Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2200/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Ərizəçi “sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi tələbi barədə” ərizəsinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2025-ci il tarixli qərardaddan Ərizəçi verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İş üzrə ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının verdiyi xx.xx.1998-ci il tarixli və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlar Baş İdarəsi ərizədə maraqlı şəxs kimi qeyd olunmuşdur. Ərizənin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin icraata qəbul edilməsindən imtina edilməsini qərara almışdır. Ərizəçi həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin icraata götürülərək, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, daha əvvəl də Ərizəçi eyni hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və onun həmin ərizəsinə dair mülki İşə baxmış Nərimanov Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə ərizənin rədd edilməsini qət etmişdir. Həmin qətnamədən ərizəçinin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə baxmış Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə apellyasiya şikayətinin təmin edilməməsini, Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Ərizəçinin həmin qətnamədən verdiyi kassasiya şikayətinə əsasən mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmiş və hazırkı ərizənin icraata qəbul edilməsi məsələsi müzakirə edilən zaman həmin mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmuşdur. Bunu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 153.2.4-cü maddəsinin tələbini nəzərə almış Rayon Məhkəməsi, yuxarıda artıq qeyd edildiyi kimi, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə ərizənin icraata qəbul edilməsindən imtina edilməsini qərara almışdır. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizənin mümkünlüyü yoxlanılarkən məlum olmuşdur ki, ərizəçinin eyni məzmunlu bu kimi ərizəsinə daha əvvəl baxılmış və ərizəyə dair mülki iş hazırda Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatındadır. Bu səbəbdən də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olduğu üçün ərizəyə bir daha baxıla bilməz, ərizənin icraata qəbulundan imtina edilməlidir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən görünür ki, yuxarıda qeyd edilən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini qərara almışdır (işə məhkəmədə baxılmalı deyil əsası ilə). Buna baxmayaraq Məhkəmə iş üzrə Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Çünki ərizəçi tərəfindən verilmiş yeni ərizənin icraata qəbul edilməsi məsələsi müzakirə edilən zaman (xx.xx.2025-ci il tarixdə) həmin mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinin tələbinə görə isə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə də, göstərilənlərə əsasən müəyyən edilir ki, ərizəçinin şikayətinin dəlilləri əsassızdır – formal mülahizə xarakteri daşıyır. Qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Rayon Məhkəməsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardadı qəbul etməkdə haqlı olmuşdur. Qərardad qanuni və əsaslıdır. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-nin 397, 398 və 402-ci maddələrinin tələblərindən çıxış edən Məhkəmə QƏRARA ALDİ: Ərizəçi şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 fevral 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(103)-2200/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2200/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver