Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2211/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “pul tələbi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Cavabdehin nümayəndəsi (atası), həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Cavabdeh qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin xeyrinə 15.556,00 (on beş min beş yüz əlli altı) Avro və 12.665,17 (on iki min altı yüz altımış beş manat,on yeddi qəpik ) AZN vəsaitin tutularaq Elm və Təhsil Nazirliyinin müvafiq bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Ülkər Xəlil) ilə iddia təmin edilmiş, Cavabdeh 15556 avro (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş avronun manata nisbətən məzənnəsi nəzərə alınmaqla) və 12665,17 manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə ödənilməsi qərara alınmışdır.
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
4. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normaları pozulmaqla qəbul edildiyini bildirmiş, bu səbəbdən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
5. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi (atası), həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əliyev Kamran apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, həmin fakültədə oxumaq çətin olduğu üçün onun övladı fakültəni dəyişdirdi, onlar bu dəyişiklik barədə şifahi qaydada məlumat vermişlər, çox tələbə həmin fakültədən çıxmışdır, hazırda həmin universitet müvafiq dövlət proqramı üzrə təhsil haqqı ödənilən universitetlərin siyahısından da çıxarılmışdır. Həmçinin qeyd etdi ki, özünün müəyyən qazancı olsa da, hazırda iki uşağının oxuması ilə bağlı hazırkı məbləği birdəfəlik ödəməyə maddi imkanı yoxdur, lakin ödənişi etməkdən qaçmır, hissə- hissə ödəmək və ya ödəmənin müəyyən müddətə təxirə salınması vəziyyətdən çıxış yolu ola bilərdi. Bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
6. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, eyni zamanda da göstərdi ki, cavabdeh tərəfin qət olunan məbləğin hissə-hissə ödənilməsi və ya ödəmənin müəyyən müddətə təxirə salınması ilə baglı istəkləri icra mərhələsinə aid olan məsələlərdir. Sübutların tədqiqi:
7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında Ali Təhsil Sisteminin Beynəlxalq Rəqabətliliyinin Artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupunun xx.xx.2024-cü il tarixli, 3-29-64/2-152/2024 nömrəli məktubuna əsasən müəyyən olunur ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmri ilə Belçika Krallığının “KU Leuven” xarici ali təhsil müəssisəsində onun bakalavr təhsilinin maliyyələşdirilməsi nəzərdə tutulmuşdur. Onunla bağlanmış ikitərəfli müqaviləyə əsasən təhsil müddətinin 2022-ci il sentyabr ayından 2025-ci il sentyabr ayınadək olan dövrü əhatə edir. Müqavilənin 3.3.12-ci yarımbəndinə əsasən təhsil aldığı ixtisas istiqamətini dəyişdirdiyinə görə Nazirlik tərəfindən onun təhsilinə çəkilən xərcləri 2 aydan gec olmayaraq qaytarmağı tələb olunur.
8. Azərbaycan Respublikasının Elm və Təhsil naziri Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2022-ci il tarixli F-473 nömrəli əmrində dəyişikliyin edilməsi ilə bağlı X2 Qrupu, Hüquq şöbəsi, Beynəlxalq əməkdaşlıq şöbəsi və Maliyyə şöbəsi İ.Abaszadə, A.Əhməd, Ə.Əliyev, Cavabdeh, Z.Hacıyeva, L.Lətifova, H.Səfərli və Elm və Təhsil Nazirliyi arasında bağlanmış ikitərəfli müvafiq müqavilənin 6.-ci maddəsinə uyğun olaraq onların təhsillərinin maliyyələşdirilməsi üçün istifadə edilmiş vəsaitin geri qaytarılması məqsədilə müvafiq tədbirlər görülməsi əmr edilmişdir.
9. Azərbaycan Respublikasının elm və təhsil nazirinin xx.xx.2022-ci il tarixli F473 №li əmri ilə təsdiq edilmiş Azərbaycan Repsublikası Elm və Təhsil Nazirliyi və “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022- 2026-cı illər üşün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 13 nömrəli müqaviləyə əsasən Proqram iştirakçısının Belçika Krallığınnın “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnologiyası” ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsilin maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir.
10. Həmin Müqavilənin 3.2.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı tərəfindən bu Müqavilənin şərtləri pozulduqda Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq çəkilmiş xərclərin məbləğinin geri qayrarılmasını ondan tələb etmək Nazirliyin hüquqlarından biridir.
11. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə, İdarəetmə qrupu tərəfindən 1 ay ərzində xəbərdarlıq edilir və bu barədə ona bildiriş göndərilir. Proqram iştirakçısı idarəetmə qrupunun təqdim etdiyi bildiriş əsasında təhsilini səbəbindən asılı olmayaraq xaricdə davam etdirə bilmədikdə bu hal baş verdiyi tarixdən 2 ay müddətində geri qaytarmalıdır.
12. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2022-ci il tarixli , 02 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 4116 avro məbləğində pul ödənilmişdir.
13. “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabərliliyinin artırılması üzrə Dövlət Proqramı”nın İdarəetmə Qrupu tərəfindən vəsait alanların plastik kartlarına vəsaitlərin "xxxx" ASC-nin Mərkəzi filialı tərəfindən mədaxil edilməsi barədə xx.xx.2022-ci il tarixli , 05 nömrəli reyestrə əsasən müəyyən olunur ki, Cavabdeh üçün 11440 avro məbləğində pul ödənilmişdir.
14. 22.12.2022-ci il tarixli 04 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 11711,69 manat məbləğində pul köçürülmüşdür.
15. 2022-ci ilin dekabr ayında 08 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə təhsil alanların xərclərindən Cavabdeh şəxsi bank hesabına 900,33 manat məbləğində pul köçürülmüşdür. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
18. 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.
19. 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
21. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
37. Belə ki, Azərbaycan Repsublikası Elm və Təhsil Nazirliyi ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üşün Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisəsində bakalavriat və magistratura səviyyəsində təhsil almaq hüququ əldə etmiş Azərbaycan Respublikası vətəndaşı Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 13 nömrəli müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən cavabdeh Belçika Krallığının “KU Leuven” ali təhsil müəssisəsində “Mühəndislik texnologiyası” ixtisası üzrə sentyabr 2022-ci ildən sentyabr 2025-ci ilə kimi Bakalavr təhsil səviyyəsi üzrə 3 il müddətinə təhsil alması və təhsilin iddiaçı tərəfindən maliyyələşdirilməsinə dair tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Həmin Müqavilənin 6.2-ci yarımbəndinə əsasən proqram iştirakçısı bu Müqavilə üzrə öhdəliklərini icra etmədikdə, İdarəetmə qrupu tərəfindən 1 ay ərzində xəbərdarlıq edilir və bu barədə ona bildiriş göndərilir. Proqram iştirakçısı idarəetmə qrupunun təqdim etdiyi bildiriş əsasında təhsilini səbəbindən asılı olmayaraq xaricdə davam etdirə bilmədikdə bu hal baş verdiyi tarixdən 2 ay müddətində geri qaytarılmalı olması qeyd olunmuşdur. Cavabdeh tərəfindən müvafiq ixtisas üzrə təhsilin davam etdirilməməsinə baxmayaraq, müqavilə üzrə yaranmış borc tərəfindən ödənilməmişdir.
38. Beləliklə, işin müəyyən edilən hallarına əsasən iddiaçı müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirərək razılaşdırılmış ödənişi həyata keçirmiş, lakin cavabdeh təhsilini davam etdirə bilməsə də, müqavilə üzrə nəzərdə tutulmuş 2 ay ərzində müvafiq təhsilə çəkilən xərcləri geri qaytarmaq vəzifəsini yerinə yetirməmişdir, bu səbəbdən apellyasiya şikayətinin dəlilləri əsassızdır.
39. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs (həmçinin cavabdehin nümayəndəsi (atası)) Əliyev Kamran tələb olunan məbləği birdəfəyə ödəmək imkanının olmadığını, lakin ödənişi etməkdən qaçmadığını bildirmişdir. Nəticə:
40. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.
42. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-267/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.