Məhkəmə qərarları › İş №2(103)-2202/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2202/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2202/2025 03.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinə - Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiasına dair Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Talışınski Fuad Şəmsəddin oğlu və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun özünün və vəkili (nümayəndəsi) Vəkil2, Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinə - Əmanətlərin Sığortalanması Fondunun nümayəndələri X1 və X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, cavabdehlərə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olmuş və Bakı şəhəri, X4 küçəsi, ev 107 ünvanında yerləşən 45 nömrəli mənzilin açıq hərracdan satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Hərrac Mərkəzi) tərəfindən keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi və mənzilin əvvəlki statusunun, yəni mənzilin üzərində onun (iddiaçının) hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olmuşdur. İddiaçı, Cavabdeh3 ASC (bundan sonra – Bank) ilə “Kredit müqaviləsi” bağlayaraq Bankdan kredit götürmüş və həmin götürdüyü kreditin qaytarılmasının təminatı olaraq mənzilini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq iddiaçı ilə Bank arasında “İpoteka müqaviləsi” bağlamışdır. İddiaçı, götürdüyü krediti qaytara bilməmiş və Bankın iddia tələbinə əsasən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)-3442/2014 saylı iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsinə əsasən kredit borcunun ödənilməsi ilə bağlı Bankın tələbi ipoteka predmetinə - mənzilə yönəldilmişdir. Qətnamə əsasında verilmiş icra sənədinin icrasını həyata keçirmiş Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsinin (bundan sonra – İcra Şöbəsi) sifarişinə əsasən mənzil iddiaçıya xəbər verilmədən bir neçə dəfə açıq hərraca çıxarılmış, satılmadığı üçün borcun ödənilməsi məqsədi ilə Bank tərəfindən qəbul edilmişdir. Qeyd edilən hərrac prosesləri barədə iddiaçıya məlumat verilməmişdir. Yalnız 2024-cü ilin yanvar ayında İcra Şöbəsinin icra məmuru tərəfindən iddiaçıya hərrac və mənzilin Bankın mülkiyyətinə keçməsi barədə məlumat verilmiş və mənzilin boşaldılması tələb edilmişdir. İddiaçı bildirir ki, hərracın keçirilməsi prosesi qanunsuz olmuşdur. Çünki hərrac barədə iddiaçıya məlumat verilməmişdir və mənzil iddiaçının yeganə yaşayış yeridir. b) cavabdeh tərəfin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) iddia tələbinə qarşı etiraz verərək, bildirmişdir ki, hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və Banlın mülkiyyətinə verilmişdir. Mənzilin iddiaçının yeganə yaşayış yeri olması hərracın nəticələrinin ləğv edilməsi üçün əsas ola bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, hazırda iddiaçının Banka olan borcu 26.000 manat təşkil edir. Fond, iddiaçıya təklif etmişdir ki, əgər mənzili qaytarmaq istəyirsə borcu ödəsin, lakin iddiaçı borcu ödəməmişdir. Göstərilənlərə əsasən, Fond, iddianın rədd edilməsini xahiş edir.

4. Fondun nümayəndəsi məhkəmə baxışı iclasında iştirak edərək, Rayon Məhkəməsinə iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun izahat vermişdir.

5. Məhkəmə baxışının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iş üzrə digər cavabdehlərin nümayəndələri məhkəmə baxışı iclaslarında iştirak etməmiş, iddia tələbinə qarşı etiraz verməmişlər. Bu səbəbdən də Rayon Məhkəməsi işə onların iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən tələbinin əsaslılığı sübuta yetirilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

8. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə bütün faktiki halları nəzərə almamış və obyektiv araşdırma aparmamış, iş üçün əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Rayon Məhkəməsi tərəfindən hərracın keçirilməsi barədə protokolda iddiaçının banka ödədiyi 7.100 manat pulun azaldılması göstərilməmişdir.

10. Daha sonra iddiaçı apellyasiya şikayətinə əlavə ilə Məhkəməyə müraciət edərək, Rayon Məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mənzillə bağlı keçirilmiş hərracın nəticələrinin ləğv edilməsi, hərracın yekunları barədə xx.xx.2023-cü il tarixli, 20/01 saylı protokolun etibarsız hesab edilməsini və mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestrindən” Bankın adına verilmiş “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, mənzilə dair iddiaçının xəbəri olmadan xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə 7 dəfə hərrac keçirilmişdir. Hal bu ki, qanunvericiliyə əsasən ipoteka predmeti olan əmlak iki dəfə hərraca çıxarıla bilər. Bundan başqa nəzərə alınmalıdır ki, mənzilin ilkin satış qiyməti 62.000 manat, mənzilin 25% aşağı qiyməti isə 46.500 manat təşkil edir. Lakin sonuncu hərracda mənzil satış qiymətindən 25 % aşağı qiymətə deyil, 36,25 % aşağı qiymətə Banka təklif olunmuş və 39.525 manata Banka satılmışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

12. Apellyator olan iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, iddia ərizəsinin, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat vermişlər.

13. Cavabdeh Fondunun nümayəndələri apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin və apellyasiya şikayətinə əlavənin dəlillərinə etiraz etdilər və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına uyğun izahat verdi.

14. İş üzrə digər cavabdehlər apellyasiya baxışı iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə həmin cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya şikayətinə əlavə və apellyasiya baxışının hədləri barədə məlumat

15. Yuxarıda qeyd edildiyi kimi iş üzrə iddiaçı işə apellyasiya qaydasında baxılan zaman apellyasiya şikayətinə əlavə verərək, birinci instansiya məhkəməsinin baxışının predmeti olmayan yeni tələblər üzrə də qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in “Apellyasiya instansiya məhkəməsində işə baxılmanın hədləri” adlı 372-ci maddəsinin tələblərinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2.). Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır (maddə 372.4.).

17. İddiaçı, onun tərəfindən verilmiş “apellyasiya şikayətinə əlavədə” ifadə olunmuş yeni tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilmədiyindən Məhkəmə “apellyasiya şikayətində əlavədə” göstərilən tələblərə MPM-in 372.4-cü maddəsinə əsasən baxmır və onlara hüquqi qiymət vermir.

18. Məhkəmə, Rayon Məhkəməsinin qətnaməsinin əsaslığını ilk redaksiyada verilmiş apellyasiya şikayətinin dəlillərinə əsasən tam həcmdə yoxalyır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

15. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

16. Belə ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı, hazırkı iş üzrə cavabdehlərdən biri olan Bank ilə xx.xx.2013-cü il tarixdə “Kredit müqaviləsi” bağlayaraq, krediti və kredit məbləğində hesablanacaq faizləri 36 ay müddətində hissə-hissə və aybaay qaytarmaq şərti ilə Bankdan 27.000 manat məbləğində kredit götürmüş və həmin götürdüyü kreditin qaytarılmasının təminatı olaraq mənzilini Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla bağlı olaraq iddiaçı ilə Bank arasında xx.xx.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlamışdır. İddiaçı, götürdüyü krediti qaytara bilməmiş və Bank “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi barədə” iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia ərizəsi əsasında Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)- 3442/2014 saylı mülki işin icraatı başlanmışdır.

17. Nərimanov Rayon Məhkəməsinin 2(005)-3442/2014 saylı iş üzrə qəbul etdiyi xx.xx.2014-cü il tarixli qətnamədən görünür ki, həmin qətnamə ilə Bankın iddiasının qismən təmin edilməsi, Bank ilə hazırkı iş üzrə iddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə ümumilikdə 26.145,18 manat məbləğində pulun hazırkı iş üzrə iddiaçıdan Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini, mənzilin ilk satış qiyməti 62.000 manat müəyyən edilməklə satılması üçün açıq hərraca çıxarılmasını və sair məsələləri qət etmişdir.

18. İşdə olan sənədlərdən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra onun əsasında icra vərəqəsi verilmiş və icra sənədi icra edilməsi üçün hazırkı iş üzrə cavabdehlərdən biri olan İcra Şöbəsinə göndərilmiş və bundan sonra icra hərəkətlərinin həyata keçirilməsi prosedura başlanmışdır.

19. İşdə olan sənədlərdən həmçinin müəyyən edilir və Fondun nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatla təsdiq edilir ki, mənzilin açıq hərracdan satılması ilə bağlı (xx.xx.2015, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə) cəmi 7 dəfə hərrac keçirilmişdir.

20. “Açıq hərracın keçirilməsi barədə” bildirişlərdən görünür ki, mənzilin satılması ilə bağlı təyin edilmiş açıq hərracların keçiriləcəyi yer və vaxt barədə Hərrac Mərkəzi tərəfindən İcra Şöbəsinə, Banka və hazırkı iş üzrə iddiaçıya məlumatlar göndərilmişdir.

21. Həmin bildirişlərin hazırkı iş üzrə iddiaçıya çatdırılması iş materialları ilə müəyyən edilmir.

22. İşdə olan sənədlərdən görünür ki, mənzil, onun satılması ilə bağlı keçirilmiş açıq hərraclardan satılmamışdır.

23. Hərrac Mərkəzi tərəfindən Banka ünvanlanmış xx.xx.2023-cü il tarixli “Təklifdən” görünür ki, mənzilin satılması ilə bağlı təşkil olunmuş təkrar hərrac baş tutmamışdır. “İpoteka Haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq mənzil təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə yəni 39.525 manata alınması ipoteka saxlayan Banka təklif olunur.

24. Hərrac Mərkəzinin xx.xx.2023-cü il tarixli, 20/01 nömrəli “Hərracın yekunları barədə protokolundan” görünür ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən 2(005)- 3442/2014 saylı iş üzrə qəbul olunmuş xx.xx.2014-cü il tarixli qətnamə əsasında verilmiş icra vərəqəsinin icrası ilə əlaqədar keçirilmiş hərrac zamanı, mənzil, 39.525 manata Banka satılmışdır.

25. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 “Daşınmaz əmlakın dövlət reyestrindən” mənzilə dair Bankın adına verdiyi “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Bankın adına reyestrində xx.xx.2023-cü il tarixdə ********** nömrə altında qeydiyyata alınmışdır.

26. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

27. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın təşkilatçısı hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir (maddə 43.1.). Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır (maddə 43.3.- 43.5.). Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir (maddə 43.7. və 43.8.).

28. Mülki Məcəllənin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

29. Göründüyü kimi, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı açıq hərrac baş tutmadığı halda təkrar cəmi 2 dəfə keçirilə bilər və təkrar hərrac baş tutmamış elan edildikdən sonra ipoteka saxlayan, yəni hazırkı halda cavabdeh Bank, 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Lakin yuxarıda artıq qeyd edildiyi kimi, hazırkı iş üzrə iddiaçıya məxsus mənzilin satılması ilə bağlı hərrac 7 dəfə keçirilmişdir.

30. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, «“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, “İpoteka haqqında” Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.

31. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş halı mənzilin açıq hərracdan satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın nəticələrinin birmənalı olaraq ləğv edilməsi və mənzilin əvvəlki statusunun bərpa olunması üçün əsasdır.

32. Belə olan halda iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillərin əsaslılığının məhkəmə qaydasında yoxlanmasına lüzum qalmır. h) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də, apellyasiya baxışının nəticəsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş tələb əsaslıdır. Mübahisəli mənzillə bağlı hərracın qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyi təsdiq olunur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları düzgün müəyyən etməmiş, iddianı rədd etməklə səhv nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşımır.

34. MPM-in tələblərinə görə, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir (maddə 389.). Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir (maddə 390.).

35. MPM-in 385-ci maddəsinin tələbinə görə isə, yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında qismən ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır.

36. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməli, mübahisəli mənzilin açıq hərracdan cavabdeh Banka satılması ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərrac və hərracın nəticəsi ləğv edilməli, mənzilin əvvəlki statusu bərpa edilməli, bu məqsəd ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-in “Daşınmaz əmlakın dövlət reyestrində” mənzilin daşınmaz əmlak kimi Bankın xüsusi mülkiyyətində olması barədə qeyd və həmin qeydə əsasən mənzilə dair bankın adına verilmiş “Reyestrdən çıxarış” ləğv edilməli, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüququ bərpa olunmalıdır.

37. Məhkəmə həmçinin hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi təmin edildiyindən MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçın ödədiyi cəmi 150 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.

38. Bundan başqa Məhkəmə bildirir ki, iddia təmin edildiyindən iddiaçı hazırki qətnamədən kassasiya şikayəti verə bilməz. Cavabdehlər isə MPM-in tələbləri və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilməklə qətnamədən kassasiya şikayəti vermək hüququna malikdirlər.

39. Odur ki göstərilənləri nəzərə alan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2025-ci il tarixli qətnamə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinə - Əmanətlərin Sığortalanması Fonduna qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” iddiası təmin edilsin. İddiaçı məxsus olan və Bakı şəhəri, X4 küçəsi, ev 107 ünvanında yerləşən 45 nömrəli mənzilin Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinə satılması ilə bağlı cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satılmasına dair 19 aprel 2023-cü il tarixdə keçirilmiş hərrac və onun yaratdığı nəticələr ləğv edilsin. Həmin mənzilin Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olması barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrində” 22 may 2023-cü il tarixdə ********** nömrə altında aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin adına verilmiş “Reyestrdən çıxarış” ləğv edilsin. Həmin mənzil üzərində İddiaçı mülkiyyət hüququ bərpa olunsun. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün İddiaçı ödədiyi dövlət rüsumları cavabdehlərə aid edilsin. Bu məqsədlə cavabdehlər Bakı Şəhəri Nərimanov Rayon İcra Şöbəsi, “Daşınar və Daşınmaz Əmlakların Satışı X6” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh3 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisinə - Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada 150 (yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə cavabdehlər hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar