Məhkəmə qərarları › İş №2(103)-2202/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2202/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2202/2024 15.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-221/2024 nömrəli 12 yanvar 2024-cü il tarixli qətnaməsindən Cavabdeh vəkili və nümayəndəsi Vəkil4 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. 21 yanvar 2020-ci il tarixli Xidmətlərin Göstərilməsi Haqqında Müqavilədən görünür ki, müqavilənin məqsədləri üçün bundan sonra "Sifarişçi" adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən "xxxx" MMC-nin direktoru X11 şəxsində bir tərəfdən və "İcraçı" adlandırılacaq, Azərbaycan Respublikasının qanunvericiliyi və öz nizamnaməsi əsasında fəaliyyət göstərən “VİM-A" Məhdud Məsuliyyətli Cəmiyyəti, direktoru İddiaçı şəxsində digər tərəfdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389- 390-cı maddələrini, qüvvədə olan digər normativ aktlarını rəhbər tutaraq müəyyən şərtlərlə Müqavilə bağlamışlardır. Həmin müqaviləyə əsasən İcraçı, Sifarişçinin "BP" neft şirkətinin və həmin şirkət ilə bağlı olan podratçı şirkətləri üzrə keçiriləcək tenderlərin qalib edilməsi məqsədi ilə xidmət göstərir. Sifarişçi isə göstərilən xidmətlərin dəyərini İcraçıya ödəməyi öhdəsinə götürmüşdür. İcraçı tərəfindən göstəriləcək xidmətlərə aşağıdakılar daxildir: "BP" şirkətinin və həmin şirkət ilə bağlı olan podratçı şirkətlərin keçiləcək tender üzrə Sifarişçinin adından danışıqların aparılması; Sifarişçinin tender qalibi elan olunması üçün zəruri göstərilən avadanlıqların alınması və mağaza yerini müəyyən edilməsi; keçirələcək tenderlər ilə bağlı Sifarişçinin adından sənədləri qanunvericiliyə uyğun olaraq hazırlanması və təqdim olunması; Keçirələcək tenderlər ilə bağlı Sifarişçiyə tələb olunacaq lazım olacaq kadr potensiyalı barədə tövsiyələr verilməsi; Sifarişçi tender qalibi elan edildikdən sonra bağlanacaq tender müqaviləsinə uyğun olaraq müqavilənin vaxtında icra edilməsinə nəzarət etmək; Sifarişçinin tender qalibi elan olunduqdan sonra tender ilə bağlı məsləhətlər və tövsiyələrinin verilməsi.

2. 0781364 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzili Ağayev Rasimə satmışdır. Mənzilin dəyəri 160000 manat müəyyən edilmişdir.

3. 06.10.2016-cı il tarixli əizədən görünür ki, X9 05 oktyabr 2016-cı il tarixinə İddiaçı qarşısında heç bir maliyyə öhdəçiliyi qalmamışdır.

4. AR DİN Baş Dövlət Yol Polis İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü X6 adında xx.xx.2023- cü il tarixdən “Porsche Cayenne” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Etibarnamə ilə X6 istifadəsinə nəqliyyat vasitəsinin verilməsi barədə AR DİN Baş Dövlət Yol Polis İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyildir. xx.xx.1972ci il təvəllüdlü İddiaçı adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur.

5. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X6 adına Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsi, ev 88, 26 nömrəli mənzil xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. İddiaçı adına hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir.

6. Cavabdehin vəkili və nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş video diskdə əks edilmiş fayllardan görünür ki, İddiaçı Cavabdeh bacısının (Günel Vəlixanlını) toya getmək istədiyini maddi imkanının olmadığını, 300 manat borc pul istədiyini bildirir. Daha sonra Cavabdeh İddiaçı borcunun nə vaxt qaytarılacağını soruşur, bir həftə ərzində qaytarmağı söz versə də, 3 ay keçməsinə baxmayaraq, qaytarılmadığından şikayət edir. İddiaçı uşaqlarının təhsil ödənişlərinin vaxtı yetişdiyini, hazırda maddi durumunun pis olduğunu, qaytarmağa çalışacağını bildirir. Eyni zamanda cavabdehin 300 manata ehtiyacı olmadığını, bu söhbətlərə görə Azadın yerinə utandığını qeyd edir. Cavabdeh isə pula ehtiyacı olub-olmamasının Vüqara aidiyyəti olmadığını, 3 ay səsinin çıxmadığına gördüyünə görə özünün zəng etdiyini, bu hala görə utanmalı olan adamın Vüqar olduğunu bildirir. İddiaçı cavabdehə bütün gizli işlərini bildiyini, danışmaq istəmədiyini, Cavabdeh özünü “pis” apardığını, atasından qalan əmlaklara yiyələndiyini, qanunsuz olaraq xaricə pul köçürdüyünü, 300000 dollarla bağlı məsələni açacağını, o pulları ondan alacağı barədə xəbərdar edir. Cavabdeh “əgər belə pis adamamsa, pis qohumamsa, mənim mövcudluğumu unudun, düşünün ki mən yoxam” ifadələrini işlədir.

7. "BP Exploration (Caspian Sea) Limited" Şirkətinin AR Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.1997-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək “BP Eksploreyşn (Kaspian Si) Limited” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində işləyib və son vəzifəsi Təchizat və tədarükün idarə edilməsi departamentində Azərbaycan üzrə tədarükçü olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı "xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 50.000 (əlli min) manat və 300.000 (üç yüz min) ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 850 (səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı təsis etmiş olduğu və qanuni təmsilçisi olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə "xxxx" MMC arasında bağlanmış olduğu xidmət müqaviləsinə əsasən, “British Petroleum” şirkətinin və həmin şirkət ilə bağlı podratçı şirkətlərin keçiləcək tender üzrə Sifarişçinin adından danışıqların aparılması, Sifarişçinin tender qalibi elan olunması üçün zəruri göstərilən avadanlıqların alınması və mağaza yerinin müəyyən edilməsi, keçirələcək tenderlər ilə bağlı Sifarişçinin adından sənədləri qanunvericiliyə uyğun olaraq hazırlanması və təqdim olunması, keçirələcək tenderlər ilə bağlı sifarişçiyə tələb olunacaq lazım olacaq kadr potensiyalı barədə tövsiyyələr verilməsi, sifarişçi tender qalibi elan edildikdən sonra bağlanacaq tender müqaviləsinə uyğun olaraq müqavilənin vaxtında icra edilməsinə nəzarət etmək kimi xidmətlər göstərilməsini öz üzərinə götürmüşdür. Bu məqsəd ilə “BP” şirkətində işləyən qohumu, hazırkı iş üzrə Cavabdeh həmin şirkətin keçirməli olan “Xüsusi qeyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürəcəyini, müqavilə bağlamış olduğu şirkətin tender cədvəlinə daxil edəcəyini və həmin şirkətin tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini iddiaçıya vermişdir. Həmin tenderin dəyəri 7.000.000,00 və 10.000.000,00 ABŞ dolları təşkil etməli idi. Bu məqsədlə Cavabdeh iddiaçıdan ilkin mərhələ üçün ("xxxx" MMC-ni tender cədvəlinə daxil edilməsi üçün 50.000 (əlli min) manat, sonrakı mərhələ üçün ("xxxx" MMC-ni qalib elan etmək üçün) isə 300.000,00 (üç yüz) ABŞ dolları tələb etmişdir. İddiaçı ilkin olaraq bu məqsəd ilə ona 50.000,00 (əlli min) manat məbləğində pul vəsaitini 2020-ci ilin iyul ayının sonlarında, avqust ayının əvvəllərində vermişdir. O da öz növbəsində iddiaçının müqavilə bağlamış olduğu şirkəti tender cədvəlinə daxil etmiş, İddiaçı tərəfindən sonrakı mərhələnin vəsaitidə yəni 300.000,00 (üç yüz min) ABŞ dollarını 2021-ci ilin aprel ayının ortalarında vermişdir. Bundan sonra cavabdeh iddiaçı ilə görüşmüş və kompyuterində tender məlumatlarını ona göstərmiş və iddiaçı həmin məlumatların fotoşəklini çəkmişdir. Həmin fotoşəkillər iddia ərizəsinə əlavə edilir. Pul vəsaitinin ona verilməsinə baxmayaraq Cavabdeh, həmin şirkəti tender üzrə qalibi edə bilməmiş, bundan sonra İddiaçı tərəfindən Cavabdeh vermiş olduğu vəsaitləri geri tələb etdikdə, sonuncu onları qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etmişdir. İddiaçı tərəfindən pul vəsaitlərinin Cavabdeh verilməsində X7 da iştirak etmişdir və sözügedən şəxs məhkəmə iclasına şahid qismində dəvət olunmaqla iddiada göstərilən halları təsdiq edəcəkdir. Göründüyü kimi, cavabdeh öz öhdəliyini icra etməmiş və iddiaçı ondan dəfələrlə pulunu qaytarmasını tələb etməsinə baxmayaraq pul vəsaitini qaytarmamış və bununla da iddiaçıya maddi ziyan vurmuşdur. İddia ərizəsinin məhkəməyə təqdim olunması üçün 850 (səkkiz yüz əlli) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilən bu məsrəfləri iddiaçı məhz cavabdehin qanunsuz hərəkətləri səbəbindən sərf etmək məcburiyyətində qalmışdır. Bu səbəbdən də Cavabdeh 850 (səkkiz yüz əlli) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya geri ödənilməlidir.

10. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, cavabdeh onun qaynıdır. BP şirkətində işlədiyi dövrdə bir çox firmalara tender məsələlərində köməklik göstərib. Cavabdehin atası, yəni iddiaçının qaynatası rəhmətə getdikdən sonra anası ilə birlik olaraq sonra öz bacısı – Vəlixanlı Günelə vərəsəlikdən imtina barədə ərizə imzaladıblar. Qaynanası söz verib ki, nəvəsinin (iddiaçının oğlunun) 18 yaşı olduqda mərhumdan qalan evi onun adına keçirəcək. Lakin sonra vədinə əməl etməyib. Bundan sonra iddiaçıya aydın olub ki, onları aldadıblar. 50.000 manat ilkin olaraq tender proseslərində iştirak üçün qeydiyyatdan keçmək üçün lazım idi. İOSC şirkətinə göstərilən digər yardım isə onunla bağlı idi ki, tender üçün kifayət qədər çətin və uzun prosedurlardan keçmək lazımdır. Şirkətin distribütorları olmalıdır, layihələr hazırlanmalı, “showroom”-lar təşkil edilməlidir. Pul məbləğləri öz şəxsi vəsaitlərindən ödənilib. Müqaviləyə əsasən daha sonra İOSC MMC-də tərəfindən ödəniş ediləcəkdi. 50000 manatı çay evində, 300000 dolları bağ evində verib. VİM-A şirkəti faktiki fəaliyyət göstərmir, digər hər hansı şirkətlər müqavilə bağlanmayıb, tenderdə iştirak etməyib.

11. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, tələbin hüquqi əsası ümumiyyətlə yoxdur. Belə ki, tərəflərin arasında hər hansı müqavilə və s. bağlanmayıb, öhdəlik münasibətləri yaranmayıb. İddia ərizəsində əsassız varlanma ilə bağlı normalara istinad edilsə də, əsassız varlanmanın elementləri də yoxdur. Belə ki cavabdeh iddiaçıdan heç bir pul vəsaitini almamışdır. Digər tərəfdən, əsassız varlanma ilə bağlı 2 illik iddia müddətini də ötürmüşdürlər. İddiaçı elə bir maddi imkana malik şəxs deyil ki, cavabdehə belə böyük məbləğlərdə pul ödəsin. Əksinə təqdim etdikləri fleşkartda olan səs yazılarından aydın olur ki, cavabdeh iddiaçıya 300 manat borc pul verib, geri qaytarılmasını istədikdə, iddiaçı imtina edib və cavabdehi təhqir edib, ona hədə-qorxu gəlib. Cavabdehin həmişə yüksək əmək haqqısı, şirkətdən bonusları olub. BP şirkətindən ixtisar nəticəsində işdən çıxarılıb, hazırda da digər neft şirkətində işləyir. Hazırda malik olduğu daşınar və daşınmaz əşyaları məhz özünün əmək fəaliyyəti ilə bağlı aldığı qazanc hesabına əldə edib. İddiaçı isə uzun müddətdir işsizdir, həyat yoldaşı da işləmir. İddiaçının dedikləri yalan və şər böhtandır, mülki işin materialları ilə öz təsdiqini tapmır. Cavabdeh nə İOSC, nə VİM-A şirkətlərini tanımır.

12. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Vüqarı 5-6 ildən uzun müddətdir tanıyır, evləri yaxındır və onunla eyni hüquqşünasın qəbulunda olan zaman tanış olmuşdur. 2021-ci ilin mart ayının əvvəllərində Vüqarın evinin yaxınlığında, “Mars” çay evində oturmuşdu. İddiaçı ilə söhbət edən zaman bir nəfər tanımadığı şəxs yaxınlaşdı. Həmin şəxslə iddiaçı arasında tender söhbəti gedirdi, mövzunu bilmədiyi üçün qarışmırdı. Məbləğ böyük idi. Onlara yaxınlaşan şəxs getdikdən sonra iddiaçıdan məsələnin nə olduğunu soruşdu. Yaxın qohumu yəni qaynı adının Azad olduğunu bildirərək, tender məsələləri ilə məşğul olduğunu bildirdi. Məsələnin nə olduğunu soruşanda bildirdi ki, tenderə öncədən 50.000 manat verilməlidir. İddiaçı tərəfindən 5 dəstə 100 manatlıqlardan ibarət pulun cavabdehə verildiyinə şahid olmuşdur. Daha sonra gedən söhbətdən anladı ki, bu ilk ödənişdir, sonra daha böyük ödənişlər olmalıdır. Sonra isə məsələnin necə olmasından məlumatı yoxdur. Mars kafesi köhnə Yasamal rayon məhkəməsi ilə üz-üzə yerləşir.

13. Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o iddiaçının həyat yoldaşı, cavabdehin bacısıdır. İndiyə qədər də aralarında anlaşmazlıqlar olub. Atası rəhmətə getdikdən sonra vərəsəlik məsələsində anası və qardaşı onu aldadıb, imtina ərizəsinə qol çəkdiriblər. O ancaq illər sonra qohumların təkidi ilə nəyə qol çəkdiyini araşdırmışdır. Bundan əvvəl də onun həyat yoldaşı cavabdehin bir çox məsələlərin həll edib, borc pul verib, hər dəfə də aldanıb. Ona görə o bu məsələdə də iddiaçıya əvvəldən deyib ki qardaşı ilə iş görməsin. Lakin iddiaçı onu dinləməyib. Bildirib ki, qohumdurlar, heç nə olmaz, eyni zamanda hər şey müqavilə ilə rəsmiləşdiriləcəkdir. Cavabdeh əvvəllər də tender məsələləri ilə məşğul olurdu. O cavabdehə 50.000 manat pulun verilməsi barədə eşitmişdir. Yəni o bilirdi ki, ilkin ödəniş olunmalıdır, iddiaçının həmin gün pulu evdən götürüb çıxdığı barədə də məlumatı vardı. Eyni zamanda iddiaçı 300.000 ABŞ dolları pulu onların yanında bağ evində olarkən cavabdehə vermişdir.

14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-221/2024 nömrəli 12 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia tələbinin təmin edilməsi, Cavabdeh 50.000 (əlli min) manat və 300.000 (üç yüz min) ABŞ dolları (ödəniş gününə ABŞ dolların Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, dövlət rüsumunun əvəzi olaraq 850 manat pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 62, 76, 77.1, 80, 88, 104.1, 106.1, 107, 119.1, 217.3, 217.4, 218.1-ci maddələrinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarına, “Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində cavabdehin hansı hüquqazidd əməl törətməsi və bu əməlin cavabdehə zərər vurması əsaslandırılmamışdır. Bundan əlavə, işin faktiki halları ilə də cavabdehin hər hansı bir hüquqazidd əməl törətməsi, yəni təqsiri sübuta yetmir. Məhkəmə cavabdehin hansı hüquqi göstərişin ziddinə olan, hansı əməlini hüquqazidd əməl hesab etməsini qətnamədə göstərməmiş, nə bu cür əməli, nə də cavabdehin təqsirini müəyyən etməmiş, lakin səhfən cavabdehin delikt törətməsi nəticəsinə gəlmişdir. Qanunun tələbindən görünür ki, mülki məhkəmə icraatında iddianısübut etmə yükü iddiaçının üzərinə düşür. Hazırki işdə iddiaçı cavabdehin ona müəyyən vədlər verərək ,ondan 300.000 ABŞ dolları və 50.000 manat pul vəsaiti almasını iddia edir. Lakin bu iddianın hüquqi əsasını göstərmir və tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmir. İddiaçı məhkəməyə sübut kimi 2 şahid təqdim edir. Bunlardan biri iddiaçının həyat yoldaşı, cavabdehin bacısı X10, digəri isə X5r. X2 illərdir ki, qardaşı olan cavabdehlə aralarında narazılıq olduğunu təsdiq edərək göstərir ki, illər əvvəl, cavabdeh onu aldadıb atasından miras qalmış əmlakdan imtinaya dair ərizəyə qol çəkdirmişdir. Deməli şahidin cavabdehə qarşı qərəzsizliyi şübhə doğurur, məhkəmə şahidin ifadəsini qiymətləndirərkən bunu nəzərə almalı idi. Bundan əlavə şahid göstərilən pul məbləğlərinin cavabdehə verilməsinə dair konkret halları (yer, vaxt, məbləğ) göstərə və təsdiq edə bilməmişdir. 50.000 manat məbləğlə bağlı isə yalnız bu məbləğin həyat yoldaşı tərəfindən cavabdehə verilmək adı ilə evdən götürülməsini bildirmişdir. Digər şahid X8 isə 50.000 manat pul vəsaitinin 2021-ci ilin mart ayında 5 dəstə yüz manatlıq olmaqla iddiaçıya verildiyinə şahid olduğunu bildirmişdir. İddiaçı isə iddia ərizəsində həmin məbləği iddiaçıya 2021-ci ilin iyul ayının axırı, avqust ayının əvvəlində verdiyini bildirmişdir. Göründüyü kimi iddiaçı ilə onun təqdim etdiyi şahidin ifadəsi üst-üstə düşmür. X18 300.000 ABŞ dollarının iddiaçıya verilməsi ilə bağlı məhkəməyə ümumiyyətlə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazılarını iddia tələbinin sübutu kimi qiymətləndirir. Lakin qətnamədə bu səs yazıları ilə iddia tələbi üzrə hansı halın müəyyən olunduğu göstərilmir. Səs yazıları ilə ,ümumiyyətlə iddiaçının tələbini təsdiq edən hər hansı hal müəyyən olunmur. Yeganə hal, cavabdehin iddiaçıdan 300 manat borcunu tələb etməsi. iddiaçının isə 300.000 dollarla bağlı məsələni açacağı ilə bağlı eyhamıdır. Cavabdehin doğrudan da iddiaçıya 50.000 manat və 300.000 ABŞ dolları borclu olduğu halda 300 manat borcunu tələb etməsi inadırıcı deyil. Bundan əlavə iddiaçı özü məhkəmədə verdiyi izahatında göstərmişdir ki, cavabdeh onun qaynıdır, qaynanası ilə əlbir olub onun həyat yoldaşını atasından miras qalan əmlakdan məhrum ediblər. Həmin danışıqda da iddiaçı öz qiymətləndirməsi ilə, həyat yoldaşına çatacaq miras payını 300.000 ABŞ dolları kimi qiymətləndirməklə bu məbləği səsləndirir. Bu danışığın məzmunundan da aydın olur. Göründüyü kimi, məhkəmə bu sübutu da düzgün qiymətləndirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək cavabdehin apelyasiya şikayətinin təmin edilmədən, qətnamənin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Etiraz iddia tələbinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişir ki, iddiada, həmçinin şahid ifadəsində pulun cavabdehə verilmə vaxtı təxmini olaraq qeyd edilib. Bu fakt qətnamənin ləğvi üçün əsas ola bilməz. Əgər şahidin dediyi cümlə iddiaçının dediyi ilə eynilik təşkil etsə idi, bu zaman cavabdehin gəldiyi qənaət şahidin öytədilməsi olmaqla, məhkəmə tərəfindən də həmçinin şübhə yaradacaqdır. Buradan o nəticəyə gəlmək olar ki, şahid sərbəst, öyrədilmədən ifadə vermiş və əsas mübahisə edilən məbləğin cavabdehə verildiyinin şahidi olmuşdur. Digər tərəfdən, X18 təsadüfən həmin görüşdə iştirak etmiş və söhbətlər əsnasında məsələnin tenderlə bağlı olduğunun və iddiaçının cavabdehə 50000 manat pul verdiyinin şahidi olmuşdur. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında müqavilə münasibətləri olmasa da, tenderlə bağlı müəyyən danışıqların aparılması faktı baş vermişdir. Bu hal iş materiallarında olan şahid ifadələri, səs yazıları və sms ilə təsdiq olunur. Digər tərəfdən cavabdeh iddianı etiraf etməsə də, iddianı təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Həmçinin şahidlər pulun verilməsi anını bilavasitə görmüşlər. Şahidlər ifadələrində tərəflərin arasında olan hadisəni aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış, hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının sonuncu iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər və üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin

23. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2 məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Maddə 384.0.2 qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

28. Maddə 385 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

Apellyasiya baxışının hədləri

29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

31. Hazırki halda qətnamə cavabdeh tərəfindən tam mübahisələndirilərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi xahiş edildiyindən qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-221/2024 nömrəli 12 yanvar 2024-cü il qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

33. Kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

34. Hazırki iddia tələbindən görünür ki, iddiaçı “British Petroleum” şirkətində işləyən qohumu, hazırkı iş üzrə Cavabdeh həmin şirkətin keçirməli olan “Xüsusi geyimlər ilə bağlı” tender prosesi ilə əlaqədar tender məlumatlarını ötürəcəyini, müqavilə bağlamış olduğu şirkətin tender cədvəlinə daxil edəcəyini və həmin şirkətin tender prosesinin qalib olunmasını təmin edəcəyi vədini iddiaçıya verməklə onun tələbi ilə "xxxx" MMC-ni tender cədvəlinə daxil edilməsi üçün 50.000 (əlli min) manatı 2020-ci ilin iyul ayının sonlarında, avqust ayının əvvəllərində X1 iştirakı ilə vermiş, iddiaçının müqavilə bağlamış olduğu şirkəti tender cədvəlinə daxil etdikdən sonra, sonrakı mərhələ üçün "xxxx" MMC-ni qalib elan etmək üçün isə 300.000,00 ABŞ dollarını 2021-ci ilin aprel ayının ortalarında bağ evində, həyat yoldaşının, cavabdehin bacısının iştirakı ilə vermişdir. İddia ərizəsinə əlavə etdiyi fotoşəkillər cavabdehin ona göstərdiyi kompyuterində tender məlumatlarıdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş "xxxx" MMCnin nümayəndəsinin izahatından görünür ki, tender cədvəlinə daxil edilsələr də, tenderdə qalib gəlməmişlər. İddiaçının tələbinə görə Cavabdeh "xxxx" MMC-ni tender üzrə qalibi edə bilməmiş, bununla bağlı iddiaçı cavabdehə verilmiş pul vəsaitlərini geri tələb etdikdə, sonuncu onları qaytarmaqdan müxtəlif bəhanələr gətirərək imtina etmişdir.

35. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qənaətini yalnız şahid ifadələrinə və formalaşan daxili inamına əsaslanaraq hesab etmişdir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmır.

37. Belə ki, əvvəla iddiaçı cavabdehə qarşı hazırkı iddia tələbi ilə çıxış etməsi üçün ilkin olaraq pulun (50000 manat və 300000 ABŞ dolları) cavabdehə verilməsini sübut etməli, daha sonra isə sonuncudan hazırkı iş üzrə pulun tələb edilməsi məsələsi müzakirə edilməlidir.

38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

39. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəlarına əsasən hazırki işdə iddiaçı iddia etdiyi 50000 manat və 300000 ABŞ dolları məbləğində cavabdehə verilməsini sübut etməlidir. İddiaçı iddia tələbini şahidlər X10 və X3 ifadələri ilə sübut olunduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM 88-ci maddəsinin tələblərinə cavab vermək üçün hakim ilk öncə təqdim olunmuş hər bir sübutu iki cəhətdən yoxlamalıdır. Birinci şahid nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci şahidin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi). Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan verib-verməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Baxmayaraq ki, iddiaçı pulun verilməsi əsas kimi məhz yuxarıda göstərilən şahid ifadələrinə istinad etmişdir, lakin prosessual qənaət prinsipinə görə məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsin. Dindirilmiş şahidlərdən X10 iddiaçının həyat yoldaşı olduğundan, habelə öz izahatında qardaşı olan cavabdehlə aralarında vərəsəlik hüquq münasibətlərindən irəli gələn fikir ayrılıqlarının olduğunu bildirdiyindən, həmçinin pulun verilməsində bilavasitə iştirak etmədiyindən, kollegiya hesab edir ki, onun ifadəsinin hazırki tələb üzrə sübut kimi qəbul edilməsi qanuni və ədalətli olmazdı.

41. Kollegiya xüsusilə vurğulayır ki, iddiaçı iddia tələbində qeyd olunan məbləğdə pulun verilməsində X1 iştirak etdiyini bildirsə də, sonradan nə birinci instansiya məhkəməsində, nə də apellyasiya məhkəməsində icraat zamanı şahidin iştirakını təmin etməmiş, eyni zamanda məhkəmə icraatı zamanı dindirilən şahidlərdən nə Vəlixanlı Günel, nə də Zalıyev Ərəstun izahatında pulun verilməsində üçüncü bir şəxsin iştirakı ilə bağlı hər hansı bir fikrə yer verməmişlər. İddiaçının iddia tələbində halın təsviri ilə bağlı bildirdikləri bu hissədə şahidlərin izahatı ilə tam uyğunluq təşkil etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz.

42. Kollegiya iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərlə bağlı isə onu qeyd edir ki, həmin sənədlərin hazırkı iddia tələbi ilə səbəbli-əlaqəsi ümumiyyətlə müəyyən edilmir və iddiaçı tərəfindən də əsaslandırlmamışdır. Kollegiya həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının yuxarıda qeyd edilən mövqeyinə görə nə qədər ki iddia tələbi əsassız hesab edilmişdir, ona görə də hazırkı halda həmin ərizəyə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları aydınlaşdırılmadığından iş üzrə qəbul edilmiş birinici instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

44. Kollegiya hesab edir ki, hazırki halda iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 850 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-221/2024 nömrəli 12 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar