Məhkəmə qərarları › İş №2(103)-2199/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2199/2025

17.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2199/2025 17.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3997/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadlarından Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(005)- 3997/2024 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “aliment və təhsil haqqı” tələbinə dair iddia təmin edilmişdir. Həmin qətnamədən Maraqlı şəxs ASC işdə iştirak etməyə cəlb edilməyən şəxs kimi (nümayəndəsi M.Ağamirov) elektron qaydada ərizə və apellyasiya şikayəti təqdim edərək qəbul edilmiş qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması barədə qərardad qəbul edilməsini və hazırkı apellyasiya şikayətini baxılması üçün işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3997/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində işə cəlb edilmə haqqında ərizə təmin edilməmiş, həmçinin eyni saylı, eyni tarixli başqa bir qərardadla bankın qətnamədən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardadlardan Maraqlı şəxs ASC-nin verdiyi şikayətlər Məhkəmənin eyni nömrəli, xx.xx.2025-ci il tarixli ayrı-ayrı qərardadları ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, rayon məhkəməsinin ayr-ayrı qəbul etdiyi iki eyni tarixli qərardaddan verilmiş şikayət bir icraatda baxılmalı, şikayətlər təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. AR MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məcəllənin 357.2-ci maddəsinə əsasən, həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. 364.2-ci maddəsinə görə isə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. İlk öncə qeyd edilməlidir ki, Maraqlı şəxs ASC mübahisələndirdiyi qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak edən şəxs olmamışdır. Qeyd edilən qətnamədə İddiaçı ilə Cavabdeh arasında olan ailə mübahisəsinə – aliment məsələsinə hüquqi qiymət verilmişdir. və xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması və təhsil xərclərinin ödənilməsi üçün cavabdehdən iddiaçının xeyrinə pul (aliment) tutulmuşdur. Ərizəçi Maraqlı şəxs ASC ərizəsinin məzmunundan görünür ki, digər şəxslərlə yanaşı Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-56/2024 saylı qətnaməsinə əsasən Maraqlı şəxs ASC-nin xeyrinə pul tutulmalıdır və həmin qətnamə hazırda icra mərhələsindədir. Bununla bağlı kollegiya qeyd edir ki, Cavabdeh banka olan borcunu ödəyibödəməməsi, hazırki qətnamənin Maraqlı şəxs ASC-nin hüquqlarının pozulmasını şərtləndirə bilməz. Hazırki mülki iş ailə münasibətlərindən irəli gələn (aliment və təhsil xərci ilə bağlı) mübahisədir və iş üzrə tərəflər üçün öhdəliklər, hüquq və vəzifələr yaradır. Maraqlı şəxs ASC isə iş üzrə tərəf deyil və qəbul edilmiş məhkəmə aktı hər hansı bir şəkildə bankın marağına toxunmur. AR MPM-in 357.2-ci maddəsinin tələbinə görə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan şəxslər şikayət vermək hüququna malikdir. Belə olan halda müəyyən edilir ki, mübahisələndirilən qətnamə bankın hüquq və vəzifələrinə toxunmadığından bank tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi qanunvericliyə görə yolverilməz olmuşdur. Bankın özünün ərizə və şikayətində qeyd etdikləri başqa mülki mübahisə ilə əlaqədardır, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-2(103)-56/2024 saylı qətnaməsinə əsasən Cavabdeh banka borcunu ödəməli olan şəxsdir, həmin iş üzrə yekun qətnamə artıq icraya yönəlmişdir. Demək ki, bu icra qaydasında həll edilməli olan məsələdir. Bundan başqa, kollegiya diqqətə çatdırır ki, rayon məhkəməsi qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınma barədə bankın ərizəsinə və qətnamədən verilən apellyasiya şikayətinə eyni tarixdə ayrı-ayrı qərardadlarla münasibət bildirmişdir, halbuki, rayon məhkəməsi tərəfindən vahid məhkəmə aktı ilə, yəni ərizənin təmin edilməməsi barədə qərardadla, həm də apellyasiya şikayətinin ərizəçiyə geri qaytarılması məsələsi həll edilməli idi, bu zaman iki ayrı məhkəmə aktının çıxarılmasına lüzum yoxdur. Beləliklə də məhkəmə kollegiyası bankın ərizəsinin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, rayon məhkəməsi bankın ərizəsini rədd etməkdə və müvafiq olaraq da qətnamədən verilmiş apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuş, şikayətlər əsassız, qərardadlar isə qanuni və əsaslı olduğundan şikayətlər təmin edilməməli, qərardadlar dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və NMR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardadlardan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.2, 397, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3997/2024 nömrəli, xx.xx.2025-ci il tarixli (ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə) qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar