Məhkəmə qərarları › İş №2(103)-2215/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2215/2024

22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2215/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 5617/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi, 328b saylı bağ evi İddiaçı xüsusi mülkiyyətindədir.

2. Hesab fakturadan müəyyən edilir ki, İddiaçı Cavabdeh ASC-yə xx.xx.2022-ci il tarixə 374.83 manat məbləğində borcu vardır.

3. xx.xx.2022-ci il tarixdən hesabat su xətti üzərində quraşdırılmış mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılır.

4. Abonent kartına əsasən İddiaçı su təchizatına görə 479.83 manat borcu vardır.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən əmlaka Cavabdeh ASC tərəfindən hesablanmış 374,83 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı bağ massivi, 328b saylı bağ evi onun xüsusi mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli Cavabdeh ASC Sabunçu Sukanal İdarəsi tərəfindən tərtib olunan qəbzdən göründüyü kimi, həmin əmlaka 374,83 manat borc qeyd edilmişdir. Mülkiyyətində olan əmlaka Cavabdeh ASC tərəfindən hesablanan borc onun həmin əmlakdan istifadə etdiyi dövrə uyğun gəlmir, buna görə də borc qismində hesablanan pul məbləği əsassız və qanunsuzdur.

7. Cavabdeh iddiaya qarşı etiraz verərək etirazını onunla əsaslandırmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Cavabdeh ASC ilə xx.xx.2016-cı il tarixdə bağlanmış müqaviləyə (müqavilə: ********) əsasən iddiaçı su ilə təchiz edilmişdir (abonent kodu: **********140). Abonentin istifadə etdiyi suyun dəyəri sayğac quraşdırılan tarixə kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 7.4 və 7.5-ci bəndlərinə əsasən 3 (üç) nəfər olmaqla ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən aparılmışdır (3 nəfər x 5 m3 = 15 m3, 2 sot x 5 m3 = 10 m3, 15 m3 + 10 m3 = 25 m3, 25 m3 x 0.35 manat = 8.75 manat və 25 m3 x 0.70 manat = 17.50 manat). xx.xx.2022-ci il tarixdən hesabat su xətti üzərində quraşdırılmış İSS-20M-2 markalı 22029791 nömrəli mexaniki tipli su sayğacının göstəricisinə əsasən aparılır. O, əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində sudan mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi suyun dəyərini tam ödəməmiş, nəticədə 374,83 manat borcu yaranmışdır. Hazırda sayğac göstəricisi 177 m3 olmaqla abonentin hesabında sudan istifadəyə görə 479.83 manat borc vardır. “X3”nın: 7.11-ci və 7.12-ci bəndlərinə əsasən istehlakçı bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq ona göndərilmiş (təqdim edilmiş) hesabda səhvə (səhvlərə) yol verildiyi (ödənilməli olan vəsaitin artıq hesablandığı) qənaətinə gələrsə, hesabı aldıqdan sonra ən geci 10 iş günü müddətində hesabı təqdim etmiş STKM-ə yazılı şəkildə müraciət edə bilər. 7.12. STKM bu Qaydaların 7.11-ci bəndinə əsasən daxil olmuş müraciətə ən geci 5 iş günü müddətində baxaraq, istehlakçıya yazılı cavab verməlidir. Ərizə əsaslı hesab edildikdə, artıq hesablanmış vəsait növbəti ödənişlərdə nəzərə alınır və ya istehlakçıya geri qaytarılır. Göründüyü kimi, iddiaçı tərəfindən bununla bağlı Cavabdeh ASC-nə heç bir müraciət ünvanlanmamışdır. “X3”nın 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. Bu Qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. Göründüyü kimi iddiaçı “Su təchizatı və tullantı suları haqqında” Qanunun, “X3”nın, eləcə də tərəflər arasında bağlanmış müqavilənin tələblərini pozmuş, “X3”na uyğun olaraq hesablanmış 479,83 manat borcun ödənilməsini təmin etməmişdir. “X3”nın 8.3-cü bəndinə əsasən istehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir. Göründüyü kimi, iddiaçı suyun verilməsinin dayandırılması barədə də Cavabdeh ASC-nə heç bir müraciət ünvanlamamışdır. Bu səbəbdən “X3”na müvafiq olaraq hesablanmış 479,83 manat borc iddiaçı tərəfindən ödənilməlidir.

8. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 5617/2023 nömrəli qətnaməsi ilə (hakim Ş.Ş.Qədirova) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən onun abonent koduna əsassız olaraq 374,83 manat borcun hesablandığını iddia edərək, həmin borcun silinməsini məhkəmədən xahiş etsə də, işin faktiki halları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, həmin borc iddiaçının sudan istifadəyə görə yaranmış debitor borcudur. Belə ki, iddiaçının silinməsini tələb etdiyi 374,83 manat borcun 356,63 manatı sayğac quraşdırılanadək ailə tərkibinə və suvarılan torpaq sahəsinə, 18.2 manatı isə sayğac göstəricisinə əsasən hesablanmış borcdur.

10. Göründüyü kimi, iddiaçının qeyd olunan borcun əsassız olaraq hesablanmasına dair yalnız mülahizə xarakterli izahatı mövcuddur. Onun izahatı sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə araşdırması zamanı isə qeyd olunan hal öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, borcun silinməsi barədə iddianın təmin edilməsi üçün əsaslar yoxdur, odur ki, iddia rədd edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, 560.2, 560.3.5.2-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 7.4, 7.5, 7.11, 7.12, 8.3-cü bəndlərinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-ci maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan bağ sahəsi Sanunçu rayonu Pirşağı bağ massivi 3288 saylı bağ evi olmaqla, **********140 saylı abonent kodu məhz bu ünvanda, lakin ünvan 2dilməklə quraşdırılmış sayğacla bağlıdır. İddiaçıya gələn hesab fakturalarda ailə tərkibi 3 nəfər göstərilməklə sonuncu ödəniş tarixi xx.xx.2020-ci il qeyd edilmişdir. Məhkəmə cavabdehin hansı sübutla mübahisəli evdə 3 nəfər ailə tərkibindən ibarət olmasını aydınlaşdırmamışdır. Məhkəməyə təqdim edilən arayışdan görünür ki, həmin bağ evində heç kəs qeydiyyatda deyil, mülkiyyətçini nəzərə alsaq 1 nəfər var. İddiaçı ilə xx.xx.2016-cı il tarixdə müqavilə bağlamış cavabdeh bilərəkdən sayğac illərlə quraşdırılmamış və cəmi 3 ay davam edən bağ mövsümündə bütün il boyu suvarma və il boyu 3 nəfər üçün fasiləsiz su sərfiyyatını fərziyyələrlə hesablama aparmaqla məhkəmə bu hala tənqidi yanaşmayaraq, hansı səbəbdən müqavilə bağlamış cavabdehin ünvanını sayğacla təmin etməməsini, sərfiyyatın uçotunu aparmaq, hesablamaq və tələb etməkdən ibarət səlahiyyəti olan cavabdehin formal mülahizələri ilə kifayətlənmişdir. Məhkəmənin iddiaçının hər ay 2 sot torpaq sahəsinin suvarılmasına görə cavabdeh tərəfindən pul hesablanmasının hansı sənədə əsasən qəbul etdiyi məlum deyildir. Ümumiyyətlə, qış və payız aylarında torpağın suvarılması halları mövcud deyildir. Cavabdehin iddiaçı ilə ödəniş tələb etdiyi dövr ərzində müqaviləsinin olub-olmaması məhkəmə tərəfindən aydıınlaşdırılmamışdır. Hər 6 aydan bir suyun o məbləğdə olmasını təsdiq edən cavabdeh üzləşmə aktı tətib edilməsinə əsasən hesablamalı olduğu halda üzləşməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 30.1. Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir).

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “X3” 7.4. Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. 7.5. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. 8.3. İstehlakçı suyun verilməsinin dayandırılması (su təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) və ya müqavilənin vaxtından əvvəl ləğv olunması (bu Qaydaların 8.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla) barədə STKM-ə yazılı müraciət etdikdə, STKM 2 iş günü müddətində müvafiq olaraq suyun verilməsinin dayandırılması və ya müqavilənin ləğv edilməsi barədə qərar qəbul etməlidir. İstehlakçıya suyun verilməsi həmin qərarın qəbul edildiyi gündən dayandırılmalıdır və istehlakçı sonuncu günədək istifadə etdiyi suyun dəyərini ödəməlidir.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Hazırki işdə iddia tələbi rədd edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.

23. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC tərəfindən 3 nəfər olmaqla ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən suyun dəyəri üzrə hesablama aparılmış, lakin iddiaçı tərəfindən onun ailə tərkibi barədə məlumatların cavabdehə təqdim edilməsi barədə sonuncu tərəfindən məhkəməyə sübutlar təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, iddiaçıya məxsus bağ sahəsində qeydiyyatda heç bir şəxs yoxdur.

24. Bundan başqa, cavabdehin iddiaya qarşı etirazında hesabatın 3 nəfər olmaqla ailə tərkibinə və suvarılan torpaq sahəsinə əsasən aparıldığı, hər ay 17,5 manat məbləğində borc hesablandığı qeyd edilsə də, iddiaçının abonentin kartından müəyyən edilir ki, cavabdeh tərəfindən sayğac quraşdırılmamışdan öncə hər ay qeyd edilən məbləğdə deyil, müxtəlif məbləğlərdə borc hesablanmışdır (məsələn, 2020-ci ildə müxtəlif aylar üzrə 23,8, 19,6, 27,3, 30,8 manat və s. məbləğlərdə).

25. Həmçinin, həmin abonent kartından o da görünür ki, iddiaçı tərəfindən sudan istifadəyə görə cavabdehə mütəmadi olaraq ödənişlər edilmişdir.

26. Bu baxımdan məkhəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə düzgün olmamışdır.

27. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin olunsun. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(008)- 5617/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin edilsin. İddiaçı sudan istifadəyə görə hesablanmış 374,83 manat məbləğində borc Cavabdeh ASC tərəfindən silinsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar