Məhkəmə qərarları › İş №2(103)-2249/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2249/2024

21.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2249/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə QƏRARDADİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, ərizəçinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(004)-208/2024 nömrəli qətnaməsindən Ərizəçi verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2002-ci il təvəllüdlü Ərizəçi həm valideynini itirmiş, həm də valideyn himayəsindən məhrum olmuş uşaqdır. Belə ki, onun X1 ilə anası X4 arasında 21 noyabr 2000-ci il tarixdə bağlanmış nikah Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli, 2(007)-226/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə tərəflərin birgə nikahından doğulmuş Ərizəçi atasının, digər uşağın isə anasının yanında qalması qərara alınmışdır. Hələ nikah pozulmamışdan əvvəl ərizəçi ana himayəsindən məhrum olmuşdur. Həmin vaxtdan hal – hazıra kimi anası onun tərbiyə edilməsindən, hüquq və mənafelərinin müdafiəsindən imtina etmişdir. O, anasını sonuncu dəfə valideynlərinin nikahları pozulduğu zaman məhkəmədə görmüşdür. X1 16 sentyabr 2021-ci il tarixdə qaraciyər alkoqol mənşəli sirrozu səbəbi ilə ölmüşdür. Atasının ölümündən sonra o, ata babası və nənəsinin himayəsində yaşamağa davam etmişdir. Ərizəçi 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti X6 Akademiyasının “X12 edilməsi” ixtisası üzrə qəbul olub və 2023-cü ildə oranı bitirmişdir. 2023-cü ildə isə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə qəbul olub, təhsil ödənişlidir. Ərizəçinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilməsinə dair ərizə ilə Maraqlı şəxs Yetkinlik yaşına çatmayanların işləri və hüquqularının müdafiəsi üzrə komissiyasına müraciət elbkvbi, komissiyanın sədrinin 12 sentyabr 2023-cii il tarixli məktubu ilə bildirilmişdir ki, qaldırdığı məsələ komissiyanın səlahiyyətləri xaricindədir. Buna görə də ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(004)- 208/2024 nömrəli qətnaməsi ilə ərizə təmin olunmamışdır.

4. Qətnamə onunla əsaslandırılmışdır ki, 29 yanvar 2002-ci il təvəllüdlü Ərizəçi artıq yetkinlik yaşına çatmışdır. Həmçinin Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-226/2018 saylı qətnaməsinə əsasən Ərizəçi atasının qalsa da, anası sağ olmuş və ana himayəsindən məhrum edilməmişdir. Eyni zamanda X1 vəfat etdikdə Ərizəçi artıq yetkinlik yaşına çatmışdı.

Apellyasiya instansiyası məhkəməsində icraat

5. Ərizəçi apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələblərinə əsasən uşağın valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş hesab edilməsi üçün iki kateqoriya müəyyən edilmişdir. Onlardan birincisi uşaq 18 yaşı tamam olana qədər hər iki valideyni vəfat etmiş olmalı, ikincisi isə həmin maddədə sadalanmış kateqoriyalardan biri olmalıdır. Hesab edir ki, 18 yaşı tamam olmamış uşağın valideynlərindən biri birinci kateqoriya üzrə, digəri isə ikinci kateqoriya üzrə uyğun gəldiyi səbəbindən ona valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilməsindən imtina üçün əsas ola bilməz. Yəni, məsələn, 18 yaşı tamam olmamış uşağın atası ölmüş, anası isə valideynlik hüquqlarından məhrum edilmiş olsa belə həmin uşaq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilməlidir. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyasının diqqətinə çatdırır ki, birinci instansiya məhkəməsi işə baxarkən ərizəçinin anasının həmin qanun üzrə kateqoriyalardan birinə aid olmasını diqqətdən qaçırmışdır. Həmin kateqoriyalardan biri də, uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən valideynin uşağı valideyn himayəsindən məhrum olmuş hesab edilir. Ərizəçinin anası onun tərbiyə edilməsindən və onun hüquq və mənafelərinin müdafiəsindən imtina etdiyi səbəbindən, sonuncu dəfə ərizəçini nikahın pozulmasına dair məhkəmə prosesində gördüyündən, indiyədək onunla bir dəfə də olsun əlaqə saxlamadığı səbəbindən ərizəçi valideyn himayəsindən məhrum olmuş uşaq hesab edilməlidir. Birinci instansiya məhkəməsi valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan valideyn ilə uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən valideynləri bir sıraya qoyması yanlış qətnamənin çıxarılması ilə nəticələnmişdir. Halbuki, ərizəçi məhkəmədən məhz anası tərəfindən onun tərbiyə edilməsindən və onun hüquq və mənafelərinin müdafiəsindən imtina edən valideyn olmasının tanınmasını xahiş etmişdir. Bütün yuxarıda qeyd edilənlərdən görünür ki, ərizəçinin anasının sağ olması, onun analıq hüququndan məhrum edilməməsi və ərizəçinin atası öləndə o, yetkinlik yaşında olması ərizənin təmin edilməməsi üçün əsas ola bilməzdi.

Tətbiq edilən hüquq

7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. Birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

8. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” 22 iyun 1999-cu il tarixli Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar: valideyn himayəsindən məhrum olmuş uşaqlar - hər iki valideyni aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan: məlum olmayan; valideynlik hüquqlarından məhrum edilən və ya valideynlik hüquqları məhdudlaşdırılan; xəbərsiz itkin düşmüş, fəaliyyət qabiliyyəti olmayan (fəaliyyət qabiliyyəti məhdudlaşdırılan) hesab edilən, ölmüş elan edilən; cəzaçəkmə müəssisələrində cəzasını çəkən;https://e-qanun.az/framework/3859 uşaqlarının tərbiyə edilməsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina edən; uşaqlarını uşaqlar üçün sosial xidmət müəssisələrindən götürməkdən imtina edən; qanunla nəzərdə tutulmuş qaydada digər hallarda valideyn himayəsindən məhrum hesab edilən 18 yaşınadək şəxslərdir. Bir valideyni vəfat etmiş və o biri valideyni orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan 18 yaşınadək şəxslər də valideyn himayəsindən məhrum olmuş uşaqlar hesab edilirlər; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər - valideynlərini itirmiş, habelə valideyn himayəsindən məhrum olmuş ali, orta ixtisas və peşə təhsili müəssisələrində əyani formada təhsil alan 23 yaşınadək olan şəxslərdir;

9. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydası: 2.8. Yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları: 2.8.1. uşaqların hüquqlarını və mənafelərini müdafiə edir; 2.8.2. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqları və uşağını tərbiyə etməkdən yayınan valideynlərin uşaqlarını, səhhətinə görə qəyyumluq və ya himayəyə ehtiyacı olan yetkinlik yaşına çatmayanları aşkara çıxarır; 2.8.3. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq, vahid uçota alınmış valideyn himayəsindən məhrum olan uşaqların yerləşdirilməsinə yardım edir; 2.8.11. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların bir təhsil müəssisəsindən digərinə keçirilməsinə, ümumi orta təhsil alana qədər təhsilalma formasının dəyişdirilməsinə, istənilən təhsil müəssisəsindən kənar edilməsinə razılıq verir; 2.8.13. sosial xidmət müəssisələrində yerləşdirilən valideyn himayəsindən məhrum olan uşaqların saxlanmasına, tərbiyə və təhsilinə daim nəzarət edir, həmin müəssisələrin məzunlarının hüquqlarının qorunmasını təmin edir;

10. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarı: “1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür.”

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

11. İşin halları ilə təsdiq olunur ki, ərizəçi ilkin olaraq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunması barədə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, icra hakimiyyətinin 12 sentyabr 2023-cü il tarixli məktubunda ona bildirilmişdir ki, bu məsələnin həlli komissiyaların səlahiyyətləri xaricindədir. Ərizəçinin nümayəndəsi də məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, təhsil haqqından azad olunma barədə icra hakimiyyətindən arayış təqdim olunduğu təqdirdə mümkündür.

12. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti” Qaydasında da bu səlahiyyət yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanlarına aid edilmişdir. Yəni, bu faktı təsdiq edən lazımi sənədin başqa qaydada alınması mümkündür.

13. Belə olduğu təqdirdə ərizəçi valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunması barədə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına müraciət etməli, həmin orqan tərəfindən müraciət təmin olunmadığı və imtinanı qanunsuz hesab etdiyi halda, müvafiq inzibati məhkəməyə müraciət etməlidir.

14. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tələbdə göstərilən faktı təsdiq edən lazımi sənədin başqa qaydada alınması mümkün olduğundan, hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir və bu əsasla qətnamə ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir.

15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2024-cü il tarixli, 2(004)- 208/2024 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Ərizəçi izah edilsin ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaq hesab olunması barədə müvafiq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına, həmin orqan tərəfindən müraciət təmin olunmadığı və imtinanı qanunsuz hesab etdiyi halda müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar