Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2237/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-1834/2025 saylı qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DİN DQ tərəfindən verilmiş xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005) 1834/2025 saylı qərardadı ilə ərizənin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərardaddan narazı qalan Ərizəçi şikayət verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 8-ci dəfə eyni hakim eyni işə hakim təyin edilib və nə özü-özünə etiraz edib, nə etirazına, nə də dövlət hesabına vəkillə təminatı barədə ərizəsinə baxıb. Eyni işin 8 dəfə eyni qərəzli hakimə verilməsi "Məhkəmələr və hakimlər haqqında" Qanunun 16-cı maddəsinə, MPM-in 19.1.3, 19.1.7-ci maddələrinə ziddir. Belə halda hakim özü işdən uzaqlaşmalı, əks halda kənarlaşdırılmalıdır. 8-ci qərardad da əvvəlki qərardadlar kimi normativ aktın qəsdən, ya savadsızlıqdan düzgün tətbiq edilməməsindən qaynaqlanır.Hakim özü onunla çəkişib, məhkəməyə özünün qanunsuzluğunun, saxtalığının, qərardadının əsası kimi sübutlar, məhkəmə aktları təqdim edir. Qətnamənin hələ qanuni qüvvəyə minmədiyini bildirəndə isə kassasiya insatansiyasını ali instansiyanı "başqa" məhkəmə sayıb, Mülki-Prosessual Məcəllənin 153.2.4 maddəsinə əsasən ərizəni yolverilməz sayır. Hakim qətnamənin necə çıxarılmasını formalaşdıran Ali Məhkəmənin vahid məhkəmə təcrübəsini aktlaşdırdığı Ali Məhkəmə Plenumunun "Məhkəmə qətnaməsi haqqında" Qərarını da görmür. Qərarın 15.4-cü bəndində yazılıb: "Əlavə qətnamə çıxarılmasından imtina olunması maraqlı şəxsi eyni tələblə ümumi qaydada məhkəməyə müraciət etmək hüququndan məhrum etmir". Nərimanov Məhkəməsi isə hüququna eyni tələblə olduğundan yolverilməzliyinə görə qadağa qoyub. Halbuki MPM-də belə norma, qayda nəzərdə tutulmayıb. Onun qeydiyyat ünvanı üzrə yalnız Nərimanov Məhkəməsinə hüquqi faktın müəyyən edilməsinə müraciət etmək hüququ var. Başqa məhkəməyə müraciət edə bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-1834/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, ərizəçi məhkəməyə ərizələr təqdim etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-611/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Ərizəçi Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi maraqlı şəxs qismində göstərilməklə sənədlərin ona məxsus olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 aprel 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı, 11 mart 2025-ci il tarixli qərardadı ilə Ərizəçi kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3974/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraata işə məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilir ki, ərizəçi Müdafiə Nazirliyi Mərkəzi Hospitalının verdiyi xx.xx.1993-cü il tarixli, 296 nömrəli arayışın, DİN DQ-nin hərbi tibb şöbəsinin verdiyi xx.xx.1998-ci il tarixli, 30/21 nömrəli qərargah rəisinin xx.xx.1999-cu il tarixli bildirişlərinin, SHXÇDX-nin Nizami rayon idarəsinin verdiyi xx.xx.2013-cü il tarixli, 126 nömrəli arayışın ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, ərizə təmin edilməmişdir. Həmçinin qəbul edilmiş qətnamə apellyasiya qaydasında mübahisələndirilsə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Eyni zamanda apellyasiya instansiya məhkəməsi tərəfindən həmin iş üzrə qəbul edilmiş qətnamə kassasiya qaydasında mübahisələndirilmiş və nəticə etibarı ilə qətnamə ləğv edilməklə iş üzrə icraata işə məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilmişdir. Göründüyü kimi ərizəçi hazırda DİN DQ tərəfindən verilmiş xx.xx.1998-ci il və xx.xx.1999-cu il tarixli bildirişlərin ona məxsus olması faktının müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, həmin faktın müəyyən edilməsi barədə artıq əvvəllər məhkəməyə müraciət etmiş, həmin mülki işə kassasiya qaydasında baxılmış və iş üzrə yekun məhkəmə aktı qəbul edilmişdir. Mülki Prosessual Məcəllənin 153.2.2 və 153.2.4-cü maddələrinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.5 və 153.6-cı maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, artıq eyni məsələ üzrə məhkəmə aktı mövcud olduğu halda, tərəf yenidən eyni ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik deyildir. Belə ki, ərizəçi eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair müvafiq məhkəmə aktı olmasına və apellyasiya instansiya məhkəməsinin qətnaməsini kassasiya qaydasında mübahisələndirməsinə baxmayaraq (hazırda icraat yekunlaşmışdır) yenidən məhkəməyə müraciət edərək, hüquqi əhəmiyyətli faktın tanınmasını xahiş edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə nəticəyə gəlmişdir ki, müvafiq ərizənin icraata qəbul edilməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yolverilməz hesab edilməlidir. Digər tərəfdən ərizədə qeyd edilmişdir ki, əlavə qətnamənin qəbul olunmasından imtina olunmuş və bu səbəbdən məhkəməyə yenidən müraciət etmək hüququ yaranmışdır. Halbuki Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024 cü il tarixli qərardadından görünür ki, Ərizəçi 2(103)-3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə ərizəsi təmin olunmamışdır. Həmin qərardadda qeyd edilmişdir ki, Ərizəçi izah olunsun ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilər. Göründüyü kimi hazırda ərizəçinin mübahisələndirdiyi “sənədlərin şəxsə məxsusluğuna” dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsində göstərilən (DİN DQ-nin xx.xx.1998-ci il tarixli, 30/21 №-li və xx.xx.1999-cu il tarixli, 19/299 №-li bildirişlərinin) məsələyə artıq baxılmış və tərəfə kassasiya şikayəti vermək hüququnun olduğu izah edilmişdir ki, yuxarıda göstərildiyi kimi ərizəçi də bu hüququndan artıq istifadə etmişdir. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimatın 180-1-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu iki və daha çox hakim olan məhkəmlərdə hakimlər arasında işlərin bölüşdürülməsi bu sistem vasitəsilə təsadüfi və avtomatik şəkildə elektron qaydada həyata keçirilir. Bu zaman sistemdə icraat növlərinin fərqləndirilməsi və cari ildə hakimlərin icraatına verilən işlərin sayı nəzərə alınmaqla işlərin bərabər bölüşdürülməsi təmin edilir. Hakimin xəstəliyi, ezamiyyətdə və ya məzuniyyətdə olması onun işlərin bölüşdürülməsində iştirakını istisna edir. Həmin Təlimatın 180-2-ci maddəsinə əsasən geri qaytarılmış və ya baxılmamış saxlanılmış işlərlə bağlı təkrar məhkəməyə müraciət edildikdə, sistem vasitəsilə həmin işlərin cari ildə icraatına verilən işlərin sayı nəzərə alınmadan işi geri qaytarmış və ya baxılmamış saxlamış hakimə (işə kollegial formada baxıldıqda sədrlik edən hakimə) verilməsi təmin edilir. Göründüyü kimi ərizəçinin mülki işin eyni hakimin icraatına yazılması ilə bağlı ərizəçinin dəlilləri də əsassız olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Azərbaycan Respublikası DİN Daxili Qoşunlar Baş İdarəsi cəlb edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilləri isə əsassız olmuşdur. Belə ki, ərizəçinin şikayətdə “8-ci dəfə eyni hakim eyni işə hakim təyin edilib” ifadəsi onu deməyə əsas verir ki, ərizəçi özü də qəbul edir ki, eyni tərəf, eyni predmet, eyni əsaslarla mübahisəyə dair məhkəmə müraciət etmiş və ərizəsinə mahiyyəti üzrə qiymət verilmişdir. Belə olan halda isə hazrki ərizənin icraata qəbul edilməsi yolverilməz olmuşdur. Məhkəmə kollegiyası eyni zamanda şikayətin dəlillərinə münasibətdə daha sonra qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024 cü il tarixli qərardadınа əsasən Ərizəçi 2(103) 3974/2024 saylı iş üzrə əlavə qətnamənin qəbul edilməsi barədə ərizəsi təmin olunmamış və ərizəçiyə izah olunmuşdur ki, o, həmin ərizədə göstərildiyi halları Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə qəbul etdiyi 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən verilə biləcək kassasiya şikayətində göstərə bilməsi izah edilmişdir ki, hazırda ərizəçi həmin iş üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3974/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini kassasiya qaydasında mübahisələndirmiş və iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-812/2025 saylı, 11 mart 2025-ci il tarixli qərarı qəbul edilmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 365, 397-398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005) 1834/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2237/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2237/2025
18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver