Məhkəmə qərarları › İş №2(103)-2233/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2233/2023

19.05.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2233/2023 19.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və Talışınski Fuad Şəmsəddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-ci il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə apellyatorun özünün və vəkili (nümayəndəsi) Nümayəndə, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh ASC arasında bağlanmış “Əmək məcəlləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi barədə ASC üzrə verilmiş xx.xx.2022-ci il tarixli 31K nömrəli əmrin ləğv edilməsi, onun əvvəlki işinə - ASC-nin X7 İdarəsinin Avtomatika və Metrologiya şöbəsinin 2 nömrəli Regional Sukanal İdarəsi üzrə SCQT və İN qrupunun Şamaxı Sukanal sahəsində metrologiya üzrə mühəndisi vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxmaya görə ASC tərəfindən ona əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixinədək ASC-də yuxarıda qeyd edilən vəzifədə işləmişdir. İddiaçı, işlədiyi müddətdə öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmiş, rəhbərlik tərəfindən həmişə yaxşı işçi kimi qeyd olunmuş, ASC-də bir neçə rəis dəyişilsə də, iddiaçı, öz yerində qalaraq işini davam etdirmişdir. xx.xx.2022-ci il tarixdə, səhər, ASC-nin hüquqşünası iddiaçını xidməti otağına çağırmış, işdən öz istəyi ilə getməsi barədə ərizə yazmağı iddiaçıdan tələb etmiş və bildirmişdir ərizə yazmasa, onu əmək vəzifələrini kobud pozduğuna görə işdən azad edəcəklər. İddiaçı, hüquqşünasa izah etməyə çalışmışdır ki, həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir, ciddi və çətin müalicələr alır, onların 2 övladı var, oğlu müharibə veteranıdır, maddi vəziyyətləri çətindir, öhdəsində xəstə və yaşlı anası var, ASC-də işlədiyi müddətdə heç bir qüsuru olmayıb, hal-hazırda yaşamağa yerləri yoxdur, kirayədə tutduğu evdə yaşayırlar, ailənin yeganə çörək qazananıdır. Bunlara baxmayaraq işdən çıxmanın səbəbi iddiaçıya izah edilmədən, yeni iş yeri tapmaq üçün iddiaçıya vaxt verilmədən, hansı maddə və əsasla işdən azad edilməsi iddiaçıya bildirilmədən iddiaçını ASC üzrə həmin tarixdə verilmiş əmr ilə işdən azad etmişlər. Bundan bir neçə gün sonra, yəni xx.xx.2022-ci il tarixdə iddiaçıya bildirilmişdir ki onu Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə işdən azad etmişlər. Qeyd edilən əmr, “Əmək kitabçası” və digər sənədlər iddiaçıya yalnız xx.xx.2022-ci il tarixində verilmişdir. İddiaçı bildirir ki, həmin əmr aşağıdakılara görə qanunsuz və əsassızdır: ı) Əmrin məzmunu sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Əmrin məzmununda “Əmək müqaviləsinə” xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilməmişdir. Əmr əsaslandırılmamışdır. ıı) Əmrdə, “Əmək müqaviləsinə” xitam verilməsinə əsas kimi yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi qeyd edilmişdir. Əmrin məzmununda iddiaçının konkret hansı intizam pozuntusuna yol verməsi qeyd edilməmişdir. ııı) Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi özü özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam pozuntusu əmrdə qeyd edilməlidir. Lakin iddiaçıdan hər hansı bir izahat alınmamış, ümumiyyətlə hansı intizam xətasına yol verdiyi barədə iddiaçıya məlumat verilməmişdir. ıv) Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və "xxxx" bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar iddiaçı həmkarlar ittifaqı təşkilatı tərəfindən çağırılmamışdır. Beləliklə, əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur və bu səbəbdən hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilməli, işə bərpa edilməli və məcburi iş buraxmaya görə ona əmək haqqı ödənilməlidir. b) cavabdehin iddia tələbinə dair münasibəti barədə məlumat

3. Cavabdeh ASC-nin nümayəndəsi Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, təmsil etdiyi ASC iddianı əsassız hesab edir. Belə ki, ASC-nin əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı müəyyən edilmişdir ki, Şamaxı Sukanal sahəsində metrologiya üzrə mühəndisi olan iddiaçı və avtomatika üzrə çilingər X4 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və ASC-nin abonenti olmayan X1 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçasını qeyri qanuni olaraq su xəttinə qoşmuş, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmış, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmuşlar. Bu hallar aşkar edildikdən sonra ASC-nin X7 İdarəsinin Həmkarlar Komitəsinin razılığı ilə iddiaçının işdən azad olunması barədə əmr qəbul edilmişdir. İddiaçı ilə ASC arasında bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilməsi qanuni olmuşdur. Bu barədə verilmiş əmr Əmək Məcəlləsinin tələblərinə uyğundur və Məcəllənin tələblərinə uyğun əsaslandırılmışdır. Buna görə də ASC iddianın rədd edilməsini xahiş edir. c) iddia tələbinə bildirilmiş etiraza iddiaçının münasibəti

4. İddiaçı bildirmişdir ki, o, ASC-nin nümayəndəsinin bildirdiyi hərəkətləri özbaşına etməmişdir. O, 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqlarını yerinə yetirmişdir. d) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 16 yanvar 2023-cü il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xidməti vəzifələrinin icrası zamanı intizam xətalarına yol vermiş, aparılmış araşdırma zamanı verdiyi izahatında bunu 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərov və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayev tərəfindən verilmiş tapşırıq əsasında etməsini bildirsə də, bu halı təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən həmkarlar ittifaqının razılığı alınmışdır. Belə olan halda məhkəmənin gəldiyi qənaətə görə, ASC tərəfindən əmək müqaviləsinə xitam verilərkən müvafiq qanunvericiliyin tələblərinə tam riayət edilmişdir. Ona görə də iddia əsassız hesab edilməli və təmin edilməməlidir. e) apellyasiya şikayəti barədə məlumat

7. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsinin və iddiaçının Rayon Məhkəməsinə verdiyi izahatın məzmununa uyğun əsaslandrılmış apellyasiya şikayətində qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, Rayon Məhkəməsi iddianı rədd edərkən cavabdeh ASC-nin nümayəndəsinin həqiqətə uyğun olmayan ifadələrinə inanmışdır. Rayon Məhkəməsi Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin tələblərinin pozulmasına əhəmiyyət verməmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurmamışdır və bu kimi fakt ümumiyyətlə mövcud deyil. f) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və izahatları barədə məlumat

9. Apellyasiya baxışında iştirak etmiş iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdilər.

10. Cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin əsaslarına, habelə məzmununa uyğun izahat verdi. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

11. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

12. Belə ki, iddiaçının dəlillərindən biri ondan ibarətdir ki Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və "xxxx" bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Lakin əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar iddiaçı həmkarlar ittifaqı təşkilatı tərəfindən çağırılmamışdır.

13. Bu dəlilin əsaslılığının müzakirəsi ilə bağlı Məhkəmə bildirir ki, işdə olan materiallardan, iddiaçının apellyasiya baxışı iclasında verdiyi izahatdan müəyyən edilir ki, Cavabdeh ASC X7 İdarəsinin Həmkarlar Komitəsinin xx.xx.2022-ci il tarixdə keçirdiyi iclasda iddiaçı iştirak etmiş və izahat vermişdir.

14. Həmkarlar Komitəsi iddiaçının özünün və digər şəxslərin izahatlarını dinlədikdən sonra müəyyən etmişdir ki, iddiaçı, ASC-nin abonenti olmayan X1 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçasını qeyri qanuni olaraq su xəttinə qoşmaqla, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmaqla, həmin su sayğaclarının üzərinə isə ASCyə məxsus loqolu plombları qanunsuz olaraq vurmaqla Əmək Məcəlləsinin və onunla ASC arasında bağlanmış “Əmək müqaviləsinin” şərtlərini poşmuşdur. İddiaçı, bu hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqlarına əsasən etdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları təqdim edə bilmir. Əgər həmin şəxslər tərəfindən iddiaçıya bu kimi tapşırıq verilmiş olsa idi belə, iddiaçı, bu kimi tapşırıqların qanunsuz olduğunu nəzərə alaraq tapşırıqları icra etməməli idi. Buna görə də, Həmkarlar Komitəsi qərara gəlmişdir ki, ASC, onunla iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verə bilər.

15. Həmkarlar Komitəsinin iclasında iştirak etmiş iddiaçı iclas protokolunu imzalamışdır.

16. Apellyasiya baxışı zamanı iddiaçı Həmkarlar Komitəsinin iclasının formal olaraq keçirildiyini, iclasın cəmi 5 dəqiqə ərzində yekunlaşmasını, iclas zamanı ona söz verilmədiyini bildirsə də, Həmkarlar Komitəsinin iclas protokolundan görünür ki, iddiaçının izahatı kimi qeyd edilmiş məlumatlar iddiaçının hazırki iş üzrə məhkəmələrə verdikləri məlumatlar ilə eynilik təşkil edir. Əgər Həmkarlar Komitəsinin iclası iddiaçının bildirdiyi tərzdə keçirilmiş olsa idi onda iclas protokolundan həmin məlumatlar öz əksini tapmazdı.

16. Göründüyü kimi iddiaçının bildirdiyi dəlillər əsassızdır.

17. İddiaçının daha bir dəlili ondan ibarətdir ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə qeyd edildiyi kimi, işçinin əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi özü özlüyündə intizam tənbehidir. Bu intizam tənbehinə səbəb olmuş intizam pozuntusu əmrdə qeyd edilməlidir. Lakin iddiaçıdan hər hansı bir izahat alınmamış, ümumiyyətlə hansı intizam xətasına yol verdiyi barədə iddiaçıya məlumat verilməmişdir.

18. Məhkəmə bu dəlilin əsaslılığının müzakirəsi ilə bağlı bildirir ki, iş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ASC-nin X7 İdarəsinin rəisinə izahat yazılmışdır.

19. İzahatın məzmunundan görünür ki, iddiaçının yol verdiyi intizam xətasından məlumatı olmuşdur.

20. Göstərilənlərə əsasən müəyyən edilir ki, iddiaçının bildirdiyi bu dəlil də əsassızdır.

21. İddiaçının başqa dəlilləri ondan ibarətdir ki, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin məzmunu sadə formada qanunvericiliyin tələbinə zidd olaraq tərtib edilmişdir. Əmrin məzmununda “Əmək müqaviləsinə” xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilməmişdir. Əmr əsaslandırılmamışdır. Əmrdə, “Əmək müqaviləsinə” xitam verilməsinə əsas kimi yalnız Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi qeyd edilmişdir. Əmrin məzmununda iddiaçının konkret hansı intizam pozuntusuna yol verməsi qeyd edilməmişdir.

22. Bu dəlillərin əsaslılığının müzakirəsi ilə bağlı Məhkəmə bildirir ki, ASC-nin xx.xx.2022-ci il tarixli, 31K nömrəli əmrindən görünür ki, həmin əmrlə iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinə” Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, yəni iddiaçının əmək vəzifələrini kobud surətdə pozduğuna görə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürən müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) ilə xitam verilmişdir.

23. Göründüyü kimi iddiaçının bildirdiyi xüsusatlar öz təsdiqini tapmır. Əmrdə “Əmək müqaviləsinə” xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi qeyd edilmişdir. Əmr əsaslandırılmışdır. Başqa sözlə, iddiaçının bildirdiyi bu dəlillər əsassızdır.

24. İddiaçının bildirdiyi növbəti dəlil ondan ibarətdir ki, işə baxmış və iddianı rədd etmiş Rayon Məhkəməsi cavabdeh ASC-nin Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3cü hissələrinin tələblərinin pozmasına əhəmiyyət verməmişdir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, iddiaçı tərəfindən cavabdeh ASC-yə hər hansı maddi ziyan vurulmamış və bu kimi fakt ümumiyyətlə mövcud deyil.

25. Bu dəlillərin əsaslılığının müzakirəsi ilə bağlı Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (maddənin 2-ci hissəsi). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır (maddənin 3-cü hissəsi).

26. Yuxarıda artıq qeyd edildiyi kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsaslandırılmış, əmrdə “Əmək müqaviləsinə” xitam verilməsinə səbəb olmuş hal (intizam xətası) göstərilmiş, iddiaçının hansı intizam pozuntusuna yol verməsi qeyd edilmişdir.

27. Bundan başqa iddiaçının özünün məhkəmələrə verdiyi izahatlardan da görünür kimi, iddiaçı, 2021-ci ilin sentyabr ayında yeni inşa edilmiş və ASC-nin abonenti olmayan X1 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçasını qeyri qanuni olaraq su xəttinə qoşmuş, qanunsuz xətlərə ASC-yə aidiyyəti olmayan su sayğacları quraşdırmış, həmin su sayğaclarının üzərinə isə ASC-yə məxsus loqolu plombları qanunsuz olaraq vurmuşdur. Düzdür, iddiaçı, bu kimi hərəkətləri 2 nömrəli Regional Sukanal İdarəsinin rəisi Fərhad Heydərovun və Şamaxı Sukanal sahəsinin rəisi Eldəniz Şeydayevin tapşırıqları əsasında yerinə yetirdiyini bildirsə də, bu halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Bundan başqa, apellyasiya icraatı zamanı Məhkəmənin verdiyi suala cavab olaraq iddiaçı bildirmişdir ki, bu kimi göstərişin verilməsi qanunsuzdur, çünki hər hansı obyektin su xəttinə qoşulması üçün ilk növbə “Texniki şərt” verilməli, müvafiq icazələr alınmalıdır. X5 və Şamaxı Şəhər 7 saylı Uşaq Bağçası ilə bağlı bu proseduralar həyata keçirilməmişdir. Fərhad Heydərovun və Eldəniz Şeydayevin ona bu kimi göstəriş vermək üçün səlahiyyətləri olmamışdır.

28. Göründüyü kimi, iddiaçının yuxarıda göstərilən hərəkəti nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl dəymişdir.

29. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Əmək Məcəlləsinin 72-ci maddəsində digər hallar ilə yanaşı nəzərdə tutulmuşdur ki, işçinin əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir (maddənin “e” bəndi).

30. Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə görə isə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Bu baxımdan Məhkəmə hesab edir ki, işəgötürən olan cavabdeh ASC Əmək Məcəlləsinin qeyd edilən normalarına əsaslanaraq iddiaçı ilə onun arasında bağlanmış “Əmək müqaviləsinə” yuxarıda göstərilən əsasla xitam verməkdə haqlı olmuşdur.

32. ASC tərəfindən verilmiş həmin əmrdə iddiaçının müəssisəyə maddi zərər vurması qeyd edilmədiyindən Məhkəmə apellyasiya şikayətinin müzakirə edilən bu dəlilinin “iddiaçı tərəfindən ASC-yə maddi ziyanın vurulmaması barədə” hissəsinin əsaslılığını müzakirə etməyə lüzum görmür.

33. Göründüyü kimi apellyasiya şikayətinin müzakirə edilən bu dəlilləri də əsassızdır. h) apellyasiya baxışının nəticəsi

38. Göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393 və 405 maddələrini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 yanvar 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar