Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2215/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kərimli İlham Əziz oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Nizami Rayon Məhkəməsinin 2(007)-4688/2021 saylı, 23.12.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 aprel 2021-ci il tarixdə 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 709 nömrəli akt qeydi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah və AZ-İİ seriyalı 436517 nömrəli nikah haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 aprel 2021-ci il tarixdə 709 nömrəli qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nizami Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(007)- 4688/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair 2(007)-4688/2021 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən qərardaddan verilmiş şikayət məhkəmənin eyni saylı, 21.01.2022ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin; 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; 36.5-ci maddəsinə əsasən, iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər; 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır; 44.2.2-ci maddəsinə əsasən işə məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir; 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə qeyd edir ki, iddiaçı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, qanunvericilikdə müəyyən edilmiş qaydada Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla yaşayan Cavabdeh rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə deyil, aidiyyət qaydalarına əməl etməməklə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, buna səbəb kimi isə Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinə istinad etməklə səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkməsini göstərmişdir. Hansı ki, sözügedən maddənin mahiyyətindən də aydın olur ki, iddiaçı yalnız “nikahın pozulması” tələbinə dair iddialar üzrə səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə, yaşadığı yerə görə iddia verə bilər. İddia tələbindən isə göründüyü kimi, iddiaçı “nikahın pozulması” tələbi ilə deyil, “nikahın etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir, cavabdeh isə Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatdadır. Belə olan halda kollegiya hesab edir ki, qərardad qanuni və əsaslı, şikayət isə əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin 2(007)-4688/2021 saylı, 23.12.2021-ci il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: İlham Kərimli Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2215/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2215/2022
24.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver