Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2208/2020 09.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndələri X2 və X3 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2732/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Eyvazov küçəsi ev 176A ünvanında funksional təyinatı özbaşına qeyri-yaşayış obyekti kimi dəyişdirilmiş fərdi yaşayış evinin əvvəlki vəziyyətinin (fərdi yaşayış evi kimi) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(010)- 2732/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında cavabdehin vəkili X7 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndələri X4 və X5 isə apellyasiya şikayətinə etiraz etdilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 175,4 kv.m olan fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Həmin evin birinci mərtəbəsinin bir hissəsində aptek fəaliyyət göstərir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən yaşayış evinin funksional təyinatı dəyişdirilmiş və özbaşına qeyri-yaşayış sahəsinə keçirilmişdir. Həmin dəyişikliklərin aparılmasına əsas verən sənədlər təqdim olunmadığından cavabdehdən fəaliyyətin dayandırılması və tikilinin əvvəlki vəziyyətə gətirilməsi dəfələrlə tələb edilsə də, həmin tələblər yerinə yetirilməmiş, fərdi yaşayış evindən qeyri-yaşayış obyekti (aptek) kimi istifadə edilməyə başlanılmışdır. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, mübahisəli sahələr əvvəlcədən təyinatı üzrə qeyri-yaşayış sahələri (anbar və qaraj) kimi layihələşdirilmiş və inşa olunmuşdur. Ümumilikdə isə evin funksional vəziyyəti dəyişdirilməyib və təyinatı üzrə fərdi yaşayış evi kimi istifadə olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4-cü bəndində yerli icra hakimiyyəti başçısının səlahiyyətləri göstərilmişdir. Həmin səlahiyyətlərdən biri kimi aşağıdakı müəyyən edilmişdir: - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi barədə qərar qəbul etmək (4.9.11.). Bununla yanaşı yerli icra hakimiyyətlərinin bu sahəyə nəzarət etmək, yəni hüquqi və ya fiziki şəxslər tərəfindən özbaşına olaraq yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinin qarşısının alınması ilə bağlı tədbirlərin həyata keçirilməsi səlahiyyətləri müəyyən edilməmişdir. Mənzil Məcəlləsində də bununla bağlı hər hansı müddəa nəzərdə tutulmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iddia buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmışdır. Bununla bağlı kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı iddia tələbləri buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə, sübutlar araşdırılmadan rədd olunmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almayaraq iddiaçının müvafiq subyektiv hüquqa malik olması nəticəsinə gəlmiş və həmin nəticəni “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27, 31, 32-ci bəndləri ilə əsaslandırmışdır (səhifə 3, sonuncu abzas). Bununla bağlı kollegiya qeyd edir ki,Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamədə həmin nömrəli bəndlər ümumiyyətlə yoxdur. Məhkəmənin istinad etdiyi həmin bəndlərin məzmunu isə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 27, 31, 32-ci bəndlərinə aiddir. Lakin həmin Əsasnamə Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə qüvvədən düşmüş, məhkəmə isə bunu nəzərə almamış və qüvvədən düşmüş Əsasnaməyə istinad etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2732/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Bakı şəhəri İddiaçı Cavabdeh qarşı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yusub Eyvazov küçəsi ev 176A ünvanında funksional təyinatı özbaşına qeyri-yaşayış obyekti kimi dəyişdirilmiş fərdi yaşayış evinin əvvəlki vəziyyətinin (fərdi yaşayış evi kimi) bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-2208/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2208/2020
09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver