Məhkəmə qərarları › İş №2(103)-2257/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2257/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2257/2021 22.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “avtomobilin satışından qalan pul vəsaitinin və gecikmə faizinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3627/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “avtomobilin satışından qalan pul vəsaitinin və gecikmə faizinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşının satılmasından borclu qaldığı 32.300 manat məbləğiində pul vəsaiti, bir il altı ay ərzində gecikdirdiyinə görə 2.422 manat gecikmə faizi olmaqla, cəmi 34.722 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xeyli müddətdir tanıdığı Cavabdeh iddiaçı şəxsin oğlu X3 adına rəsmiləşdirdiyi “X14” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşını “turbo.az” internet səhifəsində satışa qoyulduğunu görüb, həmin avtomaşına onun müştərisi olduğunu bildirmişdir. Aralarında olan söhbət zamanı Cavabdeh avtomobili 24.000 ABŞ dolları qiymətinə satacağını bildirmişdir. Cavabdeh isə avtomobili Bakı şəhəri, Ziya Bünyadov küçəsində yerləşən “057” adlı avtosalona gətirtməyi xahiş etmişdir ki, orada avtomobilə yaxından baxa bilsin. Avtomobil onun tapşırığı ilə oğlu X6 avtomobili həmin avtosalona aparmış, orada avtomaşına baxıldıqdan sonra salona yerləşdirilmişdir. Təxminən iki gün sonra Cavabdeh zəng edərək, Bakı şəhəri, Nərimanov rayonu ərazisində görüşmüş, avtomobili almaq istəyən müştəridən 5.000 ABŞ dolları məbləğində beh aldığını bildirmişdir. Beh kimi təqdim etdiyi 5.000 ABŞ dolları məbləğində pulu ondan qəbul edərkən, Cavabdeh bildirmişdir ki, avtomaşının qalan 24.000 ABŞ dolları məbləğində pulunu həmin günün səhəri avtomaşının satışını lizinqlə rəsmiləşdirərək, ona verəcəkdir. Bundan sonra o, Cavabdeh inanaraq, oğlu X4 avtomaşının satışı ilə bağlı etibarnamə verməsini tapşırmışdır. Elə həmin gün etibarnamə Cavabdeh dediyi Ruslan adlı şəxsin adına verilmişdir. Həmin günün səhəri o Cavabdeh zəng edib maşının qalan pulunu, yəni 19.000 ABŞ dolları məbləğində pul vəsaitini istəyəndə Cavabdeh ona dedi ki, pulu lizinqdən götürə bilməmişdir. Cavabdeh sonrakı on gün ərzində hər dəfə zəng edəndə bildirmişdir ki, hələ avtomaşını lizinqə sala bilməmişdir. Ona görə də özü araşdırıb müəyyən etdi ki, Cavabdeh onu aldadır, əslində avtomaşınını lizinqə salaraq satmışdır və ona pulu əlində saxlayıb qazanc götürməklə məşğuldur. Bundan sonra Cavabdeh ilə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Keşlə bazarı” ərazisində görüşmüş və pulu ondan istəyəndə sonuncu bildirmişdir ki, avtomaşının 19.000 ABŞ dolları məbləğində qalan pulunu tezliklə qaytaracaqdır. Bu barədə Cavabdeh ona xx xxxxxx 2019-cu il tarixdə yazılı iltizam da vermişdir ki, ona məxsus olan “X14” markalı **- SG-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 5.000 ABŞ dolları məbləğində beh verib ondan götürmüş, avtomobili satıb qalan məbləğini özündə saxlamışdır. Həmin maşının pulunun qalan 19.000 ABŞ dolları məbləğində hissəsini 2019-cu ilin avqust ayının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür. Bundan sonra da, Cavabdeh pul vəsaitini qaytarmamaq üçün telefon zənglərinə cavab verməmiş, cavab verəndə də bidirmişdir ki, tezliklə maşının qalan pulunu qaytaracaqdır. Vəziyyətin belə şəkil almasını görüb o, 2019cu ilin sonlarında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişdir. Polis tərəfindən uzun müddətli araşdırma aparılaraq, xx xxxxx 2020-ci il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, ona isə mülki qaydada məhkəməyə müraciət edilməsinə dair cavab verilmişdir. Odur ki, o Cavabdeh ona məxsus “X14” markalı **-SG- *** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasından qalan 32.300 manat (məzənnə ilə 19.000 ABŞ dolları) məbləğində hissəsini ona qaytarmasını tələb edir. Cavabdeh ona borclu olduğu 32.300 ABŞ dolları məbləğində pulu bir il altı ay ərzində gecikdirmişdir. Borc məbləğinin illik 5% isə 1.615 manat, altı ay ərzində gecikməyə görə isə 5% hissəsi 807 manat məbləğində olmaqla, cəmi 2.422 manat məbləğində təşkil edir. Odur ki, Cavabdeh ona 2.422 manat məbləğində pul vəsaiti də ödəməyə borcludur. Beləliklə, Cavabdeh ona məxsus “X14” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşının satılmasından ona borclu qaldığı 19.000 ABŞ dolları (manata olan məsənnə ilə 32.300 manat) məbləğində pul vəsaiti, illik 5% olmaqla bir il altı ay ərzində gecikdirdiyinə 2.422 manat məbləğində gecikmə faizi olmaqla, cəmi 34.722 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarması üçün kifayət qədər əsasları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3627/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh 32 300 manat məbləğində borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi məhkəmə iclasında onun iştirakını təmin etməyərək prosessual pozuntuya yol vermişdir. Həmçinin “X14” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşının “turbo.az” internet sehifəsində olduğunu heç bilməmiş, bundan başqa iddiaçı X8 və onun oğlu X5 15 ildir ki, tanıyır. 2018ci sentyabr ayları olardı iddiaçının oğlu, X6 ona zəng vuraraq, ona təcili 5000 (beş min) manat pul lazım olduğunu bildirmişdir. Demişdir ki, “X14” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşınını satmaq istəyir, onu da qoyum sizin salona maşını satıb puldan 5000 manat pulu borcundan çıxaq. O da yanındakı dostu Əhmədə bildirmişdir ki, onun bir yaxın dostu var, ona təcili 5000 manat pul lazımdır və dediyi variantı ona izah etmişdir. Dostu Əhməd ona inanaraq X4 5000 manat pul verməsinə etiraz etməmişdir. Qısa vaxt keçdikdən sonra elə həmin X6 avto salona gələrək, «pul nə oldu» soruşduqda, bu zaman Əhməd ona dedi ki, gözlə pulu indi gedib gətirirəm. 15-20 dəqiqə keçdikdən sonra, Əhməd salona gələrək 3.500 manat pul verdi, səhəri günü isə 1.500 manat pul gətirib salonda səxsən X1 verdi. “X14” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşınını 22.000 ABŞ dollarına satmasını Əhmədlə ondan xahiş etmişdir. Həmin gün avtomobili satış üçün salona qoydu. Onlar isə həmin avtomobili qazanc əldə etmək üçün 24000 ABŞ dollarına satışa çıxartmışlar. X2 oğlu, X6 hər gün avto salona gəlib gedirdi, eyni zamanda ona bildirmişdir ki, oda bizimlə avtomobilin alqı-satqısı ilə məşğul olmaq istəyir. Bir ay müddət keçməzdir ki, avtomobilə müştəri çıxmış, onlardan həmin avtomobili lizing yolu ilə alınmasına köməklik etməklərini xahiş etmişdir. Tanışı Ruslan adlı şəxsə X6 etibarnamə vermiş, o da, avtomobili lizing yolu ilə müştəriyə köməklik edərək 23.000 ABŞ dollarına satmışdır. Lizing tərəfindən 12.000 ABŞ dolları, manatla 20.000 manat pul çıxdı. Həmin puldan 1000 ABŞ dolları avtomobilə verilən puldan vermiş, avtomobil satıldıqdan sonra 5000 ABŞ dolları vermiş, 1000 ABŞ dollarını isə oğlu, X4 vermişdir ki, atasına çatdırsın. 3000 ABŞ dolları, manatla 5000 borcunu götürmüşdür. Avtomobili alan şəxs onlara 10.000 ABŞ dolları borclu qalmışdır. Avtomobili alan şəxs 10.000 ABŞ dollar puldan 3.500 ABŞ dolları pul verdi, qalan 6.500 ABŞ dollarını verməmişdir. X6 onlarla avtomobilin al-satqısı ilə məşğul olması üçün işlərinə cəlb etmişlər, X3 avtomobilindən olan satışından 3.500 ABŞ dolları pulun üstünü də o, düzəldərək, «Kio Rio» markalı avtomobilini almışdır. Həmin avtomobildə də problemlər yaşamışdır. Beləliklə, hissə-hissə şəxsən X4 şəxsən atasından başqa ümumilikdə 7.000 ABŞ dolları pul vermiş, atası ilə oğluna birlikdə isə 14.000 ABŞ dolları verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, həmçinin onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bu barədə məlumat verməmiş, kollegiya işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini düzgün əsaslandırmamış, gəldiyi nəticə işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi yanlış olaraq tərəflər arasında yaranmış münasibətə borc münasibət kimi qiymən vermişdir. Lakin işin hallarında da görünür ki, tərəflər arasında yaranan münasibətə əsassız varlanmaya dair qanunvericilik normaları tətbiq edilməlidir. Halbuki, MPM-in 220.4-cü və 220.5-ci maddələrinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar, nəticə hissəsində isə məhkəmə xərclərinin hansı qaydada bölüşdürülməsi göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2006-cı il tarixli qərarında da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İş materiallarında olan xx xxxxxx 2019-cü il tarixli öz imzası ilə məzmununu təsdiqlədiyi Cavabdeh tərəfindən yazılmış əlyazmanın surətindən və məzmunundan görünür ki, o, yəni Cavabdeh İddiaçı məxsus olan “X14” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomaşın üçün 5.000 (beş min) ABŞ dolları məbləğində beh verib ondan götürmüş, avtomobili satıb qalan məbləğini özündə saxlamışdır. Həmin maşının pulunun qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində hissəsini 2019-cu ilin avqust ayının sonuna kimi qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Həsənov Rəşad Şakir oğlunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarının surətindən və məzmunundan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığından material üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti İddiaçı göndərilməklə qəbul edilən qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-ci maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmək hüququnun olması izah edilmiş, İddiaçı Cavabdeh ilə aralarında yaranan mülki münasibətlərdən irəli gələn öhdəliklər ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin tələblərinə uyğun olaraq iddia ərizəsi ilə mülki mühakimə icraatı qaydasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiyanın qənaətinə görə, iddiaçının tələblərinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə isə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır, 384.0.2-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. İş materiallarından görünür ki, Cavabdeh ona məxsus olan “X14” markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobili 24.000 (iyirmi dörd min) ABŞ dolları məbləğində satmağı öz öhdəsinə götürmüş, avtomobili başqa şəxsə satmış, 5.000 (beş min) ABŞ dolları məbləğində olan hissəsini vermiş, qalan 19.000 (on doqquz min) ABŞ dolları məbləğində pul vəsaitini isə qaytarmamışdır. Bu barədə Cavabdeh ərizə yazaraq da həmin borc üzrə öhdəliyini etiraf etmişdir. Həmçinin, qeyd edilən məbləğ Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Həsənov Rəşad Şakir oğlunun cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx xxxxx 2020-ci il tarixli qərarının məzmununda da öz hüquqi təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən Cavabdeh İddiaçı hesabına 32 300 manat məbləğində əsassız varlanmış və iddiaçı həmin vəsaiti geri tələb etməkdə haqlı olmuşdur. Kollegiya iddia tələbinin “cavabdeh şəxsin borclu olduğu pul vəsaitini gecikdirdiyinə görə 2.422 manat məbləğində faiz borcunun” tutulması hissəsi əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 449-cu maddəsinin mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə iclaslarında iştirakının təmin olunmaması ilə bağlı apellyatorun dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından məhkəmə bildirişlərinin onun məhkəməyə məlum olan ünvanına göndərildiyi aydın olur; məhkəmə prosesinə getməməsinin məsuliyyətini isə məhkəmə daşıya və bu, məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilərək Cavabdeh 32.300 manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat cavabdehdən tutularaq ona ödənilməli və apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə adi edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, iddiaçının müvafiq tələbinin olub-olmamasına bağlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3627/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “avtomobilin satışından qalan pul vəsaitinin və gecikmə faizinin qaytarılması” barədə iddiası qismən təmin edilsin. Cavabdeh 32.300 (otuz iki min üç yüz) manat məbləğində borc tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar