Məhkəmə qərarları › İş №2(103)-2213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2213/2021

10.02.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2213/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Həbiyeva Adilə Ağayar qızının nümayəndəsi Həbiyev Elnur Qurban oğlunun, cavabdeh “xxxx” MMC-nin nümayəndəsi Əmrahov Xeybər Əflatun oğlunun iştirakları ilə, İddiaçı Həbiyeva Adilə Ağayar qızının cavabdeh “xxxx” MMC-yə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4019/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Həbiyeva Adilə Ağayar qızı cavabdeh “xxxx” MMC-yə qarşı işə bərpa tələbi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxx 2020-ci il tarixli 312/K nömrəli əmrin ləğv edilməsi, ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməklə əvvəlki iş yerinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onun əsaslandırmışdır ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxx 2010-cu il tarixli 28/K saylı Əmri ilə Bakı şəhərində “Atatürk” prospektində yerləşən mağazasında pərakəndə satış üzrə satıcı vəzifəsinə qəbul edilmişdir. xx xxxxxxxx 2015-ci ildə cavabdehin 726/k nömrəli əmri ilə Pərakəndə satış direktorluğunun Qara Qarayevdə yerləşən mağazasına satıcı işinə keçirilmişdir. xx xxxxxxxx 2019-cu il tarixdə cavabdehin 102/U nömrəli əmri ilə Bakı şəhəri Qara Qarayevdə yerləşən “Madeyra Brendi“ mağazasına satıcı işinə keçirilmişdir. Həmin iş sahəsində cavabdeh tərəfindən qeyri-qanuni, əsassız, əmrin verildiyi günədək, yəni ki, xx.xx.2020-ci il tarixədək satıcı vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində onunla cavabdeh arasında müddətsiz əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixədək əmək haqqı 100 manat olmuşdur. xx xxxxxx 2019-cu ıl tarixdən isə tərəflərin razılaşması ilə əmək müqaviləsinə əlavə edilmiş və əmək haqqı 260 manat təyin edilmişdir. Əmək müqaviləsini və əmək müqaviləsinə əlavəni imzalasa da, bir nüsxəsi ona təqdim edilməmişdir, müqaviləyə xitam verilənədək buna ehtiyac duyulmamışdır. İşlədiyi müddət ərzində nümunəvi işçı kimi tanınmış və peşə vəzifəsi göstəricilərinə uyğun olaraq 2019-cu ilin nəticələrinə görə “ilin aktiv mağaza əməkdaşı” nominasiyası üzrə cavabdeh tərəfindən ona təşəkkürnamə verilmişdir. İşlədiyi müddət ərzində əmək intizamına riayət etmiş, əmək müqaviləsi üzrə əmək funksiyalarını, öhdəliklərini yerinə yetirmişdir. Əmək funksiyalarını yerinə yetirməyinə baxmayaraq, onunla cavabdeh arasında son zamanlar yaranmış münasibətlər, qanunsuz əmrin verilməsi ilə nəticələnmişdir. Belə ki, bütün dünyada, o cümlədən, ölkəmizdə COVİD-19 pandemiyası ilə əlaqədar iş yerlərində işçilərin tam şəkildə işləməməsi, əmək haqqının verilməsində problemlərin yaranması, süni şəkildə narazılıqların yaradılması, uzun müddət işləməyinə baxmayaraq, işçilər arasında ayrı-seçkiliyə yol verilməsi və nəhayət hamilə olması, işi davam etdirə bilməməyi kimi hallar cavabdeh tərəfindən barəsində belə əmrin verilməsi ilə nəticələnmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələblərinin təmin olunması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verən cavabdehin nümayəndəsi, onun ləğv edilərək iddia tələblərinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, audit yoxlaması keçirilmiş, işçinin əmək qanunvericiliyinin tələblərini pozması ilə əlaqəli rəhbərlik təqdimat vermişdir. İddiaçı tərəfindən pulun mənimsənilməsi halı olmuş və bu hal 1-2 dəfə təkrarlanışdır. İddiaçının bununla bağl izahatı alınmışdır. Göstərilənlərə əssasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə səhvdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixədək işə çıxmış və iddiaçının hamilə olduğunu əmr verildikdən sonra bilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmamış, yalnız əmək qanunvericiliyinin müddəalarını sadalamaqla iddia tələbini təmin etmişdir. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarına əlavə olunmuş, xx.xx.2020-ci il tarixli, 312 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrə əsasən Həbiyeva Adilə Ağayar qızı AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə işçinin əmək vəzifələrini kobud şəkildə pozması və 72-ci maddəsinin “c” bəndinə əsasən təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması səbəbilə tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan “xxxx” MMC ilə Məmmədova Adilə Ağayar qızı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 585 saylı əmək müqaviləsindən müəyyən edilir ki, Məmmədova Adilə Ağayar qızı xx.xx.2010-cu il tarixdən “xxxx” MMC-nin Nərimanov rayou, Atatürk PR, 37 A ünvanında yerləşən mağazada satıcı vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Bakı şəhər 7 nömrəli doğum evi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 815458 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, Həbiyeva Adilə Ağayaraq qızı doğuşdan qabaq və sonraki analıq məzuniyyətindən istifadə etməklə xx.xx.2020-ci il tarixdə işə başlamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları” başlıqlı 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin “işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilərkən hökmən nəzərə alınmalı olan zəruri şərtlər və qaydalar” başlıqlı 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Əmək Məcəlləsinin 72-ci maddəsində əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sadalanmışdı: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Qanunvericiliyin tələblərindən göründüyü kimi, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilən “təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması” əsasının qanuni hesab edilə bilməsi üçün, işçi tərəfindən yol verilən pozuntunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi çərçivəsində qiymətləndirilməsinə və həmin Məcəllənin tələblərinə (xüsusilə 71-72-ci maddələrinə) əməl olunması şərtilə onun əmək müqaviləsinə xitam verilməsinə yol aça bilər. Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən isə hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. İş materiallarında olan Bakı şəhər 7 nömrəli doğum evi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 815458 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən müəyyən olunur ki, Həbiyeva Adilə Ağayaraq qızı doğuşdan qabaq və sonraki analıq məzuniyyətindən istifadə etməklə xx.xx.2020-ci il tarixdə işə başlamalıdır. Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən isə, hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Göründüyü kimi, iddiaçı əmək qabiliyyətinin olmaması ilə bağlı işdə olmadığı vaxtda onun əmək müqaviləsinə xitam verilmiş, bu isə yuxarıda sadalanan qanunvericilik normaları ilə qadağan edilmişdir. Kollegiya cavabdehin iddiaçının hamilə olmasını əmr verildikdən sonra bildikləri barədə arqumentini əsassız hesab edir. Belə ki, Bakı şəhər 7 nömrəli doğum evi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 815458 saylı əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, iddiaçı 30 həftəlik hamilə olmuşdur. Kollegiya hesab edir ki, bu halda, yəni iddiaçının xx.xx.2020-ci il tarixədək işə çıxması ilə iddiaçının fiziki görünüşündə gözəçarpan dəyişikliklər olmuş və cavabdeh şirkətin əməkdaşları tərəfindən bu halın bilinməməsi inandırıcı deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Adilə Həbiyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulduğundan cavabdeh “xxxx” MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxx 2020-ci il tarixli 312/K nömrəli əmr ləğv olunmalı, iddiaçı Həbiyeva Adilə Ağayar qızı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən işə bərpa olunan günədək hər ay müvafiq əmək haqqı və ya əmək qabiliyyətinin olmaması səbəbi ilə nəzərdə tutulmuş ödəniş ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunmalıdır. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 390 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4019/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. Cavabdeh “xxxx” MMC tərəfindən əmək müqaviləsinə xitam verilməsi haqqında verilmiş xx xxxx 2020-ci il tarixli 312/K nömrəli əmr ləğv olunsun. İddiaçı Həbiyeva Adilə Ağayar qızı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən işə bərpa olunan günədək hər ay müvafiq əmək haqqı və (və ya) əmək qabiliyyətinin olmaması səbəbi ilə nəzərdə tutulmuş ödəniş ödənilməklə əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar