Məhkəmə qərarları › İş №2(103)-2199/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2199/2023

25.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2199/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı bir icraatda birləşdirilmiş işlər üzrə (Açar sözlər: müqavilənin ləğv edilməsi, müqavilə üzrə öhdəliklərin icrasından imtina, müqavilə üzrə öhdəliyin icrasının qəbul edilməsi) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı, eyni zamanda cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin icrasının qəbul edilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 6928/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və müqavilə üzrə ödənilmiş vəsaitin qaytarılması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı Cavabdeh MTK tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07 saylı müqavilənin; - 1-ci bəndinə əsasən İddiaçı (bundan sonra – İddiaçı) Bakı şəhəri, Binəqədi rayonu, 18-ci dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.m təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56.000 manat təşkil edən pay dəyərinin alınması üçün ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.m təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26.000 manat dəyərləndirərək Cavabdeh MTK (bundan sonra – MTK) ilə əvəzləşdirməyi və əlavə olaraq 30.000 manat ödəməyi; MTK isə pay haqqı tam ödənilmiş yaşayış sahəsinə dair hüquq müəyyənedici bütün sənədləri, o cümlədən maliyyə arayışını payçıya təqdim etməyi öhdəsinə götürmüş və tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddətin binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul etmişlər; - Müqavilənin 2-ci bəndinə əsasən tərəflər qalıq borc məbləğini təşkil edən 30.000 manatın ilkin olaraq 7.000 manatının ödənilməsinə, 23.000 manatının isə hissə-hissə bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 40 ay müddətinə ayda 575 manat olmaqla ödənilməsinə dair razılığa gəlmişlər.

2. Tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 07 saylı müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan və hər iki tərəfin imzaladığı ödəniş cədvəlinə əsasən İddiaçı ilk ödənişi xx.xx.2017-ci il, sonuncu ödənişi isə xx.xx.2022-ci il tarixdə etməklə hər ay 575 manat məbləğində pul ödəməlidir.

3. İddiaçı xx.xx.2017-ci il tarixdə ilkin olaraq 7.000 manat ödəmiş, xx.xx.2017-ci il tarixdən hər ay 575 manat olmaqla ödəniş etmiş, sonuncu ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir.

4. MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 37 nömrəli xəbərdarlıq məktubunda mənzilə dair ümumilikdə 13.900 manat vəsait ödənildiyi, sonuncu ödəniş tarixindən (xx.xx.2018-ci il) sonra müqavilə üzrə götürülmüş öhdəliklərə əməl olunmadığı, Kooperativə olan borcun 16.100 manat təşkil etdiyi, şifahi xəbərdarlıqlara baxmayaraq, borcun ödənilməsi istiqamətində heç bir tədbir görülmədiyi, həmin məbləğin dəymiş zərərlə birlikdə 5 iş günü ərzində ödənilməsi, əks təqdirdə müqavilənin ləğvi və vurulmuş ziyanın ondan tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Birinci iş üzrə birinci instansiya məhkəməsindəki icraat

5. Birinci iş üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış 19 oktyabr 2017-ci il tarixli, 07 saylı müqavilə üzrə MTK-nın ondan ödənişi qəbul etməyə məcbur edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, MTK ilə aralarında bağlanmış müqavilə üzrə 1 il ərzində ödənişləri vaxtlı-vaxtında icra etmiş, 16.300 manat borcu qalmışdır. Lakin “Covid19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmişdir. 2020-ci ilin sentyabr ayında qalan borcunu ödəmək üçün cavabdehə müraciət etdikdə isə ona müqavilənin ləğv olunduğu bildirilərək, ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina olunmuşdur. Bununla da, MTK müqavilə ödhəliklərini icra etməkdən boyun qaçırmış və onun öhdəliyini icra etməsinə mane olmuş, həmçinin mənzili tikib təhvil verməmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6928/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (X6)

8. Məhkəmə iddiaya hüquqi qiymət verərkən, qeyd etmişdir ki, borclunun icranı gecikdirməsi hər bir mülki hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyə bilər və bu gecikdirmə müddəti ərzində icranın mümkünsüzlüyü baş verə bilər. Belə ki, öhdəliyin icrasının gecikdirilməsi kreditorun ona marağının itməsinə səbəb oduğu üçün kreditor həmin icranı qəbul etməkdən imtina edə bilər. İddiaçı (borclu) xx.xx.2017-ci il tarixli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyindən və MTK (kreditor) icraya marağını itirdiyindən sonuncunun bu müqavilə üzrə icranı qəbul etməkdən imtina etmək hüququ tanınmalıdır. Belə ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 425, 442, 445.1, 445.2, 445.8-ci maddələrinə istinadla əsaslandırmışdır.

İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış xx.xx.2017-ci il tarixli “Əvəzləşdirmə” müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi və cavabdeh tərəfindən MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26.000 manat və əlavə sahəyə görə ödənilmiş 13.900 manat olmaqla, cəmi 39.900 manat pulun cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən MTK-ya sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 575 manat ödənilməklə ümumilikdə 13.900 manat ödənilmiş, həmin vaxtdan 1 il 9 ay keçməsinə baxmayaraq, ödənilməyən 16.100 manat vəsaitin ödənilməsi istiqamətində heç bir addım atılmamış, bununla da, MTK-ya xeyli miqdarda ziyan vurulmuşdur. Belə ki, MTK həmin müddət ərzində sözügedən yaşayış sahəsini başqa bir şəxsə sata və böyük gəlir əldə edə bilərdi. Müqavilə üzrə öhdəliklərin icra olunması üçün borcluya dəfələrlə şifahi şəkildə bildirilmiş və nəhayət xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmışdır. Bu səbəbdən onların arasında bağlanmış müqavilə ləğv edilməli, tərəflərin müqavilə üzrə öhdəliklərinə xitam verilməli və cavabdeh tərəfindən MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26.000 manat və əlavə sahəyə görə ödənilmiş 13.900 manat, cəmi 39.900 manat cavabdehə ödənilməlidir. Göstərilənlərə əsasən, hazırkı iddia ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

12. Birinci instansiya məhkəməsinin 2(006)-115/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd olunmuşdur. (X7)

13. Məhkəmə Mülki Məcəllənin 421.2-ci maddəsinə istinadla qeyd etmişdir ki, müqavilənin ləğvi tələbi onu ehtiva edir ki, müqavilə bağlanarkən qanunun tələblərinə əməl edilmiş, lakin hazırda şəraitin dəyişməsi nəticəsində həmin müqavilənin icrası qeyrimümkün olmuşdur. Baxılan işdə İddiaçı 1 il ərzində müqavilə üzrə ödənişləri vaxtında icra etmiş, cəmi 16.300 manat borcu qalmış, lakin “Covid-19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmişdir. Buna görə də, 2020-ci ilin sentyabr ayında qalan borcunu ödəmək üçün MTK-ya müraciət etdikdə, ona müqavilənin ləğv olunduğu bildirilmiş və ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina edilmişdir. Bununla da, MTK müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırmış və onun öhdəliyini icra etməsinə mane olmuşdur. Digər tərəfdən, cavabdeh mənzili də tikib təhvil verməmişdir. Göründüyü kimi, müqavilənin ləğvi üçün kifayət qədər əsas yoxdur.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.5- 157.7-ci, 324.1-ci, 324.2-ci, 324.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Birinci iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qanunu düzgün təfsir etməmiş və sübutlara düzgün hüquqi qiymət vermədən subyektiv mülahizə əsasında qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, onların arasında olan müqavilə öhdəlikləri qarşılıqlı xarakter daşımışdır. O, özünə məxsus qeyri-yaşayış sahəsini sökülməsi və yerində çoxmənzilli yaşayış binasının tikilməsi üçün cavabdehə təhvil vermişdir. Həmin qeyri-yaşayış sahəsini təhvil vermək və əlavə pul ödəmək öhdəliyi də götürərək, əvəzində yeni inşa olunan binadan mənzil əldə etmək hüququ əldə etmişdir. Cavabdeh isə sökdüyü qeyri-yaşayış sahəsinin və onun əlavə ödəyəcəyi pul vəsaitinin əvəzinə onun üçün mənzil sahəsi tikib təhvil verməyi öhdəsinə götürmüşdür. O, ödəməli olduğu pul vəsaitinin bir hissəsini ödəmiş, lakin xəstə olduğundan və pandemiya ilə əlaqədar pulun qalan hissəsinin ödənişini gecikdirmişdir. Sonradan isə ödənilməmiş qalan məbləği bir dəfəyə ödəməyə hazır olduğunu və cavabdehdən həmin pulu qəbul etməyə xahiş etmişdir. Cavabdeh isə müqavilə öhdəliyini pozaraq, pulu qəbul etməkdən imtina etmişdir. Nəzərə alınmalıdır ki, pulun qəbul edilməsi öhdəliyində iddiaçı borclu deyil, kreditor, cavabdeh isə kreditor deyil, borclu hesab olunur. Məhkəmə öz qətnaməsində səhvən hesab etmişdir ki, pul gec ödənildiyindən cavabdehin icraya marağı itmiş, buna görə də cavabdehin icradan imtina hüququ tanınmalıdır. Lakin nəzərə alınmamışdır ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədədir, həm o, həm də cavabdeh müqavilə öhdəliklərinin icrasına əməl etməlidirlər. Müqavilənin qüvvədə olduğu halda, gecikdirilmiş də olsa cavabdeh ödənilən vəsaiti qəbul etməkdən imtina edə bilməz. Tərəfindən pulun ödənilməmiş hissəsinin birdəfəyə ödənilməsi üçün müraciət edilən vaxtadək MTK binanı tikib qurtarmamış, yəni müqavilə öhdəliyini icra etməmişdir.

17. İkinci iş üzrə Cavabdeh MTK apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2(006)-115/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddiasının təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, birinci instansiya məhkəməsi öz qətnaməsini formal mülahizələr və heç bir sübuta söykənməyən sözlər əsasında əsaslandırmışdır. Belə ki, cavabdeh “Covid- 19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməməsi, buna görə də 2020-ci ilin sentyabr ayında qalan borcunu ödəməyi üçün iddiaçıya müraciət etdikdə ona müqavilənin ləğv olunduğunun bildirilməsi və ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina edilməsi, bununla da cavabdehə öhdəliyini icra etməyinə mane olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Qətnamə heç bir sübuta söykənməyən formal mülahizələr əsasında qəbul edilmiş, məhkəmənin yalnız qanun normalarını sadalamaqla Mülki Məcəllənin 157.5 - 157.7-ci maddələrinə istinadı əsassız olmuşdur. Məhkəmə hazırda şəraitin dəyişməsi nəticəsində müqavilənin icrasının qeyri-mümkünlüyünü qeyd etsə də, şəraitin dəyişməsinin nədən ibarət olmasını əsaslandırmamış və cavabdeh tərəfindən bu barədə hər hansı sübut tələb etməmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4389/2022 saylı, 28 iyun 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda baxılması üçün birləşdirilmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2019/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ilə MTK-nın apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İddiaçı isə apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin 07 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış 19 oktyabr 2017-ci il tarixli, 07 saylı müqavilə üzrə İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsi cavabdeh MTK-ya həvalə edilmişdir. (hakimlər V.Sadıqov (sədrlik edən və məruzəçi), X.Mərdanova və E.Həsənov)

21. Məhkəmə kollegiyası MTK-nın iddiasının rədd olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, qeyd etmişdir ki, işin mübahisələndirilməyən hallarına əsasən tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsi üzrə İddiaçı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 575 manat olmaqla, ümumilikdə 39.900 manat ödədikdən sonra ödənişləri dayandırmış, sonradan ödənişləri bərpa etmək, borcunu tam bağlamaq istədikdə isə MTK ödənişi qəbul etməkdən imtina edərək, müqaviləni ləğv etmək qərarına gəlmişdir.

22. MTK, İddiaçı tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına istinad etsə də, sonuncu tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. Müqaviləyə əsasən ödənilməli olan məbləğin çox hissəsi ödənilmiş, cəmi 16.100 manat borc qalmışdır. İddiaçı həmin məbləği birdəfəlik ödəmək istəsə də, MTK tərəfindən qəbul edilmir. Digər tərəfdən, müəyyən edilmişdir ki, bina 2020-ci ildə tikilib təhvil verilməli olduğu halda, hələ də təhvil verilməmişdir, yəni MTK tərəfindən də müqavilənin şərtləri tam icra olunmamışdır.

23. Eyni zamanda, İddiaçı hərəkətləri, yəni ödənişin qalan hissəsinin gecikdirilməsi iqtisadi cəhətdən daha güclü tərəf olan MTK-nın mənafeyinə mühüm zərər vurulması kimi qiymətləndirilə bilməz. Mənzilin dəyərinin böyük hissəsi ödənilmiş, qalan məbləğin ödənilməsi isə hazırda MTK tərəfindən qəbul edilmir. İddiaçı tərəfindən ödənilməmiş qalan məbləğ MTK-nın iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək həcmdə deyil və MTK-nın müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə nəticələnən hal baş verməmişdir.

24. Kollegiya onu da qeyd etmişdir ki, MTK, İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə 16.100 manat borcun dəymiş zərərlə birlikdə 5 iş günü ərzində ödənilməsini tələb etmiş, göstərilən müddət ərzində borc məbləği ödənilmədiyi təqdirdə onunla bağlanmış müqavilənin ləğvi və vurulmuş ziyanın ondan tutulması barədə iddia ərizəsilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Halbuki, MTK hələ 2019-cu ilin sentyabr-oktyabr aylarında müqaviləni ləğv etmək niyyətində olmuş, bu səbəbdən də İddiaçı hər hansı məbləğdə ödəniş qəbul etməmişdir. MTK-nın nümayəndəsinin kollegiyanın iclasında verdiyi izahatdan isə belə aydın olur ki, MTK qalan məbləği yeni (artırılmış) qiymətlə qəbul etməyə razılıq vermiş, İddiaçı isə etiraz etmişdir. Göründüyü kimi, tərəflər arasında əsas mübahisə qalıq borcun ödənilməsi yox, həmin borcun yeni, yəni daha yüksək qiymətlə ödənilməsi ilə bağlıdır.

25. Kollegiya bu hissədə mövqeyini, Mülki Məcəllənin 398.1, 398.2, 399.1, 752.1, 752.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

26. Apellyasiya instansiya məhkəməsi İddiaçı iddiasının rədd olunması hissəsində birinci instansiya məhkəməsinin qənaətini düzgün hesab etməmişdir, ona görə ki, hazırkı qətnamə ilə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə iddia rədd edilmiş, İddiaçı öhdəliyini gecikdirməsi nəticəsində MTK-nın mənafeyinə zərər vurulması və ya ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması kimi hal müəyyən edilməmişdir. Belə olan halda, tərəflər arasında olan müqavilə münasibətləri davam edir. Ona görə də, müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı öhdəliyini icra edərək, qalan ödəniş məbləğini ödəməli, MTK isə həmin məbləği qəbul etməli və müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirilərək mənzili təhvil verməlidir. İstər müqavilə ilə, istərsə də qanunla müqavilədə nəzərdə tutulmuş qiymətin (mənzilin dəyərinin) artırılmasına əsas verən hal baş verməmişdir. Müqavilənin 9.1-ci bəndinə görə, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi tərəflərin birinin yazılı təklifi və digər tərəfin yazılı razılığı ilə yol verilir.

27. Kollegiya, həmçinin qeyd etmişdir ki, MTK tərəfindən 16.100 manat qalıq borc qəbul edilməzsə, o zaman iddiaçı Mülki Məcəllənin 532.1-ci maddəsinin tələblərinə uyğun olaraq öhdəliyi depozitə qoyma yolu ilə icra edə bilər. Kassasiya instansiyası məhkəməsində icraat

28. Cavabdeh MTK kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, onun iddiasının təmin, İddiaçı iddiasının rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5846/2022 nömrəli, 19 dekabr 2022-ci il tarixli qərarı ilə Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2019/2022 nömrəli, 22 iyul 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir.

30. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, baxılan işdə MTK-nın iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421.2 və 421.3-cü maddələri təşkil edir. Həmin maddələrin dispozisiya şərtlərinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MTK İddiaçı tərəfindən müqavilə öhdəliyi 1 il 7 ay icra edilmədikdən sonra öhdəliyin 5 gün müddətində icrası və əks halda müqavilənin ləğv ediləcəyi barədə ona yazılı bildiriş göndərmiş və imtinanın hüquqi nəticəsinin (müqavilənin ləğvi və alınanların qaytarılması) tətbiqi üçün məhkəmədə iddia qaldırmışdır. Mübahisənin mahiyyəti üzrə düzgün həlli, habelə müqavilə münasibətlərini davam etdirməyə məcbur etmə barədə İddiaçı tələbinin uğurluluğu MTK-nın müqavilədən imtinasının qanuni olub-olmadığı barədə məsələyə verilən hüquqi qiymətdən asılıdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini ilk növbədə onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. İddiaçı hərəkətləri, yəni ödəşin qalan hissəsinin gecikdirilməsi iqtisadi cəhətdən daha güclü tərəf olan MTK-nın mənafeyinə mühüm zərər vurulması kimi qiymətləndirilə bilməz. Bununla bağlı nəzərə alınmalıdır ki, müqavilə tərəflərdən birinin müqavilə şərtlərini pozmasının əhəmiyyətli olub-olmadığı həmin tərəflərin iqtisadi imkanları ilə deyil, müqavilənin predmeti və öhdəliklərin həcmi ilə bağlıdır. Baxılan işin mübahisəsiz hallarına görə tərəflər arasında bağlanmış müqavilənin dəyəri 56.000 manat olmuş, İddiaçı tərəfindən həmin müqavilə üzrə öhdəliyin 16.100 manat hissəsi uzun müddət (1 il 7 aydan artıq) ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin MTK-nın iqtisadi cəhətdən güclü olmasına istinad edərək, bu halı müqavilənin əhəmiyyətli pozuntusu hesab etməməsi Mülki Məcəllənin 421.2-ci maddəsinin məqsəd və mənasına uyğun deyil. Apellyasiya instansiyası məhkəməsinin digər əsaslandırılması ondan ibarət olmuşdur ki, İddiaçı həmin məbləği birdəfəlik ödəmək istəsə də, MTK ödənişi qəbul etməkdən imtina edərək, müqaviləni ləğv etmək qərarına gəlmişdir. Halbuki mülki qanunvericilikdə müqavilə tərəfinin öhdəliyini əhəmiyyətli pozmasından və bununla bağlı olaraq digər tərəfin müqavilə şərtlərinə əsasən müqavilənin icrasından birtərəfli imtina etdiyini həmin tərəfə bəyan etdikdən sonra müqavilə üzrə öhdəliklərini əhəmiyyətli pozmuş şəxsin aralarında bağlanmış müqaviləyə istinad edərək öhdəliklərini icra etməyə hazır olduğunu bildirməsi və ya buna cəhd etməsi qarşı tərəfin razılığı olmadan müqavilə münasibətlərinin bərpa olunması əsası kimi nəzərdə tutulmamışdır. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən belə birtərəfli imtina əsaslı olduğu halda müqavilə müvafiq surətdə ləğv edilmiş sayıldığı üçün tərəflər arasında müqavilə hüquq münasibətlərinin bərpası yalnız qarşılıqlı razılıq əsasında mümkündür. Apellyasiya instansiyası məhkəməsinin MTK tərəfindən də müqavilə şərtləri tam icra olunmadığı üçün İddiaçı öhdəliklərinin icrasını gecikdirməsinin qanuni olduğu barədə mövqeyi də anlaşılan deyil. Çünki yuxarıda da qeyd olunduğu kimi, işin mübahisəsiz hallarına görə M.Hüseynova tərəfindən öhdəlik xx.xx.2018-ci ildən başlayaraq icra edilməmiş, öhdəliyin icra edilməsi barədə MTK-nın bildirişi xx.xx.2020-ci il tarixdə verilmiş, MTK tərəfindən müqavilənin icrasının son müddəti isə xx.xx.2020-ci il tarixi olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, MTK-nın iddiasını rədd edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 421.2-ci maddəsinə istinadla İddiaçı 1 il ərzində müqavilə üzrə ödənişləri vaxtında icra etdiyi, cəmi 16.300 manat borcu qaldığı, lakin “Covid-19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilmədiyi barədə etirazlarını əsaslı saymış və apellyasiya instansiyası məhkəməsi qətnaməni həmin hissədə dəyişdirilmədən saxlamaqla bu mövqe ilə razılaşmışdır. Azərbaycan Respublikasında “COVİD 19” pandemiyasının 2020-ci ilin əvvələrindən yayılmağa başladığı və bununla bağlı ilk rəsmi məhdudiyyətlərin həmin ilin mart ayında qoyulduğu hamıya bəlli olan hal olduğu üçün MPM-in 82.1-ci maddəsinə əsasən bu halın sübuta ehtiyacı yoxdur. İddiaçı tərəfindən öhdəliyin xx.xx.2018-ci ildən başlayaraq icra edilmədiyi nəzərə alınarsa həmin etiraz özü-özlüyündə əsassızdır.

Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə iclasında iddiaçı, eyni zamanda cavabdeh İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və qarşı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin olunmasını, qarşı tərəfin şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, bir neçə dəfə ödənişin edilməsi ilə bağlı MTK-ya yaxınlaşmış, lakin hər dəfə müxtəlif bəhanələrlə ondan ödənişlər qəbul edilməmişdir. Həmin mənzilə alıcı tapıb MTK-ya yaxınlaşması barədə fikirlər isə həqiqəti əks etdirmir. Belə bir hal olmamışdır. Sadəcə ağır asma xəstəsi olduğundan, həmin vaxtlarda yoldaşı da xəstələndiyindən ödəniş edilməsi ilə bağlı MTK-dan vaxt istəmişdir.

33. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 izahatında bildirmişdir ki, Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında göstərilən tələblərlə razı deyillər. Belə ki, İddiaçı 2019-cu ilin sentyabr ayından mənzilə görə ödəniş etmək üçün MTK-ya müraciət etmişdir. Bu işin faktiki halıdır və qarşı tərəf də bu hissəni qəbul edir ki, iddiaçı həmin tarix ərəfəsində MTK-ya yaxınlaşmışdır. Lakin Ali Məhkəmə öz qərarında bu halı nəzərə almadan iddiaçının 2020-ci ildə ödənişin edilməsi barədə MTK-ya müraciət etdiyini qeyd etmişdir. Digər bir məsələ ondan ibarətdir ki, Ali Məhkəmənin iş üzrə qəbul edilmiş qərarında göstərilir ki, ödənişin gec edilməsi nəticəsində MTK-nın əhəmiyyətli marağı itmişdir, halbuki iddiaçı hələ bina hazır olmamışdan müqavilə üzrə ona təhvil verilməli olan mənzilin dəyərinin 60% hissəsini ödəmişdir. Binanın tikintisi hazırda da yekunlaşmamışdır. Belə olan halda, MTK-nın marağının itməsindən söhbət gedə bilməz. Digər bir məqam ondan ibarətdir ki, İddiaçı MTK-dan əvvəl iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qarşı tərəf 1 il 6 aydan sonra ödəniş edilmədiyi üçün tərəfə xəbərdarlıq göndərir və həmin xəbərdarlığın ona çatdırıldığını təsdiq edən heç bir sənəd yoxdur. İddiaçı isə 2019-cu ilin sentyabr ayından etibarən pandemiyaya qədər hər ay ödənişin edilməsi üçün MTK-ya yaxınlaşmışdır. Əvvəlki apellyasya instansiya məhkəməsində tərəf özü də etiraf etmişdir ki, müştəri ilə MTK-ya gəldiyi üçün rəhbərlik əsəbləşərək müqaviləni ləğv etmək istəmişdir. Qeyd edilənlərin nəzərə alınmasını və apellyasiya şikayətilərinin təmin, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

34. Məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətlərinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, layihəyə əsasən binanın tikinti-quraşdırma işləri 2018-ci ilin əvvəllərindən başlamış, 36 ay müddətinə layihənin yekunlaşdırılması nəzərdə tutulmuşdur. MTK tərəfindən Təzəgl Hüseynovaya son ödənişin edilməsindən 1 il 6 ay sonra xəbərdarlığın göndərilməsi MTKnın rəhbərliyi ilə onun şəxsi tanışlığının olması ilə bağlı olmuşdur. Başqa sözlə, ona güzəşt edilmişdir. Lakin qarşı tərəf MTK-ya ödənişin edilməsi məqsədi ilə yaxınlaşmamışdır. İddiaçı həmin mənzilin satılması üçün müştəri ilə MTK-ya gəlmişdir. MTK-nın rəhbərliyi tərəfindən isə ödənişin tam edilməməsi səbəbindən mənzilin digər şəxsə satılmasının mümkün olmadığı bildirilmişdir. Qarşı tərəf bir neçə dəfə ödənişlə MTK-ya gəldiyini, lakin ödənişin qəbul edilmədiyini idda edir. Halbuki bu halı təsdiq edən heç bir sübut təqdim edə bilmir. Binanın inşa edilməməsi ilə bağlı fikirlər də həqiqəti əks etdirmir. Belə ki, 2018-ci ilin aprel aylarında “A” və “B” bloklarının, 2018-ci ilin may-iyun aylarında isə “C” və “D” bloklarının özülü qoyulmuşdur. 2019-cu ildə 8-9-cu mərtəyə qədər bina yüksəlmişdir. Xəbərdarlıq göndərilən vaxt binanın 14-15-ci mərtəbələri artıq inşa edilmişdir və İddiaçı mənzilinin yerləşdiyi mərtəbə hazır idi, artıq hörgü işləri yerinə yetirilirdi. Layihə pilot olduğu üçün kameralar vasitəsilə tikintinin izlənilməsi də mümkün olmuşdur. Bundan əlavə qeyd etdikləri Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin “Tikintidə Dövlət Nəzarəti Jurnalı”nda da rəsmi formada qeydiyyata alınmışdır. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətlərinin təmin, qarşı tərəfin apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir; 424.4-cü maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Nə qədər ki, öhdəlik kreditorun gecikdirməsi nəticəsində icra edilə bilmir, borclu icranı gecikdirmiş sayılmır; 447.3.1-ci maddəsinə əsasən öhdəliyin pozuntusu cüzi olduqda müqavilədən imtina yolverilməzdir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

. Apellyasiya baxışının hədləri

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

38. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

40. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2022-ci il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərlə razılaşır və onları, habelə apellyasiya şikayətlərində qətnamələrin ləğv olunub iddialarının təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasının xahiş olunduğunu nəzərə alıb, qətnamələri tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, birinci instansiya məhkəməsi birinci iş üzrə düzgün nəticəyə gəlmiş, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Lakin ikinci iş üzrə birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir. İş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun deyil. Bu səbəbdən ikinci iş üzrə iddiaçı MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, həmin iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, onun iddiası qismən təmin edilməlidir.

42. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətlərinin dəlillərinə istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli podrat müqaviləsinə əsasən MTK Bakı şəhəri, Binəqədi rayonu, 18-ci dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.m təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsini 36 ay müddətinə inşa edib İddiaçı təhvil verməyi, İddiaçı isə mənzilin müqavilə üzrə razılaşdırılmış dəyərini təşkil edən 56.000 manat məbləğində pulun 26.000 manat hissəsinin əvəzinə (bu məbləğdə qiymətləndirilmişdir) inşa ediləcək binanın yerində yerləşməklə ona məxsus olan 1 ədəd qaraj sahəsini təhvil verməyi, qalan 30.000 manat pulun 7.000 manat hissəsini ilkin ödəniş kimi, 23.000 manat hissəsini isə 40 ay müddətində hər ay 575 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

43. İddiaçı xx.xx.2017-ci il tarixdə 7.000 manat məbləğində ilkin, bundan sonra isə hər ay 575 manat olmaqla, cəmi 6.900 manat məbləğində ödəniş etmişdir. Onun tərəfindən sonuncu dəfə 575 manat məbləğində ödəniş xx.xx.2018-ci il tarixdə həyata keçirilmişdir. xx.xx.2020-ci il tarixdə MTK tərəfindən İddiaçı xəbərdarlıq məktubu göndərilərək, mənzilə dair ümumilikdə 13.900 manat vəsaitin ödənildiyi, sonuncu ödəniş tarixindən (xx.xx.2018-ci il) sonra müqavilə üzrə götürülmüş öhdəliklərə əməl olunmadığı, Kooperativə olan 16.100 manat məbləğində borcun ödənilməsi istiqamətində heç bir tədbirin görülmədiyi bildirilmiş və həmin məbləğin 5 iş günü ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə müqavilənin ləğvi və vurulmuş ziyanın tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.

44. Hazırda İddiaçı 2019-cu ilin sentyabr ayından etibarən pandemiyaya qədər hər ay ödənişin edilməsi üçün MTK-ya müraciət etdiyini, qalıq öhdəliyinin “Covid19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay həyata keçirə bilmədiyini, 2020-ci ilin sentyabr ayında qalan borcunu ödəmək üçün cavabdehə müraciət etdikdə isə ona müqavilənin ləğv olunduğu barədə məlumat verilərək, ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina edildiyini, bununla da, MTK-nın müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırdığını və onun tərəfindən öhdəliyin icra edilməsinə mane olduğunu, həmçinin mənzilin tikib təhvil verilmədiyini bildirir və ödənişlərin qəbul edilməsi vəzifəsinin MTK-nın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edir.

45. MTK isə İddiaçı tərəfindən sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 575 manat ödənilməklə ümumilikdə 13.900 manat məbləğində pulun ödənildiyini, həmin vaxtdan 1 il 9 ay keçməsinə baxmayaraq, qalıq qalmış 16.100 manat məbləğində vəsaitin ödənilmədiyini, bununla da, MTK-ya xeyli miqdarda ziyan vurulduğunu, öhdəliklərin icra olunması üçün borcluya dəfələrlə şifahi, habelə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubunun göndərildiyini bildirir, bu səbəbdən aralarında bağlanmış müqavilənin ləğv edilməsini və cavabdeh tərəfindən MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26.000 manat pulun və əlavə sahəyə görə ödənilmiş 13.900 manat, cəmi 39.900 manat cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

46. Məhkəmə kollegiyası tərəflərin biri-birinə qarşı irəli sürdükləri tələblərin mahiyyət etibarı ilə biri digərini istisna etməsini nəzərə alıb, qeyd etməyi zəruri hesab edir ki, İddiaçı müqavilə münasibətlərini davam etdirməyə məcbur etmə barədə tələbinin uğurluluğu MTKnın müqavilədən imtinasının qanuni olub-olmamasından asılıdır.

47. Bu baxımdan məhkəmə kollegiyası MTK-nın tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 421.2-ci və 421.3-cü maddələrinin tələblərini rəhbər tutub, qeyd etməyi zəruri hesab edir ki, sonuncu ödənişin xx.xx.2018-ci il tarixdə aparılması nəzərə alınmaqla MTK tərəfindən göndərilmiş xəbərdarlığın tarixinə (xx.xx.2020-ci il) İddiaçı artıq 1 il 9 ay müddət idi ki, xx.xx.2017-ci il tarixli müqavilədən irəli gələn öhdəliklərini icra etməyərək, aylıq ödənişlərini aparmırdı və onun borcunun ümumi məbləği 16.100 manat təşkil edir.

48. Nəzərə alınmalıdır ki, ödəniş cədvəlinə əsasən qeyd edilən müqavilə üzrə xx.xx.2020-ci il tarixə cəmi 3.450 manat məbləğində borc qalmalı idi. Bununla belə, həm müddət, həm də məbləğ etibarı ilə İddiaçı tərəfindən öhdəliyin pozuntusu cüzi olmamışdır və bu baxımdan MTK tərəfindən müqavilədən imtina əsassız (etibarsız) hesab edilə bilməz. Hüquqi nəticə etibarı ilə İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri qeyd edilən müddət ərzində icra etməməsi, o cümlədən ödəniş cədvəli üzrə 2018-ci ilin dekabr ayından ödənişləri etməməsi halının mövcudluğu onun tərəfindən müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhz bu səbəbdən MTK müqavilə şərtlərini əsas götürüb müqavilənin icrasından birtərəfli qaydada imtina etdiyini İddiaçı bəyan etmişdir və aralarında olmuş müqavilə münasibətlərini bərpa etməyi arzulamır, əksinə qəti əlehinədir və bu onun iddiası ilə də öz təsdiqini tapır.

49. Belə olan halda, İddiaçı həmin məbləği hazırda ödəməyə hazır olduğunu bildirməsi və buna cəhd etməsi, o cümlədən iddiası üzrə belə məzmunlu tələb irəli sürməsi onların arasında mövcud olmuş müqavilə münasibətlərinin bərpası üçün əsas ola bilməz.

50. Məhkəmə kollegiyası xüsusilə o halı da vurğulayır ki, İddiaçı ondan başqa hər hansı şəxsdən ödənişlərin qəbul edilməməsi, onun özündən isə ödənişlərin qəbul edilməsindən imtina edildiyi barədə dəlillərini də sübuta yetirə bilmir. 2020-ci ilin mart ayında ailələrinin “Covid-19” virusuna yoluxduğunu, 3 ay ağır xəstə olduğunu bildirir. Lakin bu halları təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etmir. Həm bu, həm də ümumilikdə pandemiya ilə əlaqədar gəlirlərinin olmaması səbəbindən bir neçə ay ödənişlər edə bilmədiyini bildirir. Halbuki, pandemiya ilə əlaqədar ilk məhdudiyyətlərin qoyulduğu 2020-ci ilin mart ayında İddiaçı artıq 1 il 3 aydır ki, öhdəliklərini yerinə yetirmirdi. İstinad etdiyi “bir neçə ay”ın da məhz hansı aylar olduğunu, konkret olaraq hansı aylarda ödəniş edə bilmədiyini, hansı aydan ödəniş etməyə hazır olduğunu açıqlamır. Eyni zamanda, 2019-cu ilin sentyabr ayından etibarən pandemiyaya qədər hər ay ödənişin edilməsi üçün MTK-ya müraciət etdiyini bildirir (apellyasiya instansiyasında birinci icraat zamanı xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə iclasında da buna oxşar fikirlər söyləyir, i.v. 153-cü səhifə). Halbuki, bu fikirlər ümumiyyətlə uzlaşmır və biri-birini tamamlamır. Belə ki, 2019-cu ildə ödənişləri qəbul etməyən MTK-nın 2020-ci ilin mart ayında İddiaçı möhlət verməsi hərəkət olaraq məntiqsiz olması ilə yanaşı, ümumiyyətlə bir fikir olaraq da absurddur. Bu səbəbdən məhkəmə kollegiyası İddiaçı mövqeyini ümumiyyətlə əsassız hesab edir. Digər tərəfdən müqavilənin tərəflərin ünvanları və rekvizitləri ilə bağlı 10-cu bəndində MTK-nın hesab nömrələri də öz əksini tapmışdır. Həmin hesabların aktiv və işlək olmamasını təsdiq edən hər hansı sübut mövcud deyil. Bu baxımdan İddiaçı ödənişləri maneəsiz şəkildə həmin hesab vasitəsi ilə də apara bilərdi. MTK-nın nümayəndəsi də bu mövqedən çıxış edir. Bu da öz növbəsində onun göstərdiyi müddətlərdə ödənişlər etmək üçün MTK-ya müraciət etməməsini bir daha təsdiq edir.

51. MTK tərəfindən binanın inşa edilməməsi ilə bağlı qeyd olunmalıdır ki, müqavilənin 1.3-cü bəndinə əsasən tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul etmişlər. MTK-nın təqdim etdiyi məlumat və sənədlərə əsasən isə binanın özül işləri 2018ci ilin aprel ayında başlanmış və bu baxımdan həmin müddət 2021-ci ilin aprel ayında bitməli idi. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə X8 aparılmış və müvafiq qaydada möhürlə təsdiq edilmiş qeydlərə əsasən hələ xx.xx.2019-cu il tarixdə yeni inşa edilmiş binanın 17-ci mərtəbəsində tikinti-quraşdırma işləri yerinə yetirilirdi.

52. Göstərilənlər öz növbəsində İddiaçı apellyasiya şikayətinin əsassız, MTK-nın apellyasiya şikayətinin isə “pulun qaytarılması” hissəsində əsaslı olmasına dəlalət edir və İddiaçı tərəfindən Cavabdeh MTK-ya ödənilmiş pulun ondan alınaraq İddiaçı qaytarılmasını şərtləndirir.

53. Məhkəmə kollegiyası öz mövqeyinə istinadən onu da qeyd edir ki, MTK İddiaçı ilə aralarında bağlanmış müqavilənin icrasında birtərəfli imtina etdiyini ona bəyan etdiyindən və bu baxımdan müqavilə artıq ləğv edilmiş hesab edildiyindən MTK-nın iddiası üzrə müqavilənin ləğv edilməsinin və müqavilə üzrə öhdəliklərə xitam verilməsinin hər hansı hüquqi əhəmiyyəti qalmamışdır. Nəzərə alınmalıdır ki, müqavilə üzrə müddət də artıq bitmişdir. Bu səbəbdən MTK-nın bu barədə tələbləri təmin edilə bilməz.

54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, eyni zamanda cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6928/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən Cavabdeh MTK-ya ümumilikdə ödənilmiş məbləğ ondan tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı, eyni zamanda cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6928/2021 nömrəli, 07 dekabr 2021ci il tarixli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Cavabdeh, eyni zamanda iddiaçı Cavabdeh MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2022 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26.000 (iyirmi altı min) manat və əlavə sahəyə görə ödənilmiş 13.900 (on üç min doqquz yüz) manat, cəmi 39.900 (otuz doqquz min doqquz yüz) manat məbləğində pul Cavabdeh MTK-dan tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar