Məhkəmə qərarları › İş №2(103)-2221/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2221/2024

21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2221/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Saəddin qızının katibliyi ilə, İddiaçı, Cavabdeh ASC oğlunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6473/2023 saylı 18 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı ilə xx.xx.2023-cü il tarixdə 47232582 №-li bağlanmış müqaviləyə əsasən Bakı şəhəri Sabunçu rayonu X4, ev 256/a ünvanına **********000 №-li abonent kodu verilmiş, CSS-20 markalı 23056192 №-li sayğac quraşdırılmışdır.

2. Cavabdeh ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda xx.xx.2023cü il tarixdə həmçinin sudan istifadə qaydalarına riayət edilməsi vəziyyəti yoxlanılmış, ünvanda sayğacdan kənar istifadə edildiyi aşkar edilmiş, bu barədə 104284 №-li akt tərtib edilərək, dəymiş ziyanın məbləği 168 manat həddində hesablanmışdır.

3. İddiaçıya məxsus ünvanda xx.xx.2023-cü il tarixədək su xətti olmamış, iddiaçının həyətində su quyusu olmuşdur

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, abonent kartından 168 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayonu X4 Rəsul Rza küçəsi döngə 10-da yerləsən mənzil onun mülkiyyətindədir. Qeyd olunan ünvanda içməli su problemləri mütəmadi olmuş, içməli su ilə heç vaxt təmin olunmamışlar. Həyətində olan quyu suyundan, maşınlarla satılan sulardan və qablaşdırılmış sulardan istifadə etmişdir. 2023-cü ildə Azərsu ASC-nin podratçı təşkilatı tərəfindən qeyd olunan ünvanda yeni su şəbəkəsi tikilmişdir. Təşkilat əməkdaşları su tikintisi başa çatmamış orada yaşayan sakinlərdən evin sənədlərini və şəxsiyyət vəsiqəsini istəmiş, sənədləri təqdim etdikdən təqribən 1 ay sonra, Sabunçu Sukanal idarəsinin əməkdaşı qəbz təqdim emişdir. Müəyyən olunmuşdur ki, adına abonent kodu açılmış, amma məlumatlarda köhnə borc kimi - 168 manat cərimə göstərilmişdir. Sabunçu Sukanal idarəsinin əməkdaşları istehlakçı müqaviləsi təqdim etməmiş, o, heç bir yerdə müqaviləyə dair imza atmamışdır. Heç vaxt içməli su şəbəkəsi olmayan abonent necə ola bilər ki köhnə borc adı ilə ödəniş yazılsın. Hər hansı ünvana yeni su şəbəkəsi çəkilibsə bunun rüsumunu xalq ödəmir. Məhkəməyə müraciət etməmişdən öncə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə onlayn müraciət etmişdir (Ş002807 nömrəli). Müraciət etdiyi müddətdən təqribən 1 ay sonra dediklərinə görə Sabunçu Sukanal idarəsinin iki əməkdaşı evinə yaxınlaşaraq özlərini, vəsiqələrini təqdim etmədən həyətyanı sahəsinə baxış keçirmək istədikərini bildirmiş, bu şəxslərin Sabunçu Sukanal idarəsinin əməkdaşları olub olmaması onda şübhə yaratmış, evinə və həyətyanı sahəsinə baxış keçirmək üçün əllərində məhkəmə qərarı olmadığı üçün buna razılaşmamışdır. İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə etdiyi müraciət isə hələ də cavablandırılmamışdır.

6. Cavabdehin nümayəndəsi iddiaya etiraz təqdim edərək bildirmişdir ki, Sabunçu rayonu, X4 ev 256/a-da yaşayan İddiaçı məxsus mənzildə sudan istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları’na əsasən aparılmışdır. Həmin “Qaydaları”-n 8.7-ci bəndinə əsasən “Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 il müddətinədək hesablanır.” Qeyd olunan ünvanda yeni şəbəkə qurulan zaman köhnə xəttdən istifadə edən qeydiyyatda olmayan ünvan 4 nömrəli əlavəyə uyğun itirilmiş sərfiyyat bərpa edilərək qeydiyyata alınmışdır (itirilmiş sərfiyyat: 240 m3). Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 168 manat dəymiş ziyan hesablanmışdır (240 m3 x 0.70 manat=168 manat). xx.xx.2023-cü il tarixdə su xətti üzərində CSS-20 markalı, 23056192 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. “Sudan istifadə qaydaları” nın 4.1 -ci bəndinə əsasən istehlakçının vəzifəsi bunlardır: 4.1.2. STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək; Göründüyü kimi, İddiaçı “Su təchizatı və tullantı suları haqqında” Qanun”un, “Sudan istifadə qaydaları”nın tələblərini pozmuş, “Qaydalar”a uyğun olaraq hesablanmış 168 manat borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Tarif Şurasının “Azərsu" ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə" xx.xx.2011-ci il tarixli 01 nömrəli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir.Tarif Şurasının xx.xx.2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Hesab edirilər ki,“Sudan İstifadə qaydaları” na müvafiq olaraq hesablanmış 168 manat borc iddiaçı tərəfindən ödənilməlidir.

7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6473/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ehtimal əsasında iddiaçı barəsində akt tərtib etmiş, belə iddiaçının mövqeyinə görə su xətti çəkilməmiş ünvan mütləq sudan istfadə etdiyinə görə yalnız yaxınlıqda keçən su xəttinə qanunsuz qoşulmalıdır. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən qanunsuz qoşulmanı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, eyni gündə iddiaçı ilə müqavilə bağlanmış (iddiaçı həmin müqaviləni imzalamadığını bildirir) və adıçəkilən akt tərtib edilmişdir. Cavabdehin nümayəndəsi etirazında iddiaçı tərəfindən “Sudan istifadə Qaydaları”nın tələblərini pozduğunu, STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmədiyinə istinad etmişdir. Halbuki, qeyd edildiyi kimi, iddiaçı ilə müqavilə bağlanmamışdır və o, bağlanmamış müqavilənin şərtlərini poza bilməzdi.

9. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8; “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6473/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini; apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus mənzildə sudan istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na əsasən aparılmışdır. Məhkəmə hazırkı mülki iş üzrə qətnamə qəbul edərkən “Qaydaları”n 8.7-ci bəndini tətbiq etməmişdir. “Qaydaları”ın 8.7-ci bəndinə əsasən “Su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır.” Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Qeyd olunan faktlar tərəflərindən məhkəməyə təqdim edilmiş abonentin məlumat vərəqəsində, eləcə də əməkdaşlar tərəfindən tərtib olunmuş AKT-da təsdiqini tapmışdır. Məhkəmə iş üzrə bu faktlara qiymət verməmiş nəticədə əsassız qətnamə qəbul etmişdir. Yaranmış borcun hesablanması qaydası, eləcə də borcun yaranma mənbəyi barədə məlumatları özündə əks etdirən abonent məlumat vərəqəsi və iddia ərizəsinə etiraz sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəflərindən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13.Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC oğlunun nümayəndəsi X3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, sayğacın özündə nasazlıq olduğuna görə mexaniki hissə işlək vəziyyətdə olur və 874 manat borc hesablanıb. Smart tipli sayğaclarda elektron hissədə problem olan zaman mexaniki hissə işləyir və su sərfiyyatını hesablayır. 14.Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 16.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 17.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 18.Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

19. 21.1-ci və 21.2-ci maddələrinin tələblərinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

“Su təchizatı və tullantı suları haqqında” Qanunun

23.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər.

24. 3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqısatqısı müqavilə əsasında həyata keçirilir. 25.13.1-ci maddəsinə əsasən su təchizatı müəssisələri aşağıdakı hallarda özünün xidməti zonasının konkret ərazisində məişət (təsərrüfat)-içməli su ehtiyaclarının ödənilməsi üçün obyektləri lazımi miqdarda su ilə təmin etməli, habelə su kəmərləri xətlərini quraşdırmalıdırlar: a) müəssisənin xidməti zonasında yerləşən tələbatçıların (istehlakçıların) sifarişini aldıqda; b) su təchizatının yeni su kəmərləri xətləri vasitəsi ilə təmin olunması nəzərdə tutulan obyektlər, binalar, o cümlədən tikilməkdə olan və ya layihələşdirilən binalar mövcud olduqda; c) həmin ərazidə obyektlərin su ilə təchizatından əvvəl müvafiq normativ hüquqi aktlarla müəyyən edilən tələblərin yerinə yetirilməsini və xidmət haqqının ödənilməsini nəzərdə tutan lazımi müqavilələr bağlandıqda.

26. 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir.

27. 31-ci maddəsinin 1-ci bəndinə əsasən, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır“. Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 262 saylı, xx.xx.2014-cü iltarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın

28.1.6-cı bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.

29. 1.7-ci bəndinə görə müqavilələr fiziki şəxslərlə qanunla müəyyən edilmiş formalara uyğun bağlanılmalıdır. 30.2.1.1, 2.1.2 və 2.1.6-cı bəndlərinə əsasən balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək; istehlakçını müqavilədə göstərilən keyfiyyətdə və həcmdə su ilə təmin etmək; verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq hər ay istehlakçıya ödəməli olduğu vəsaitin həcmini əks etdirən hesabı təqdim etmək (göndərmək) su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 31.2.1.9-cu bəndinə görə aşağıdakı hallarda suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək): 2.1.9.1. quraşdırılmış suölçən cihaz dövlət standartlarının tələblərinə cavab vermədikdə; 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə su təchizatı və kanalizasiya müəssisəsinin vəzifəsidir. 32.6.4-cu bəndinə əsasən Yaşayış binalarının girişində və pilləkən qəfəslərində quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına STKM, mənzillərdə, fərdi yaşayış evlərində və həyətyanı sahələrdə quraşdırılmış suölçən cihazların işlək vəziyyətdə saxlanılmasına, o cümlədən üzərindəki plombların toxunulmazlığına isə istehlakçı cavabdehlik daşıyır. 33.7.9-cu bəndinə əsasən suölçən cihaz yararsız vəziyyətə düşdükdə, yeni suölçən cihaz quraşdırılanadək istifadə olunan suyun həcmi, bundan əvvəlki 12 (on iki) ayda (istehlak dövrü 12 (on iki) aydan az olduqda, faktiki istehlak dövrü üzrə) sərf olunmuş suyun orta aylıq sərfi həcmində təyin edilir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

34.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 35.Qeyd edilməlidir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.

36. Hazırki mülki iş üzrə zərərin baş verməsi, baş vermiş zərərin məhz iddiaçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Belə ki, iddiaçıdan tələb edilən borcun real, həqiqətən sərf olunmuş suya görə hesablanmış borc olduğunun, sudan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı bir qoşulma halının cavabdeh ASC tərəfindən sübuta yetirilməmişdir. 37.Beləliklə də məhkəmə kollegiyası hazırki iddia üzrə müəyyən edilməli olan halları sübüt etmək yükünü cavabdehin daşıdığını, lakin onun, qeyd edilən halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyini, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Apellyasiya şikayətinin dəlillərində qeyd olunan hallara isə birinci instansiya məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

39. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 40.Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6473/2023 nömrəli, 18 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar