Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2255/2022 07.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-2531/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat məbləğində verilmiş sığorta ödənişinin və 20,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 2(009)-2531/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh həmin qətnamədən apelyasiya şikayəti vermiş və qətnamənin ləğv edilməsi, ondan 10 manat məbləğin tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki iş materiallarında olan 29.05.2021-ci il tarixli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən avtomobilin zədələnməsi ilə əlaqədar zərərçəkən Şahid ödənilməsi üçün 200 manat məbləğində sığorta ödənişi müəyyən edilmişdir. Mülki iş materiallarında olan 01 iyun 2021-ci il tarixli, 85616 №-li ödəniş tapşırığından görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən Şahid 200 manat ödənilmişdir. Dəymiş zərərin hesablanmasına dair 05.05.2021-ci il tarixli aktdan görünür ki, «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilə 200 manat məbləğində zərər dəymişdir. Nəsimi rayon DYPŞ-nın 23.04.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, 22.04.2021-ci il tarixdə, saat 17.21 radələrində Cavabdeh «Kia Optima» markalı 99 EJ188 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Nəsimi rayon DYPŞ-nın əməkdaşının 23 aprel 2021-ci il tarixli AP № ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh 22.04.2021-ci il tarixdə, saat 17.21 radələrində, «Kia Optima» markalı 99 EJ188 dövlət qeydiyyat nişanlı avtomobillə S.Vurğun küçəsi ilə hərəkət edərkən sola manevr edib, özündən solda duran, hərəkətdə olan «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq hadisə yerin tərk etmişdir. Hadisə zamanı xəsarət alan olmayıb. İnzibati xəta nəticəsində Şahid maddi zərər yetirilmişdir. Nəqliyyat vasitələrinin zəədələnməsi barədə 22.04.2021- ci il tarixli, 043453 №-li arayışdan görünür ki, 22.04.2021-ci il tarixdə, saat 17.21 radələrində, S.Vurğun küçəsində yol-nəqliyyat hadisəsində «Toyota Prius» markalı 99 UL624 dövlət qeydiyyat nişanlı avtomobil qeyd olunan xarici əzintilər almışdır: sağ güzgünün zədələnməsi. Mülki iş materiallarında olan 23.04.2021-ci il tarixli Nəsimi RPİ DYPŞ-nə Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, 22,04.2021-ci il tarixdə təxminən saat 17.21 radələrində S.Vurğun küçəsi ilə özünə məxsus «Kia Optima» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət etdiyi zaman sola manevr edərkən nəticədə sol güzgüsü solda hərəkət edən «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan güzgüsünə toxundu. Hadisədə onun sol yan güzgüsünün şüşəsi sındı. Sığortanın çağırılmasından imtina etdi. Bu səbəbdən o, hadisə yerindən getdi. Bu hadisə barəsində heç bir dövlət orqanına məlumat verməmişdir. Hadisədən bir saat sonra ona zəng vuraraq şöbəyə dəvət etmişlər. Hadisə yerində xəsarət alan yoxdur. Ziyan ancaq onun maşınının yan güzgüsüdür. Təqdim olunmuş 23.04.2021-ci il tarixli Nəsimi RPİ DYPŞ-nə Şahid Firuddin oğlu tərəfindən verilmiş izahatdan görünür ki, 22.04.2021-ci il tarixdə, saat 17.25 radələrində özünə məxsus «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə Səməd Vurğun küçəsi ilə Nəsimi heykəli istiqamətində düzünə hərəkət etdiyi zaman sağ tərəfində gələn qara rəngli «Kia Optima» markalı ** EJ *** dövlət qeydiyyat nişanlı avtomobil onun avtomobilinin sağ tərəfini vurdu. Onlar hadisə yerində maşınlarını saxladılar və o ona bildirdi ki, günah ondadır yerində həll etsinlər, lakin o onunla razılaşmadı və hadisə yerini tərk etdi və yol polisinin gəlməyini də gözləməkdən imtina etdi. O da bu hadisə barədə, hadisə yerini tərk etmədən 102 məlumat mərkəzinə zəng etdi. Hadisə zamanı xəsarət alan yoxdur, onun avtomobilinə maddi zərər dəymişdir. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən müəyyən olundu ki, "xxxx" ASC tərəfindən «Avtonəqliyyat vasitələrinin tam sığortası» növü üzrə sığortalanmış «Kia Optima» markalı 99 EJ188 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 aprel 2021-ci il tarixdə Bakı şəhərində Şahid tərəfindən idarə olunan «Toyota Prius» markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Nəsimi rayon DYPŞnin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Kollegiya hesab edir ki, nəqliyyat vasitələrinin toqquşması Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində baş verdiyindən və qanunvericiliyin tələbinə görə Cavabdeh məsuliyyət daşıdığından, "xxxx" ASC dəymiş zərərin aradan qaldırılması üçün ödənilən pul vəsaitini subroqasiya qaydasında delikt törətmiş şəxs Cavabdeh tələb etməkdə haqlı olmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan və hazırkı işin hallarını nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə tam haqlı olmuş, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2531/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-2255/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2255/2022
07.04.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver