Məhkəmə qərarları › İş №2(103)-2231/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2231/2024

11.03.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2231/2024 11.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə qarşı “əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, əvvəlki işə bərpa edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-648/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən barəsində çıxarılmış 3-48/3-105k/2023 saylı, xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, əvvəlki mühafizəçi vəzifəsinə bərpa edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-648/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmənin çağırışına təkrarən gəlməməsini, nümayəndəsinin iştirakını təmin etməməsini, cavabdehin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsini nəzərə alaraq, iddia ərizəsi baxılmamış saxlanılmalı və iddiaçıya izah olunmalıdır ki, təyin olunmuş məhkəmə iclasında iştirak etməməsi üzürlü səbəbdən olmuşdursa, həmin üzürlü səbəblə bağlı sübutları məhkəməyə təqdim edərək işə yenidən baxılmasını xahiş edə bilər. Mülki Prosessual Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı tərəfin gəlməməsi və cavabdeh tərəfin işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi əsası ilə ərizəni baxılmamış saxlamaqda məhkəmə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə məhkəmənin hazırlıq iclası keçirilmiş və məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmişdir. xx.xx.2023-cü tarixdə məhkəmənin baxış iclası keçirilmiş, baxış iclasında iddiaçı, onun nümayəndəsi-vəkili, həmçinin cavabdehin nümayəndəsi iştirak etmiş, iddiaçı, nümayəndəsi-vəkili izahat vermiş, Dövlət İdarələri və İctimai Xidmət işçiləri X2 şəhər komitəsinə sorğu verilməsi qərara alınmış və sorğuya cavab alınması üçün məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etmiş və cavabdehin nümayəndəsinin iş üzrə zəruri sənədləri təqdim etməsi və iddiaçı tərəfin iştirakının təmin edilməsi məqsədi ilə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təxirə salınmış və xx.xx.2024-cü il tarixli məhkəmə iclasında isə iddia ərizəsinin baxılmamış saxlanılması qənaətinə gəlinmişdir. Göründüyü kimi, əvvəlki baxış iclasında iddiaçı və nümayəndəsi-vəkili iştirak etmiş, onların izahatları alınmış, təqdim edilmiş CD diskə baxış keçirilmiş və sorğu verilməsi məqsədi ilə məhkəmə iclası təxirə salınmışdır. Sonuncu məhkəmə iclasında isə cavabdehin nümayəndəsi iştirak etmişdir. Məhkəmə 259.0.7-ci maddənin tələbinə istinadən iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Hazırki halda qeyd olunan normada göstərilən hal baş verməmişdir. Belə ki, həmin normada işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçının məhkəmənin birinci çağırışına gəlməməsindən, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməməsindən gedir. Hazırki vəziyyətdə «məhkəmənin birinci çağırışı»ndan söhbət gedə bilməz, ona görə də MPM-nin 259.0.7-ci maddəsinin tətbiqi istisna olunur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia baxılmamış saxlanılmaqla mülki-prosessual qanunvericiliyin tələblərinə əməl edilməmiş və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir ki, bu da qərardadın ləğv edilməsi üçün əsasdır. Məhkəmə Kollegiyası hesab edir ki, məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli və mülki iş, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-648/2024 nömrəli 01 fevral 2024-cü il tarixli qərardadı ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün İddiaçı cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə qarşı “əmrin ləğv edilməsi, boşdayanma günlərinin əvəzinin ödənilməsi, əvvəlki işə bərpa edilməsi tələbinə dair” mülki iş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar