Məhkəmə qərarları › İş №2(103)-2214/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2214/2023

23.02.2023 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2214/2023 23.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qarşı “kredit müqaviləsi üzrə pul tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilərək, iddiaçı və Cavabdeh4 arasında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh4 cəmi 38016,73 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutularaq İddiaçı İKB ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Cabbarov küçəsində yerləşən 3 otaqlı, 66.01 kv.m, ümumi 38.71 kv.m. yaşayış, 27.3 kv.m yardımçı sahədən ibarət olan 4 nömrəli evin 99 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiymətinin 73000 manat olmaqla açıq hərracdan satılması və satışdan əldə ediləcək pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir.

3. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X5 və X2 ibarət tərkibdə,) 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Bundan sonra Sabunçu Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi qüvvəyə minmiş və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir.

6. Cavabdeh5 nümayəndəsi və vəkili X3, sözügedən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prossessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.

7. Sabunçu Rayon Məhkəməsinin 2(008)-23/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)-359/2018 saylı qətnaməsindən Cavabdeh5 apellyasiya şikayəti verilməsi müddəti bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

8. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

9. Belə ki, iş materiallarından görünür ki, bundan əvvəl Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər X1 (sədrliyi və məruzəsi ilə), X5 və X2 ibarət tərkibdə,) 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 saylı işi üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılaraq, apellyasiya şikayətinin dəlilərinə sui-istifadəyə yönəlmiş hallar kimi qiymət verilmiş, nətiəcədə birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmış, şikayət təmin edilməmiş və mübahisələndirilən qətnamə qanuni və əsaslı hesab edilərək dəyişdirilmədən saxlanılmış, qətnamə qanuni qüvvəsini almış və qanunla müəyyən edilmiş qaydada icraya yönəldilmişdir.

10. Kollegiya onu da qeyd edir ki, Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə baxılmış Cavabdeh1 apellyasiya şikayətinin dəlilləri ilə demek olar ki, eyniyyət təşkil edir.

11. Qüvvədə olan prosessual qanunvericilikdə isə apellyasiya instansiya məhkəməsinin qanuni qüvvədə olan qətnaməsinin apellyasiya instansiya məhkəməsinin özü tərəfindən yenidən yoxlanılması nəzərdə tutulmamış, bu səlahiyyət kassasiya instansiyası məhkəməsinə aid edilmişdir.

12. Bundan əlavə, Məhkəmə kollegiyası qeyd edir ki, “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 08 iyun 2017-ci il tarixli Plenum Qərarında da Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, ...apelyasiya instansiya məhkəməsi özünün qanuni qüvvədə olan qətnaməsinin mövcud olmasına baxmayaraq işə yenidən baxmış...hüquqi müəyyənlik prinsipini pozaraq prosessual qanunvericiliklə müəyyən edilmiş sələhiyyət həddini aşmışdır...

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd edilir ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apelyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş tərəfin şikayəti üzrə təkrarən apelyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir (62-ci bənd).

14. Qeyd olunanlara görə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bundan əvvəl apelyasiya qaydasında tam yoxlanıldığından və dəyişdirilmədən saxlanıldığından, həmin qətnamənin yenidən yoxlanılması (təftiş edilməsi) prosessual qanunverciliyə görə yolverilməzdir.

15. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5037/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi tam yoxlanıldığından və mübahisələndirilən qətnamə dəyişdirilmədən saxlanıldığından, bu hal işə yenidən apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir.

16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

17. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur.

18. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402, 405, 406ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Sabunçu Rayon Məhkəməsinin 2(008)-359/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Namiq Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar