qəbul edilmiş qətnamənin ləğvini şərtləndirən maddi və prosessual hüquq pozuntularına yol verilmişdir. Məhkəmə qətnamə qəbul edərkən əsassız varlanmanın yaranması səbəblərini ümumiyyətlə araşdırmamışdır. Belə ki, cavabdeh iddia ərizəsinə dair etirazında göstərmişdir ki, o, bir neçə səfər iddiaçı bankda olaraq, onun hesabından pulun çıxarılmasına səbəb olan mesajların kəsilməsi barədə müraciət etmişdir. Lakin birinci instansiya məhkəməsi cavabdehin qeyd etdiyi halları araşdırmadan, yalnız formal mülahizələrə əsaslanaraq qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 15 aprel 2020-ci il tarixli müqavilənin 3.1.11-ci bəndinə əsasən kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etmək bankın vəzifəsidir. Bənddən də göründüyü kimi qeyd edilən hal daxil olan pul vəsaitlərinə şamil edilir. Hazırki mübahisə predmeti isə ondan ibarətdir ki, cavabdehin hesabında olan qalıq vəsaitdən artıq miqdarda istifadə edilmişdir. Bundan başqa, məhkəmə kartın təhlükəsizliyinin bank tərəfindən təmin edilməsi nəticəsinə gələrək, yalnışlığa yol vermişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli “Kart hesabının açılması və Ödəniş kartından istifadə haqqında” müqavilənin 6.3-cü bəndinə əsasən Müştəri internet vasitəsilə Ödəniş kartından istifadə etməklə aparılmış bütün əməliyyatlar üzrə məsuliyyəti tam şəkildə özü daşıyır. Həmçinin həmin müqavilənin 6.4-cü bəndinə əsasən Müştəri Ödəniş kartından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsinə görə məsuliyyəti tam şəkildə özü daşıyır. Göründüyü kimi, plastik kartın təhlükəsizliyini qorumaq və həmin kart məlumatlarının üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq cavabdehin vəsifəsi idi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, cavabdeh X1 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 834.54 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, habelə 0.40 manat bank xidməti haqqının tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh iddia ərizəsi və apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 30 iyul 2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Bakı apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı 21 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 10 iyun 2022-ci il tarixli, 9/2280 saylı Ekspertiza Rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan sənədlərə və Azərbaycan Respublikasının Mərkəzi Bankının 31 may 2022-ci il tarixli, 01.11-2-2022-7603 saylı mütəxəssis rəyinə əsasən 15 aprel 2020-ci il tarixli X9 müqaviləsi üzrə açılmış hesabdan (Kart Hesabından) hansı tarixlərdə (o cümlədən saatlarda), hansı bankomatlardan nə məbləğdə (hansı valyutada) vəsait məxaric olunması və həmin pul vəsaitləri məxaric olunmazdan əvvəl təyinatı nə olması (hardan və hansı təyinat üzrə daxil olması) müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Tərəflər arasında baglanmış xx.xx.2020-ci il tarixli müqavilənin 3.1.-ci bəndinə əsasən bankın aşağıda göstərilən vəzifələri vardır: 3.1.3. Qanunvericiliyin və müqavilənin tələblərinə əməl etməklə müştəri tərəfindən ödəniş kartı vasitəsi ilə həyata keçirilən əməliyyatlar üzrə hesablaşmaların vaxtında aparılmasını təmin etmək; 3.1.4. Ödəniş kartı vasitəsi ilə aparılan əməliyyatları kart hesabında olan pul vəsaitləri həddində həyata keçirmək; 3.1.8. Müştəridən daxil olmuş məlumat əsasında Ödəniş kartından/Əlavə kartdan istifadə edilməklə əməliyyatların həyata keçirilməsini dərhal dayandırmaq. 3.1.11. Kart hesabına daxil olan pul vəsaitlərinin toxunulmazlığını təmin etmək. Mülki Məcəllənin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Cavabdehə məxsus ********** mobil nömrəsinə daxil olmuş xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün SMS xəbərdarlıqların çıxarışından və iddiaçı tərəfindən cavabdehin kart hesabından çıxarışdan görünür ki, cavabdehin bank kartında vəsait olmaması ilə əlaqədar bəzi xidmətlərin kartdan pul çıxarılması imkanı vəsait çatışmamazlığı ilə əlaqədar rədd edilmişdir. Lakin kartın bloklanmış olmasına baxmayaraq iki dəfə Vimeo Business internet səhifəsi tərəfindən cavabdehin kartından kartda vəsait olmadığı halda xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixlərlə hər dəfə 1706,82 ABŞ dolları məbləğində vəsait silinmişdir. Göründüyüü iddiaçı bank müqavilə üzrə üzərinə götürdüyü vəzifələri icra etməmiş, cavabdehin kartının təhlükəsizliyini təmin etməmiş və nəticədə cavabdehin hesabından pulların çıxarılmasına yol verilmişdir. Göründüyü kimi, əsassız varlanma halı baş verməmişdir. Bankın səhvi nəticəsində cavabdehin kartından pullar çıxarılmışdır. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərarsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, bu dəlillər mötəbər sübutlarla təsdiq olunmamaqla formal mülahizələrlə əsaslandırılmışdır. Həmçinin, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE********************; büdcə təsnifatının kodu 142595; büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmçinin, iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(004)- 5298/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci olaraq 100 (bir yüz) manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) VÖEN:**********; Hesab AZ34CTRE********************; büdcə təsnifatının kodu 142595; büdcə səviyyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamə dərhal qanuni qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar