Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-222/2021 05.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı «gediş-gəliş yolunun açılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)-3604/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdeh2 (bundan sonra, cavabdeh) qarşı «gediş-gəliş yolunun açılması» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, ona məxsus 560 saylı bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi üçün onun və cavabdehin bağ sahələrinin ortaq divarından başlayaraq, cavabdehin mülkiyyətində olan 561 saylı bağ sahəsindən qəsəbədaxili yola qədər 3 metr enində torpaq sahəsinə onun xeyrinə servitut təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)- 3604/2018 saylı qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilmişdir. Cavabdeh2 qeyd edilən qətnaməndən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 may 2019-cu il tarixli, 2(103)-4766/2019 nömrəli qətnaməsi ilə təmin edilərək, qətnamə ləğv edilmiş, iddia rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 oktyabr 2019-cu il tarixli, 2(102)-6453/2019 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, məhkəmə tərəfindən müəyyən edilmiş qaydada servitutla cavabdehə məxsus bağ sahəsinin faktiki olaraq iki hissəyə bölünməsi, iddiaçıya məxsus bağ sahəsinə digər qonşuların bağından yol verilməsinin mümkün olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, iddiaçının bağ sahəsinin ictimai yola çıxışı heç vaxt olmamışdır. Onlara məxsus bağ sahələri arasında ortaq divar yoxdur. Ona görə də, məhkəmə tərəfindən müəyyən edilmiş qaydada servitut verilərsə, onun bağ sahəsi iki hissəyə bölünəcəkdir. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçı isə, apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahatlara uyğun eyni məzmunda izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin müəyyən edilmiş faktiki hallarına əsasən, tərəflər qonşu olmaqla Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsi 10 dekabr 2015-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən iddiaçının, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,08 ha torpaq sahəsində yerləşən 561 “a” saylı bağ sahəsi isə, 20 iyul 2013-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı mülkiyyətində olan 560 saylı bağ sahəsindən ictimai yola piyada və nəqliyyat vasitəsi ilə çıxış üçün cavabdehin mülkiyyətində olan 561 “a” saylı bağ sahəsindən zəruri keçidin ayrılmasını tələb edir. Cavabdeh isə tələbə etiraz edərək, iddiaçıya keçid veriləcəyi halda bağ sahəsinin faktiki olaraq iki hissəyə bölünəcəyini və başqa qonşuların bağ sahələrindən keçid ayrılması üçün daha məqbul variantların olduğunu bildirir. Məhkəmə kollegiyası, tələbin hüquqi əsaslarını nəzərdən keçirib, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin (bundan sonra, MM) 170.1-ci və 170.2-ci maddələrinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. MM-in 175.1-ci, 175.2-ci və 175.3-cü maddələrinə görə, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Sahələrindən zəruri yol və ya birlişdirici xətt keçəcək qonşulara müvafiq kompensasiya ödənilməlidir. Tərəflər arasında razılaşmaya əsasən kompensasiya birdəfəlik ödəniş şəklində verilə bilər. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. MM-in 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. MM-in 255.4-cü maddəsinə görə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Qeyd edilməlidir ki, hər bir torpaq sahəsinin mülkiyyətçisi öz torpaq sahəsindən səmələri istifadə etmək hüququna malikdir. Öz əmlakından istədiyi kimi istifadə etmək mülkiyyətçinin mülkiyyət hüququnun tərkib hissəsidir. Mülki qanunvericiliyin prinsiplərindən biri mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsipidir. Bu baxımdan öz torpaq sahəsindən çıxışı olmayan mülkiyyətçiyə öz sahəsindən səmərəli istifadə etmək üçün şərait yaradılmalıdır. Yuxarıda şərh olunan normalar məhz bu problemin həllini nəzərdə tutur. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Eyni zamanda, servitut - torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Göründüyü kimi, istər özgənin sahibliyində olan sahədən zəruri yol və keçidin ayrılması, istərsə servitutun müəyyən olunmasında qanuni məqsəd - torpaq sahəsindən ictimai yola piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi təşkil edir. Bu istiqamətdə, yəni şəxsin öz daşınmaz əmlakına mülkiyyət hüququnu tam həyata keçirməsi üçün digərinin daşınmaz əmlakından istifadə etməsi vahid (yeganə) həll yolu olmalıdır. Əks halda, əmlak mülkiyyətçisinin qeyd edilən tələbləri əsaslı sayıla bilməz. Həmçinin, nəzərə alınmalıdır ki, Torpaq Məcəlləsinin 54-cü maddəsinin 1-5-ci hissələrinə əsasən, servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər Torpaq Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar və sair. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. İşə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 avqust 2018-ci il tarixli, 11754 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş (eyni zamanda digər qonşu sahələrdən) naturada və elektron baza məlumatlarında mövcud deyildir və həmin torpaq sahəsinə gediş-gəliş yolunun açılması üçün naturada tələb etdiyi istiqamət üzrə yerləşən torpaq sahəsi cavabdehin mülkiyyətindədir və sözügedən istiqamətdə tikililər mövcuddur. İddiaçının mülkiyyətində olan 0,11 ha torpaq sahəsinə gediş-gəliş yolunun açılması məsələsinə Torpaq Məcəlləsinin 54-cü maddəsinin tələblərinə uyğun olaraq baxıla bilər. Birinci instansiya məhkəməsi, iddianı təmin edərkən qeyd olunan rəyi nəzərə almaqla, gəldiyi qənaəti belə əsaslandırmışdır ki, 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gediş-gəliş yolu olmadığından o, həmin sahəyə mülkiyyət hüquqlarını həyata keçirə bilmir, bununla da faktiki olaraq mülkiyyətindən məhrum olur. Buna görə də, həmin bağ sahəsindən qəsəbədaxili yola piyada və avtomobil keçidi cavabdehin mülkiyyətində olan bağ sahəsi onların ortaq divarından başlayaraq qəsəbədaxili yola qədər 3 metr enində servitutla yüklü edilməlidir. Ali Məhkəmə, əvvəlki apellyasiya icraatında rayon məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunlması barədə yeni qəbul edilmiş qətnaməni ləğv edərkən, 31 oktyabr 2019-cu il tarixli qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsinin sadalanan normaların təfsirində səhvə yol verərək, iddiaçının öz sahəsindən ictimai yola zəruri keçidi olmadığı üçün bilavasitə qonşusu olan cavabdehdən tam əvəzi ödənilməklə zəruri keçid ayrılmasını tələb etməsinə, qanunvericiliyə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma olmadıqda, servitutun məhkəmənin qərarı ilə müəyyən edilə bilməsinə əhəmiyyət vermədən, eləcə də qonşuluq münasibətləri ilə əlaqədar iddiaçının keçid verilməsini hansı qonşudan tələb edə bilməsinin daha yolverilən olmasını, bir sözlə keçidin daha az zərər vura biləcəyi qonşunu müəyyən etmədən, yalnız cavabdehin gətirdiyi arqumentlərlə razılaşaraq iddianı rədd etməsi, əslində iddiaçını bağ sahəsindən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum etmişdir. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası tərəfindən kassasiya instansiya məhkəməsinin göstərişləri nəzərə alınaraq, Daşınmaz Əmlakın Kadastri və Ünvan Resystri Xidmətinin mütəxəssisləri cəlb olunmaqla iş üzrə əlavə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 avqust 2021-ci il tarixli, 10/2155 saylı rəyinə əsasən, Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən "xxxx" MMC-nin elektron bazasında araşdırılmış və bu barədə 16 iyun 2021-ci il tarixli, **********85 sayılı mütəxəssis rəyi əsasında müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinin sərhədləri ilə cavabdehin mülkiyyətində olan 561 “a” saylı bağ sahəsinin sərhədləri yerində müəyyən edilmiş və iddia edilən yol mütəxəssis tərəfindən tərtib edilmiş sxemdə göstərilmişdir (sxem əlavə edilmişdir). İddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə əvvəllər gediş-gəliş yolunun haradan olması barədə məlumat aşkar edilməmişdir. Kollegiya vurğulayır ki, ekspertiza rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi, iş üzrə keçirilmiş hər iki ekspertiza üzrə bu sahədə ixtisaslı şəxslərin rəyi ilə iddiaçının mülkiyyətində olan 560 saylı bağ sahəsinə gediş-gəliş yolunun nə elektron baza məlumatlarında, nə də naturada mövcud olmadığı, bu yolun rəyə əlavə olunmuş sxemdə göstərilən şəkildə cavadehin mülkiyyətin olan 561 “a” saylı torpaq sahəsinin hesabına təmin edilməsinin mümkün olması (digər qonşu torpaq sahələrinin hesabına təmin edilməsinin daha yolverilən olmasını müəyyən etməyin isə mümkün olmadığı) müəyyən edilmişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Məhkəmə kollegiyası, yuxarıda qeyd olunan halları birlikdə qiymətləndirərək, bu qənaətə gəlir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində 0,11 ha torpaq sahəsində yerləşən 560 saylı bağ sahəsi iddiaçının mülkiyyətində olsa da, oraya gedişgəliş yolu olmadığından iddiaçı, bağ sahəsindən onun faydalı təbii xassələrini hasil etmək, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandan məhrum olmuşdur. Belə olan halda, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmuşdur. Cavabdeh tərəf isə bunun əksini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazının əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində icraat zamanı 50 (əlli) manat ekspertiza xərci (məhkəmə xərci) mövcud olmuşdur ki, həmin məhkəmə xərci də cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdeh2 qarşı «gediş-gəliş yolunun açılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)-3604/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 dekabr 2018-ci il tarixli, 2(003)- 3604/2018 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci Cavabdeh2 aid edilsin. Cavabdehdən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (ekspertiza xərclərinə dair bildirişlərə əsasən xərcin keçiriləcəyi hesab – X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-222/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-222/2021
05.10.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver