Məhkəmə qərarları › İş №2(103)-2232/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2232/2024

08.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2232/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh4, Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər “mülkiyyətə edilən qəsdə son qoyulması, musiqinin və elektroakkustik cihazların normadan artıq səslə səsləndirilməsinə və gecə saatlarında istifadəsinə qadağa qoyulması, maddi və mənəvi zərərin ödənilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı (Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, “Paramount” lounge və “X18”- Cavabdeh1 qarşı “mülkiyyətə edilən qəsdə son qoyulması, musiqinin və elektroakkustik cihazların normadan artıq səslə səsləndirilməsinə və gecə saatlarında istifadəsinə qadağa qoyulması, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-737/2023 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı X6 Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 8, mənzil 11-in mülkiyyətçisidir.

2. Cavabdeh4 ünvan 1 ünvanında, 1-ci mərtəbədə yerləşən 76.3 kv/m qeyriyaşayış sahəsinin mülkiyyətçisidir.

3. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Cavabdeh4 mülkiyyətində olan qeyri-yaşayış sahəsini xx.xx.2024-cü il tarixinədək icarəçi Cavabdeh3 icarəyə vermişdir.

4. xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Cavabdeh3 həmin qeyri-yaşayış sahəsini icarəçi Cavabdeh1 xx.xx.2024-cü il tarixinədək icarəyə verilmişdir.

5. Dövlət Vergi Xidmətinin məlumat bazasında həmin ünvanda yerləşən “X18” adı ilə qeydiyyata alınmış “Paramount” adlı təsərrüfat subyektində (obyektində) Cavabdeh1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir.

6. Bakı şəhəri Baş Polis İdarəsinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əliyarbəyov küçəsi, ev 8, mənzil 11-də yaşayan X4 yaşadığı evin 1-ci mərtəbəsində yerləşən “Social Baku” və “X20” restoranlarının fəaliyyəti zamanı yaranan səs-küyün rahat yaşayış hüquqlarının pozması haqqında şikayətinin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində obyektiv araşdırılmaması barədə Daxili işlər Nazirliyinə ünvanladığı müraciətinə baxılmışdır. Müəyyən edilmişdir ki, şikayət müəllifinin yaşadığı binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh2 xüsusi mülkiyyətində olmaqla icarə müqaviləsi əsasında xx.xx.2022-ci il tarixdən X1 icarəyə verilmiş, sonuncu icarəyə götürdüyü qeyri-yaşayış sahəsində “Social Baku” adlı karaoke klub təyinatlı iaşə obyekti təşkil etmiş, digər qeyri-yaşayış sahəsi Cavabdeh3 xüsusi mülkiyyətində olmaqla icarə müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdən X10 icarəyə verilmiş, sonuncu icarəyə götürdüyü qeyri-yaşayış sahəsində “X20” adlı karaoke klub təyinatlı iaşə obyekti təşkil etmiş və hazırda həmin təyinat üzrə istifadə edir. Məsələ ilə bağlı Səbail Rayon Polis İdarəsinin 9-cu Polis bölməsində aparılmış araşdırma zamanı şikayətçinin narahatçılığına səbəb olan hallar “Social Baku" adlı karaoke klubunda aşkar edildiyindən məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması faktına görə inzibatçı X13 barəsində Azərbaycan Respublikasının İXM-nin 521-ci (məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək inzibati tənbeh tədbiri görülmüşdür. Bundan əlavə, klubların rəhbərliyi ilə profilaktik-izahedici söhbətlər aparılmış, birgəyaşayış qaydalarının pozulmasının yaratdığı hüquqi məsuliyyətlər barədə xəbərdarlıq edilmişdir. Eyni zamanda, gələcəkdə sözügedən klubların fəaliyyəti nəticəsində birgəyaşayış qaydalarının pozulması hallarının təkrarlanmamasının qarşısının alınması məqsədi ilə profilaktik nəzarət tədbirlərinin gücləndirilməsi ilə bağlı ərazi aidiyyəti üzrə Səbail Rayon Polis İdarəsinə müvafiq göstəriş verilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər “Social Baku” restoranı- X1, “Premim Pub” lounge-Cavabdeh1 qarşı “Mülkiyyətə edilən qəsdə son qoyulması, musiqinin və elektroakkustik cihazların normadan artıq səslə səsləndirilməsinə və gecə saatlarında istifadəsinə qadağa qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda 1-ci mərtəbədə fəaliyyət göstərən “Social Baku” restoranına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1, ünvan 8 mərtəbə 1-də fəaliyyət göstərən X20, sahibklarlıq fəaliyyəti ilə məşğul olan X11 mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 22:00-dan sonra musiqinin səsləndirilməsi, elektroakkustik cihazlardan istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 6 mənzil 11 onun mülkiyyətindədir. Vaxtı ilə həmin mənzildə mərhum atası akademik Abdulla Qarayev yaşamışdır. 70 yaşı var. Mülkiyyətində olan mənzildə səs-küy əlindən normal yaşaya bilmir. Belə ki, yaşadığı ünvan 2 yerləşən 11 saylı mənzilinin alt mərtəbəsində yəni birinci mərtəbədə yanbayan “Social Baku” restoranı və “X20” yerləşir. Hər gün axşam və gecə saatlarından səhərədək həmin restoranlarda musiqiləri ucadan, gur səslə səsləndirirlər. Gecədən səhərə kimi səs–küy ucbatından nəinki yatmaq olmur, mənzildə danışanı eşitmək belə olmur. Restoranlarda ucadan səsləndirilən musiqinin küyündən, akustikasından mənzildə olan çılçıraq belə yerə düşərək sınmışdır. Çoxsaylı müraciətlərdən sonra daxili işlər nazirinin nəzarəti nəticəsində sahə müvəkkili yaşadığı ünvana gəlmiş və musiqinin yüksək səs-küyünü mənzildə hiss etmişdir. Bundan sonra “Sosial Baku” restoranını İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən cərimələmişdir. Lakin restoranlar cərimənin məbləği çox cüzi olduğundan nəticə çıxarmırlar, musiqinin səslənmə diapazonu tənzimlənmir, yenə də gecə saatlarında ucadan musiqini səsləndirməyi davam edirlər. Musiqinin həddən artıq olması onun sinir sistemini pozmuşdur, gecələr səsdən yuxuya gedə bilmir, əsəbdən qan təyziqi artır, ürəkdamar xəstəliyi tapmışdır. Öz evində normal istirahət edə bilmir. Cavabdehlərin fəaliyyəti dövlətin vətəndaşların rifahına yönəlmiş siyasətinə ziddir. Restoranlar tərəfindən yol verilən qanunsuzluğun aradan qaldırılması, restoranlarda səs-küyün qarşısının alınması, istirahət hüququnun bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etməli olur. Həmçinin qeyd etmək istəyir ki, cavabdeh restoranların fəaliyyət göstərdikləri məkan yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, orada səslənən musiqinin səsi normadan yüksəkdir. Cavabdeh restoranların fəaliyyəti sanitar epidemioloji tələblərə cavab vermədiyindən onlara fəaliyyətlərində musiqinin səsləndirilməsi qadağan edilməlidir. X2ydalarına görə 50 desibeldən yuxarı səs varsa, orada yaşayış üçün təhlükə var. Cavabdehlərin yaşayış binasında səsləndirdikləri musiqinin desibeli Azərbaycan Respublikasınını Prezidentinin 2008-ci il 08 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normalarına uyğun deyildir. Normalara əsasən yaşayış binalarında yol verilən maksimal səs həddi gündüz saatlarında 40-50, axşam saatlarında 45-55 dBA-dır. Göstərilən Dba-dan yuxarı səs həyat üçün təhlükəlidir. Yüksək səs-küy insanın psixikasına olduqca neqativ təsir göstərir, axşam saatlarında isə istirahət hüququnu pozur.

9. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanda 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh2, orada fəaliyyət göstərən “Social Baku” restoranına, o cümlədən “The Cups” restoranına, sahibkarlıq fəaliyyəti ilə məşğul olan X1, ünvan 8 mərtəbə 1- də yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh3 və orada fəaliyyət göstərən “Paramount” lounge təsərrüfat subyektinə (obyektinə), sahibklarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 24:00-a kimi musiqi səsinin ucadan, yəni qanunda nəzərdə tutulmuş normadan artıq səslənməsini və 24:00-dan sonra musiqinin səsləndirilməsi, elektroakkustik cihazlardan istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi, 600 manat maddi ziyana görə, 5.000 manat mənəvi ziyanın cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Ərizə belə əsaslandırılmışdır ki, məhkəməyə müraciət etdikdən sonra ünvan 4 ünvanda X20 adında təsərrüfat subyektinin (obyektinin) adı dəyişdirilərək “Paramount” adlı təsərrüfat subyektinə (obyektinə) çevrilmişdir. Dövlət vergi xidmətinin məhkəməyə ünvanladığı 12 may 2023-cü il tarixli məlumatlardan bəlli olur ki, həmin ünvanda “Paramount” adlı təsərrüfat subyekti (obyekti) fəaliyyət göstərir və həmin obyektdə Cavabdeh1 (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müəyyən edilmişdir. Beləliklə müəyyən olunur ki, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh3 icarəyə verdiyi Cavabdeh1 ilə birlikdə məsuliyyətdən kənarda qalmaq üçün təsərrüfat subyektinin (obyektinin) adını “Premim Pub” lounge-dan “Paramount” adına dəyişmişdir. Halbuki təsərrüfat subyektinin adı “Paramount” adına dəyişdirilsə də hər iki təsərrüfat subyektinin VÖEN-ni eyni olmaqla Cavabdeh1 adınadır. Hal-hazırda da təsərrüfat subyektinin (obyektinin) vəziyyəti aktivdir. “Paramount Baku” gecə klubunda səslənən musiqi onun və ətrafda yaşayan insanların rahatlığını və konstitusion hüququnu pozur. Məhkəməyə müraciət etdikdən sonra “Social Baku” təmirə bağlanıb, adını da “THE CUPS”a dəyişib. Dövlət Vergi Xidmətinin məhkəməyə verdiyi məlumatdanda görünür ki “Social Baku” təsərrüfat subyekti (obyektinin) fəaliyyəti dayandırılmışdır. Təsərrüfat subyektinin adını dəyişdirilməsi verilən məlumatda öz əksini tapmasa da, faktiki olaraq “Social Baku” adı dəyişdirilərək “The Cups” adı verilib. Beləliklə, cavabdehlər təsərrüfat subyektinin (obyektinin) adını dəyişdirməklə məsuliyyətdən kənarda qalmaq niyyətindədirlər. Məhkəməyə daxil olan sorğulara cavablardan qeyri-yaşayış sahələrinin mülkiyyətçiləri barədə məlumat bəlli olduğundan cavabdehlərin siyahısını artırır və tələbini dəqiqləşdirir. Həmçinin, cavabdeh restoranların fəaliyyət göstərdikləri məkan yaşayış binasının 1-ci mərtəbəsində yerləşir, orada səslənən musiqinin səsi normadan yüksəkdir. Cavabdeh restoranların fəaliyyəti sanitar epidemioloji tələblərə cavab vermədiyindən onlara fəaliyyətlərində musiqinin səsləndirilməsi qadağan edilməlidir. Cavabdehlərin musiqinin ucadan səsləndirməsi nəticəsində onun mənzilində asılan çilçıraq yerə düşərək sınmışdır. Həmin çilçırağın dəyərini işlənmiş vəziyyətini nəzərə alaraq 600 manat qiymətləndirir. Həmçinin uzun müddətdir ki, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində gecələr yüksək səsin ucbatından yata bilmədiyinə görə əsəb-sinir sistemi pozulub, getdikçə artan psixoloji gərgin şəraitdə yaşayır, streslər keçirir. Bu streslərin artması əsəb pozuntusuna gətirib çıxarmışdır. Yaşlı vəziyyətində həyatının rahatlığı hər gün pozulur, öz mülkiyyətində rahat yaşaya bilmir, kəskin baş ağrıları baş verir, əsəblərinin pozulması səs tellərinə də mənfi təsir göstərmişdir. Tez-tez öskürməyə başlamış, müalicə alır. Ona dəymiş mənəvi ziyanı 5.000 manat dəyərində qiymətləndirir.

11. 28.11.2023-cü il tarixdə İddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, Cavabdeh3 və orada fəaliyyət göstərən “Paramount” lounge təsərrüfat subyektinə (obyektinə), “X18” təsərrüfat subyektinə (obyektinə), sahibklarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 və digər şəxslərə mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 24:00-a kimi musiqi səsinin ucadan, yəni qanunda nəzərdə tutulmuş normadan artıq səslənməsini və 24:00-dan sonra musiqinin səsləndirilməsi, elektroakkustik cihazlardan istifadə edilməsinin cavabdehlərə qadağan edilməsi, 300 manat maddi ziyana görə, 2500 manat mənəvi ziyanın mülkiyyətçisi Cavabdeh4 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsi ilə bağlı Cavabdeh2 qarşı iddiasından imtina etdiyi üçün onunla bağlı icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, məhkəməyə daxil olan sorğulara cavablardan ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi barədə məlumat bəlli olduğundan cavabdehlərin siyahısını artırır və tələbini dəqiqləşdirir.

12. 04.12.2023-cü il tarixdə iddiaçı yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 5 ünvanında 1-ci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, Cavabdeh3 və orada fəaliyyət göstərən “Paramount” lounge təsərrüfat subyektinə (obyektinə), “X18” təsərrüfat subyektinə (obyektinə), sahibklarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 və digər şəxslərə mülkiyyətinə edilən qəsdə son qoyulması, gecə saatlarında istirahət hüququnun bərpa edilməsi, göstərilən ünvanlarda gecə saat 24:00-a kimi musiqi səsinin ucadan, yəni qanunda nəzərdə tutulmuş normadan artıq səslənməsini və 24:00-dan sonra səs-küylə müşahidə edilən fəaliyyətlə məşğul olmağın cavabdehlərə qadağan edilməsi, 300 manat maddi ziyana görə, 2500 manat mənəvi ziyanın mülkiyyətçisi Cavabdeh4 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, ünvan 6 ünvanda 1-ci mərtəbədə yerləşən qeyriyaşayış sahəsi ilə bağlı Cavabdeh2 qarşı iddiasından imtina etdiyi üçün onunla bağlı icraata xitam verilməsini xahiş etmişdir.

13. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 737/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və epidemioloji ekspertizaları təyin edilmişdir.

14. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” X15 xx.xx.2023-cü il tarixli Səs və X3 və Tədqiqat obyektinin yerində müayinəsinin nəticəsi olaraq verilən rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22.00-da ünvan 7 ünvanında qonaq və yataq otaqlarında ölçmələr aparılmış, həmin ünvanında titrəmə növündə daimi səs qeydə alınmış, yol verilən səviyyə 40 Dba olduğu halda qonaq otağında 59.5 Dba, yataq otağında 44.9 Dba, vibrasiya səviyyəsi 77 Dba olduğu halda qonaq otağında 88 Dba, yataq otağında 90 Dba, yəni yol verilən hədd səviyyələrindən artıq olmuşdur. Vibrasiya (titrəmə) və səs-küy səviyyələrinin yol verilən həddən artıq olması sakinlərin narahatlığına səbəb ola bilər.

15. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 737/2023 nömrəli qərardadı ilə İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilərək mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir.

16. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 737/2023 nömrəli qətnaməsi ilə (hakim R.N.Qafarova) iddia tələbi qismən təmin edilmiş, İddiaçı gecə saatlarında istirahət hüququnun bərpa edilməsi məqsədilə ünvan 8 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində gecə saat 24:00-dək musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, gecə vaxtı saat 24:00-dan sonra musiqinin səsləndirilməsində elektroakustik cihazlardan istifadə edilməsinin cavabdehlər - qeyri yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, icarəçi (və icarəyə verən) Cavabdeh3 və “X18” adı ilə qeydiyyata alınmış “Paramount” lounge təsərrüfat subyektində (obyektində) sahibkarlıq fəaliyyəti ilə məşğul olan icarəçi Cavabdeh1 (VÖEN: **********) qadağan edilməsi, mənəvi zərərin əvəzi olaraq 2.500 manatın cavabdeh (mülkiyyətçi) Cavabdeh4 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissələrdə rədd edilməsi qət edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, ünvan 9 ünvanında xx.xx.2023-cü il tarixdə saat 22.00-da iddiaçının mənzilində qonaq və yataq otaqlarında aparılmış ölçmələrin nəticələrinə görə vibrasiya səviyyəsi mənzilin qonaq otağında 88DB, yataq otağında 90DB, səs-küy səviyyəsi qonaq otağında 59,5 dBA, yataq otağında 44,9 dBA olaraq, 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərman müəyyən edilmiş yol verilən hədd səviyyələrindən artıq olmuşdur. Müəyyən edilmişdir ki, qeyd edilən vibrasiya (titrəmə) və səs-küy səviyyələrinin yol verilən həddən artıq olması sakin kimi iddiaçının haqlı narahatlığına səbəb olmuş və sonuncu yuxarıda qeyd edildiyi kimi cavabdehlərin bu hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmasını iddia edir.

18. Məhkəmə, Bakı şəhəri X12 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilməsinə dair Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(009)-1597/2023 saylı qərarında gösərilənləri də nəzərə almaqla hesab etmişdir ki, ünvan 10 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində gecə saat 24:00-dək, eləcə də ondan sonra musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, hətta gecə vaxtı saat 24:00-dan sonra musiqinin səsləndirilməsi zamanı elektroakustik cihazlardan istifadə edilməsi ilə İddiaçı gecə saatlarında istirahət hüququnun pozulması halları baş vermişdir.

19. İstinad olunan qanunvericilik normalarını və iş üzrə təqdim edilmiş rəyi, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, İddiaçı gecə saatlarında istirahət hüququnun bərpa edilməsi məqsədilə ünvan 8 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh4 məxsus qeyri-yaşayış sahəsində gecə saat 24:00-dək musiqi səsinin qanunvericilikdə nəzərdə tutulmuş normadan artıq (ucadan) səsləndirilməsi, gecə vaxtı saat 24:00-dan sonra musiqinin səsləndirilməsində elektroakustik cihazlardan istifadə edilməsi cavabdehlər- qeyri yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, icarəçi (və icarəyə verən) Cavabdeh3 və “X18” adı ilə qeydiyyata alınmış “Paramount” lounge təsərrüfat subyektində (obyektində) sahibklarlıq fəaliyyəti ilə məşğul olan icarəçi Cavabdeh1 (VÖEN: **********) qadağan edilməlidir.

20. Məhkəmə, iddianın mənəvi zərərin əvəzinin ödənilməsinə aid hissəsinə münasibət bildirərək qeyd etmişdir ki, qanunsuz hərəkətin mövcudluğu artıq mənəvi ziyanın, sarsıntının mövcud olmasının təsdiqidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının mütəmadi olaraq insan sağlamlığına mənfi təsir göstərən vibrasiyanın və səs-küyün təsirinə məruz qalmasının onun üçün mənəvi və psixoloji sarsıntı ilə nəticələnməsi labüddür. Məhkəmə, göstərilənlərə və iddia tələblərinə əsasən mənəvi zərərin əvəzi olaraq 2.500 manat pulun cavabdeh (mülkiyyətçi) Cavabdeh4 iddiaçının xeyrinə tutulmasını əsaslı və ədalətli hesab etmişdir.

21. Məhkəmə iddianın maddi zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, maddi ziyanla bağlı tələb mübahisənin həlli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1-ci maddəlinin baxımından əsaslı sayıla bilməz.

22. Məhkəmə araşdırması zamanı cavabdehlərin yuxarıda sadalanan qanunsuz hərərkətləri ilə iddiaçıya maddi ziyan vurulması arasında səbəbli əlaqənin olması müəyyən edilmədiyindən məhkəmə iddianın bu hissədə təmin edilməsini mümkün hesab etmməmişdir. Belə ki, iddiaçı tərəf məhkəməyə mənzildə olan çıl-çırağın uca səsdən və vibrasiyadan təsir görərək yerindən qopub yerə düşməsini və qırılmasını bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə, 29-cu maddəsinin Vİ hissəsi və 71-ci maddəsinin İİ hissəsinə, Mülki Məcəllənin 21, 170, 170.2, 171.1, 171.3, 560.1, 1096.1, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 57.2, 57.2.4, 57.2.5-ci maddələrinə, "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səsküy çirklənmələri normaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarına, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarlarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 119.1, 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, həmin obyekti Cavabdeh4 icarəyə götürmüş və sonra Cavabdeh1 icarəyə vermişdir, hazırda ora ilə heç bir əlaqəsi yoxdur. Bildiyinə görə həmin obyektin hazırki təyinatla işləməsi üçün 300.000 manata yaxın xərc çəkilərək ora təmir edilib. Onun qonşu ilə belə bir mübahisə olmasından əvvəlcə xəbəri olmayıb, o yer icarəyə verilən zaman iddiaçı o mənzildə yaşamayıb, heç kim yaşamırdı o mənzildə. Zamirdən mübahisə barədə soruşanda Zamir ona bildirdi ki, belə bir problem var. Problemi həll etmək üçün obyekti izolyasiya ediblər, yoxlayıblar – səs azalsa da divarın əsməsi ola bilər bir az olsun. İzolyasiya işlərindən sonra yoxlamaq üçün gələndə iddiaçı içəri keçib yoxlamağa icazə verməmişdir. Obyektin təyinatından asılı olaraq səs də fərqlənir. Səsin həcmini müəyyən edib obyektin təyinatını da müəyyən edə bilərdilər. Amma bunu yoxlamaq imkanı yaratmadılar. Həmin küçədə 7-8 obyekt var ki, bu təyinatla gecə saatlarında işləyir və musiqinin səsi ucadan səsləndirilir. Onları evə buraxsalar öz cihazı ilə səsi ölçüb və narahatçılığı aradan qaldırarlar. Əgər iddiaçıya hər hansı bir maddi və ya mənəvi zərər vurulubsa, buna cavabdeh şəxs hazırda orada fəaliyyət göstərən şəxs ola bilər. Hakim psixoloq və ya nevropatoloq deyildir ki, iddiaçıya dəymiş mənəvi zərərin 2.500 AZN məbləğində olmasını müəyyən edə bilsin. Bu əsaslanma yalnız mütəxxəsis rəyi ilə müəyyən edilə bilərdi. Eyni zamanda, məhkəmədə öz fikirlərini ifadə etməkdə çətinlik çəkən iddiaçı tərəfə dəfələrlə düzəlişlərin edilməsinə, təkrar-təkrar dəqiqləşmənin aparılmasına şərait yaradaraq mənəvi zərərin heç bir ekspertiza rəyi olmadan müəyyən edilməsi ilə tamamilə qərəzli mövqedir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırki tələb üzrə icarəçi cavabdehlik daşımalıdır. Qətnamə ilə onun üzərinə qoyulan öhdəliyin icrası mümkün deyil. İcarə müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir, müddət bitdikdən sonra müqavilə müddəti uzadılacaq.

28. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

30. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı işdə iddia tələbi qismən təmin edildiyindən və apellyasiya şikayəti cavabdehlərdən yalnız Cavabdeh3 tərəfindən verildiyindən qətnamənin əsaslığı yalnız həmin cavabdehə münasibətdə iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası Cavabdeh3 dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, işin müəyyən olunmuş halları ondan ibarətdir ki, Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsi, ev 8, mənzil 11 iddiaçının mülkiyyətində, Əbdülkərim Əlizadə küçəsi 7 ünvanında, 1-ci mərtəbədə yerləşən 76.3 kv/m qeyri-yaşayış sahəsi isə Cavabdeh4 mülkiyyətindədir. Cavabdeh4 həmin qeyri-yaşayış sahəsini xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən digər Cavabdeh3 xx.xx.2024-cü il tarixədək icarəyə vermiş, sonuncu isə öz növbəsində xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sözügedən qeyri-yaşayış sahəsini digər Cavabdeh1 xx.xx.2024-cü il tarixədək icarəyə vermişdir.

35. İşdən müəyyən olunur ki, iddiaçının dəqiqləşdirilmiş iddia tələbi qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh4, icarəçi (və icarəyə verən) Cavabdeh3 və “X18” adı ilə qeydiyyata alınmış “Paramount” lounge təsərrüfat subyektində (obyektində) sahibklarlıq fəaliyyəti ilə məşğul olan icarəçi Cavabdeh1 qarşı olmuşdur.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk olaraq qeyd edir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə mənəvi zərərin əvəzi olaraq 2.500 manat məbləğində vəsaitin Cavabdeh3 deyil, digər Cavabdeh4 tutulması qət edilmiş, həmin cavabdeh isə sözügedən qətnaməni mübahisələndirməmişdir.

37. Apellyasiya şikayətinin digər dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materialları ilə mübahisəli ünvanda xx.xx.2023-cü il tarixdə saat 22.00-da iddiaçının mənzilində qonaq və yataq otaqlarında aparılmış ölçmələrin nəticələrinə görə vibrasiya səviyyəsi mənzilin qonaq otağında 88DB, yataq otağında 90DB, səs-küy səviyyəsi qonaq otağında 59,5 dBA, yataq otağında 44,9 dBA olaraq, 8 iyul 2008-ci il tarixli 796 nömrəli Fərmanı müəyyən edilmiş yol verilən hədd səviyyələrindən artıq olduğu müəyyən edilmişdir. Belə ki, qeyd edilən vibrasiya (titrəmə) və səs-küy səviyyələrinin yol verilən həddən artıq olması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh3 Cavabdeh4 qeyriyaşayış sahəsini icarə məqsədilə götürmüş və gələcəkdə də icarə müqaviləsinin müddətinin uzadılacağını məhkəmə kollegiyasının iclasında bildirmişdir. Mülki qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən icarə müqaviləsinə əsasən ona icarəyə götürdüyü obyektdən istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verilir.

39. Beləliklə, onunla digər Cavabdeh1 ilə icarə müqaviləsinin müddəti bitdikdən sonra, həmçinin müqavilə müxtəlif səbəblərdən (qarşılıqlı razılıq əsasında, icarəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadə nəticəsində və s.) vaxtından əvvəl ləğv edildiyi təqdirdə özünün qeyri-yaşayış sahəsindən gəlir götürmək məqsədilə istifadə edilməsi istisna edilmir.

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi Cavabdeh3 münasibətdə iddianı qismən təmin edərkən haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissəsində ləğvinə əsas ola bilməz.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-737/2023 nömrəli qətnaməsi həmin cavabdehə aid hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar