Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2241/2025 21.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12ə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-2241/2025 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12ə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-897/2025 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 21 may 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Xətai Rayon Sukanal İdarəsi tərəfindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında 29 avqust 2024-cü il tarixli, 328-k nömrəli əmrdən görünür ki, İddiaçı - Xətai Rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 29 avqust 2024-cü il tarixdən ləğv edilmişdir.
2. İşəgötürənin müraciəti üzrə Həmkarlar ittifaqı komitəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X4 rayon Sukanal İdarəsinə qarşı “işə bərpa və ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı 2013-cü ilin noyabr ayından Azərbaycan Dövlət Su X4 Rayon Sukanal İdarəsində işə başlamışdır. Sonuncu işi sukanal sistemlərinin təhlili şöbəsində 12-ci dərəcəli mühəndis olmuşdur. İşlədiyi müddətdə heç bir qüsuru olmamışdır. Həmişə nümunəvi işçi olmuşdur. Kollektivdə həmişə iddiaçıya hörmət olunmuşdur. Yeni rəhbərlik gələndən sonra iddiaçıya bildirilmişdir ki, o, idarədə 5-ci dərəcəli nəzarətçi təyin olunacaq. İddiaçı razılaşmamış və bildirmişdir ki, 12-ci dərəcədən 5-ci dərəcəyə salmaq əsassızdır. İddiaçıya bildirilmişdir ki, gözləsin sentyabr ayında 6 mühəndis ştatı gələcək, həmin vaxt ona mühəndis ştatı veriləcəkdir. İddiaçının xəbəri olmadan və ona heç bir xəbərdarlıq edilmədən maliyyə idarəsindən zəng olunaraq bildirilmişdir ki, iddiaçını işdən azad etmişlər, gəlib son hesabını alsın. xx.xx.2024-cü il tarixində iddiaçı idarəyə getmiş və ona əmrin surəti verilmişdir. İddiaçı dəfələrlə rəisin yanında olmuş və bildirmişdir ki, iddiaçı Azərbaycan Respublikasının suverenliyi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və o medallarla təltif edilmişdir. Onlardan biri də milli ordunun 100 iliyinə aiddir, ikincisi isə müharibə veteranı medalıdır. Bu barədə iddiaçı rəhbərliyə, şəxsən Emin Bəşirzadəyə məlumat vermişdir. İddiaçı bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev dəfələrlə bildirmişdir ki, veteranlara hörmət edilsin, işlə təmin edilsinlər və onları heç kim işdən çıxara bilməz. Rəhbərlik bunlara məhəl qoymamış və prezidentin dediklərini saya saymamış, kimə istəyirsən şikayət edə bilərsən deyərək qanunsuz olaraq iddiaçını, 13 ilin işçisini və müharibə veteranını işdən çıxarmışdır. Əvəzində öz yerlilərini və qohumlarını idarəyə yerləşdirmişdir. Beləliklə dövlət müəsisəsini ailə biznesi kimi veriləcəkdir. İşdən çıxarılmaq qaydalarını yəqin ki, cavabdehə dövlət tərəfindən öyrədilər. İddiaçı işinə bərpa olunmalı və almadığı əmək haqqını almalıdır.
4. İddiaçı göstərilənləri nəzərə alaraq, cavabdeh Azərbaycan Dövlət Su X4 rayon Sukanal İdarəsindən əsassız olaraq çıxarıldığı üçün işə bərpa olunmağı və almadığı əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı sonradan ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd edilən cavabdeh Azərbaycan Dövlət Su X4 Rayon Sukanal İdarəsinin adının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13lə əvəz edilməsi və əsassız olaraq çıxarıldığı üçün işə bərpa olunması və almadığı əmək haqqının cavabdeh təşkilatdan tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-897/2025 saylı qətnaməsi ilə (hakim İlahə Abbasova) iddianın təmin edilməsi, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Xətai Rayon Sukanal İdarəsinin 29 avqust 2024-cü il tarixli, 328-k nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Xətai Rayon Sukanal İdarəsində əvvəlki vəzifəsinə uyğun olaraq mühəndis vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 29 avqust 2024-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqının ödənilməsi qət edilmişdir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 1 və 2-ci hissələri, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7, 11, 46, 70-ci maddəsinin b bəndi, 74.2, 77.1, 77.2, 78.1, 78.2, 83.1, 83.2, 292, 296.1, 296.2, 296.3, 296.4-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xətai rayon Su kanal İdarəsinin Su kanal sistemlərinin təhlili şöbəsinin mühəndisi X7 ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə və "xxxx" ASC-nin Xətai rayon Su kanal İdarəsinin Su kanal sistemlərinin təhlili şöbəsinin ləğv edildiyinə görə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Xətai rayon Su kanal İdarəsinin Su kanal sistemlərinin təhlili şöbəsinin mühəndisi X3 xx.xx.2024-cü il tarixində İdarə tərəfindən Abonentlərlə iş şöbəsinin faturalama qrupuna su kəmər təsərrüfatında nəzarətçi peşəsi təklif edilmiş, lakin Ələstun Novruzov ona təklif olunmuş işdən imtina etdiyinə görə AKT tərtib olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat vermiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, işçilər arasında müqayisəli təhlil aparıldığına dair hər hansı sənəd yoxdur. İddiaçının işlədiyi şöbənin 8 əməkdaşı olub. Kimin hansı işlə təmin olunacağını rəhbərlik həll edib. İddiaçı kimi işləmiş iki mühəndis daha yüksək vəzifəyə qrup rəhbəri təyin olunublar.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, vaxtında iddia ərizəsiylə birinci instansiya məhkəməsinə müraciət etmişdir bununla bağlı poçt qəbzi və teleqramı da təqdim etmişdir. İşlədiyi şöbənin 8 işçisi olub, ən azı onun kimi işləmiş iki mühəndis hətta qrup rəhbəri vəzifəsinə təyin olunub. Halbuki o, müharibə veteranıdır və bununla bağlı müqayisəli təhlil aparılmayıb.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
13. Maddə 16. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
14. Maddə 70. “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
15. Maddə 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
16. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
17. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir;
18. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
19. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır
20. Maddə 80.1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.
21. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
22. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
23. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası)
24. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
25. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
26. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
27. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
28. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Məhkəmə kollegiyası iş üzrə sübutlara, müəyyən edilmiş hallara qiymət verərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
38. Hazırki iş üzrə kollegiya ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi ilə bağlı məsələyə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Əmək Məcəlləsinin 296.2ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
39. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.
40. Hazırki işin hallarından göründüyü kimi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Xətai Rayon Sukanal İdarəsi 29 avqust 2024-cü il tarixli əmri ilə iddiaçı işdən çıxarılmış, əmr iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur (cavabdeh bunu təkzib edən hər hansı dəlil təqdim etməmişdir). Bu isə o deməkdir ki, iddiaçının əmri mübahisələndirməklə bağlı müddətinin axımı xx.xx.2024-cü il tarixindən başlamışdır.
41. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan redaksiyası) 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlamış hesab olunur. Həmin qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
42. Hazırki işdən də göründüyü kimi iddiaçının əmri mübahisələndirməklə bağlı müddətinin axımı xx.xx.2024-cü il tarixdən başlamış və xx.xx.2024-cü il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərməklə həmin müddətin axımı dayandırılmışdır.
43. Daha sonra iddiaçı İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı xx.xx.2024-cü il tarixdə təhvil almış və iş materiallarındakı poçt qəbzi və teleqramdan göründüyü kimi elə həmin tarixdə məhkəməyə müraciət etmişdir.
44. Beləliklə, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi iddiaçı qanunla nəzərdə tutulan müddət çərçivəsində məhkəməyə müraciət etmiş və onun tərəfindən iddia müddətinin ötürülməsi baş verməmişdir. Bu halın aydınlaşdırılmasından sonra iddia tələbinin mahiyyəti üzrə əsaslılığına dair hissədə isə kollegiya aşağıdakıları qeyd edir.
45. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 002/f nömrəli əmri ilə Agentliyin tabeliyindəki “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 strukturu və ştat cədvəli təsdiq edilmiş, X12 işçilərinin say həddi 7700 ştat vahidi, o cümlədən Xidmətin Aparatı üzrə 180 ştat vahidi müəyyən edilmişdir.
46. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Xətai Rayon Sukanal İdarəsi tərəfindən verilmiş əmək müqaviləsinin ləğv edilməsi haqqında 29 avqust 2024-cü il tarixli, 328-k nömrəli əmrdən görünür ki, İddiaçı - Xətai Rayon Sukanal İdarəsinin Sukanal sistemlərinin təhlili şöbəsinin mühəndisi ilə bağlanmış əmək müqaviləsi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 29 avqust 2024-cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" ASC-də 11 il 0 ay 19 gün əmək stajı olduğuna görə orta aylıq əməkhaqqının 2 misli miqdarında işdənçıxarma müavinəti verilməsi, 15 oktyabr 2023-cü il tarixdən 29 avqust 2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 26 təqvim günü pul əvəzinin ödənilməsi əmr edilmişdir.
47. İddiaçı hazırda bu əmri mübahisələndirərək, əmr verilərkən qanunvericiliyin tələblərinə əməl edilmədiyini bildirir.
48. Azərbaycan Respublikasnın Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır.
49. Azərbaycan Respulikasının Əmək Məcəlləsinin 16-ci maddəsinə əsasən əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
50. Məhkəmə kollegiyası qanunvericiliyə əsasən qeyd edir ki, ixtisarın qanuni olmağı üçün ixtisar prosedurunun da qanunvericiliyə uyğun aparılması mühüm şərtdir. Bunun üçün aşağıdakı tələblərə əməl etmək vacibdir. İxtisar real olmalıdır, ixtisarın real olduğunu aşağıdakı sənədlərin məcmusu təsdiq edir: - ixtisar edilmiş ştatlar çıxarılmaqla müəssisənin yeni ştat cədvəlinin təsdiq edilməsi və ya köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr; - işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd; - həmkarlar ittifaqının üzvü olan işçilərin ixtisarı zamanı müəssisənin həmkarlar təşkilatının əsaslandırılmış yazılı qərarı; - ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd; - işçiyə ixtisar olunacağı barədə 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən işçinin imzası olan sənəd və ya xəbərdarlıq müddəti əvəzinə iki aylıq əməkhaqqının ödənilməsi barədə işçinin yazılı razılığı və belə ödənişin edildiyini təsdiq edən sənəd; xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr (və ya digər rəsmi sənəd); - ixtisar olunan hər bir işçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmr.
51. Kollegiya qeyd edir ki, müəssisələrdə işçilərin sayının və ya ştatların ixtisarı müxtəlif səbəblərdən ola bilər: müəssisənin cari işləri daha az işçi ilə yerinə yetirə bilməsi, müəssisənin işinin azalması, fəaliyyət istiqamətinin dəyişməsi və nəticədə müəyyən qrup işçilərə ehtiyacın qalmaması və sair. İxtisar həm işçilərin sayının ixtisarı, həm də ştatların ixtisarı formasında ola bilər.
52. İşçilərin sayının ixtisarı dedikdə, konkret vəzifə üzrə ştat vahidlərinin azaldılması (eyni funksiyaları yerinə yetirən işçilərin arasından bir neçəsinin ixtisarı) başa düşülür.
53. Ştatların ixtisarı dedikdə isə, konkret vəzifənin ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılması (eyni və ya oxşar funskiyaları həyata keçirən bütün işçilərin ixtisarı) başa düşülür.
54. Məhkəmə qeyd edir ki, işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biri olmaqla yanaşı, bunu həyata keçirərkən əmək qanunvericiliyinin tələblərinə riayət etmək də işəgötürənin vəzifəsidir.
55. Qeyd edilməlidir ki, işəgötürən işçilərin sayını və ştatları ixtisar etmək hüququndan istifadə edərkən, ixtisarın aparılmasının zəruriliyini əsaslandırmalıdır. İşçinin əmək müqaviləsi bu əsasla ləğv edilərkən də qanunvericiliyin tələblərinə əməl edilməlidir.
56. Hazırkı işdən görünür ki, əmək müqaviləsi ləğv edilərkən işə götürən tərəfindən bu kateqoriya işlər üzrə qanunvericiliyin tələblərinə əməl edilməmişdir. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndindəki əsasla əmək müqaviləsi ləğv edilərkən əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. Bunun üçün isə işəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən etməli, bu zaman onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır.
57. Məhkəmə qeyd edir ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsində işəgötürənin mülahizə sərbəstliyi olsa da, bu qiymətləndirmə ən azından aparılmalı, müqayisəli analizin nəticələri təqdim edilməli idi. Bunun əksi hüquqdan sui-istifadə olmaqla, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməzliyi kimi təməl prinsiplərin pozulması kimi qiymətləndirilməlidir.
58. Hazırkı iş üzrə cavabdeh ixtisar aparılarkən işdə saxlanılmış şəxslərə münasibətdə necə bir müqayisəli təhlil aparıldığını, hansı kriteriyaların nəzərə alındığını, sərbəstləşdirilmiş iddiaçının işəgötürənin mülahizəsinə əsasən hansı kriteriyalara cavab vermədiyini əsaslandırmamış, bu barədə hər hansı dəlil, sübut təqdim etməmişdir. Halbuki iddiaçının 2020-ci ildən etibarən həmin müəssisədə çalışmış, bu dövrdə onun əmək şəraiti və peşəkarlıq səviyəsi ilə bağlı hər hansı mənfi nəticələrə səbəb olan fəaliyyəti aşkar olunmamışdır (bu barədə məhkəməyə hər hansı dəlil təqdim edilməmişdir).
59. Halbuki cavabdeh tərəfindən təqdim olunan “İri şəhərlərin birləşmiş su təchizatı xidməti” X12 aparatının İqtisadiyyat və uçot şöbəsinin Əsas fondlarla iş sektorunda saxlanılan işçilər haqqında məlumat cədvəlindən görünür ki, aparatda saxlanılan işçilərin arasında iddiaçıdan daha sonra işə qəbul olunmuş şəxslər də mövcuddur və 8 nəfərlik ştat vahidi üzrə yalnız iddiaçı işdən azad olunmuş, qalan 7 nəfər isə işlə təmin olunmuş, hətta onlardan bəziləri əvvəllər iddiaçı ilə eyni vəzifədə olsalar da, daha yüksək vəzifəyə keçirilmişlər. Bu halda işəgötürən olaraq cavabdehin ixtisar zamanı hansı ünsürlərə əsasən müqayisəli aparması göstərilməmiş, nəticədə ixtisar zamanı işdə saxlanılan işçilərə münasibətdə məhz iddiaçıya üstünlük verilməməsinin səbəbi barədə hər hansı dəlil təqdim olunmamışdır.
60. Həmçinin qeyd olunmalıdır ki, iddiaçı hazırda müharibə veteranıdır və bu halda əsaslı səbəblər gətirilmədən onun vaxtından əvvəl lazımi sosial müdafiə almaq hüququndan məhrum edilməsi də ədalətli deyildir. Təsadüfi deyil ki, məşğulluğa kömək sahəsində dövlət siyasəti ilə bağlı qəbul olunmuş bir sıra aktlarda da – “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi Qaydası”nın və “Kvota şamil edilməyən müəssisələrin Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin Qərarında özünüməşğulluğun təşkili və müəssisələrdə kvotanın nəzərə alınması zamanı bir sıra kateqoriya şəxslərlə yanaşı müharibə veteranı olan şəxslərə də üstünlük verilməli olması öz təsbitini tapmışdır.
61. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının əmək müqaviləsi ləğv edilərkən qanunun həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınması barədə tələbinə də əməl edilməmişdir. Belə ki, iş materiallarına Azərbaycan Su Təsərrufatı X5 Respublika Komitəsinin xx.xx.2024-cü il tarixli “siyahıda adı göstərilən şəxslərin ixtisar olunmalarına etiraz edilmir” məzmunlu məktubu əlavə edilsə də, bu məktub özlüyündə həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alındığını təsdiq edən sənəd kimi çıxış edə bilməz. Çünki qanuna əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin ləğv edilməsi barədə təqdimat hazırlanmalı, təqdimata dair iclas keçirilməli və ən əsası həmkarlar ittifaqının razılığı əsaslandırılmış qərar formasında ifadə edilməlidir.
62. İşdən müəyyən edilir ki, cavabdeh təşkilat iddiaçının da aralarında olduğu bir qrup işçinin əmək müqaviləsinin ləğv olunmasına münasibət bildirilməsi ilə bağlı həmkarlar ittifaqı təşkilatına xx.xx.2024-cü il tarixli məktubla müraciət etmiş, cəmi iki gün sonra – xx.xx.2024-cü il tarixdə isə Həmkarlar İttifaqı Komitəsi razılıq məktubunu tərtib etmişdir. Bu da onu deməyə əsas verir ki, məsələyə formal yanaşılmış, ümumiyyətlə, hər hansı iclas keçirilməmişdir.
63. Xüsusi ilə qeyd edilməlidir ki, əmək müqaviləsi göstərilən əsaslarla ləğv edilərkən, Həmkarlar ittifaqı tərəfindən əsaslandırılmış qərarın qəbul edilməməsi, digər sözlə işçinin əmək müqaviləsinin ləğv edilməsinə razılığın İttifaq üzrə Komitənin sədrinin iradəsinə bağlı olması qanunvericiliyin bu qaydanı təsbit etməkdə güddüyü məqsədə tamamilə zidd bir addımdır.
64. Məhkəmə kollegiyası, həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.
65. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.
66. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şəxsin işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
67. Beləliklə, qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair tələblərini təmin etməkdə haqlı olmuşdur.
68. Buna görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
70. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
71. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
72. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
73. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
74. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-897/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev