Məhkəmə qərarları › İş №2(103)-2242/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2242/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2242/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış sahəsindən məcburi qaydada çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(011)-5386/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri Xətai rayonu Zığ yolu ev 22F-dən əşyaları ilə birlikdə məcburi qaydada çıxarılmaları və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Zığ yolunda yerləşən 22F saylı ev onun mülkiyyətindədir. Cavabdeh1 və onun ailə üzvləri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin evə qanunsuz daxil olub yaşayırlar. Bununla da onun həmin evə dair mülkiyyət hüquqları kobud şəkildə pozulur. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər oradan çıxmır və ona ev üzərində mülkiyyət hüquqlarını həyata keçirməyə maneçilik törədirlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(011)- 5386/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iclasında onların iştirakı təmin edilməmişdir. Bundan əlavə, məhkəmə iddiaçının həmin ev üzərində mülkiyyət hüququnu hansı yolla əldə etməsini, cavabdehlərin hansı əsasla orada yaşamasını araşdırmamışdır. Məhkəmə kollegiyasının iclasında cavabdehlər apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçı və onun nümayəndəsi isə məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021ci il tarixli 2(011)-5386/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, cavabdehlər Cavabdeh1 Bakı şəhəri Xətai rayonu Zığ şosesi 22 A, Yat. 1, mənzil 22, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.2-ci maddəsinə gərə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, İddiaçı qeyd olunan ev üzərində mülkiyyət hüququnu saxta yollarla əldə etmişdir. Belə ki, onun banka borcu olduğuna görə 2011-ci ildə mənzilinin bir hissəsini qardaşı qızının əri X1, Mayis Alışov ona 100000 manat pul ödəmiş, qalan 100000 manat pulu ödəməkdən boyun qaçırmış, buna görə də aralarında mübahisə yaranmışdır. Həmin vaxtlar Mayis Alışov hazırkı iş üzrə İddiaçı ona təqdim edərək evin 87 kv.m hissəsinin bağışlama yolu ilə İddiaçı adına rəsmiləşdirilməsini istəmiş, yalnız bundan sonra evin pulunu tam ödəyəcəyinə söz versə də, vədinə əməl etməmişdir. Mənzilin 87 kv.m hissəsi bağışlama yolu ilə İddiaçı adına rəsmiləşdirilmiş, lakin Mayis Alışov ona borclu qaldığı 100000 manat pulu ödəməmişdir. Sonradan ona məlum olmuşdur ki, İddiaçı mənzili tamamilə öz adına keçirmişdir. Cavabdeh1 izahatı ilə bağlı İddiaçı bildirmişdir ki, o, mənzili qanuni yolla əldə etmiş və mülkiyyətinə keçirmişdir. Cavabdeh1 öz qohumu Mayis Alışovla münasibətlərinin ona aidiyyəti yoxdur. Apellyasiya icraatı zamanı Cavabdeh1 tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh1 03 iyun 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 2-də yerləşən 87 kv.m sahəsi olan mənzili 41000 manata X2, satış pulunun 7000 manat hissəsi satıcıya ödənilmiş, qalan 34000 manat pul isə alıcı tərəfindən ipoteka qaydasında "xxxx" ASC tərəfindən ödəniləcəkdir. 02 aprel 2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X6 mülkiyyətində olan ünvan 2-də yerləşən 87 kv.m sahəsi olan mənzili İddiaçı bağışlamışdır. Müqavilə bağlanarkən Ramin Məmmədovu etibarnamə əsasında Cavabdeh1 təmsil etmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən 07.04.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən ünvan 2 üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyatdan keçmişdir. İddiaçı iddiası əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli 2(011)-6543/2016 saylı qətnaməsinə əsasən bir sıra cavabdehlərin, o cümlədən Cavabdeh3 mənzildən istifadə hüquqları itirilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş cavab məktubundan və ona əlavə olunmuş sənəddən görünür ki, ünvan 2-nin mülkiyyətçisi olan İddiaçı həmin yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin onun adına sənədləşdirilməsi və hüquqi qeydiyyatdan keçirilməsi üçün Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmiş, Xətai RİH başçısının 03 fevral 2018-ci il tarixli 35 saylı sərəncamı əsasında ünvan 2 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan yaşayış evinin yenidən qurulması zamanı aparılmış əlavə tikililərin İddiaçı adına sənədləşdirilməsi və hüquqi qeydiyyatdan keçirilməsi qərara alınmışdır. Həmin sərəncam əsasında İddiaçı adına Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri Xətai rayonu Zığ yolu, 22F saylı ev tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur, cavabdehlər isə hər hansı hüquqi əsas olmadan həmin evdə yaşayırlar. Cavabdeh1 apellyasiya şikayətində və izahatında həmin evin mübahisəli olduğunu bildirsə də, İddiaçı ev üzərində mülkiyyət hüququnu məhkəmə qaydasında mübahisələndirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Lakin işə baxılarkən prosessual hüquq normaları pozulmuşdur. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamış, nəticədə işə baxılarkən çəkişmə prinsipi pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2.2-ci maddəsinə əsasən şikayətin dəlillərindən asılı olmayaraq, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rədd edilməsinə əsas vermir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 119.6, 382, 384, 385, 387, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 2(011)- 5386/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Zığ yolunda yerləşən 22F saylı evdən əşyaları ilə birlikdə çıxarılsın və həmin ev onlar tərəfindən boşaldılsın. Apellyasiya şikayəti verilərkən ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar