Məhkəmə qərarları › İş №2(103)-223/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-223/2023

05.07.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-223/2023 05.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-223/2023 (Açar sözlər: mənzilin boşaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-339/2022 saylı 22 fevral 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 iyul 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanan xx.xx.2015-ci il tarixli, BKA- 001/15 saylı kredit müqaviləsi və kreditin təminatı olaraq xx.xx.2015-ci il tarixli, İMBKA- 001/15 saylı ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzil ipotekaya qoyulmuşdur.

2. "xxxx" ASC tərəfindən məhkəməyə iddia qaldırılaraq kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi xahiş edilmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)- 124/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tələb ipoteka predmetinəyönəldilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)- 7663/2019 saylı qərarı ilə apellyasiya məhkəməsinin 2(103)-931/2019 saylı, 07 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmşdır.

3. Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi icraya yönəldilib və icra olunub. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın ********** nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, ev 14,13 saylı mənzil hal-hazırda "xxxx" ASC-nin mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanan xx.xx.2015-ci il tarixli, BKA-001/15 saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2016-cı il tarixinə olan 42304.51 ABŞ dolları əsas borcun, 3976.24 ABŞ dolları faiz borcunun, 4058.76 ABŞ dolları dəbbə pulunun, 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının, həmçinin 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilən rüsumun, ümumilikdə 50339.51 ABŞ dolları və 60.40 manat məbləğin cavabdeh X3 iddiaçının xeyrinə tutulması, cavabdehlə bağlanan xx.xx.2015-ci il tarixli, İMBKA-001/15 saylı ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilə tutmanın yönəldilməsi,mənzilin açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilən kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilən pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin cavabdehdən tutulması, cavabdehin ipotekaya qoyduğu mənzilə tutmanın yönəldilməsi ilə bağlı həmin mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək qətnamə çıxarılmasını xahiş edib.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tələb ipoteka predmetinə, yəni Bakı şəhəri, Nizami rayonu, Məhsəti Gəncəvi küçəsi, ev 14,13 saylı mənzilə yönəldilib, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019 saylı, 07 may 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılıb. Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(102)- 7663/2019 saylı qərarı ilə apellyasiya məhkəməsinin 2(103)-931/2019 saylı, 07 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb.Qətnamə icraya yönəldilib və icra olunub. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın ********** nömrəli Çıxarışına əsasən Bakı şəhəri, Nizami rayonu, Məhsəti küçəsi, ev 14,13 saylı mənzil hal-hazırda "xxxx" ASC-nin mülkiyyətindədir. Lakin cavabdeh və onunla birlikdə yaşayan ailə üzvləri hələ də mənzili tərk etməyiblər. Bu isə bir mülkiyyətçi kimi "xxxx" ASCnin hüquqlarını pozur, evdən istifadə etmək və sərəncam vermək hüququnu məhdudlaşdırır.

6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-339/2022 saylı, 22 fevral 2022ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddia tələbi təmin edilmişdir.

7. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayətini onunla əsaslandırmış ki, mübahisə predmenti olan əmlaka dair hərracın keçirilməsindən, həmçinin, "xxxx" ASC-ə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nın ********** nömrəli Çıxarışın verilməsindən daha sonra xəbəri olmamışdır. Belə ki, iddiaçı ilə aralarında olan razılaşmaya əsasən hərracın keçirilməsi dayandırılmalı və müvafiq borc məbləğinin ödənilməsi müəyyən olunmuş idi. Lakin, iddiaçı hərracın keçirilməsinə dair hər hansı məlumat vermədən hərracı təşkil etmiş və evi mülkiyyətinə keçirmişdir. Həmin hallar nəticəsində bu gün o və ailəsi yaşayış yerləni itirmək təhlükəsi ilə üzləşmişlər. Hesab edir ki, göstərilən hallar məhkəmə tərəfindən araşdırılmamış və qanunsuz qətnamənin çıxarılmasına səbəb olmuşdur. İddiaçıya qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq niyyətindədir. Məhkəmədə iştirakı təmin olunmadığımdan hazırda maraqlarıma toxunan məsələlər barədə münasibət bildirmək imkanımdan da məhrum olmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatı

11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdehin vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq "xxxx" MMC-nin nümayəndəsi-vəkili kimi başqa məhkəmə prosesində iştirak etməyi ilə əlaqədar məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. İşin halları, həmçinin, prosesin təxirə salınmasını xahiş edən vəkilin ərizəsində qeyd etdiyi halla bağlı hər hansı sübut təqdim etmədiyi (ərizədə qeyd olunan MMC-nin nümayəndə-vəkili olması barədə müvafiq etibarnamə və ya order), eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

12. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

13. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

15. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

18. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

21. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin bütünlüklə qanunliyinin və əsaslılığının yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materiallarında olan Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı iş üzrə qəbul etdiyi 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X5 və Cavabdeh qarşı,kredit borcu üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” barədə iddiası qismən təmin edilmiş, cavabdeh X3 42304.51 ABŞ dolları əsas borc, 3976.24 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 47613.84 ABŞ borcun və 60.4 manat dövlət rüsumunun"xxxx" ASC-nin xeyrinə tutulması,tutmnın ipoteka predmetinə yönəldilməklə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması,satışdan əldə əldə ediləcək pul vəsaiti hesabına X4 borcunun ödənilməsi,iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin X5 qaytarılması,qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur.

24. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019 saylı iş üzrə qəbul etdiyi 07 may 2019-cu ul tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı iş üzrə qəbul etdiyi 31 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiymət ilə qiymətləndirilməklə sözləri hissədə dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilmiş qalan hissədə qətnamə dəyişdirilmədən saxlanmışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7663/2019 saylı iş üzrə qəbul etdiyi 11 dekabr 2019-cu il tarixli qərarla Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 931/2019 saylı iş üzrə qəbul etdiyi 07 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

26. Azərbaycan Respublikası Əmlak Məsələlər Dövlət Komitəsi yanında DƏDRXdən verilmiş çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58.1 m2 olan mənzilə dair "xxxx" ASCnin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir.

27. Apellyasiya instansiya məhkəməsində aradırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh ”Bakı Hərrac Mərkəzi” MMC və üçüncü şəxs Nizmai rayon İcra Şöbəsinə qarşı “hərracın yeknlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək hazırki müəlki işin predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və həmin protokolun əsasında "xxxx"-nin mülkiyyət hüququnun qeydə alınmasına dair – qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2021-ci il olan danışmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3295/22 saylı, 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-755/2023 saylı, 01 fevral 2023-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2040/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

28. Göründüyü kimi hazırki mübahisənin predmetini təşkil edən mənzilin iddiaçı bankın mülkiyyətinə keçməsinə əsas olan hərracın nəticəsi məhkəmə tərəfindən qanuni hesab edilmişdir.

29. İşin hallarından göründüyü kimi mübahisəli mənzil kredit müqaviləsinin təminatı olaraq iddiaçının xeyrinə yüklü edilmiş, kredit borcu ödənilmədiyi üçün iddiaçı həmin mənzilin hərracdan satılması barədə iddia qaldırmış və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə həmin tələb təmin olunmuşdur. Hərrac prosesində "xxxx" ASC qeyd edilən mənzili almaqla ona mülkiyyət hüququ əldə etmişdir.

30. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

32. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

33. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

34. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-339/2022 saylı iş üzrə 22 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar