Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2213/2024 28.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, paylı mülkiyyət, istifadəyə yaradılan maneələrin aradan qaldırılması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlərin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. X3 “xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin qismən ləğv olunaraq, X4 vərəsələri Cavabdeh1, Cavabdeh2 və X3 hər birinin 1/3 hissədə irs alması barədə yeni şəhadətnamənin verilməsinin Bakı şəhəri 18 saylı notariat ofisinə həvalə edilməsi” barədə iddia tələbi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 apellyasiya şikayəti apellyasiya icraatında qalmış hissədə qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli qətnaməsi apellyasiya icraatında qalmış hissədə ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılmış, X3 iddiasının apellyasiya icraatında qalmış hissəsi qismən təmin edilmiş, X4 Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, bina № 12-də yerləşən 57 №-li mənzili üzərində ½ hissədə payının müəyyən edilməsi, həmin mənzilə dair Cavabdeh1 ilə X2 arasında bağlanmış və Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən rəsmiləşdirilərək qeydə alınmış xx.xx.2020-ci il tarixli 4Ə-204 reyestr nömrəli “Bağışlama müqaviləsi”nin qismən, həmin müqavilənin predmeti olan mənzilin mərhum X7 aid ½ hissəsinin bağışlanmasına aid hissədə etibarsız hesab edilməsi, iddianın apellyasiya icraatında qalmış qalan hissəsinin təmin edilməməsi qət olunmuşdur.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı ilə, Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsindəki 27 saylı evin 4 nömrəli mənzilinə hüququn X7 məxsus olması haqqında çıxarışın və ya arayışın onun varislərinə verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
4. ünvan 1 ünvanında digər şəxslərlə yanaşı Cavabdeh1, Cavabdeh2 və İddiaçı övladları - xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2008-ci il təvəllüdlü X10 da qeydiyyatdadır.
5. 23.09.2023-cü il tarixdə verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı, Cavabdeh2 və Cavabdeh1dır və onların hər biri miras əmlakdan 1/3 hissədə pay almalıdırlar. Şəhadətnamə verilən miras əmlak DƏDK VƏ RPHŞ-nin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X7 verilmiş **********01-05101-093007 reyestr nömrəli, ƏXM/720 Çıxış nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27, 4 saylı mənzil Cavabdeh2 (1/3 hissədə), Cavabdeh1 (1/3 hissədə), İddiaçı (1/3 hissədə) adına qeydiyyata alınmışdır və hal-hazırda mülkiyyətlərindədir.
7. Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27, 4 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 (1/3 hissədə), Cavabdeh1 (1/3 hissədə), İddiaçı (1/3 hissədə) adlarına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 1/3 hissəsinin mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Sonradan iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, iddiaçının və övladlarının - xx.xx.2007-ci il təvəllüdlü X8 və xx.xx.2008-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi, 27 saylı evin 4 saylı mənzilində qeydiyyatdadır və uzun müddət həmin ünvanda yaşamışdır. Lakin son zamanlar cavabdehlər onun həmin ünvanda yaşamasına icazə vermirlər. Halbuki həmin ev atası X4 evidir və orderlə atasına verilib. xx.xx.2020-ci il tarixdə atası vəfat etmiş, Bakı şəhəri, Xətai rayonu 18 saylı notariat ofisində vərəsəlik işi açılmış və atasının vərəsəsi kimi tanınmış, bu barədə ona “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Atasından qalan ünvan 1 ünvanına qeydiyyatdadır. Həmin ünvanın atasından qalmasına, atasının vərəsəsi olmasına və həmin ünvana qeydiyyatda olmasına baxmayaraq cavabdehlər qanunsuz olaraq onun həmin ünvanda yaşamasına maneə yaradırlar və evə daxil olmağına imkan vermirlər.
11. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
12. Birinci instansiya məhkəməsinin 12 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi qət olunmuşdur.
13. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 27.2-ci, 152.1-ci, 152.4-cü, 152.5-ci, 157.4-cü, 215.4-cü, 228.2ci, Mənzil Məcəlləsinin 30.1-ci, 30.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, həm iddiaçı, həm də cavabdehlər xx.xx.2022-ci il tarixdə vəfat etmiş X4 qanun üzrə vərəsələri olmaqla, Bakı şəhəri, Xətai rayonu, Rəşid Bağırov küçəsi ev 27 ünvanında yerləşən 4 saylı mənzilin paylı mülkiyyətçiləri kimi tanınmışlar, mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün və azyaşlı övladlarının mənzilə köçürülməsini tələb etməkdə haqlıdır.
14. Qətnamədən cavabdehlərin nümayəndələri (vəkilləri) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin işin hallarını tam araşdırmadığı, iddiaçı cavabdehləri digər miras predmeti olan bağ sahəsinə buraxmadığı üçün onların da onu mübahisəsi gedən mənzilə buraxmadıqlarını, yəni ləngitmə hüquqlarından istifadə etdiklərini nəzərə almadığı, cavabdehlərin iddiaçının hüququnu pozmuş olduqlarının sübuta yetirilmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə etiraz
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı
16. İşə baxılmasının vaxtı (yeri) barədə məlumatlandırılmış iddiaçı məhkəməyə gəlməmiş, cavabdehlərin nümayəndəsi (vəkili) isə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
17. Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə 29.1. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
19. Maddə 43 (1-ci hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
25. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
26. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
37. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi, həm iddiaçı, həm də cavabdehlər ünvan 1 ünvanında yerləşən mənzilin paylı mülkiyyətçiləridirlər.
38. Bu kontekstdə, mübahisəsi gedən mənzilin paylı mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin mənzilə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək özünün və azyaşlı uşaqlarının mənzilə köçürülməsini tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-6776/2023 saylı iş üzrə 12 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri apellyatorların özlərinə aid olunsun. Qətnamədən cavabdehlər tərəfindən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə