Məhkəmə qərarları › İş №2(103)-2230/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2230/2020

25.02.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2230/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi, vəkil Rafiq Quliyevin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6165/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı (bundan sonra – iddiaçı) və Cavabdeh (bundan sonra – cavabdeh) xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü Cahan adlı qızları doğulmuşdur. Cavabdeh 2017-ci ilin may ayından 2018-ci ilin avqust ayınadək iddiaçının mülkiyyətində olan Bakı şə-həri, Yasamal rayonu, 3138-ci məhəllə, Mirəli Seyidov kü-çəsi, 4 saylı evin 53 saylı mənzilində (bundan sonra – mübahisəli mənzil) yaşamışdır. Bakı Şəhəri Yasamal Rayon Məh-kə-məsinin 2(004)-614/2019 saylı iş üzrə xx xxxxxx 2019-cü il tarixli qətnaməsi ilə cavabdehin azyaşlı övladı ilə birlikdə mübahisəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi qət edilmişdir. Həmin qətnamə mübahisələndirilmiş və dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Bakı Şəhəri Yasamal Rayon Məh-kə-məsinin 2(004)-3306/2019 saylı iş üzrə xx xxxxxx 2019-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq cavabdehin himayəsində saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə nikahın ləğvi akt qeydləri kitabında 509 nömrə ilə qeyd edilmişdir. Baxılan iş üzrə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabehin övladı X3 ilə birlikdə mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və onlara məxsus olan əşyalarla - bir ədəd uşaq çarpayısı, bir ədəd qarderob, 12 ədəd stul, bir ədəd stol, bir ədəd divan, iki ədəd kreslo, bir ədəd jumalnıy, bir ədəd termo, iki ədəd stenka şkaf, bir ədəd divar güzgüsü, qab-qacaq və geyimlərlə birlikdə həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xasiyyətləri bir-birinə uyğun gəlmədiyindən ailə münasibətləri pozulmuş, cavabdeh evdən çıxıb getmişdir. Məhkəmələr iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə qətnamələrini məhz cavabdehlə nikah münasibətlərində olması ilə əsaslandırmışlar və artıq nikahları ləğv edilib. Bu səbəbdən də cavabdehin istifadə hüququ saxlanılmamalıdır. Cavabdeh evdən gedərkən yuxarıda sadalanan bəzi əşyalarını da evdə qoymuşdur. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddianın dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyib. Cavabdeh özünə məxsus evdə yaşayır və fərdi sahibkarlıqla məşğul olur, maddi imkanı yaxşıdır. Nikahları ləğv edildiyi üçün əvvəlki qətnamə iddianın təmin olunmasına mane olmur. Apellyasiya baxışı zamanı iddiaçı şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh 2017-ci ilin may ayından 2018-ci ilin avqust ayınadək mübahisəli mənzildə yaşayıb və könüllü olaraq mənzili tərk edib. Cavabdehin adına Bakı şəhəri Nəsimi rayonu ərazisində 59,30 kv.m və 115,61 kv.m ölçülərdə iki ədəd qeyri-yaşayış sahəsi var və həmin sahələri icarəyə verməklə gəlir əldə edir, eyni zamanda qeyri-rəsmi estetik salonda işləyir. Cavabdehin yaşadığı ev də özünə məxsusdur, lakin bilərəkdən adına keçirmir. İddiaçı apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 2017-ci ilin may ayından 2018-ci ilin avqust ayınadək mübahisəli mənzildə yaşayıb. Lakin iddiaçı onu mənzildən zorla çıxardığı üçün oranı tərk etmək məcburiyyətində qalıb. İddiaçı övladının atası olduğu üçün polisə şikayət verməyib. Hazırda mənzildən zorla çıxarıldığı barədə sübutu yoxdur. Adına olan VÖEN formaldır. Həmin kod 2016-cı ildə Bakı Şəhər Halqasında bir neçə ay işləməsi ilə əlaqədar açılıb və sonradan istifadə olunmayıb. Nəsimi rayonundakı iki əmlak formal olaraq onun adınadır və əslində əmisinə məxsusdur. Onları icarəyə verilib gəlir əldə etdiyi barədə iddiaçının dedikləri həqiqətə uyğun deyil. Məhkəmə qətnaməsi əsasında hazırda mübahisəli ünvana qeydiyyata düşsə də, iddiaçı onu hələ də evə buraxmır. Anasına məxsus evdə müvəqqəti yaşayır. Həmin ev 4 otaqlıdır, orada özü, uşağı, anası, nənəsi və qardaşı yaşayır. Cavabdehin nümayəndəsi bildirdi ki, təmsil etdiyi şəxsin mübahisəli mənzilə istifadə hüququ məhkəmə qətnaməsi ilə tanınıb. İddiaçı kompensasiya vermədən onu mənzildən çıxara bilməz. Nümayəndə apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddiaçının mübahisəli mənzilə istifadə hüququnun yarandığı eyni tərəflər arasında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilib və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 82.3-cü maddəsinə əsasən həmin hal baxılan iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmin məhkəmə qətnaməsi ilə məhz tərəflərin həmin dövrdə rəsmi nikahda olduqları nəzərə alaraq cavabdehin mübahisəli mənzilə istifadə hüququnun olduğu müəyyən edilib. Bununla yanaşı, cavabdehin iddiaçıya məxsus mənzilə köçdüyü dövrdə qüvvəyə minmiş və hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər (30.4). Qanunvericiliyin göstərilən normasına əsasən, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam üçün əsasdır. Bu haldan istisna yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşmanın olmasıdır. Tərəflər arasında mübahisəli mənzildən istifadə ilə bağlı hər hansı yazılı razılaşma olmadığından onlar arasında nikahın pozulması ilə cavabdeh mübahisəli mənzilə istifadə hüququnu itirmişdir. Eyni zamanda məhkəmə baxışı zamanı cavabdeh mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnun saxlanılmasına əsas verən hər hansı müstəsna halların mövcudluğu, o cümlədən, 2018-ci ilin avqust ayında mübahisəli mənzili öz iradəsinə zidd olaraq tərk etdiyi barədə sübutlar təqdim etməmişdir. Əksinə, hazırkı işə baxılması zamanı mübahisəsiz qaydada müəyyən edilmişdir ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyatdadır və onun mülkiyyətində Bakı şəhəri Nəsimi rayonu ərazisində 59,30 kv.m və 115,61 kv.m ölçülərdə iki ədəd qeyri-yaşayış sahələri vardır. Apellyasiya baxışı zamanı cavabdeh adına olan VÖEN-in formal olduğunu, habelə Nəsimi rayonundakı iki əmlakında formal olaraq onun adında olduğunu və əslində əmisinə məxsus olduğunu bildirsə də istinad etdiyi halları təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası iddianı təmin edərkən qeyd olunanlarla yanaşı, iddiaçı və cavabdehin cəmi iki ilə yaxın rəsmi nikahda olduqlarını və cavabdehin mübahisəli mənzildə təxminən 1 il 3 ay yaşadığını nəzərə alır. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, eyni tərəflər arasında cavabdehin mübahisəli mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması hazırkı iddianın təmin olunmasına mane olmur. Çünki həmin qətnamənin qəbul edildiyi dövrdə tərəflər nikahda olduqlarından Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən cavabdehin mənzilə istifadə hüququ olub. Lakin sonradan nikahın pozulması ilə qətnamənin mövcudluğundan asılı olmayaraq həmin hüquq qanunun birbaşa göstərişinə əsasən itirilib. İddia tələbi cavabdehin mənzilə istifadə hüquqlarının itirilməsi hissəsində əsaslı olduğu üçün onun əşyaları ilə birlikdə mənzildən çıxarılması hissəsində də təmin olunmalıdır. Eyni zamanda iş materiallarından göründüyü kimi qanuni qüvvəyə minmiş qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq cavabdehin himayəsində saxlanılmışdır. Bu baxımdan iddia tələbi azyaşlı uşağa aid hissədə də əsaslıdır. Ona görə də iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6165/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia təmin olunsun. Cavabdeh övladı X3 ilə birlikdə Bakı şə-həri, Yasamal rayonu, 3138-ci məhəllə, Mirəli Seyidov kü-çəsi, 4 saylı evin 53 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməklə, əşyaları - bir ədəd uşaq çarpayısı, bir ədəd qarderob, 12 ədəd stul, bir ədəd stol, bir ədəd divan, iki ədəd kreslo, bir ədəd qəhvə masası, bir ədəd güzgülü dolab, iki ədəd divar şkafı, bir ədəd divar güzgüsü, qab-qacaq və geyimlərlə birlikdə həmin mənzildən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar