Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2205/2025 16.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, 02 saylı X4 Sahəsinin mexaniki İddiaçı ərizə ilə "xxxx" QSC-yə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir.
2. "xxxx" QSC-nin Baş icraçı direktoru tərəfindən verilmiş xx.xx.2023- cü il tarixli KƏ-1333-2023 nömrəli əmrin surətindən görünür ki, xx.xx.2012-ci il tarixli 9 nömrəli əmək müqaviləsi əsasında QSC-nin 2 saylı X5 sahəsində 12-ci dərəcə mexanik vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
3. "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli, XO-xx-xx-0898-2023 saylı məktubundan görünür ki, İddiaçı ilə QSC-nin arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəyə əsasən KƏ-1333-2023 nömrəli xx.xx.2023-cü il tarixli əmrlə xitam verilmişdir və ərizənin geri götürülməsi barədə müraciətin hüquqi qüvvəsi yoxdur. Əmək kitabçasının götürülməsi tövsiyə edilmişdir.
4. MŞS/MT023/2023-02634 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və onun tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildən əmək fəaliyyəti keçmiş Dövlət Yanacaq Komitəsi (indiki ARDNŞ) Əli Bayramlı (indiki Şirvan) şəhər Neft Bazası ilə bağlı olmaqla müxtəlif vəzifələrdə işləmişdir. Bu müəssisədə sonuncu vəzifəsi xx.xx.2022- ci il tarixli 9 nömrəli müqavilə ilə mexanik vəzifəsi olmuşdur. İşlədiyi müddət ərzində əmək qanunvericiliyi və sahə normativ hüquqi sənədlər əsasında əmək kontraktı (müqaviləsi) ilə üzərinə düşən vəzifə və tələbləri vicdanla yerinə yetirməklə heç bir tənbeh cəzasına məruz qalmamışdır. Ona həyatında dəyən ən böyük mənəvi zərbə yeganə gözünün ağı-qarası qızının valideyndən xəbərsiz evə qayıtmaması və anasının ona verdiyi xəbərə görə cənub bölgəsindəki bir rayona kimsə tərəfindən qoşulub-qaçması olmuşdur. Bu xəbəri eşidən axşam ən yaxın dostu ilə həmin şəxsin yaşadığı bölgəni, kəndi qarışqarış axtarmaq üçün gecə ilə yola düşüb getmişdir. Mobil telefonu evdə unutduğundan bu barədə rəhbərliyə məlumat verə bilməmişdir. Amma ki, elə bil onun işlədiyi 2 saylı X4 sahəsinin rəhbəri Rüfət Məlikovun, indi də bilmədiyi hansısa “subyektiv səbəblər”dən onu dindirmədən, ondan yazılı və yaxud izahat almadan birbaşa Baş İdarəyə müraciət edib komissiya istəməsi olmuşdur. X5 Sahəsinin rəisi Rüfət Məlikovun “sifarişi” ilə yoxlamaya gələn komissiya onun qarşısında 2 dilemma qoymuşdur: Ya Əmək Məcəlləsinin 70.c və 72.a maddəsi ilə işdən çıxarılmalı, ya da onların verdikləri “standart formalı” ərizənin özünə aid olan hissələrini doldurub onlara təqdim etməlidir. Bundan sonra komissiyanın təkidi ilə nə yazdığını və necə yazdığını, yazılmış şablon formalı ərizənin surətinin işə götürən tərəfindən xüsusi poçtla onun teleqramları əsasında ona xx.xx.2023- cü ildə göndərilməsinə qədər, stress və ruh düşkünlüyü vəziyyətində olan bir valideyn kimi xatırlaya bilmirdi. İndi özü düşünüb müzakirə edir ki, işlədiyi 2 saylı X4 sahəsinin rəisi Rüfət Məlikov nə üçün onu rəhbərlik etdiyi əmək kollektivinin bir üzvü kimi qəbul edib, dərdi ilə, başına gələn müsibətlə maraqlanmadan ildırım surəti ilə Baş İdarədən Komissiya istəmişdir. Heç məhkəmə-xətşünaslıq ekspertizasına da ehtiyac yoxdur ki, onun özünə məxsus, normal xətti ilə, ailə problemlərinə görə stressə düşdüyü şəraitdə yazdığı xətti arasındakı fərqi görməsin. Ona xüsusi poçtla göndərilmiş işdənçıxarma ərizəsində və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə qanunvericiliyin heç bir tələbinə əməl edilməmişdir. Göstərilənlərə əsasən, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi haqqında "xxxx" QSC-nin qəbul etdiyi xx.xx.2023-cü il tarixli KƏ-1333-2023 saylı əmrin ləğv edilməsi, QSC-nin 2 saylı X5 sahəsində 12 dərəcə üzrə mexanik vəzifəsinə işə bərpa edilməsi və işdən çıxarıldığı gündən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma günlərinə görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra-Cəmiyyət) qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılır ki, guya Cəmiyyət tərəfindən İddiaçı təzyiq edilərək işdən çıxması barədə ərizə yazdırılmış, ərizə yazan zaman nə yazdığını bilməmişdir, telegram vasitəsilə işdən azad olunma əmrini aldıqdan sonra nə baş verdiyini anlamış və işdən azad edilmə barədə əmri mübahisələndirərək işə bərpa edilməsini məhkəmədən xahiş etmişdir. İşçinin işdən azad edilməsi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, İddiaçı QSC-nin baş icraçı direktoruna ünvanlamış olduğu 02 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 02 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və onun ərizəsi əsas götürülərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı ərizəsindən görünür ki, 02 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, yəni əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmişdir. Bundan əlavə Nizami rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)- 1341/2024 nömrəli qərardadından görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etsə də, məhkəmə iclaslarına gəlmədiyindən ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının məhkəməyə gəlməməsi, çəkişmə prinsipinin pozması bir daha sübut edir ki, onun tərəfindən verilmiş iddia əsassız olmaqla formal xarakter daşıyır. Yuxarıda göstərilənlərdən göründüyü kimi, cavabdeh Cəmiyyət tərəfindən iddiaçıya qarşı hər-hansı hüquqazid əməl törədilməmiş, onun əmək hüquqları pozulmamışdır və iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam uyğun olmuşdur. İddia tələbi əsassız olduğundan iddianın rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Rauf Əhmədov) iddia tələbi rədd edilmişdir.
9. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci hissəsinə, 7-ci maddəsinin 2-ci hissəsinə, 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə, 68.2-ci-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.2, 88, 119.1-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
10. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1988-ci ildən əmək fəaliyyəti keçmiş Dövlət Yanacaq Komitəsi (indiki ARDNŞ) Əli-Bayramlı (indiki Şirvan) şəhər Neft bazası ilə bağlı olmaqla müxtəlif vəzifələrdə işləmişdir. Bu müəssisədə sonuncu vəzifəsi xx.xx.2022-ci il tarixli 9 nömrəli əmək müqaviləsi ilə mexanik vəzifəsi olmuşdur. İşlədiyi müddətdə əmək müqaviləsi (kontraktı) ilə üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmişdir. xx.xx.2023-xx.xx.2023-cü il tarixdə ,“kəskin respirator xəstəliyi” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Həyatında ona dəyən ən böyük mənəvi zərbə yeganə qız övladının ata-ana xeyir-duası olmadan qoşulub qaçması olmuşdur. Bu xəbəri eşidən axşam yaxın qohumla, ona çatan məlumata görə, cənub rayonunda qızının axtarışında olmuşdur. Mobil telefonu evdə unutduğundan bu barədə müəssisə rəhbərliyinin telefon yaddaşında olan nömrəsinə zəng edib xəbər verə bilməmişdir. Sanki müəssisə rəhbərinə bəhanə lazım imiş ki, 20 saatdan sonra işə çıxanda onu dindirmədən, izahat istəmədən Baş idarədən komissiya tələb etmişdir ki, bu komissiya da onun qarşısında dilemma qoymuşdur: ya işdən qovulmalıdır, ya da onların standart formalı ərizəsini imzalayıb onlara təqdim etməlidir ki, baş idarə rəhbərliyindən işdə saxlanılmaq üçün xahişini istəsinlər. Bundan sonra komissiyanın diktə etdikləri ilə nə yazdığının, necə yazdığının təsəvvvüründə olmadan ərizəni imzalayıb təhvil vermişdir. Heç məhkəmə - xəttşünaslıq ekspertizasına da ehtiyac yoxdur ki, onun özünə məxsus normal xətti ilə ailə problemlərinə görə stressə düşdüyü şəraitdə yazdığı xətt arasındakı fərqi görməsin. Ona xüsusi poçtla göndərilmiş işdənçıxma ərizəsində və əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrdə qanunvericiliyin heç bir tələbinə işəgötürən tərəfindən əməl edilməmişdir. Belə ki, ərizədə qanunvericiliyin tələbinə görə dərkanar qoyulmadan və dərkanardan da əvvəl Baş idarəyə rəsmi daxil olmasını təsdiqləyən ştamp olmadan, və sonuncusu, dərkənar olacağı təqdirdə müvafiq rəy verilmədən bu işdən çıxarma prosedurunun heç bir hüquqi əsası yoxdur. Lakin məsələnin bu hüquqi əhəmiyyətinə məhkəmə qətnaməsində lazımi hüquqi qiymət verilməmişdir. Məhkəmə çıxardığı qətnamədə işdən çıxarıldığı barədə ƏM-nin 68.2-ci maddəsinin ikinci hissəsinin ”a” bəndinə istinad etməklə işəgötürənin “Əmək müqaviləsinin ləğv edilməsi haqqında ”xx.xx.2023-cü il tarixli kə-133-2023-cü il tarixli əmrində yol verdiyi qanun pozuntusuna haqq qazandırmışdır. Halbuki, ƏM-nin 68.2-cimaddəsinin “a” bəndi özündə bu məcəllənin 69-cu maddəsinin həm 1-ci, həm də 3-cü hissələrini ehtiva edir. Məcəllənin 69.3-cü hissəsinə görə işçi yaşa, əliliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda, və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Nəzərə alsaq ki, ƏM-nin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqiaktların tələblərini yerinə yetirməyi işəgötürənin əsas vəzifəsi və məsuliyyəti kimi müəyyənləşdirir, işəgötürənin yalnız “şablon formalı” ərizəni əsas tutub, 35 illik fasiləsiz bir müəssisədə əmək fəaliyyətinə nə səbəbdən son qoymasının aydınlaşdırılmasına məhkəmə əhəmiyyət verməmişdir. Qüvvədə olan “İdarədaxili kargüzarlığın aparılması qaydalarına” görə işəgötürənə ünvanlanan və yaxud təqdim olunan hər bir sənəd (o cümlədən ərizə) müəssisənin “daxil olma tarixi və N –si” göstərilməklə rəsmiləşdirildikdən sonra, həm də əgər bu işdənçıxma barədə ərizədirsə, müəssisə rəhbərinin dərkənar ilə əmr layihəsi işlənməsi üçün müəssisənin kadr məsələləri strukturuna yönəldilməlidir. Lakin iddia ərizəsində göstərdiyi bu məsələlər məhkəmədə araşdırılmamışdır. Məhkəmə baxışı zamanı cavabdehin etirazı iddia ərizəsində göstərdikləri ilə müqayisəli şəkildə araşdırılmadan hakim hesab etmişdir ki, cavabdeh əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və işin hərtərəfli tam, obyektiv araşdırılmasını təmin etmişdir. Qanunun tələblərinə riayət olunmadan daxilolma qeydiyyatı və dərkənarsız şablon formalı ərizə əhəmiyyətsizdir və belə ərizə əsasında verilən əmr də qanunsuzdur. Odur ki, hakim iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndini müzakirə etməli idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz ünvanlayaraq etirazı onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti ilə razı deyil. Apellyasiya şikayətinin surətindən görünür ki, iddiaçı heç bir hüquqi əsaslandırma olmadan, formal olaraq apellyasiya şikayəti yazmaqla süründürməçiliyə və vaxt qazanmağa çalışmışdır. Belə ki, iddiaçı birinci inistansiya məhkəməsində yalandan göstərdiyi gah qızının qaçırılmasına görə xəstə olması, ərizəni necə yazması barədə xəbərinin olması, gah işəgötürənin təzyiqi ilə ərizə yazmasını göstərməsindən başqa heç bir sübut təqdim etməmişdir. Cavabdeh olaraq bütün sübutları məhkəməyə təqdim etmişi və toplanmış sübutlar əsasında məhkəmə qanuni qətnamə çıxarmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(007)-1341/2024 nömrəli qərardadında görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1341/2024 saylı qətnaməsi İddiaçı ünvanına sifarişli-xəbərnaməli poçt vasitəsi ilə göndərilmiş, İddiaçı xx.xx.2024-cü il tarixdə xəbərnaməni imza etməklə qətnaməni əldə etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı sözügedən qətnamədən şikayət vermiş, lakin şikayət verərkən qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl etməmişdir. Buna görə də, iddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Beləliklə, cavabdeh vəsatətində göstərilən səbəblərdən şikayəti vaxtında verə bilməmişdir. Göründüyü kimi İddiaçı qətnaməni rəsmi aldıqdan 1 (bir) ay 4 (gün) sonra apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bununla da İddiaçı apellyasiya şikayətinin verilmə müddətini ötürmüşdür. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(007)-1341/2024 saylı qətnamənin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş edir.
c) Proses iştirakçılarının izahatı
13. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyasının
14. 35-ci maddəsinin İ-İV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
15. Maddə 10. “b” bəndinə əsasən, əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdir.
16. Maddə 11. “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir.
17. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
18. Maddə 68.2 Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsünün olmasıdır.
19. Maddə 76.1. işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
20. Maddə 80.1. bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
21. Maddə 83.1. əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
22. Maddə 83.2. əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
31. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
34. İşin halları ilə müəyyən edilir ki, İddiaçı "xxxx" QSC ilə xx.xx.2012-ci il tarixli 9 nömrəli əmək müqaviləsi bağlayaraq, "xxxx" QSC-nin 2 saylı X5 sahəsində 12-ci dərəcə mexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə, 02 saylı X4 Sahəsinin mexaniki İddiaçı ərizə ilə "xxxx" QSC-yə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilməsini xahiş etmişdir. "xxxx" QSC-nin Baş icraçı direktoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli KƏ-1333-2023 nömrəli əmrə əsasən, xx.xx.2012-ci il tarixli 9 nömrəli əmək müqaviləsi əsasında QSC-nin 2 saylı X5 sahəsində 12-ci dərəcə mexanik vəzifəsində çalışan İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir.
35. İşdən göründüyü kimi, "xxxx" QSC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən xx.xx.2012-ci il tarixli əmək müqaviləsi bağlanmış və İddiaçı mexanik vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur.
36. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, işəgötürən "xxxx" QSC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işçinin öz ərizəsi əsasında xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Buna görə də, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi “əmrin ləğv edilməsi” hissəsində təmin edilməməlidir. Həmçinin, iddia tələbinin “işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissələri isə “əmrin ləğvi” tələbindən törəmə tələblərdir, əmrin ləğvi hissəsində iddia tələbi əsassız hesab olduğundan, iddiaçının göstərilən hissədə tələbləri də təmin edilə bilməzdi. İddiaçının apellyasiya şikayətində istinad etdiyi hallar, yəni qızının qaçırılmasına görə xəstə olması, ərizəni necə yazması barədə xəbərinin olması, işəgötürənin təzyiqi ilə ərizə yazması halları şəxsi mülahizələr olmaqla apellyasiya şikayətinin əsasını təşkil edən dəlilləri təsdiq edən hər hansı sübutun mövcud olmaması qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. İddiaçı əmək müqaviləsinə qanunsuz xitam verilməsi əsaslarına dair dəlillərini təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də qeyd edilən əmrin ləğv edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, İddiaçı QSC-nin baş icraçı direktoruna ünvanlamış olduğu 02 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, 02 oktyabr 2023-cü il tarixdən öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş və onun ərizəsi əsas götürülərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 5-ci bəndinə əsasən işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İddiaçı ərizəsindən görünür ki, 02 oktyabr 2023-cü il tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, yəni əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərmişdir.
37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
39. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
40. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
41. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (son dövrlərdə filial müdiri və digər şəxslərlə arasında yaranmış gəriginliyə görə sonuncuların onu əsassız olaraq işdən çıxarmaq qərarına gəlmələri və s.) dair sübutları məhkəməyə təqdim etməmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1341/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.