Məhkəmə qərarları › İş №2(103)-2203/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2203/2021

27.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2203/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina olunmasına dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (məhkəmə) müraciət edərək, xidmət etdiyi dövrdə xidməti zərurətlə əlaqədar xx xxxxxx 1995-ci il tarixdən xx xxxx 1997-ci il tarixədək ezamiyyətdə olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbul olunmasından ərizəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsas göstərilməklə imtina olunaraq ərizəçiyə, səlahiyyətli dövlət orqanına müraciət etmək, mübahisənin həllindən narazı qaldığı halda isə müvafiq inzibati məhkəmədə iddia qaldırmaq hüququnun olduğu izah edilmişdir. Həmin qərardaddan ərizəçinin verdiyi şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətini müdafiə edən ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin şikayət mövzusu olan qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 153.2.1-ci maddəsinə görə isə, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim, yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Mülki-prosessual qanunvericiliyin mülki işlər üzrə icraatın növlərindən biri olaraq müəyyənləşdirdiyi xüsusi icraat qaydasında baxılan işlər ərizəçilər tərəfindən qaldırılmaqla ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır (MPM-nin 306.2-ci maddəsi). Xüsusi icraat qaydasında baxılan işlərin siyahısı isə MPM-nin 305.1-ci maddəsində göstərilmişdir və bunların bir kateqoriyası da hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında olan işlərdir (MPM-nin 305.1.1-ci maddəsi). Mülki-Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən isə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizənin məzmunundan aydın olur ki, ərizəçi, Hərbi Dəniz Qüvvələrinin Hərbi Məhkəməsinin mühafizə bölməsində xidmət etdiyi dövrdə xidməti zərurətlə əlaqədar xx xxxxxx 1995-ci il tarixdən xx xxxx 1997-ci il tarixədək ezamiyyətdə olması faktının müəyyən olunmasını istəməkdədir; halbuki, hərbi qulluqçu olmuş ərizəçinin xidmət etdiyi dövrə aid məlumatlar onun xidmət keçdiyi qurumların tərtib etdiyi sənədlərdə öz əksini tapa bilər və bu faktın (əgər həqiqətən belə fakt varsa) məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yoxdur. Çünkü ərizəçinin sözügedən faktın təsbiti ilə nail olmaq istədiyi nəticə əmək stajının müddətinin müəyyənləşdirilməsi, yaxud pensiya təminatında yaxşılaşma əldə etməkdirsə, həmin faktın möcud olub-olmadığı, müvafiq inzibati orqana qarşı qaldırılacaq iddia (inzibati orqanın pensiya təyin etməkdən və s. imtina etməsi halında) çərçivəsində araşdırıla bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir və şikayətin dəlilləri bununla bağlı qərardadın ləğvi üçün əsas deyil. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 395, 397, 398.0.2 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2141/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Şeyda Məhərrəmova Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar