Məhkəmə qərarları › İş №2(103)-2221/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2221/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2221/2021 19.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2052/2020 saylı, 12 oktyabr 2020ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdehlər “xxxx” MMC, Cavabdeh2 QSC-yə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 cəlb edilməklə) “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1” MMC, Cavabdeh2 QSC aptekləri tərəfindən satılan “Amaril (4 mg)” dərman vasitəsinin tərkibi, keyfiyyəti, efektivliyi, təhlükəsizliyi, Azərbaycan Respublikasına idxalı, qiymətlərinin hansı meyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların ona təqdim edilməsi barədə Cavabdeh1” MMC, Cavabdeh2 QSC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2052/2020 saylı, 12 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, "Cavabdeh1" MMC və "Cavabdeh2" ASC-nin üzərinə "Amaril (4 mg)" dərman vasitəsinin tərkibi, keyfiyyəti, effektivliyi, təhlükəsizliyi barədə İddiaçı məlumat verilməsi öhdəliyi qoyulması qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdehlər qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətli faktiki hallar araşdırılmamışdır. Cavabdeh göstərmişdir ki, rayon məhkəməsi tərəfindən qeyd olunan dərman vasitələrinin qiymətlərinin hanspı meyarlar əsasında müəyyən edilməsi və dərman vasitəsinin idxalı ilə bağlı (miqdarı barədə) malumatların kommersiya sirri olduğunu qeyd edərək əsassız olaraq iddianı həmin hissədə təmin etməmiş, eləcə də sözügedən dərman preparatının “xxxx” MMC tərərəfindən 2012-ci ildən bəri sertifikatlaşdırılmadan idxal olunması məsələsinə münasibət bildirilməmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsini və iddia tələblərinin tam həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin dəlillərinə uyğun izahat verdi və təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər və üşüncü şəxs məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1 tərəfindən verilmiş uyğunluq sertifikatının surətindən görünür ki, daxil olma mənbəyi Cavabdeh2 QSC olan “Amaril 4 mq” tabletin standart nümunəyə uyğun qablaşdırılması və markalanması uyğun hesab edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “X1” Publik Hüquqi Şəxsin 15 sentyabr 2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 QSC-nin müraciəti əsasında ona “Sanofi Aventis SPA” İtalya istehsalı olan “Amaril (4 mg)” dərman vasitəsinə Mərkəzin 20.06.2019-cu il tarixli 445422 analiz nömrəli uyğunluq sertifikatı verilmişdir. “xxxx” MMC-yə sonuncu dəfə 20.12.2012-ci il tarixdə A528 seryalı “Amaril (3 mg)” dərman vasitəsinə uyğunluq sertifikatı təqdim edilmişdir. Lakin “Amaril (4 mg)” dərman vasitəsinin “Azərbaycan Respublikası dərman vasitələrinin reyestrinə” daxil edilməsi və ölkəyə idixal edilməsi ilə bağlı “xxxx” MMC tərəfindən Mərkəzə müraciət edilməmişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə, yəni rayon məhkəməsinin qətnaməsi ilə iddianın təmin olunmayan - “Amaril (4 mg)” dərman vasitəsinin Azərbaycan Respublikasına idxalı, qiymətlərinin hansı meyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların ona təqdim edilməsi hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən belə qənaətə gəlmişdir ki, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri Azərbaycan Respublikası Tarif Şurası tərəfindən müəyyən edildiyindən, həmin dərman vasitələrinin qiymətinin hansı meyarlar əsasında müəyyən edilməsi və digər ona aid bütün məlumatların veriməsi öhdəliyinin “xxxx” MMC və Cavabdeh2 QSC-nin üzərinə qoyulması tələbi əssassızdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, dərman vaitəsinin idxalı ilə bağlı (miqdarı barədə) malumatlar kommersiya sirri olduğundan həmin məlumatların iddiaçıya verilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbi təmin edilə bilməz. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək haqlı olaraq düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı qurbam tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2259/2020 saylı, 10 iyun 2020-ci il tarixli qətnaməsi onun apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar