Məhkəmə qərarları › İş №2(103)-2212/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2212/2025

20.05.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2212/2025 20.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı mülki iş üzrə (açar sözlər: işə bərpa və əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-824/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İşçi İddiaçı ilə işəgötürən "xxxx" QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müddətsiz əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC/TV Layihələr Studiyasında rejissor vəzifəsinə işə qəbul edilmişdir. Tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinin 4.1., 4.2, 4.16., 4.17. və 4.23-cü bəndlərindən müəyyən olunur ki, işçinin aylıq əmək haqqı 365 manat taarif haqqından (vəzifə maaşından) ibarətdir, işçi gündə 8 saatdan, həftədə 40 saatdan çox olmayaraq işləyir, iş saatı 09-00-da başlayır, saat 18-00-da başa çatır, nahar vaxtı saat 13- 00-dan 14-00-dək, istirahət günləri hər həftənin şənbə və bazar günləridir. Kadrlar və Xüsusi İşlər departamentinin rəisi İ.Hüseynova, Daxili Nəzarət və Audit departamentinin rəisi T.Babayev və televiziyanın Xüsusi Layihələr Studiyasının rəisi H.Əsadzadənin tərtib edərək imzaladıqları xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı 2024-cü il yanvarın 14-də məzuniyyətinin bitməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan işə gəlməmiş, 2024-cü il yanvarın 25-də onunla (050)343-04-85 nömrəsindən əlaqə saxlamaq mümkün olmadığına görə həmin studiyanın inzibatçısı F.Muxtarovadan onun Türkiyə nömrəsi alınmış, Kadrlar və Xüsusi İşlər departamentinin rəisi İ.Hüseynova onunla (+90 ***-***-**-**) nömrəsindən əlaqə saxladıqda onun Türkiyədə olduğu müəyyən edilmişdir. Televiziyanın “Xüsusi Layihələr” Studiyasının direktoru H.Əsədzadə tərəfindən "xxxx" QSC-nin sədri Rövşən Məmmədova ünvanlanan təqdimatdan müəyyən olunur ki, televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı məzuniyyət müddətinin 2024-cü il yanvarın 14-də bitməsinə baxmayaraq işə gəlməməsi, bununla bağlı heç bir sənəd təqdim etməməsi bildirilərək müvafiq ölçü götürülməsi xahiş edilmişdir. "xxxx" QSC-nin "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin sədrinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı məzuniyyət müddətinin 2024-cü il yanvarın 14-də bitməsinə baxmayaraq xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir üzrlü səbəb olmadan iş yerinə gəlmədiyindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinin tələblərini pozması bildirilərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilməsinə razılıq verilməsi xahiş olunmuşdur. "xxxx" QSC-nin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, ƏM-in 80-ci maddəsinin 1-ci hissəsinə əsasən Həmkarlar İttifaqı Komitəsinin üzvlərinin xx.xx.2024-cü il tarixdə keçirilmiş iclasında Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı işdən azad edilməsinə etiraz edilməməsi barədə qərar qəbul edilmişdir. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 129 k\d nömrəli əmrindən müəyyən olunur ki, Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək heç bir üzrlü səbəb olmadan iş yerinə gəlməməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinin tələblərini pozduğundan Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən 12 fevral 2024-cü il tarixdən tutduğu vəzifədən azad olunması, işçiyə xx.xx.2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 68 gün məzuniyyət gününə görə son haqqhesabın qanunvericiliyə uyğun şəkildə hesablanması əmr edilmişdir. Əmrin verilməsinə əsas televiziyanın “Xüsusi Layihələr” Studiyasının direktoru H.Əzədzadənin təqdimatı, akt, Həmkarlar İttifaqı Komitəsinin məktubu və qərarı olmuşdur. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 129 k\d nömrəli əmrin surətində aparılmış qeyddən müəyyən olunur ki, iddiaçı xx.xx.2024-cü il tarixdə əmrlə tanış olaraq, 1 nüsxəsini götürməsini imzası ilə təsdiq etmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, İddiaçı “əmək mübahisəsi, əmrin ləğv olunması, işə bərpa və əmək haqqının ödənilməsi üzrə” mediasiya prosesinin tətbiqi barədə təklifi "xxxx" QSC-yə xx.xx.2024-cü il tarixdə göndərmişdir. X2 iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/14/2024-00639 saylı arayışdan görünür ki, "xxxx" QSC X2 iştirak etməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 129 k/d saylı əmrinin ləğv edilərək onun işə bərpa olunması və 5 il ərzində ona ƏMAS informasiya sistemində onun üçün müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi vəzifəsinin "xxxx" QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, "xxxx" QSC-də 1994-cü il tarixdən rejissor assitenti kimi işə başlamış və sonuncu vəzifəsi Xüsusi Layihələr Studiyasının 1-ci kateqoriyalı rejissoru olmuşdur. Qarabağ müharibəsi veteranıdır və 1-ci Qarabağ müharibəsində Qubadlı bölgəsindəki döyüş əməliyyatlarında iştirak etmişdir. 2006-cı ilədək televiziyada rejissorlar əmək haqqını həm vaxtamuzd, həm də işəmuzd qaydasında alırdılar, yəni onlara həm rəsmi əmək haqqı verilirdi, həm də ay ərzində gördükləri işə görə qonorar ödənilirdi. 2006-cı ildən onları yalnız işəmuzd əmək haqqı sisteminə keçirmişlər. Bu əmək haqqı sistemində yalnız ay ərzində işəgötürən tərəfindən verilən sifariş əsasında gördükləri işə görə qonorar ödənilirdi. İşəmuzd əmək haqqı sisteminə keçirildikdən sonra AzTV-nin rəhbərliyi tərəfindən ona müəyyən verilişləri hazırlamaq tapşırılırdı və həmin verilişlər efirdə yayımlandıqdan sonra ona qonorar ödənilirdi. Lakin AzTV-nin rəhbərliyinə hazırki sədr Rövşən Məmmədov gəldikdən bir müddət sonra əvvəllər hazırladığı verilişlər ondan alındı və 2019-cu il tarixdən etibarən heç bir yeni veriliş təklif edilmədi. Beləliklə, 2019-cu ilin yanvar ayından işdən çıxarıldığı xx.xx.2024-cü il tarixədək ona bir manat da olsun əmək haqqı və ya qonorar ödənilmədi. İqtisadiyyatda və o cümlədən televiziyada işəmuzd əmək sistemi vaxtamuzd əmək sistemindən onunla fərqlənir ki, işəmuzd əmək sistemində saat 09.00-dan 18.00-dək iş yerində oturmağa ehtiyac yoxdur. İşəmuzd əmək sistemində çalışan jurnalist/rejissor televiziya məhsulunu istənilən vaxt və istənilən yerdə (öz iş yerində, başqa TV-lərdə, studiyalarda, evdə və digər yerlərdə) hazırlaya bilər və onların AzTV-də çalışan jurnalist/rejissorların demək olar ki, hamısı işə yalnız verilişi ya hazırlayarkən, ya da təhvil verərkən gəlirlər, veriliş olmayan vaxt, yəni vaxtamuzd əmək sistemində olduğu kimi bütün gününü əmək haqqı/qonorar ödənilməyən işdə oturmağa heç bir ehtiyac qalmır. Eyni zamanda, işdən çıxarıldığı xx.xx.2024-cü il tarixədək artıq 2 il idi ki, həm ölkəsində, həm də Türkiyə Cumhuriyyətində onkoloji və digər xəstəliklərdən mütəmadi olaraq müalicə olunmuşdur və artıq iş yerinə gələ bilməmişdir, belə ki, yuxarıda qeyd edildiyi kimi, rəhbərlik əvvəlcə birlikdə işləmək istəmədiyi onun kimi kadrların verilişlərini əllərindən alır, daha sonra isə onların işə gəlmədiyini əldə əsas tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onları, o cümlədən onu işdən çıxarmağa üstünlük verirdi. Hal-hazırda Türkiyə Cumhuriyyətində yenə də onkoloji xəstəlikdən müalicə olunur və müalicə ən azı bir neçə il sürə bilər. Xəstəlik səbəbindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılarkən məhkəməyə müraciət edə bilməmişdir. Eyni zamanda, AzTV-nin rəhbərliyi ona heç bir pul kompensasiyası ödəməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS (əmək və məşğulluq alt sistemi) informasiya sistemində onun tarif maaşı təxminən 600-700 manat civarında göstərilmişdir. ƏMAS (əmək və məşğulluq alt sistemi) informasiya sistemində onun tarif maaşının məbləği barədə ona heç vaxt verilməyib, habelə əmək müqaviləsinin surəti isə ona heç vaxt verilməmişdir. Cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək etirazında qeyd etmişdir ki, İddiaçı ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Belə ki, Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı xx.xx.2024-cü il tarixində məzuniyyətinin bitməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan işə gəlməmişdir. xx.xx.2024-cü il tarixində (050)343-04-85 mobil nömrəsindən əlaqə saxlamaq mümkün olmadığına görə həmin studiyanın inzibatçısı F.Muxtarovadan onun Türkiyə nömrəsi alınıb. “Kadrlar və Xüsusi İşlər” departamentinin rəisi onunla (+90 ***-***-**-**) nömrəsindən əlaqə saxladıqda onun Türkiyədə olduğu müəyyən olunub. Bundan başqa, QSC-nin Həmkarlar İttifaqı Komitəsinə daxil olan sənədlərlə tanış olunub, toplanmış materiallar üzrə araşdırma aparılıb, daha sonra sözügedən Komitənin əməkdaşları iddiaçının yuxarıda qeyd olunan nömrəsi ilə əlaqə yaradıb və İddiaçı heç bir üzürlü səbəb olmadan, o cümlədən heç kimə məlumat vermədən, hər hansı hüquqi sənəd təqdim etmədən xx.xx.2024-cü il tarixindən iş yerinə gəlmədiyi təsdiq olunub. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı bu hərəkətləri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” (əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək) və “f” (əmək qanunvericiliyinin tələblərinə əməl etmək) bəndlərinin tələblərindən irəli gələn əmək müqaviləsi üzrə vəzifə borcunu yerinə yetirməmiş və məhz buna görə də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Beləliklə də hesab edirlər ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tam qanuni əsaslarla xitam verilmişdir. Hüquqi dəyərləndirmə baxımından isə İddiaçı iddiası formal mülahizələrdən ibarət olmaqla, onun maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi də əsassızdır. İddiaçı ərizəsində həm 2019-cu ilin yanvar ayından xx.xx.2024-cü ilə qədər ona əmək haqqı və ya qonorar ödənilmədiyini, həm də 2006-cı ildən işəmuzd əmək haqqı sisteminə keçirildiyi və bu əmək haqqı sistemində yalnız ay ərzində işəgötürən tərəfindən verilən sifariş əsasında gördüyü işə görə qonorar ödənildiyini vurğulamışdır. Göründüyü kimi qeyd olunan iki cümlə arasında ziddiyyət var. Əmək haqqının işəmuzd ödənilmə sistemində əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır. Əgər iddiaçıya müəyyən verilişləri hazırlamaq tapşırılmamışdırsa hər hansı qonorarın ödənilməsi də mümkünsüzdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149-cu maddəsinin 1-ci hissəsinə əsasən əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə görə isə işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirlər ki, 2(004)-6310/2024 saylı mülki iş üzrə İddiaçı iddia ərizəsi rədd edilsin. Eyni zamanda, cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 “iddia müddətinin tətbiq edilməsinə dair” xx.xx.2024-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, qeyd olunan tələbin əmrin ləğv edilməsi və işə bərpa hissəsi iddia müddəti ötürülməklə verildiyindən məhkəmə iddiadan imtina barədə qərar çıxarmalıdır. Belə ki, iddiaçı 3 ay (xx.xx.2024-cü il-xx.xx.2024-cü il) müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından göründüyü kimi, Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. O, xx.xx.2024-cü il tarixində işdən azad olunmasına dair əmrlə tanış olaraq rəsmən almışdır. xx.xx.2024-cü il tarixində iddiaçı cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsininin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunan maddənin 3-cü hissəsinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmədən xahiş edirlər ki, İddiaçı cavabdeh "xxxx" QSCyə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsinin əmrin ləğv edilməsi və işə bərpa hissəsində iddia müddəti tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçı cavabdeh tərəfin xx.xx.2024-cü il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İşçinin AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi üçün əsaslar olmalıdır. İddiaçı tərəfindən hansı tələblərin pozulması əmrdə öz əksini tapmamışdır. İşçi əgər qəsdən, bilərəkdən işə gəlməzsə, bu halda AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi tətbiq edilə bilər. Bundan başqa işçinin işə gəlməməsinin müəssisə üçün mənfi nəticələri qeyd edilməlidir. Qeyd edir ki, iddiaçının üzrlü səbəbləri olmuş, iddiaçı onkoloji xəstə olmuş və əmr verilən ərəfədə də Türkiyə Respublikasında olmuşdur. Bu barədə sənədlər məhkəməyə təqdim edilmişdir. İddiaçı üzrlü səbəbdən işə gəlməmişdir. Bundan başqa iddiaçı ilə bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilməmişdən öncə onun barəsində digər inzibati tənbehlər tətbiq edilə bilərdi. Əmək haqqı tələbi üzrə iddia müddəti tərəflərindən ötürülməmişdir. İddiaçıya 5 il ərzində əmək haqqı ödənilməmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı yanvar və fevral aylarında Türkiyə Respublikasında olmuşdur. Ola bilsin ki, iddiaçı müəyyən müddət Azərbaycanda, müəyyən müddət Türkiyə Respublikasında olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 izhatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı hissədə iddia müddətini ötürmüşdür. İddiaçıya dəfələrlə icazə də verilmişdir. Əmək haqqının işəmuzd ödənilmə sistemində əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır. Əgər iddiaçıya müəyyən verilişləri hazırlamaq tapşırılmamışdırsa, hər hansı qonorarın ödənilməsi də mümkünsüzdür. İddianın rədd edilməsini xahiş edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-824/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" QSC-də “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli, 129 nömrəli əmrinə əsasən Televiziyanın “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı AR ƏM-nin 70-ci maddəsinin ç bəndinə əsasən 12 fevral 2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə məhkəməyə xx.xx.2024-cü il tarixli “iddia müddətinin tətbiq edilməsinə dair” ərizə ilə müraciət etmişdir. Məhkəmə qeyd etmişdir ki, işçinin əmək müaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bundan əlavə iş materiallarında olan X2 iştirak edilməməsi barədə xx.xx.2024cü il tarixli, MŞB/14/2024 saylı arayışdan da görünür ki, İddiaçı mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya yalnız xx.xx.2024-cü il tarixdə, yəni hüququnun pozulduğunu aşkar etdiyi gündən xeyli müddət sonra müraciət etmişdir. Odur ki, "xxxx" QSC-də “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və İddiaçı isə mövcud əmək mübahisəsi ilə bağlı mediasiyaya xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. İşin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (9 aya yaxın) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddiaçının tələbi əsassızdır və İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 375.2-ci maddələrinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2, 296.3, 296.6-cı maddlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)- 824/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən qətnamə ilə İddiaçı cavabdeh Azərbaycan Televiziya və Radio Verilişləri QSC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi barədə iddia tələbi təmin edilməmişdir. Mübahisələndirilən qətnamənin 6-cı vərəqi 7, 8 və 9-cu abzaslarda işin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (9 aya yaxın) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddiaçının tələbi əsassızdır və İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğvedilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin oluna bilməz və rədd edilməlidir. Məhkəmənin mövqeyi ilə razılaşmayaraq bildirir ki, iddia tələbi iki hissədən ibarət olunmuşdur. 1-ci tələb olaraq "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 129 k/d saylı əmrinin ləğv edilərək iddiaçının işə bərpa olunmasına dair. Əmrin mübahisələndirilməsi ilə bağlı qanunvericilik AR ƏM-nin 296.2-ci maddəsinin tələbinə əsasən əmrin mübahisələndirilməsi müddəti 1 ay müəyyən olunmuşdur. Bu maddəyə istinad edən məhkəmə iddia tələbini tam rədd etmişdir. 2-ci tələb isə 5 il ərzində ona ƏMAS informasiya sistemində onun üçün müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi vəzifəsinin "xxxx" QSC-nin üzərinə qoyulmasına dair olmuşdur ki, bununla bağlı qanunvericilik 1 aylıq müddət müəyyən etməmişdir. Onda sual yaranır məhkəmə qanunvericiliyin hansı tələbinə istinad edib iddia müddətini tətbiq etmişdir. Mübahisələndirilən qətnamədə belə bir maddəyə rast gəlinmir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququnun olması müəyyən edilmişdir. Qəbul edilsə ki, 1-ci tələbi iddia müddətini tətbiq etmək üçün 1 aylıq müddət keçibsə, lakin 2-ci tələb üçün müəyyən olunmuş 1 illik müddət keçməmişdir. Mübahisələndirilən qətnamədə Əmək Məcəlləsinin 296.2, 296.3 və 296.6-cı maddələrinə istinad olunsa da nədənsə 296.4-cü maddə məhkəmənin nəzərindən qaçmışdır. Mübahisələndirilən qətnamənin 4-cü vərəqi 3-cü abzasından başlayaraq 5-ci vərəqin 3-cü abzasına kimi məhkəmə iş materiallarına əlavə olunmuş sənədlərə istinad olunsa da iddiaçının xəstəlik kağızlarına istinad olunmasına rast gəlinmir. Halbuki, iddiaçının xəstəliyi səbəbi ilə müalicə olunması və bu səbəbdən də əmri vaxtında mübahisələndirə bilməməsi məhkəmə tərəfindən nəzərə alınmalı olan hal idi. Lakin məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş bütün sənədlərə istinad etməklə iddianın rədd olunması barədə əsassız qətnamə qəbul etmişdir. İddianın əsası "xxxx" QSC-də 1994-cü il tarixdən rejissor assitenti kimi işə başlamış və sonuncu vəzifəsi Xüsusi Layihələr Studiyasının 1-ci kateqoriyalı rejissoru olmuşdur. Qarabağ müharibəsi veteranıdır və 1-ci Qarabağ müharibəsində Qubadlı bölgəsindəki döyüş əməliyyatlarında iştirak etmişdir. 2006-cı ilədək televiziyada rejissorlar əmək haqqını həm vaxtamuzd, həm də işəmuzd qaydasında alırdılar, yəni onlara həm rəsmi əmək haqqı verilirdi, həm də ay ərzində gördükləri işə görə qonorar ödənilirdi. 2006-cı ildən onları yalnız işəmuzd əmək haqqı sisteminə keçirdilər. Bu əmək haqqı sistemində yalnız ay ərzində işəgötürən tərəfindən verilən sifariş əsasında gördükləri işə görə qonorar ödənilirdi. İşəmuzd əmək haqqı sisteminə keçirildikdən sonra AzTV-nin rəhbərliyi tərəfindən ona müəyyən verilişləri hazırlamaq tapşırılırdı və həmin verilişlər efirdə yayımlandıqdan sonra ona qonorar ödənilirdi. Lakin AzTV-nin rəhbərliyinə hazırki sədr Rövşən Məmmədov gəldikdən bir müddət sonra əvvəllər hazırladığı verilişlər ondan alındı və 2019-cu il tarixdən etibarən heç bir yeni veriliş təklif edilmədi. Beləliklə, 2019-cu ilin yanvar ayından işdən çıxarıldığı xx.xx.2024-cü il tarixədək ona bir manat da olsun əmək haqqı və ya qonorar ödənilməyib. İqtisadiyyatda və o cümlədən, televiziyada işəmuzd əmək sistemi vaxtamuzd əmək sistemindən onunla fərqlənir ki, işəmuzd əmək sistemində saat 09.00-dan 18.00-dək iş yerində oturmağa ehtiyac yoxdur. İşəmuzd əmək sistemində çalışan jurnalist/rejissor televiziya məhsulunu istənilən vaxt və istənilən yerdə (öz iş yerində, başqa TV-lərdə, studiyalarda, evdə və digər yerlərdə) hazırlaya bilər və AzTV-də çalışan jurnalist/rejissorların demək olar ki, hamısı işə yalnız verilişi ya hazırlayarkən, ya da təhvil verərkən gəlirlər, veriliş olmayan vaxt, yəni vaxtamuzd əmək sistemində olduğu kimi bütün gününü əmək haqqı/qonorar ödənilməyən işdə oturmağa heç bir ehtiyac qalmır. Eyni zamanda, işdən çıxarıldığı xx.xx.2024-cü il tarixədək artıq 2 il idi ki, o həm ölkədə, həm də Türkiyə Cumhuriyyətində onkoloji və digər xəstəliklərdən mütəmadi olaraq müalicə olunurdu və artıq iş yerinə gələ bilmirdi, belə ki, yuxarıda qeyd edildiyi kimi, rəhbərlik əvvəlcə birlikdə işləmək istəmədiyi onun kimi kadrların verilişlərini əllərindən alır, daha sonra isə onların işə gəlmədiyini əldə əsas tutaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, onları işdən çıxarmağa üstünlük verirdi. O, hal-hazırda Türkiyə Cumhuriyyətində yenə də onkoloji xəstəlikdən müalicə olunur və müalicə ən azı bir neçə il sürə bilər. Xəstəlik səbəbindən Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılarkən o, məhkəməyə müraciət edə bilməyib. Bununla bağlı xəstəlik sənədlərini məhkəməyə təqdim edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. ƏM-in 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır – qeyd olunan maddənin tələblərinə nəzər saldıqda iddiaçı tərəfindən bu tələblərinin heç birinin pozulmaması və həmçinin mübahisələndirilən əmri əsaslandırmamışdır. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi – iddiaçının onkoloji xəstəlikdən əziyyət çəkdiyi və bu səbəbdən də Türkiyədə müalicə olunmasına baxmayaraq AR ƏM-nin 72 maddəsinin a bəndinin tələblərinin pozulması səbəbi ilə işdən azad olunmuşdur. Sual yaranır iddiaçı xəstə olduğu halda onu yenədə Azərbaycan Respublikası ƏM-nin 72 maddəsinin a bəndi ilə işdən azad edirlər. Bundan başqa həmkarlar təşkilatında yalan məlumat verərək bu əsaslarla onların iddiaçın işdən azad olunmasına razılıq almışdılar. Çox maraqlısı isə odur ki, həmkarlar təşkilatı da araşdırma aparmadan iddiaçının işə gəlmədiyi qənaətinə gəlmişdir. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mübahisələndirilən qətnamənin 6-cı vərəqi 7-ci abzasında işin hallarından görünür ki, iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini üzrsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra (9 aya yaxın) iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir, habelə məhkəməyə iddia müddətinin üzrsüz səbəbdən buraxılmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. İlk olaraq məhkəmə necə hesablamışdır ki, iddia müddətinin başa çatmasından 9 ay sonra məhkəməyə müraciət olunmuşdur. Hesab edir ki, iddianın rədd olunması üçün bütün sübutlar təhrif olunmuşdur. Belə ki, cavabdehin təqdim etdiyi sənədlərdən belə görünür ki, iddiaçı əmrlə xx.xx.2024-cü ildə tanış olmuş və cavabdehə xx.xx.2024-cü il tarixdə mediasiya tətbiqi barədə təklif göndərmişdir. Bəli 1 aylıq müddət ötürülsə də məhkəmənin qeyd etdiyi kimi 9 ay keçməmişdir. Lakin məhkəmənin də müddətin üzürsüz səbəbdən buraxılmasına dair nəticəsi isə tamamilə əsassızdır. Belə ki, iddiaçının onkoloji xəstəlikdən əziyyət çəkməsi xəstəlik kağızları ilə sübut olunur. İddiaçının xəstəliyi səbəbi ilə Türkiyədə müalicə olunması müddətin üzürlü səbəbdən buraxılması üçün əsas olsada məhkəmə qərəzli şəkildə bu faktı gizlətmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququnun olması müəyyən edilmişdir – lakin 1 illik müddət keçmədiyi halda məhkəmə iddianın 2-ci tələbini də müddətin keçməsi səbəbi ilə rədd etmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hesab edir ki, məhkəmə işin hallarına və sübutlara düzgün qiymət verməmişdir. Belə ki, məhkəmə iddiaçının onkoloji xəstə olmasına dair sənədlərə qiymət verməyərək, xəstəliyi səbəbindən əmri vaxtında mübahisələndirə bilməməsinə ümumiyyətlə toxunmayaraq, Azərbaycan Respublikası ƏM-nin 296.4-cü maddəsində nəzərdə tutulan müddəti nəzərə almadan, yalnış olaraq iddia müddətinin əvvəlini əmrin qəbul olunduğu tarixdən hesablanmaqla, AR ƏM-nin 72-ci maddəsinin a bəndinin tələbinə əsasən işdən qanunsuz azad olunmağına dair cavabdehin və həmkarlar ittifaqının mövqeyinə qiymət vermədən qərəzli qətnamə qəbul etmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş əmək müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan əmək haqqı aylıq 365 manat müəyyən olunmuşdur. Lakin nədənsə məhkəmə əmək müqaviləsində müəyyən olunmuş əmək haqqının iddiaçıya ödənilməməsinə dair mövqe bildirməmişdir. Ümumiyyətlə iddiaçıya ödənilməli olan əmək haqqının cavabdehdən nə səbəbdən tutulmaması mübahisələndirilən məhkəmə aktında öz əksini tapmamışdır. Əmək müqaviləsi iddiaçıda olmadığından, yalnız məhkəməyə cavabdeh tərəfindən təqdim olunduqdan sonra şərtləri məlum olmuşdur. Belə ki, işə əlavə olunan əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən qüvvəyə mindiyi görünür və həmin tarixdən cavabdehin iddiaçıya hər ay 365 manat əmək haqqı ödəmək öhtəliyi yaransa da, nə səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmamışdır. xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində isə iddiaçıya ödənilməli olan əmək haqqının hansı qaydada ödənilməsi də, məhkəmə tərəfindən araşdırılmamışdır. Eyni zamanda, AzTV-nin rəhbərliyi iddiaçıya heç bir pul kompensasiyası ödəməmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ƏMAS (əmək və məşğulluq alt sistemi) informasiya sistemində iddiaçının tarif maaşı təxminən 600-700 manat civarında göstərilib. ƏMAS (əmək və məşğulluq alt sistemi) informasiya sistemində iddiaçının tarif maaşının məbləği barədə məlumat heç vaxt verilməyib, habelə əmək müqaviləsinin surəti də verilməyib. Bununla bağlı verilmiş sorğuya cavab olaraq AR Əmək və X3 Nazirliyi yanında DƏMX-i, bubarədə işəgötürənə müraciət olunmasını bildirmişdir. İş materiallarına əlavə olunsa da məhkəmə bu faktı da araşdırmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 147-ci maddəsinin 4-cü bəndinə əsasən, “hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın”. Əmək Məcəlləsinin 151-ci maddəsinin “ç” bəndinə əsasən, “hasilat normalarının yerinə yetirilməsi üçün işəgötürən iş şəraitinin minimum şərtlərini, yəni işlərin (xidmətlərin) yerinə yetirilməsi üçün zəruri olan material və alətlərin lazımi keyfiyyətdə olması və onların vaxtında verilməsini mütləq təmin etməlidir”. Normadan göründüyü kimi, işəgötürən iddiaçını işlərin (xidmətlərin) yerinə yetirilməsi, yəni verilişlərin hazırlanması üçün zəruri olan material və alətlərin lazımi keyfiyyətdə olması və onların vaxtında verilməsini, yəni müvafiq iş materialları, sifariş və sənədlərlə mütləq təmin etməli olduğu halda bunu qəsdən etməmiş və onu illər boyu əmək haqqı/qonorar almaqdan qanunsuz olaraq məhrum etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 156-cı maddəsinin 1-ci bəndinə əsasən, “əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödənilir”. Həmin Məcəllənin 169-cu maddəsinin 1-ci bəndinə əsasən, “boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir”. Göründüyü kimi, iddiaçının çalışdığı verilişlərdən uzaqlaşdırılması AzTV-nin rəhbərliyinin təqsiri üzündən baş vermişdir və onun təqsiri olmadan 5 il ərzində boşdayanma vaxtına görə ƏMAS informasiya sistemində onun üçün müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməli olduğu halda, AzTV-nin rəhbərliyi qanunsuz olaraq bunu etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən, “əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir”. Beləliklə, AzTV-nin rəhbərliyi işəmuzd əmək sistemində çalışmağına baxmayaraq, qanunsuz olaraq iddiaçını Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş və 5 il ərzində iddiaçıya ƏMAS informasiya sistemində iddiaçı üçün müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməli olduğu halda bunu etməmiş, onun konstitusion və əmək hüquqlarını kobud surətdə pozmuşdur. Ona görə də Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 824/2025 saylı iş üzrə xx.xx.2025-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiṣ olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh "xxxx" QSC-in apellyasiya şikayətinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 129 k/d saylı əmrinin ləğv edilərək onun işə bərpa olunmağı və 5 il ərzində ona ƏMAS informasiya sistemində onun üçün müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi vəzifəsinin "xxxx" QSC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələblərinə dair iddiasının təmin edilməməsi barədə e-2(004)-824/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamə qəbul etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Aşağıdakılara əsasən, İddiaçı apellyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsi düzgün olaraq iddia müddətini tətbiq etmişdir. İş materiallarında olan ərizələrindən və sübutlardan da göründüyü kimi, uzun müddət keçdikdən sonra hazırki iddia ilə məhkəməyə müraciət edib. İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunub. O, xx.xx.2024-cü il tarixində işdən azad olunmasına dair əmrlə tanış olaraq rəsmən alıb. Lakin cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi xx.xx.2024-cü il tarixində göndərib. AR Əmək Məcəlləsinin 296 maddəsininin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə görə isə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bundan başqa, İddiaçı apellyasiya şikayətində, həm 2019-cu ilin yanvar ayından xx.xx.2024-cü ilə qədər ona əmək haqqı və ya qonorar ödənilmədiyini, həm də 2006-cı ildən işəmuzd əmək haqqı sisteminə keçirildiyi və bu əmək haqqı sistemində yalnız ay ərzində işəgötürən tərəfindən verilən sifariş əsasında gördüyü işə görə qonorar ödənildiyini göstərir. Əmək haqqının işəmuzd ödənilmə sistemində əmək haqqı işçilərin müəyyən olunmuş dərəcələr üzrə istehsal etdiyi məhsulun miqdarı, yerinə yetirdiyi işin həcminə görə hesablanır. Əgər iddiaçıya müəyyən verilişləri hazırlamaq tapşırılmamışdırsa hər hansı qonorarın ödənilməsi də mümkünsüzdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149-cu maddəsinin 1-ci hissəsinə əsasən əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. Həmin maddənin 2-ci hissəsinə görə isə işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 157-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən Məhkəmədən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi və Yasamal Rayon Məhkəməsinin e-2(004)-824/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayıb, apellyasiya şikayətinə qarşı etirazın məzmununa uyğun izahat verib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 11.

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.

1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71.

2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Maddə 76. 1.İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 80.

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Maddə 83.

1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 89. 1.Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 2.Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 3.Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Maddə 90.

1. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2. İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər.

3. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. Maddə 147.

1. Əmək normaları — hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normaları işçilər üçün texnikanın, texnologiyanın əldə edilmiş səviyyəsinə uyğun olaraq müəyyən edilir.

2. Əməyin təşkilinin və ödənilməsinin kollektiv formaları şəraitində, qəbul edilmiş əmək normaları bazasında hesablanan genişləndirilmiş, habelə kompleks əmək normaları da tətbiq edilə bilər.

3. İş yerlərinin attestasiyası keçirilərək səmərəliliyi daha da artırılarkən və əmək məhsuldarlığının artmasını təmin edən yeni texnika, texnologiya və təşkilati-texniki tədbirlər tətbiq edilərkən mövcud əmək normaları mütləq yeni normalarla əvəz edilməlidir.

4. Hasilat normaları elə müəyyən edilməlidir ki, tam iş vaxtı ərzində işçi əmək funksiyasını yerinə yetirmək imkanına malik olsun və onun əmək haqqının məbləği qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmasın. Maddə 149.

1. Əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir.

2. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər.

3. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Maddə 154.

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Maddə 157.

1. İşçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər.

2. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Maddə 158. 1.Əməyin ödənilməsi növləri, sistemləri, tarif (vəzifə) maaşları, ona edilmiş əlavələr, mükafatlar, digər həvəsləndirici ödənclərin miqdarı kollektiv müqavilələrlə, əmək müqavilələri ilə müəyyən edilir, kollektiv müqavilənin bağlanmadığı hallarda əmək müqaviləsi ilə və ya işəgötürənlə həmkarlar ittifaqları təşkilatı arasında razılaşmalarla müəyyən edilir. Maddə 169.

1. Boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

2. İşçinin təqsiri üzündən boşdayanma vaxtı ödənilmir. Maddə 172. 1.Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 4.İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Maddə 186.

2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Maddə 187. 1.İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 296.

1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.

7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 379.4-1. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu 3 iyun 2013-cü il tarixli qərarında göstərmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu fərdi əmək mübahisələrinin həlli zamanı tətbiq olunan iddia müddəti ilə əlaqədar müraciətdə qaldırılan məsələlərə aydınlıq gətirilməsi məqsədilə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Beləliklə, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Həmçinin fərdi əmək mübahisəsinə məhkəməyə qədər baxan orqana müraciət edildikdə bu cür ərizənin verilməsi işçinin şəxsi təşəbbüsü olmalıdır. Mübahisəyə baxan orqan iddia müddətinin ötürüldüyünü müəyyən etdikdə, müvafiq sübutların təqdim olunmasını işçiyə təklif edə bilər.

Apellyasiya baxışının hədləri

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edilmədiyindən və qətnamə apellyasiya şikayətinə əsasən iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, tədqiq olunan sübutlardan müəyyən olunur ki, "xxxx" QSC-nin “Xüsusi Layihələr” Studiyasının 1-ci kateqoriyalı rejissoru İddiaçı xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərdə, işəgötürənə heç bir üzürlü səbəb təqdim etmədən, iş yerinə gəlmədiyindən "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli 129 k/d nömrəli əmrinə əsasən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir. Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, iddiaçı mübahisələndirdiyi əmrin surətini xx.xx.2024-cü il tarixdə rəsmi qaydada (imza etməklə) alaraq işdən azad olmasını bilmiş, “əmək mübahisəsi barədə” mediasiya prosesinin tətbiqinə dair təklifini işəgötürən "xxxx" QSC-yə, yalnız xx.xx.2024-cü il tarixdə göndərmiş, hazrıkı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, ƏM-in 296-cı maddəsinin 6-cı hissəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu müddət ötürüldüyü halda ilk növbədə buraxılmış müddətin bərpa edilibedilməməsi məsələsi həll edilməli, müddət bərpa edildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmağa başlanmalıdır. Hazırkı mülki işdə iddiaçının xx.xx.2024-cü il tarixdə işdən azad olunmasına dair əmrin surətini alaraq işdən azad olunmasını həmin gün bilməsi, yalnız xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqinə dair təklifini cavabdehə göndərməklə əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən olunan bir aylıq iddia müddətini ötürməsi işin mübahisə edilməyən halıdır. İddiaçı işə gəlməməsinə, qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edə bilməsinə mane olan üzrlü səbəb kimi onkoloji xəstə olmasını və digər ölkədə müayinə, müalicə olunmasını göstərsə də, onun məhkəməyə təqdim etdiyi müxtəlif tarixli tibbi sənədlərin surəti işçinin həmin vaxtlarda əmək qabiliyyətinin olmamasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Belə ki, müalicə və müayinə olunmaq üçün xarici ölkəyə gedə bilən iddiaçı, əmrin surətini aldıqdan sonra hazırkı iddia tələbləri ilə məhkəməyə müraciət etmək tapşırığını da vaxtında nümayəndəsinə (vəkilinə) də verə bilərdi. Beləliklə kollegiya iddiaçının ərizəsində və apellyasiya şikayətində buraxılmış müddətin üzrlü səbəbdən baş verməsinə dair dəlillərini əsassız hesab edir. Çünki qeyd olunan səbəblər iddiaçının vaxtında məhkəməyə müraciət etməsinə maneə törətməmiş və ya məhdudiyyət yaratmamışdır. Kollegiya iddiaçının 5 il ərzində boşdayanması ilə bağlı ƏMAS informasiya sistemində onun üçün müəyyən edilmiş tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqının ödənilməsi və hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin verilməsi vəzifəsinin "xxxx" QSC-nin üzərinə qoyulmasına dair iddia tələblərini də əsassız hesab edir. Belə ki, iddiaçının bu tələbləri birbaşa sübut etmə yükü ilə bağlıdır. Kollegiya qeyd edir ki, əmək qanunvericiliyinin tələblərinə əsasən, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etməlidir, işçinin təqsiri olmadan yanan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq işəgötürən tərəfindən ödənilir. İşçinin təqsiri üzündən boşdayanma vaxtı isə ödənilmir. İddiaçı işəgötürənin təqsiri üzündən boşdayanmasını bildirsə də, son 5 ildə onun təqsiri olmadan boşdayanmanın yaranması, işəgötürənə bu barədə hər hansı bir formada müraciət etməsi ilə bağlı sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə tədqiq olunan sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı bağladığı əmək müqaviləsi üzrə uzun müddət öz vəzifələrini icra etməmişdir. Göründüyü kimi işəgötürənin təqsiri üzündən boşdayanmanın baş verməsi, hesablanmış əmək haqqının işəgötürən tərəfindən gecidirməsi halları araşdırma zamanı öz təsdiqini tapmadığından kollegiya bu tələblərin də təmin edilməsinin qeyri-mümkün olması qənaətinə gəlir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(004)-824/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar