Məhkəmə qərarları › İş №2(103)-2206/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2206/2025

06.05.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2206/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 Əli oğlunun, cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2934/2024 saylı, 29 dekabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu ilə tarixinədək, daha sonra isə xx.xx.2021-ci il tarixindən Bakı Şəhəri Nizami Bələdiyyəsində aralarında bağlanmış əmək müqaviləsinə əsasən vergi müfəttişi vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixində isə tərəflər arasında əvvəlki vəzifənin icrası ilə əlaqədar tapşırıq müqaviləsi bağanmışdır. Bakı Şəhəri Nizami Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 16 nömrəli əmri əsasında iddiaçı ilə bağlanmış tapşırıq müqaviləsinə xitam verilmişdir.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə Nizami Bələdiyyəsinin sədri X9 Azərbaycan Respublikasının İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir.

3. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1053/2024 nöməli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsindən 2024-cü ilin fevral ayından 2024-cü ilin avqust ayına kimi orta aylıq əmək haqqı məbləğində (375 manat x 8 ay = 3000) 3000 manat təzminat ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, o, müəyyən fasilələrlə 2016-cı ildən Bakı Şəhəri Nizami Bələdiyyəsində vergi müfəttişi vəzifəsində işləmişdir. 2019-cu ildə ailə qurmuş və bununla bağlı işdən çıxmışdır. 2021-ci ilin avqustun 15-də yenidən Nizami Bələdiyyəsində vergi müfəttişi vəzifəsinə işə götürülmüşdür. Əvvəllər ştat üzrə işləsə də sonradan müqavilə üzrə işləmişdir. İşinin xarakteri təhkim olunduğu ərazidə vergi tədiyyələrinin yığılması ilə bağlıdır. Xidmət göstərdiyi ərazidə sakinlərin hörmətini qazanmış, tapşırıqların vaxtında və tam şəkildə həll olunmasına çalışmışdır. Bələdiyyə rəhbərliyinə xidmət göstərdiyi ərazi üzrə sakinlər tərəfindən heç bir şikayət daxil olmamışdır. Lakin onun göstərdiyi xidmət müqabilində Bələdiyyə rəhbərliyinin qanunsuz hərəkətləri onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bununla bağlı Bələdiyyənin sədrinə, digər səlahiyyətli vəzifəli şəxslərə etdiyi şikayət və müraciətlərinə baxılmamışdır. Onunla bağlanan əmək müqaviləsi qanunla tələb olunan qaydada rəsmiləşdirilmiş, lakin portala işlənməmişdir. Bələdiyyənin sədrinin tapşırıqlarını icra edən X1 adından çıxış edərək onun və digərlərinin müqavilələrini yığaraq gündə bir neçə dəfə yanına çağırıb işdən qovacağı, xidmət ərazilərini dəyişəcəyi ilə hədələyirdi, şəxsən onun, valideynlərinin ünvanına əxlaqsız söyüşlər söyür, təhqir edirdi. Xuraman Nəsibova onun xidmət göstərdiyi ərazidə yığım faizinin artıq olduğunu görüb guya sədrin göstərişi ilə həmin ərazini öz yaxın qohumuna verir. Halbuki, o, həmin ərazidə sakinlərlə işləmiş, gecə-gündüz əziyyət çəkmişdir. Bildirir ki, sonuncu dəfə onunla 7 yanvar 2024-cü il tarixdə müqavilə bağlanılmış, həmin müqaviləyə birtərəfli qaydada 12 fevral 2024-cü il tarixdə əsassız və qanunsuz olaraq xitam verilmişdir. O, cavabdeh Bakı Şəhəri Nizami Bələdiyyəsinin qanunsuz hərəkətləri və pozulmuş əmək hüquqlarının bərpa olunması barədə tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X8 Xidmətinin apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Nizami Bələdiyyəsinin sədri X9 onun qanunla qorunan əmək hüquqlarını pozmuşdur. X8 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə Nizami Bələdiyyəsinin sədri X9 Azərbaycan Respublikasının İXMnin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. X8 Xidmətinin həmin qərarından V.H.Quliyev Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmənin 19 aprel 2024-cü il tarixli qərarı ilə X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə inzibati iş üzrə X8 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. X8 Xidməti Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 3(103)-1053/2024 nöməli qərarı ilə şikayət təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 X8 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayət ərizəsi təmin edilməmişdir. Göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə cavabdeh Nizami Bələdiyyəsinin sədri X5 onun qanunla qorunan əmək hüquqlarını pozması müəyyən edilmişdir. O, cavabdeh Bələdiyyənin sədri X5 qanunsuz hərəkətləri nəticəsində 2024-cü ilin fevral ayından halhazıra kimi işsiz qalmış, maddi və mənəvi sarsıntılar keçirmişdir, yaxın qohum və dostlarının yardımı ilə gündəlik təlabatını təmin etmişdir. O, əmək hüquqlarının pozulması ilə bağlı təzminat tələbi ilə cavabdeh Nizami Bələdiyyəsinə “Mediasiya haqqında” qanuna əsasən mediasiya prosesinin tətbiqi barədə təkliflərini göndərsə də həmin təkliflərə cavab verilməmiş və ilkin mediasiya prosesində iştirak etməkdən imtina edilmişdir. Bu barədə ona Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli MŞB/8/2024-01743 saylı arayış verilmişdir. Ona görə də o, cavabdeh Bakı Şəhəri Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə təzminat ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2934/2024 saylı 29 dekabr 2024cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz iradə ifadəsi ilə cavabdeh orqanla tapşırıq müqaviləsi bağlamışdır. Halbuki, o, cavabdehdən onunla tapşırıq müqaviləsi deyil əmək müqaviləsi bağlanmasını tələb edə bilərdi. Bundan başqa iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1053/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından aydın olur ki, cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsi İddiaçı ilə əmək müqaviləsi bağlamalı idi. Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarı ilə iş materiallarının müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı Nizami Rayon Nizami Bələdiyyəsi tərəfindən yerli vergilərin yığılması ilə bağlı işlərə cəlb olunmuş, onlar arasında mövcud münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənməli olduğu halda, işçi ilə tapşırıq müqaviləsi bağlanmışdır.

8. Tələbdən göründüyü kimi iddiaçı 2024-cü ilin fevral ayından yəni tapşırıq müqaviləsinə xitam verildikdən sonra 2024-cü ilin avqust ayına kimi orta aylıq əmək haqqı 375 manat hesablanmaqla 8 ay üçün 3000 manat məbləğində təzminat ödənilməsini xahiş edir. Tapşırıq müqaviləsindən də görünür ki müqavilə 3 ay müddətinə bağlanmışdır. İddiaçı onunla əmək müqaviləsi bağlanmamasını mübahisələndirmək əvəzinə cavabdehdən işçi ilə işə götürən arasında yaranan və əmək məcəlləsi ilə tənzimlənən münasibət üzrə orta aylıq əmək haqqı 375 manat hesablanmaqla 8 ay üçün təzminat ödənilməsini xahiş etmişdir.

9. Əmək qanunvericiliyinə əsasən işəgötürən ilə işçi arasında əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Göründüyü kimi tərəflər arasında əmək münasibətləri yaranmamışdır. Odur ki, bütün qeyd olunanlardan müəyyən olunur ki, iddia tələbinin hüquqi əsası yoxdur. Bu səbəbdən iddia tələbi təmin edilə bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42, 44, 45 və 68-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2934/2024 saylı 29 dekabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini onunla əsaslandırır ki, cavabdeh Nizami Bələdiyyəsinin qanunsuz hərəkətləri və pozulmuş əmək hüquqlarının bərpa olunması barədə tədbirlər görülməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinə şikayət ərizəsi ilə müraciət etmişdir. X8 Xidmətinin apardığı araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdeh Nizami Bələdiyyəsinin sədri X9onun qanunla qorunan əmək hüquqlarını pozmuşdur. X8 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ilə Nizami Bələdiyyəsinin sədri X9 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimə edilmişdir. X8 Xidmətinin həmin qərarından V.H.Quliyev Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermiş və məhkəmənin 19 aprel 2024-cü il tarixli qərarı ilə X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1ci maddəsi ilə inzibati iş üzrə X8 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. X8 Xidməti Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarından Bakı Apellyasiya Məhəkəməsinə apellyasiya şikayəti vermiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 3(103)-1053/2024 saylı qərarı ilə şikayət təmin edilmiş, Nizami Rayon Məhkəməsinin 19 aprel 2024-cü il tarixli qərarı ləğv edilmiş və barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X5 X8 Xidmətinin xx.xx.2024-cü iltarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməmişdir. Nizami Bələdiyyəsinin onun işdən qanunsuz və əsassız olaraq çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir.O, yalnız əmək hüquqlarının pozulması və bu pozuntulara yol verən təqsirli şəxsdən ona vurulan maddi ziyana görə təzminat tələbini irəli sürür. Bu onun hüququdur-işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbi ilə deyil, işəgötürənin qanunsuz hərəkətləri nəticəsində vurulan ziyanın ödənilməsini tələb edir. Məhkəmə işin bu həqiqi hallarını bir tərəfə qoyub, tətbiq edilməli olan normanı deyil, tətbiq edilməli olmayan normaları tətbiq edir. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 44, 45 və 68-ci maddələrinin və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1 və 777.2-ci maddələrinin normalarını tətbiq etməkdə səhv etmişdir. O, əmək münasibətlərinə xitam verilməsi ilə bağlı kənar təsirlərin, ona göstərilən təzyiqlərin, hədə-qorxuların olduğunu, tək qadın olduğunu, iş tapmaq mümkünsüzlüyünü işəgötürənə bildirsə də, işəgötürən öz qərəzli mövqeyindən çəkilməmiş və əmək hüquqlarını pozmuşdur. Həmçinin, o, əmək hüquq münasibətlərinin pozuntusu ilə bağlı “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun olaraq öz təkliflərini işəgötürənə göndərmiş, lakin heç bir cavab almamış, mediasiya prosesinə başlannılmış və işəgötürən prosesdə iştirakdan imtina etmişdir. Məhkəmə qətnaməsindən görünür ki, iş üzrə tərəflərin qarşılıqlı münasibətləri ədalət mühakiməsinin tələbləri baxımından düzgün qiymətləndirilməmişdir. Belə ki, cavabdeh Nizami Bələdiyyəsinin istər məhkəməyə qədər və istərsə də məhkəmə gedişi zamanı ona qarşı davranışında, qanunazidd hərəkətlərində öz münasibətlərini nümayiş etdirərək, onun əmək münasibətlərinə xitam verilməsindən sonra işə düzəlmək imkanlarını da məhdudlaşdırmışdır. Məhkəmə qətnaməsində göstərir ki, “belə ki, məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddia tələbinin hüquqi əsası yoxdur. Göründüyü kimi tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır. xx.xx.2024-cü il tarixindən İddiaçı ilə 3 ay müddətinə “tapşırıq müqaviləsi” bağlanmışdır”. Əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin qeyd edilir ki, mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək münasibətlərinin predmetini isə işçinin əmək fəaliyyəti təşkil edir. İşçinin əmək fəaliyyəti müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olduğu halda, mülki hüquqi müqavilələrdə icraçının fəaliyyəti, adətən müəssisənin istehsal fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmadan, birdəfəlik və ya dövrü xarakter daşıyır. Əmək müqavilələrində işçi əmək funksiyasını şəxsən icra etməli və işəgötürəndən əmək funksiyası ilə bağlı daxil olan tapşırıqları yerinə yetirməli olduğu halda, mülki-hüquqi müqavilələrdə icraçı müqavilədə müəyyən olunan formada nəticə ilə yekunlaşan konkret işi və ya xidməti yerinə yetirməlidir. Əmək Məcəlləsinin 7-ci maddəsinə yeni məzmunda 2-3-cü və 2-4-cü hissələr də qeyd edilən Tövsiyəyə uyğun olaraq əlavə edilmiş və 2-3-cü hissədə gös təri lən hallarda, o cümlədən tərəflər arasında münasibətlərin işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandığı halda (2-3.4-cü hissə), həmin münasibətlərin məhz əmək münasibətləri hesab olunduğu və əmək müqaviləsinin bağlanılmasının məcburiliyi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Məhkəmə bu mövqeyi ilə prosessual hüquq normalarını pozaraq iddia tələblərindən kənara çıxmışdır. Məhkəmə davam edir: “İddiaçı öz iradə ifadəsi ilə cavabdeh orqanla tapşırıq müqaviləsi bağlamışdır. Halbuki, o, cavabdehdən onunla tapşırıq müqaviləsi deyil əmək müqaviləsi bağlanmasını tələb edə bilərdi.” Daha sonra, məhkəmə qeyd edir ki, “beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli qərarı ilə iş materiallarının müqayisəli təhlili belə qənaətə gəlməyə əsas verir ki, İddiaçıKamil qızı Nizami Rayon Nizami Bələdiyyəsi tərəfindən yerli vergilərin yığılması ilə bağlı işlərə cəlb olunmuş, onlar arasında mövcud münasibətlər Əmək Məcəlləsi ilə tənzimlənməli olduğu halda, işçi ilə tapşırıq müqaviləsi bağlanmışdır.” Həmçinin və nəhayət, qətnamədə deyilir ki, “iddiaçı onunla əmək müqaviləsi bağlanmamasını mübahisələndirmək əvəzinə cavabdehdən işçi ilə işə götürən arasında yaranan və Əmək Məcəlləsi ilə tənzimlənən münasibət üzrə orta aylıq əmək haqqı 375 manat hesablanmaqla 8 ay üçün təzminat ödənilməsini xahiş edir.” Mübahisə predmeti qalıb bir yanda, məhkəmə nə dediyinin fərqində deyil. Guya, iddiaçı onunla əmək müqaviləsi bağlanmamasını mübahisələndirsəydi, məhkəmə iddianı təmin edəcəkmiş.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iştiak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, ona vurulmuş maddi ziyanın kompensasiya şəklində ödənilməsini tələb edir. O bildirir ki, Nizami Rayon Nizami Bələdiyyəsinin sədri onun barəsində əmək qanunvericiliyi ilə bağlı tətbiq etdiyi tədbirlər qanunsuz və əsassız olmuşdur. Bununla bağlı X6 şikayətlə müraciət etmişdir. X8 27 mart 2024-cü il tarixdə qərar qəbul edərək İXM-nin 192.1-ci maddəsinin pozulması ilə bağlı Nizami Rayon Nizami Bələdiyyəsinin sədrinin cərimələnməsi ilə bağlı qərar qəbul etmişdir. Nizami Rayon Nizami Bələdiyyəsinin sədri həmin qərarla razılaşmamış, həmin qərarı ləğv olunması ilə bağlı Nizami Rayon Məhkəməsinə müraciət etmiş, Nizami Rayon Məhkəməsi həmin şikayəti təmin etmişdir. Birinci instansiya məhkəməsi qeyd edir ki, gərək iddiaçı işə bərpa ilə bağlı məhkəməyə müraciət edərdi. İddiaçı isə bildirir ki, əgər onunla bağlı məhkəməyə müraciət etsə idi, məhkəmə onun iddiasını təmin etməyəcəkdi. Bu iddiaçının öz iradəsidir. İddiaçı barəsində yol vermiş pozuntulara görə cavabdeh X8 tərəfindən cərimələnmişdir. İddiaçı barəsində əmək müqaviləsi olmuşdur. İstər əmək müqaviləsi, istərsə də tapşırıq müqaviləsi olsun, işçi öz üzərinə düşən əmək funksiyası üzrə vəzifələrini icra etmişdir. İddiaçının qanunla qorunan əmək hüquqları pozulmuşdur. İddiaçı məhkəməyə müraciət etməyəcəkdi, lakin X3 qərarı ilə iddiaçının əmək hüquqlarının pozulması müəyyən olunduğundan məhkəmyə müraciət etmişdir

15. Məhkəmə iclasında iştiak edən cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçı ilə əvvəl əmək müqaviləsi bağlanmışdır, bundan sonra əmək müqaviləsinə ƏM-nin 68-ci maddəsinin “a” bəndində əsasən xitam verilmişdir. 5 il sonra iddiaçı yenidən cavabdehə müraciət etmişdir, bu dəfə onun əmək müqaviləsi deyil, tapşırıq müqaviləsi bağlanılmışdır və tapşırıq müqaviləsinin şərtlərinə əməl etmədiyindən həmin müqaviləyə xitam verilmişdir. Bundan sonra iddiaçı X8 Xidmətinə müraciət etmişdir. Halbuki iddiaçı öz işinə qayıtmaq istəyirdisə, o zaman əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının tələb edilməsi ilə bağlı məhkəməyə müraciət etməli idi. Nizami Rayon Nizami Bələdiyyəsinin sədrinin cərimələnməsi o demək deyildir ki, iddiaçı ilə bağlanmış tapşırıq müqaviləsinə xitam verilsin. Ona görə cərimələnmişdir ki, iddiaçı ilə əmək müqaviləsi bağlanmalı olduğu halda tapşırıq müqaviləsi bağlanmışdır. İddiaçı tərəf ehtimalla iddia qaldırır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.

Apellyasiya baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq 20.Azərbaycan Respublikası Konstitusiyasının əməyin azadlığını bəyan edən 35-ci maddəsinə əsasən, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin

21.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 22.-cü maddəsinə əsasən, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 23.6-cı maddəsinin “d” bəndi ilə podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülkihüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmədiyi təsbit edilmişdir. 24.42-ci maddəsinin birinci bəndinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 25.191.1-ci maddəsin görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 26.191.2-ci maddəsinə görə, ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda və bu şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 27.194.1-ci maddəsinə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 28.194.2-ci maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. 29.195-ci maddəsinə əsasən, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda. 30.195-ci maddəsinə əsasən, işçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

31.389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 32.390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.

33.“Məşğulluq haqqında” Qanunun 11.1-ci və 11.2-ci maddələrinə əsasən dövlət sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə əlavə iş yerləri və sosial müəssisələr yaratmaq, onlar üçün uyğunlaşdırılmış təlim proqramları əsasında peşə hazırlığı kursları təşkil etmək, habelə kvota müəyyən etmək yolu ilə əlavə təminatlar verir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası və kvota şamil edilməyən müəssisələrin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

34. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).

35. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).

36. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından şikayət təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir.

38. İş materiallarından göründüyü kimi, İddiaçı xx.xx.2017-ci il tarixindən xx.xx.2019-cu ilə tarixinədək, daha sonra isə xx.xx.2021-ci il tarixindən aralarında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdehndə vergi müfəttişi vəzifəsində işləmişdir. xx.xx.2024-cü il tarixində isə tərəflər arasında əvvəlki vəzifənin icrası ilə əlaqədar tapşırıq müqaviləsi bağanmışdır. Cavabdeh xx.xx.2024-cü il tarixli 16 nömrəli əmri əsasında iddiaçı ilə bağlanmış tapşırıq müqaviləsinə xitam verilmişdir.

39. Hazırda iddiaçı əmək hüquqlarının pozulması ilə əlaqədar vurulmuş maddi zərərə görə Cavabdehndən 2024-cü ilin fevral ayından 2024-cü ilin avqust ayına kimi (müqaviləyə xitam verildiyi vaxtdan məhkəməyə müraciət etdiyi vaxtadək) orta aylıq əmək haqqı məbləğində 3000 (üç min) manat təzminat ödənilməsini xahiş edir.

40. İrəli sürülən iddia tələblərini əsaslandırdığı hüquqi faktların sübutu olaraq iddiaçı, əmək hüquqularının pozulması faktı üzrə Cavabdeh sədri X5 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 4000 manat məbləğində cərimələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X8 Xidmətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarına, habelə bu qərarı qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1053/2024 nöməli qərarına istinad edir.

41. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(103)-1053/2024 nöməli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarına istinadən qeyd edilmişdir ki, Əmək Məcəlləsi ilə əmək münasibətlərinə verilmiş anlayışa əsasən, bu münasibətlərin xarakterik cəhətləri olaraq, ilk növbədə, bir tərəfin fiziki şəxs olması, onun, yəni işçinin müəssisədaxili intizam qaydalarına tabe olması, əmək müqaviləsi üzrə şərtləşdirilmiş əmək funksiyalarını müvafiq iş yerində şəxsən yerinə yetirməsi çıxış edir. Münasibətlərin digər subyekti olan işəgötürən isə işçini müvafiq işlə, habelə sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin etməli və onun əməyinin qarşılığını (əmək haqqını) ödəməlidir.

42. Qərarda həmçinin qeyd edilmişdir ki, əmək münasibətlərindən fərqli olaraq, mülki hüquq münasibətləri əsasən istər hüquqi, istərsə də faktiki cəhətdən tərəflərin bərabərliyinə əsaslanan münasibətlərdir və mülki qanunvericiliyin təməl prinsiplərindən biri olaraq mülki hüquq subyektlərinin bərabərliyi qəbul edilmişdir. Məhz bu səbəbdəndir ki, mülki münasibətləri tənzimləyən mülki hüquq normaları mahiyyətcə daha çox dispozitiv xarakterli olmaqla, tərəflərin azad iradə ifadəsi ilə müəyyən etdikləri müqavilə şərtləri üzrə tənzimetməyə üstünlük verir.

43. Beləliklə də, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Cavabdeh tərəfindən İddiaçı ilə yaranmış əmək münasibətlərinin mülki-hüquqi müqavilə ilə rəsmiləşdirildiyini qanunazidd olduğu qənaətinə gəlmişdir.

44. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, törədilməsi təsdiq edilən inzibati xətaya dair cavabdeh barəsində çıxarılmış məhkəmənin qərarı hazırkı mülki iş üzrə işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyətə malik olmasa da, qeyd olunan inzibati xətaya dair məhkəmə aktı ilə müəyyən edilmiş faktlarla yanaşı, işə əlavə edilmiş digər sübutlara da istinad edilərək iddia tələblərinin qismən əsaslı olması nəticəsinə gəlmək, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlilləri ilə də qismən razılaşmaq mümkündür.

45. Belə ki, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun, sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti göstərməklə, müqavilənin daha zəif və asılı tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alındığı halda, mülki hüquq normaları, əsasən tərəflərin bərabərliyinə, mənafelərinin qarşılıqlı təmin olunmasına əsaslanır. Bu səbəbdəndir ki, Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsində əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməz olduğu qeyd olunur.

46. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətləri işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətinin olması (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) ilə mülki münasibətlərdən fərqlənir.

47. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır.

48. Hazırkı işin hallarından da görünür ki, İddiaçı daha əvvəl tərəflər arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdehndə vergi müfəttişi vəzifəsi üzrə işləmişdir. Cavabdeh tərəflər arasında yaranmış əmək münasibətlərini daha sonra mülkihüquqi müqavilə vasitəsilə rəsmiləşdirməklə iddiaçının əmək hüquqlarını pozmuş, onun işləmək hüququnu təminat altına almayaraq özünü əmək qanunvericiliyi ilə işəgötürənə aid edilən öhdəlik və vəzifələrdən azad etmişdir.

49. Beləliklə də, işdə olan sübutlara əsasən iddiaçının əmək hüquqlarının cavabdeh tərəfindən pozulduğu, yəni işəgötürənin əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydalara zidd davrandığı öz təsdiqini tapmışdır.

50. Məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.

51. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

52. Məhkəmə kollegiyası işin faktiki hallarını müzakirə edərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlsə də, işə baxılan zaman müəyyən edilmiş tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gələn, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarını tətbiq etməmiş, mübahisəni həll edərkən əmək münasibətləri prosesində işəgötürənin işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşımasını tənzimləyən Əmək Məcəlləsinin 195-ci maddəsinə əsaslanmamışdır.

53. Məcəllənin sözügedən maddəsinə əsasən qeyd edilməlidir ki, əmək münasibətləri prosesində işəgötürənin işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıması qanunvericilikdə nəzərdə tutulmuş müvafiq hallarla məhdudlaşmışdır.

54. Belə ki, işəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilməsi nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; c) işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə; ç) əmək funksiyasını yerinə yetirərkən işçinin şəxsi əşyalarının və ya digər əmlakının işəgötürən tərəfindən mühafizəsi, saxlanılması lazımi qaydada təşkil olunmadığına görə onların korlanması, oğurlanması nəticəsində ziyan vurulduqda, həmçinin bu əşyaların fiziki aşınması ilə əlaqədar ziyan dəydikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; e) əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin işəgötürən tərəfindən daxil edilməsi nəticəsində işçilərə maddi, mənəvi ziyan dəydikdə; ə) əmək müqaviləsi ləğv edildikdən sonra işəgötürən tərəfindən hər hansı üsulla işçinin şəxsi və peşəkarlıq keyfiyyətlərinin aşağı səviyyədə olması barədə həqiqətə uyğun olmayan, habelə şəxsiyyətini ləkələyən digər məlumatlar yaydığına görə işə düzələ bilməməsi ilə əlaqədar işçiyə maddi və mənəvi ziyan vurulduqda; f) əmək müqaviləsi üzrə işəgötürən digər öhdəliklərini yerinə yetirmədiyinə görə işçiyə maddi ziyan dəydikdə; g) işçi seksual qısnamaya məruz qaldıqda.

55. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 195-ci maddəsində göstərilən hallar müəyyən edildikdə işçiyə dəymiş maddi zərər ödənilir. Hazırkı işdə isə yuxarıda sadalanan bu hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Belə olan halda da iddiaçının malik olduğu müvafiq subyektiv hüququnun cavabdeh tərəfindən pozulduğuna baxmayaraq, onun bu hərəkəti iddiaçının qarşısında maddi məsuliyyətinin yaranmasına əsas olmamışdır. Bunun nəticəsində işəgötürən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir.

56. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia məhz iddiaçının məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmaması əsası ilə rədd edilməlidir.

57. Belələliklə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ədalətli məhkəmə araşdırması hüququnu pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinə əsasən qismən əsaslıdır, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır.

58. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

60. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2934/2024 saylı 29 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdeh Nizami Rayon Nizami Bələdiyyəsinə qarşı “əmək hüquqlarının pozulmasına görə maddi zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar