Məhkəmə qərarları › İş №2(103)-2226/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2226/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2226/2023 18.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “mənzildən istifadə hüququna xitam verilməsi, mənzilə köçürülmə, maneələrin aradan qaldırılması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Suraxanı Rayon Məhkəməsinin 2(010)-4337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları:

1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” y/s, ev 135A, 30 saylı mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma oğludur. Qeydiyyat vəsiqəsinə əsasən xx.xx.1993-cü il tarixdən o, Bakı şəhəri, Suraxanı rayonu, Y.Günəşli qəsəbəsi, “AB” Y/S, ev 135 A, mənzil 30-un istifadəçisidir, mənzil alınan gündən orada oğlu və qızı ilə birlikdə yaşayır, həyat yoldaşı 1991-ci ildə vəfat etmişdir. Qızı da ailə qurmuş, ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Cavabdeh 2009-cu il tarixdə ailə həyatı qurmuş, daimi yaşamaq üçün başqa ünvana getmişdir və həmin tarixdən onunla əlaqələrini demək olar ki, kəsmişdir. Buna baxmayaraq, ona məxsus mənzildə qeydiyyatda qalmağa davam edir. 13 il müddətində cavabdeh bir dəfə belə olsun ona zəng etməmiş, maraqlanmamışdır. Həmçinin o, sözügüdən mənzilin alınmasında və onun təmir edilməsində, mənzilin saxlanmasında iştirak etməmişdir. Cavabdehin ona məxsus mənzildə formal olaraq qeydiyyatda qalması bir mülkiyyətçi kimi onun hüquqlarını pozur və onun sərbəst şəkildə əmlakımdan istifadə etməyinə maneələr yaradır.

3. Daha sonra Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ilk iddianın bütünlükdə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, yəni ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi və onun həmin mənzildən istifadə hüququna, yaşamasına edilən bütün maneələrin İddiaçı qadağan edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin tələb üzrə iddiaçı onun doğma anasıdır, onun iddia ərizəsində qeyd etdiyi hallar tamamilə cəfəngiyyatdır, anası həmin ərizəni imzalamamışdır və o, əsla bu fikirləri (yəni mənim ona şiddət göstərmək, qayğısına qalmamaq və digər ittihamları) dəstəkləyə bilməz. Bütün bu olanlar anasını ona qarşı yönəltməyə çalışan mərhum X1 miras əmlak olaraq qalmış ünvan 1 ünvanında yerləşən mənzili ələ keçirtmək məqsədi güdür, atası 1991-ci ildə vəfat etmiş və həmin zaman onun adına notariat ofisində “vərəsəlik işi” açılmış, vərəsəlik işinin gedişatında həmin vaxt o, yetkinlik yaşına çatmadığından birinci dərəcəli vərəsə olmağına və həmin mənzildə pay sahibi olmağına baxmayaraq, mənzil bütünlükdə azyaşlı olmağı səbəbilə anası – İddiaçı mülkiyyətinə keçmişdir. O, həmin mənzildə doğulmuş, boya-başa çatmış, ailə qurmuş və son 3 ilə kimi ailəsi ilə birgə o mənzildə yaşamış, əsla anası ilə arasında iddia ərizəsində vəkilin öz imzasıyla qeyd etdiyi neqativ, ittihamlarla dolu hallar olmamışdır. Sadəcə rəsmi nikahla ailə qurduğu həyat yoldaşının 15 illik evli olmasına baxmayaraq, övlad dünyaya gətirə bilməməsi səbəbilə evdən çıxıb getməsini və anasının onun həyat yoldaşı ilə nikahının pozulması istəyini qəbul etməmiş, bu səbəbdən 3 ildir ki, anasının həyat yoldaşı ilə bağlı sözsöhbətlərindən uzaq qaçmaq məqsədi ilə məcburən kirayə köçmüş, lakin dəfələrlə anasına evə geri dönmək və yaşamaq istədiyini, kirayə pulunu ödəməyə maddi imkanının olmamasını demiş, anası isə evə yalnız həyat yoldaşıilə boşandığı təqdirdə qayıda biləcəyini bildirmişdir.

5. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi (hakim Səlimə Miriyeva) ilə İddiaçı Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair ilk iddiası təmin edilməmiş, ilk iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilmiş, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələbi təmin edilmiş, qarşılıqlı iddiaçı Cavabdeh Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmüş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:

6. İddiaçı qətnamədən apellyasiya şikayət vermiş və qeyd etmişdir ki, cavabdeh 2009-cu ildə mübahisəli mənzili könüllü şəkildə tərk etmiş, bir daha geri qayıtmamışdır. Qarşı tərəf cavabdehin mənzildə 2018-ci ilə qədər yaşadığını iddia etsə də bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehin harda yaşamağından iddiaçının məlumatı yoxdur, onun 13 ildir ki, başqa ünvanda yaşamağı onu deməyə əsas verir ki, onun yaşamaq üçün başqa yaşayış yeri var və cavabdehin formal olaraq qeydiyyatda olduğu evdə yaşamağa ehtiyacı yoxdur. Konstitusiya Məhkəməmsinin Plenumunun qərarında deyildiyi kimi, tərəflər arasında etibarlı ailə münasibətlərinin olmaması iddiaçıya hazırki tələblə məhkəməyə müraciət etmək üçün əsas verir.

7. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına əsasən, ai lə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasınaradan qalxması həmin hüququn xitamı ilə nəticələnir.

8. Hazırkı iş üzrə sözügedən qərarda göstərilən hər 2 şərt mövcuddur: 1) cavabdeh 2009-cu ildən mənimlə əlaqəni kəsib; 2) onun mübahisəli mənzilə ehtiyacı yoxdur. Belə ki, o, ailəsi ilə 2009-cu ildən başqa ünvanda yaşayır. Hesab edir ki, 13 ildən artıq müddətdə bir şəxs başqa ünvanda yaşayırsa, mövcud qanunvericiliyə görə, həmin yer, onun yaşadığı yer sayılır. Məhkəmə isə iş üzrə sübutlara, cavabdehin mənzili könüllü tərk etməsi, 13 ildir başqa ünvanda yaşaması, anası ilə əlaqəsinin olmamasına düzgün qiymət verməmiş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin təmin edilməməsi barədə qətnmə qəabul edilməsini xahiş etmişdir.

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, qətnamədən qarşılıqlı iddia tələbinin təmin edilməməsi hisəsində narazıdır, birinci instansiya məhkəməsi onun mənzilə köçürülməsini qərar alsa da, iddiaçının ona yaratdığı maneələrin qadağan edilməsi hissədə qarşılıqlı iddia tələbini təmin etməmişdir, halbuki o, bütün məhkəmə proseslərində iddiaçının ona maneələr yaratdığını bildirmişdir. Hesab edir ki, həmin hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmamışdır. Bu səbəbdən, qətnamənin “qarşılıqlı iddianın təmin edilməməsi” hissəsində ləğv edib, həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, bildirdi ki, cavabdehin adına qeydiyyatda ola mənzil olmasa da, onun mənzilə olan ehtiyacı aradan qalxdığı üçün, iddiaçı ilə soyuq münasibəti olduğu üçün istifadə hüququna xitam verilməlidir.

11. Apellyasiya şikayəti ilə bağlı mülki işə baxılmasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

12. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş, ******* nömrəli arayışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında qeydiyyatdadır.

13. 05.05.1993-cü il tarixli, H 1/1-36 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə ölmüş X2 əmlakından vərəsəsi olan həyat yoldaşı İddiaçı irs almalıdır. Şəhadətnamənin verildiyi vərəsəlik əmlakı ünvan 4 ünvanında yerləşən 30 nömrəli, 3 otaqlı, yaşayış sahəsi 38.60 m2 olan kooperativ mənzildən ibarətdir.

14. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 bildirmişdir ki, İddiaçı ilə 1987-ci ildən eyni blokda qonşudurlar. Cavabdeh isə onun oğludur və 2009-cu ildən həmin mənzildə yaşamır. Hətta onun 2010-cu ildə toyu olmuş, Zaur orada yaşamadığından toyda iştirak etməmişdir. O, özü hansısa davaya şahid olmasa da anasından eşitdiyinə görə ana-oğul arasında mübahisə olmuş, Zaur da buna görə evdən çıxıb getmişdir. O vaxtdan sonra Zaur heç vaxt anasının yanına gəlməmişdir. Hesab edir ki, o, əgər gəlmiş olsa idi, bunu bilərdi. Mahirə xanımın iki uşağı – bir qızı, bir oğlu var. Qızı anasının yanına gəlsə də Zauru heç görməmişdir. Hətta Mahirə xanıma bəzi hallarda özü və ya qardaşı kömək etmiş, bəzən özü ilə bazara aparmışdır. Maşın ilə onu aparanda ondan oğlu ilə danışıb-danışmaması barədə soruşmuş, o da danışmadığını demişdir. Binadakı digər qonşular da təsdiq edə bilərlər ki, Zaur artıq 10 ildir ki, həmin ünvanda yaşamır.

15. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş Əliyeva-X3 bildirmişdir ki, İddiaçı onun qapı qonşusu, Cavabdeh isə Mahirə xanımın oğludur. O özü ailəsi ilə birlikdə 1988-ci ildə bu mənzilə köçəndə Mahirə xanım orada yaşayırdı. Mahirə xanımın oğlu Zaur ailə qurduqdan sonra onlar bir müddət bir yerdə yaşamışlar. Lakin bir gün Mahirə xanım onların qapısını döymüş, anasından xahiş etmişdir ki, ona kömək etsin, polis çağırsın. Səbəbini soruşduqda demişdir ki, oğlu Zaur onu hədələyir, öldürmək istəyir. Bundan sonra anası polis çağırmış, polis gələnə qədər Mahirə xanım onların evində qalmışdır. Daha sonra Mahirə xanımın bacısı və qardaşı gəlib onu aparmışdır. Bu hadisədən bir neçə gün sonra Zaur çıxıb getmiş, artıq 13 il olar ki, onu görməmişdir.

16. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X5 bildirmişdir ki, İddiaçı onun bacısı, Cavabdeh isə bacısının oğludur. Zaurun arvadı Mahirə ilə yola getmədiyinə görə münasibətləri pisləşmiş, 2009-cu ilin sentyabrında Zaur arvadını da götürüb evdən çıxıb getmişdir. Həmin vaxtdan Zaurdan heç bir xəbər yoxdur. Hətta onun harada yaşadığını belə bilmirlər. Bildiyinə görə onu görən qohumlardan da qaçıb-gizlənir. Zaur evdən özü çıxıb getmişdir. Buna səbəb anası ilə arvadının yola getməməsi olmuşdur.

17. Birinci instansiya məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirmişdir ki, İddiaçı ilə 30 ildir ki, qonşudur və mənzilləri üzbəüz yerləşir. Cavabdeh isə Mahirə xanımın oğludur. Zaurun ailə qurmasından sonra Mahirə xanımla hər dəfə hal-əhval tutanda Mahirə xanım ona demişdir ki, oğlu üçün hər şeyin yaxşı olmasını istəyir. Bir dəfə Mahirə xanım onun qapısını döyərək, polis çağırmasını istəmişdir. O, səbəbini soruşduqda Mahirə xanım ona demişdir ki, hamamdan su götürməyin üstündə oğlu onunla dalaşmış, onu silkələməyə başlamışdır. O, dərhal polis çağırmış, polis Mahirə xanımın evinə getmişdir. Bundan sonrakı söhbətlərdə o özü iştirak etməmiş, lakin bu hadisədən sonra Zauru bir daha orada görməmişdir. O özü Mahirə xanımla oğlu arasında hansısa mübahisəyə birbaşa şahid olmasa da bu hadisədən sonra Mahirə xanımla danışdıqda həmişə ona demişdir ki, oğlu Zaur ona heç zəng etmir, köməklik göstərmir. Bu hadisənin nə vaxt baş verməsinə münasibətdə qeyd edə bilər ki, 2010-cu ildə qızı hamilə olmuş, bu hadisə də ondan 1 il sonra baş vermişdir. Tətbiq edilən maddi hüquq normaları:

18. Azərbaycan Respublikasinin Konstitusiyası Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29.İİİ. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi: Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

20. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

21. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq olunmuş, xx.xx.2009-cu il tarixdə qüvvədə düşmüşdür). Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır... Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

22. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Tətbiq edilən prosessual hüquq normaları:

23. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

24. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

25. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

26. Kollegiya qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına görə Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir, mənzil iddiaçının mülkiyyətinə 1993-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mərhum ərindən miras əmlak kimi keçmişdir. Cavabdeh iddiaçının oğludur və mənzil onun mülkiyyətinə keçdiyi vaxtdan onunla birlikdə bu mənzildə yaşaması işin mübahisəsiz halıdır. Tərəflər arasındakı əsas mübahisəli məsələlər cavabdehin bu mənzildən hansı tarixdən çıxması və bunun könüllü baş verib-verməməsi ilə bağlıdır. İddiaçı apellyasiya şikayətində cavabdehlə münasibətlərinin gərginləşməsi və onun 2009-cu ildən evi könüllü tərk etməsi, bir daha mənzilə qayıtmamasına istinad edir və onun mənzildə qeydiyyatının formal xarakter daşıması səbəbindən istifadə hüququna xitam verilməsini xahiş edir.

27. Kollegiya qeyd edir ki, cavabdehin iddiaçı ilə ailə münasibətlərinin daha da gərginləşməməsi səbəbindən mənzili tərk etməsi (çünki münasibətlərin gərgin olmasını hər iki tərəf qəbul edir), cavabdehin adına mənzil olmaması, iddiaçının isə cavabdehin yaşayış sahəsinə hüququnun aradan qalmasını təsdiq edən hər hansı sübut verə bilməməsi səbəbindən birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Çünki, cavabdehin gərgin ailə münasibəti zəmnində evi tərk edib başqa ünvanda yaşaması onun mənzilə olan servitutunun itirilməsi üçün əsas deyil. Belə ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, həmin məcəllənin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz.

28. Kollegiya cavabdehin apellyasiya şikayətinə əsasən, qarşılıqlı iddia tələbinin təmin edilməyən, yəni iddiaçının ona yaratdığı maneələrin qadağan edilməsi hissəsi ilə bağlı rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, onun mənzilə köçürülməsinin təmin edilməsi iddiaçının ona yaratdığı maneələrin aradan qaldırılması tələbini də ehtiva edir. Odur ki, cavabdehin apellyasiya şikayəti əsassızdır və təmin edilə bilməz. Nəticə:

29. Göstərilənlərə əsasən, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etbarı ilə düzgün hüquqi nəticəyə gələrək, ilkin iddia tələbini təmin etməməkdə, qarşılıqlı iddia tələbini təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətləri isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətləri təmin olunmadığından şikayətlərin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətləri vermiş iddiaçı və cavabdehin özlərinə aid edilməlidir.

31. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-4337/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı və Cavabdeh özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar