Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2204/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “müqavilənin ləğv edilməsi, kompensasiyanın geri alınması, qanunsuz tikilidən çıxarılma və qanunsuz tikilinin sökülməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2020-ci il tarixli qətnamədən Cavabdeh1 veridiyi apellyasiya şikayətinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı QSC, onunla Cavabdeh1 arasında ünvan 1 ünvanında, yəni dəmir yolunun mühafizə zonasında yerləşən qanunsuz tikiliyə dair 20.12.2017-ci il və 11.10.2018-ci il tarixlərdə Bakı Şəhəri 6 saylı Notariat Ofisində bağlanmış müqavilələrin ləğv olunmasını, onun tərəfindən Cavabdeh1 ödənilmiş 46.758 manat kompensasiyanın geri alınmasını, cavabdehlərin həmin tikilidən çıxarılmaları, tikilinin cavabdehlərin hesabına sökülməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq onun (QSC-nin) hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddia ərizəsində qeyd edilən ünvanda, yəni dəmir yolunun mühafizə zonasında qanunsuz olaraq tikili inşa etməklə orada yaşayırlar. Tikilinin qanunsuz olmasına baxmayaraq, QSC həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Bu məqsədlə cavabdehlər 6 saylı Notariat Ofisinə ərizə verərək tikilinin QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. Bununla əlaqədar olaraq QSC ilə Cavabdeh1 arasında 20.12.2017-ci və 11.10.2018-ci il tarixlərdə 6 saylı Notariat Ofisində razılaşmalar rəmiləşdirilmişdir ki, razılaşmaların şərtlərinə görə, qanunsuz tikilinin boşaldılaraq QSC-nin sərəncamına verilməsinə görə QSC tərəfindən cavabdehlərə cəmi 46.758 manat məbləğində kompensasiya ödənilir, cavabdehlər isə üzərilərinə öhdəlik götürmüşlər ki, tikilini 5 gün ərzində boşaldaraq QSC-yə təhvil verirlər. Lakin cavabdehlər tərəfindən öhdəlik bu günə kimi qəsdən icra olunmamış, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, qanunsuz tikili boşaldılmamışdır. Nəticədə QSC-nin maraqları pozulmuş və həmin ərazidə zəruri işlərin aparılması qeyri-mümkün olmuşdur. 09.04.2019-cu il tarixdə cavabdehlərə sonuncu dəfə xəbərdarlıq ünvanlanaraq öhdəliyin 10 gün ərzində icra olunması tələb edilmiş, lakin tələb yenə də icrasız qalmışdır. Bu səbəbdən də, QSC, hazırki iddia ilə məhkəməyə müraciət etmək və bu zaman 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 22.10.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehlərin mübahisəli tikilidən çıxarılmalarını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. İş üzrə Cavabdeh1 həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və təmin edilmiş hissədə də iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar QSC tərəfindən onlara ödənilmiş kompensasiyanın məbləği ilə razı deyillər, çünki həmin məbləğə onlar başqa yaşayış sahəsi əldə edə bilməyəcəklər. Cavabdeh1 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətini müdafiə etdi və şikayətin dəlillərinə uyğun izahat verdi. Cavabdeh3 apellyasiya baxışı iclasında iştirak edərək eyni məzmunlu izahat verdi. Cavabdeh2 və iddiaçı QSC-nin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da iddiaçı QSC qətnamədən apellyasiya şikayəti verməmişdir. Cavabdeh1 verdiyi apellyasiya şikayətinin məzmunundan görünür ki, o, qətnamənin iddianın bir qisminin təmin edilməməsi barədə hissəsini mübahisələndirmir. Apellyasiya şikayəti yalnız Cavabdeh1 tərəfindən imzalansa, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətini imzalamasalar da, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti ilə qətnamənin mübahisələndirilən hissəsinin əsaslılığı hər 3 cavabdehə münasibətdə yoxlanılmalıdır. Odur ki, göstərilənləri və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə, qətnamənin iddianın bir qisminin təmin edilməməsi ilə bağlı hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həcmini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə bildirdiklərindən müəyyən edilir ki, cavabdehlər iddia ərizəsində qeyd edilən ünvanda, yəni dəmir yolunun mühafizə zonasında qanunsuz olaraq tikili inşa etməklə orada yaşayırlar. Tikilinin qanunsuz olmasına baxmayaraq, QSC həmin tikilini kompensasiya ödəməklə sökmək qərarına gəlmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 25.09.2018-ci il tarixdə 6 saylı Notariat Ofisinə ərizə verərək tikilinin QSC tərəfindən sökülməsinə və kompensasiyanın Cavabdeh1 verilməsinə heç bir etirazlarının olmadığını bildirmişlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında 20.12.2017-ci və 11.10.2018-ci il tarixlərdə 6 saylı Notariat Ofisində bağlanmış razılaşmalardan görünür ki, onlar razılığa gəlmişlər ki, qanunsuz tikili cavabdehlər tərəfindən boşaldılaraq QSC-nin sərəncamına verirlər. Bunun müqabilində QSC tərəfindən cavabdehlərə cəmi 46.758 manat məbləğində kompensasiya ödəyir. İddiaçı QSC tərəfindən cavabdehlərə ünvanlanmış 09.04.2019-cu il tarixli, İD-638/1 saylı pretenziya məktubundan görünür ki, QSC onunla Cavabdeh1 arasında bağlanmış 20.12.2017-ci il və 11.10.2018-ci il tarixli müqavilələr üzrə öhdəliyini 10 gün ərzində icra olunaraq mübahisəli tikilinin boşaldılaraq QSC-yə təhvil veriməsini tələb etmişdir. İşin hallarından müəyyən edilir ki, cavabdehlər mübahisəli tikilini boşaltmamış və QSC-yə təhvil verməmişlər. Apellyasiya şikayətində göstərilir ki, iddiaçı QSC tərəfindən verilmiş kompensasiyanın məbləği azdır və cavabdehlər həmin məbləğ ilə özlərinə başqa yaşayış sahəsi əldə edə bilməyəcəklər. Qeyd edilənləri nəzərə alan Məhkəmə mövcud mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 390-cı maddəsinin mənasına görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (maddə 390.1.). Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (maddə 390.2.). Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir (maddə 390.3.). Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir (maddə 390.4.). Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir (maddə 390.5.). Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir (maddə 390.6.). Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir (maddə 390.7.). Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (maddə 404.1.). Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (maddə 404.2.). Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır (maddə 404.3.). Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir (maddə 404.4.). Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir (maddə 404.5.). Göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alan Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan müqavilələr digər cavabdehlərin adından çıxış edən Cavabdeh1 tərəfindən imzalanması işin mübahisəsiz hallarıdır. Bu baxımdan hesab edilməlidir ki, cavabdehlər onlara ödənilmiş kompensasiya məbləği ilə razılaşmış və bunun əvəzində ailə üzvləri ilə birlikdə tikilidən çıxmaq barədə öhdəlik götürmüşlər. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdehlərin hazırda kompensasiya məbləği ilə razılaşmaması onların tikilidən çıxması barədə üzərilərinə götürdükləri öhdəliyin icra edilməməsi üçün əsas deyil. Cavabdehlərin müqavilə üzrə QSC qarşısında üzərilərnə götürdükləri öhdəliklərin icrasında yayınmaları iddiaçı QSC-yə cavabdehlərin mübahisəli tikilidən çıxarılmasını tələb etməyə əsas verir. Çünki Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məcəllənin 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məcəllənin 448.3-ci maddəsinə görə, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, işə baxmış Rayon Məhkəməsi apellyasiya baxışı predmeti olan hissədə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Beləliklə də yuxarıda göstərilənləri və MPM-nin 385-ci maddəsinin tələblərini nəzərə alan və MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərinə əsaslanan Məhkəmə hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu, rüsumu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2204/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2204/2021
12.03.2021 · Sair mülki iş - Digər - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver