Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2241/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İlkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə" tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4048/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddaçı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları - xx xxxxxx 2009-cu il təvəllüdlü X12 və xx xxxx 2014-cü il təvəllüdlü X15 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsində yerləşən 2 otaqdan ibarət 28 saylı fərdi yaşayış evinə köçürülməsini və həmin yaşayış evinin 1 otağından və mətbəxindən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırmışdır ki, onunla X16 arasında xx xxxxxxx 2008-ci il tarixdə Yasamal Rayon Qeydiyyat şöbəsində rəsmi nikahları qeydə alınmışdır. Birgə nikahdan xx xxxxxx 2009-cu il təvəllüdlü X12 və xx xxxx 2014-cü il təvəllüdlü X15 dünyaya gəlmişdir. 2013-cü ildən o, ailəsi ilə birlikdə sözügedən Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 28 saylı mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Bir həyətdə torpaq sahəsində 2 ev inşa olunmuşdur. Onlardan biri 3 mərtəbəli, digər isə onun yaşadığı 2 otaqdan ibarət, ümumi sahəsi 50 kv.m, çıxışı çölə olan fərdi yaşayış evidir. Daha sonra münasibətləri pozulmuş, cavabdehin ailə münasibətlərinə məsuliyyətsiz yanaşması nəticəsində aralarında olan nikah rəsmi qaydada pozulmuşdur. Nikahın pozulması ilə bağlı Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxx 2019-cu il tarixli, 347 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Artıq uzun müddətdir ki, o, anası və qardaşı ilə birgə yaşayır. Dəfələrlə uzun müddət övladları ilə birgə yaşadığı və pasport qeydiyyatında olduğu Yasamal rayonu R.Tağıyev küçəsi 28 saylı fərdi yaşayış evinə köçərək yaşamaq istəsə də, keçmiş qayınatası müxtəlif bəhanələrlə buna mane olmuşdur. Belə ki, keçmiş həyat yoldaşının atası onu aldadaraq məhkəməyə müraciət etməməyini, özləri ona və uşaqlarına birgə yaşamaq hüququ verəcəklərini bildirmişdir. O, onların vədlərinə inansa da, daha sonra evi satdıqları barədə xəbər tutmuşdur. Ev tam sənədsiz olmuşdur. Özünə məxsus cehiz əşyaları, mebelləri mübahisəli fərdi yaşayış evində olsa da, onun xəbəri olmadan keçmiş həyat yoldaşının atası tərəfindən əşyaları evdən çıxarılaraq başqa yerə aparılmışdır. Artıq neçə vaxtdır ki, iki övladı ilə birlikdə anası və qardaşının yanında qalmağa məcbur olmuşdur. Neçə müddətdir ki, bu halın düzələcəyinə və köçüb yaşadığı evə yenidən qayıdacağına ümid etsə də, bu hal düzəlməmiş və onun iki övladı ilə birlikdə həmin evə köçüb yaşamağına imkan verilməmişdir. Həmçinin, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Xanağa qızının Yasamal rayonu R.Tağıyev küçəsi 28 ünvanda yerləşən yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mübahisəli evə dair eyni iddia tələbi ilə əvvəllər məhkəməyə müraciət etmişdir və buna dair Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2018-ci tarixli qərardadı mövcuddur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarından 2 ilə yaxın vaxt keçdikdən sonra, eyni predmet haqqında və eyni əsaslar üzrə məhkəməyə müraciət etmiş İddiaçı iddiası qanunsuzdur və qəbul edilə bilməz. O, ünvan 1 ünvanda yerləşən mənzili xx xxx 2018-ci tarixdə bağlanmış ilkin alqı-satqı müqaviləsinə əsasən X2 almış və evin dəyərini satıcıya tam ödəmişdir. Qeyd olunan müqavilə bağlandığı zaman evdə qeydiyyatda olan şəxslər, o cümlədən cavabdeh İddiaçı evin satılmasına etiraz etmədiklərinə dair notarial ərizə vermişlər. Eyni zamanda, o və iki övladı - 17 yaşlı Leyla və 11 yaşlı Ləman göstərilən ünvandakı evdə qeydiyyatdadır. Müqavilə bağlandıqdan sonra ev ona təhvil verilmişdir. O, evi əsaslı təmir etdirmiş və bu təmirə 25000 manat pul xərcləmişdir. Buna baxmayaraq, cavabdehin günahı üzündən mənzil üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Belə ki, cavabdeh göstərilən ünvandakı evdə yaşamasa da, habelə 2 dəfə həmin evin satışına notarial qaydada razılıq versə də, formal olaraq orada qeydiyyatda qalmışdır. Cavabdeh iş üzrə mübahisəli evdən istifadə etmək hüququnu itirmişdir. Həmçinin, onda olan məlumata görə, İddiaçı əvvəlki iddiası üzrə Yasamal Rayon Məhkəməsində işə baxılarkən 30000 manat məbləğində pulu həmin işdə cavabdehlər olmuş X7 və X3 almış, bunun müqabilində məhkəməyə iddiadan imtina etdiyinə və mülki iş üzrə icraata xitam verilməsinə dair ərizə vermişdir. İddiaçı üçün Xırdalan şəhərində 28ci küçədə yerləşən 4 saylı evdə tikintisi başa çatmaq üzrə olan binada ilkin ödəniş kimi 14000 manat ödənilməklə 46 kv.metrlik mənzil də alınmışdır. Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, İddiaçı hazırki iddiası əsassız varlanma məqsədi daşıyır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4048/2020 nömrəli qətnaməsi ilə hər iki iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4048/2020 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2019-cu il tarixdə nikah münasibətləri rəsmi şəkildə pozulduqdan sonra keçmiş həyat yoldaşının atası ona məhkəməyə müraciət etməməyini, özləri ona başqa yerdə də olsa, uşaqları ilə sığınacaq olaraq yaşamaq hüququ verəcəklərini bildirmiş və evi satmaq üçün razılıq ərizəsinin verilməsini istəmişlər. İlkin iddia üzrə cavabdeh tərəfindən iş materiallarına 2 ədəd razılıq ərizəsi, yəni evin satılmasına etiraz etmədiyi məzmunda ərizə əlavə edilmişdir. Həmin ərizələrdən biri əl yazma formasındadır və tarix, imza hissələri ümumiyyətlə oxunmur, bir sözlə, hüquqi əhəmiyyəti yoxdur. Mübahisəli fərdi yaşayış evinin satılmasına etirazı olmadığına dair notarial təsdiqli ərizə isə xx xxxxxx 2018-ci il tarixdə 19 saylı notariat kontorunda verilmişdir. Cavabdeh isə öz qarşılıqlı iddia ərizəsində mənzili xx xxx 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyini bildirmişdir. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi notarial təsdiqli ərizənin verilməsindən 6 ay öncə satılmışdır. Bu halların heç biri məhkəmə tərəfindən tam araşdırılmamış və məlumatlar təhrif olunmuşdur. Məhz bu səbəbdən hakim qətnamənin əsaslandırma hissəsində ilkin alqı-satqı müqaviləsinin bağlanma tarixini göstərsə də, onun tərəfindən verilmiş notarial təsdiq edilmiş ərizənin tarixini qeyd etməmiş, sadəcə belə bir razılıq ərizəsinin mövcud olduğunu vurğulamışdır. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia ərizəsində həmçinin, Abşeron rayonu Xırdalan şəhərində keçmiş qayınatasının vəsaiti hesabına onun üçün ev alındığı, ancaq onun deyil, anasının adına evin sənədləşdirilməsini əsas gətirərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Lakin Xırdalan şəhərində yerləşən ona alındığı iddia edilən mənzilin niyə məhz onun adına deyil, anasının adına alınmasını, mənzilin dəyərinin həqiqətən keçmiş qayınatasının vəsaiti hesabına alınmasına dair məhkəməyə heç bir əsasverici sənəd və yaxud hər hansı sübut təqdim edə bilməmişlər. Sözügedən qətnamənin qəbulu zamanı hakim tərəfindən həmçinin, maddi hüquq normalarının pozuntusuna da yol verilmişdir. Belə ki, hakim qarşılıqlı iddia üzrə iddiaçının “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiasını fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən hər hansı sənəd təqdim edə bilməməsini əsas gətirərək rədd etmişdir. Buna baxmayaraq, mülkiyyət hüququna dair Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinin müxtəlif bəndlərinə, həmçinin 228.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Halbuki, özbaşına tikiliyə münasibətdə heç bir mülkiyyətçidən və yaxud mülkiyyət hüququndan söhbət gedə bilməz. Təkcə bu halın özü belə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddiaçının nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir. Həmçinin, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən göndərilmiş apellyasiya şikayətinə yazılı etiraz məhkəməyə daxil olmuşdur. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Cavabdeh vermiş olduğu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan bəlli olur ki, o, əslində qətnaməni ilk iddianın təmin edilməməsi hissəsində mübahisələndirmişdir. Lakin apellyator iddianın rədd və ya təmin edilməsini şikayətdə göstərməmişdir. Buna baxmayaraq, apellyasiya şikayətinin mahiyyətindən və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan görünür ki, apellyator qətnamə ləğv edilməklə, onun iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi qətnaməni ilk iddianın təmin edilməməsi hissəsində yoxlayır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X16 ilə İddiaçı arasında bağlanmış nikah xx xxxx 2019-cu il tarixdə ləğv edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli İlkin alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mənzil X14 tərəfindən Cavabdeh 90000 manata satılmışdır. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, qeydiyyatda olduğu Bakı şəhəri, Yasamal rayonu, R.Tağıyev küçəsi 28 saylı mənzilin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 2(004)-6289/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh X8, X4, X5, X10, X6, X11 və X13 qarşı “mənzilə köçürülməyə dair” mülki işin icraatına iddiaçı iddiadan imtina etdiyi üçün xitam verilmişdir. Beləliklə birinci instansiya məhkəməsində tədqiq olunmuş sübutlarla və tərəflərin məhkəmə iclasında verdikləri izahatlarla müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu R.Tağıyev küçəsi 28 saylı evə gəlin köçməklə orada bir müddət yaşamış, sonradan ailə münasibətlərinin pozulması nəticəsində həmin evi tərk edib getmişdir. Sonradan, o, mənzilin sahibi olan keçmiş qayınatası və keçmiş ərinə qarşı mənzilə köçürülməyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddiadan imtina etdiyinə görə, Yasamal rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə həmin iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, xx.xx.2018-ci il tarixli ilkin alqı-satqı müqaviləsi ilə həmin fərdi yaşayış evi X14 tərəfindən Cavabdeh 90000 manata satılmış, İddiaçı evin satılmasına etiraz etməmişdir. Hazırda İddiaçı azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsini iddia etmişdir. İş materiallarını araşdıran məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, mübahisəli ev Mülki Məcəllənin 180.1-ci maddəsinin tələblərinə görə özbaşına tikinti hesab edilir. Çünki həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış və onun qanuni əsaslarla inşa edilməsi müəyyən edilməmişdir. İddiaçı Fəxrəddin qızı həmin evə köçürülməsi barədə tələb irəli sürmüşdür. Kollegiya izah edir ki, bu tələbin əsaslı hesab edilməsi üçün iddiaçının əmlak hüquqlarının mövcud olması tələb olunur. Yəni onun mübahisəli evə istifadə hüququ mövcud olmalıdır ki, evə köçürülmə üçün əsas olsun. Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi mümkün deyildir. Bununla yanaşı, Mülki Məcəllənin 180-ci maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadə etməsini qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Eyni zamanda Mülki Məcəllənin 27.1-ci maddəsində göstərilmişdir ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Göründüyü kimi, özbaşına tikinti olan yaşayış sahəsi də şəxsin yaşayış yeri kimi qəbul edilə bilər. Bu baxımdan kollegiya hesab edir ki, ilk iddianın əsaslı hesab edilməsi üçün mübahisəli evin ilk İddiaçı vəsaiti hesabına əldə edilməsi və ya onun vəsaiti hesabına həmin evdə əsaslı təmir-tikinti işlərinin aparılması müəyyən olunmalıdır. Yalnız bu hallar təsdiq olunduqda mübahisəli tikili onun yaşayış yeri kimi qəbul edilə bilər və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən onun iddiası əsaslı hesab edilə bilər. Lakin iddiaçı bu halların təsdiqi barədə heç bir sübutu təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Ona görə də, evə köçürülmə barədə iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddianı təmin etməməklə, mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə t e t d i: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-4048/2020 nömrəli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-2241/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2241/2021
04.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver