Məhkəmə qərarları › İş №2(103)-2220/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2220/2022

24.02.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2220/2022 24.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa və s." tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(006)-6848/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa və s. " tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13.07.2021-ci il tarixli əmrin etibarsız sayılması, 13.07.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, 25.06.2021-ci il tarixdən 08.07.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, "xxxx" ASC-də Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kimi 2400 manat, mənəvi ziyan kimi isə 10000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan cavabdeh "xxxx" ASC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Cavabdeh ASC-nin işgüzar nüfuzuna vurduğu zərərin kompensasiyası olaraq 12400 manat məbləğində vəsaitin tutulub Cavabdeh ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ASC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti) “işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının, vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizə əsasında Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində 2(006)- 6848/2021 saylı mülki iş başlanılmışdır. "Azər-Türk Bank” ASC ilə İddiaçı arasında 17 dekabr 2014-cü il tarixində 296 saylı əmək müqaviləsi bağlanmış və o, Bankın Müştəri Xidmətləri Departamentinin Nəzarət Şöbəsinin rəisi vəzifəsinə işə qəbul edilmişdir. 16 iyun 2021-ci il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilən tarixə qədər o, Cavabdeh ASC-nin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 21 iyun 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankı 26-07927-2021 nömrəli məktubla "Azər-Türk Bank” ASC-yə müraciət edərək vətəndaş X1 Mərkəzi Banka daxil olmuş müraciətində qeyd olunan narazılıq ilə bağlı araşdırmanın aparılmasını və nəticəsi barədə məlumatın Mərkəzi Banka təqdim edilməsinə dair "Azər-Türk Bank” ASC-yə göstəriş vermişdir. X4 müraciətində (ərizəsində) qeyd etmişdir ki, o, "my.gov.az" hökumət portalında şəxsi kabinetinə daxil oduqda “sorğulanmış məlumatlar” bölməsində müştərisi olmadığı Cavabdeh ASC tərəfindən 18 sentyabr 2020-ci il tarixində fərdi identifikasiya nömrəsinə (FİN) görə şəxsin fərdi məlumatlarının verilməsi haqqında 3 (üç) dəfə sorğu olunduğunu görmüşdür. X4 ərizəsində bu əməlin cinayət məsuliyyətinə səbəb olan hal olduğunu bildirmiş və sorğu edən qurumda onun keçmiş həyat yoldaşı X2 anası olan İddiaçı başqa digər tanıdığı şəxsin işləmədiyini qeyd etmişdir. Qeyd edilənlərdən irəli gələrək Cavabdeh ASC-nin aidiyyəti struktur bölməsi daxili yoxlamanın aparılmasına başlamışdır. Araşdırma aparılarkən Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi İddiaçı izahatı alınmışdır. İddiaçı verdiyi izahatda 18 sentyabr 2020-ci il tarixində gəlini X1 işləyibişləməməsİ barədə məlumatı öyrənmək üçün Müştəri Xidmətləri Mərkəzinin direktoruna X1 şəxsiyyət vəsiqəsində qeyd edilən məlumatları verdiyini qeyd etmişdir. Aparılmış daxili yoxlamanın nəticəsində X3 aid fərdi məlumatlar “Asan Finans" sistemindən əldə edilərkən onun icazəsinin alınmaması və bununla da müvafiq qanunvericilik normaları ilə müəyyən edilən tələblərin, eyni zamanda İddiaçı ilə rəsmləşdirilmiş əmək müqaviləsində işçiyə aid edilən öhdəliklərin pozulması faktı müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, vətəndaş X4 Azərbaycan Respublikası Baş Prokurorluğuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirilyinə müraciət edərək baş vermiş halın araşdırılmasını və qanunamüvafiq tədbirlərin görülməsini xahiş etmişdir. AR Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinəyatkarlıqla Mübarizə İdarəsi 26 avqust 2021-ci il tarixli, 007-11081- 1221 saylı məktubla Banka müraciət edərək İddiaçı barədə məlumatın verilməsini xahiş etmişdir. Göründüyü kimi, qeyd edilən əməlin törədilməsi nəticəsində İddiaçı “Azər-Türk Bank" ASC-nin işgüzar nüfuzuna ziyan vurmuşdur. Belə ki, məhz cavabdehin əmək və icra intizamını pozaraq törətdiyi qeyri-qanuni əməllərə görə Bankın işgüzar nüfuzu sarsılmış, müəyyən şəxslər arasında Banka olan etimad azalmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(006)-6848/2021 saylı qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul edilməmişdir. Cavabdeh məhkəməyə şikayət ünvanlayaraq, həmin qərardadının ləğv edilməsini və qarşılıqlı iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2(006)- 490/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslarla qarşılıqlı iddianın verilməsinə yol verilmir. Həmin Məcəllənin 156-cı maddəsinə əsasən qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişsə, qarşılıqlı iddianın təmin edilməsi ilk iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırırsa, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə vardırsa və onlara birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxmaqla nəticələnərsə hakim qarşılıqlı iddianı qəbul edir. Qanunvericiliyin qeyd edilən müddəalarından göründüyü kimi, qarşılıqlı iddia məhkəmə baxışının səmərəli təşkili baxımından, işin baxılması lüzumsuz təxirə salınmaması və qanunla müəyyən edilmiş prosessual müddətlər çərçivəsində baxılıb həll edilməsi üçün bir qayda olaraq işin məhkəmədə baxılmasına başlanana qədər verilməlidir. Qanunvericilikdə eyni zamanda qarşılıqlı iddianın Mülki-Prosessual Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət çərçivəsində, yəni iddia ərizəsinin surəti alındıqdan sonra 20 gün ərzində verilməsinin mümkünlüyü nəzərdə tutulur və bu mümkünlük həmçinin qarşılıqlı iddianın verilməsi üçün əsasların Mülki-Prosessual Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə və ya işin məhkəmədə baxılmasına başlanana qədər mövcud olmaması və həmin əsasların işin məhkəmədə baxılmasına başlandıqdan sonra yaranması ilə əlaqələndirilir. İş materiallarından göründüyü kimi, cavabdeh tərəf olduğu mülki iş üzrə keçirilmiş birinci və sonrakı hazırlıq iclaslarında iştirak etmişdir. Qarşılıqlı iddia ərizəsinin verilməsinə əsaslar iddiaçının məhkəməyə müraciət etdiyi və daha sonra işin məhkəmə baxışına hazırlanmasına dair keçirilmiş hazırlıq iclası zamanı mövcud olmuşdur və bu hal cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh Mülki-Prosessual Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində və daha sonra iş üzrə keçirilmiş məhkəmə iclaslarında qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmək imkanına malik olmasına baxmayaraq qanunvericiliklə ona verilən bu hüququndan vaxtında istifadə etməmişdir. Kollegiya qeyd edir ki, cavabdeh tərəf məhkəməyə qarşılıqlı iddia ilə müraciət edərkən müraciətini qarşılıqlı iddia ilə ilkin iddia arasında qarşılıqlı əlaqənin mövcud olması ilə əsaslandırmışdır. Lakin iş materiallarına əlavə edilmiş materiallara əsasən müəyyən edilir ki, ilkin iddia tələbi işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilib-verilməməsi ilə bağlı olduğu halda, qarşılıqlı iddia tələbi “Azər-Türk Bank" ASC-nin işgüzar nüfuzunun müdafiəsi, ona dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədərdir. Göründüyü kimi qeyd edilən iki iddia tələbinin bir-biri ilə qarşılıqlı əlaqəsi yoxdur. Beləliklə, qarşılıqlı iddia ərizəsinin birinci instansiya məhkəməsi tərəfindən qanuna uyğun qaydada işə baxılmağa başlanandan sonra verildiyi və iki iddia tələbinin bir-biri ilə qarşılıqlı əlaqəsi olmadığından qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməsi barədə qərardad qanuni və əsaslıdır. Cavabdehin şikayətinin dəlilləri həmin qərardadın ləğvi üçün əsas təşkil etmir. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli, 2(006)-6848/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar