Məhkəmə qərarları › İş №2(103)-2257/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2257/2022

18.04.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2257/2022 18.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Fikrət oğlu Babayevdən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4388/2021 saylı, 24.12.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən qəbul edilmiş 13 iyul 2017-ci il tarixli, 165/k nömrəli əmrin ləğv edilməsi, son iş yerindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ADORE Kompani MMC, 2017-ci ildə İdeal MMC adı ilə fəaliyyət göstərən şirkətdən 13.07.2017-ci il tarixli 165/k saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndi ilə işdən azad edilmişdir. İşdən azad edilməyinə dair əmri qanunsuz sayır. Belə ki, 23.06.2017-ci ildə İdeal MMC-nin kommersiya departamentinə tərcüməçi vəzifəsinə təyin olunmuş, lakin həmin gün onunla əmək müqaviləsi bağlanmamışdır. 11.07.2017-ci ildə kadrlar üzrə mütəxəssis tərəfindən bu tarixdən etibarən şirkətdə işləmədiyi birdirilmiş və iclas otağında qanunsuz saxlanaraq, hədə-qorxuyla, təzyiqlə 23.06.2017-ci il tarixinə aid sənədləri ona imzalatmışlar. Ona öncədən heç bir xəbərdarlıq edilməmişdir. 11.07.2017-ci ildə işdən çıxarkən ona heç bir sənəd verilməmiş və bu tarixdən sonra şirkətə bir daha buraxılmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi onun 18 gün əmək müqaviləsiz işlədiyini düzgün araşdırmayıb, imzalanan sənədlərin hansı vəziyyət və şəraitdə imzalandığını nəzərə almayaraq düzgün qərar verməmişdir. İşçi işdən çıxan gün keçmiş tarixə məxsus sənədləri imzalatmaqları qanunla qadağandır, amma sözügedən nazirlik bunu nəzərə almamışdır. Zamanında ona məlumat verilməli, ədalətli araşdırma aparılmalı idi. Məlumatsızlığı nəticəsində 4 ildir ki işsizdir. Qeyd olunanlara əsasən, Cavabdeh MMC tərəfindən qəbul edilmiş 13 iyul 2017-ci il tarixli, 165/k nömrəli əmrin ləğv edilməsi, son iş yerindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad olunmağı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4388/2021 saylı, 24.12.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı şəxs qismində cəlb edilməklə) işdən çıxarılma əmrinin dəyişdirilməsi barədə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-4388/2021 aylı, 24.12.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini əsassız, qanuna zidd və qeyri-obyektiv hesab edir. Belə ki, 23 iyun 2017-ci il tarixdə əmək müqaviləsi bağlanmadan 18 (on səkkiz) gün "xxxx" MMC baş ofisinində işləmişdir. 11 iyul 2017-ci il tarixdə kadrlar mütəxəssisi tərəfindən artıq şirkətdə çalışmadığı bildirilmiş və keçmiş 23 iyun 2017-ci il tarixə aid sənədləri imzalamağını tələb etmişlər. Etirazına baxmayaraq, onu iclas otağında əlindən çantanı və telefonu alaraq qanunsuz 48 (qırx səkkiz) dəqiqə saxlamışlar və sənədləri imzalamağa məcbur etmişlər. Həmin gün öz istəyi ilə işdən çıxma barədə ərizə yazmış, amma ərizəni qeydə almamışlar. Sonra heç bir sənəd verilmədən şirkətdən yola salmışlar. Həmçinin iddiaçıya bildirilmiş ki, bundan sonra heç bir şirkət onu işə qəbul etməyəcək və əfsuz ki, elədə olmuşdur. 2017-ci ildən işsiz olduğunu, qanunsuz işdən çıxma əmri iş tapmağına əngəl olduğunu, sağlamlığında problemlər yarandığını qeyd etmişdir. Ali təhsilli, təcrübəli vətəndaş kimi işləməyə və yaşamağa haqqı olduğunu, lakin şirkətin özbaşınalığı nəticəsində acınacaqlı vəziyyət yaranıb. Öncəki illərdə çalışdığı şirkətlərdə oxşar hall baş verməmişdir. İdeal Kompani MMC (Adore Kompani MMC) şirkətin kadrlar şöbəsi ən başından onu istəmədiklərini bəyan etmişdilər, lakin o, şirkətin direktoru ilə görüşməyi istəmiş və görüşün sonunda onun işə qəbul olunduğu bildirilmişdir. İşdə olduğu hər gün kadrlar şöbəsi tərəfindən sıxışdırıldığını və 11 iyul 2017-ci ildə direktorun işdə olmadığından su-istifadə edərək onun işçi hüquqlarını pozduqlarını, ona mənəvi və maddi ziyan vurduqlarını; təzyiq, hədə-qorxu gələrək sənədləri imzalatdıqlarını, 2017-ci ildən iş həyatından, qazanc mənbəyindən məhrum etdiklərini bildirmişdir. Əmək haqqına gəlincə, 400 (dörd yüz) AZN dan hesablandı, halbuki real əmək haqqı 600(alt yüz) AZN idi, yerdə qalan 200 (iki yüz) AZN dən hesablanan əmək haqqı şirkətin kasasından zərfdə verilirdi. Keçmiş 23 iyun 2017-ci il tarixə aid sənədləri işçi tərəfindən oxumadan, təzyiqlə, hədə-qorxu gələrək imzalatmaları, iş öhdəlikləri barədə məlumat olmaması, 18(on səkkiz) gün qanunsuz əmək müqaviləsi bağlamadan işçini işlədərək, sınaq müddəti barədə son iş günü bəyan etmələri, öncədən heç bir xəbərdarlıq olmaması, sənədlərin saxtalaşdırmaları bu kimi hallar Azərbaycan Respublikasında Əmək Məcəlləsinin maddələrinin pozulmasıdır. Pozulmuş işçi hüquqlarının bərpası üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 müraciət etmiş, lakin Əmək Məcəlləsinin maddələrinin pozulmasına göz yumulmuş və qanunsuz işdən çıxma əmri araşdırılmadan qanuni hesab olunmuşdur. Əmək Məcəlləsinin maddəsinə əsasən, işçiyə sənədlərin bir nüsxəsi verilməliydi, lakin ona işdən çıxarkən heç bir sənəd verilməmişdir. Qeyd edir ki, o, Gəncə şəhəri sakinidir və Bakı şəhərində şəxsi evi yoxdur və işsiz olduğu müddət Bakı şəhərinə gəlib, məsələni yenidən araşdırmasını tələb etməyə imkanı olmamışdır. Amma artiq 5 (beş) ilə yaxındır ki, işsizdir və işə eytiyyacı var. 12 okyabr 2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə işdən çıxma əmrin dəyişdirilməsinə dair yolladığı iddia ərizəsi hakim Ramilə Xəzri tərəfindən baxılmadan rədd edildiyini, 03 noyabr və 18 noyabr 2021-ci il tarixinə təyin olunmuş iclaslarda ancaq özünün iştirak etdiyini, cavabdehin və maraqlı şəxsin nümayəndələri iştirak etməmişlər. 23 dekabr 2021-ci il tarixdə keçirilən iclasda da yenilik baş verməmişdir, ancaq özü iştirak etniş, həttda bu səfər cavabdehin ünvanına məktubların çatmaması barədə məlumat vermişlər. Müxtəlif bəhanələr irəli sürüldu. 24 dekabr 2021-ci il tarixdə məlumatı olmadan növbəti iclas kecirilir və iddia tələbi rədd edilir. Qeyd etdiyi nöqsanlar barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şürasına ərizə yazmış, lakin sualları cavabsız qalmışdır. Azərbaycan Respublikası Konsitusiyanın 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst sürətdə özunə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Adore Kompani MMC bu hüquqdan onu məhrum etdiyini bildirmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq İddiaçı ona məxsus əmək kitabçasının əslini məhkəmə Kollegiyasına təqdim edərək bildirmişdir ki, cavabdeh ona kömək etmək niyyətində olduğunu bildirərək əmək kitabçasına iddia tələbinə uyğun qeyd, yəni “əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir” məzmunda düzəliş edərək qeyd aparmışdır.Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemində düzəliş olunmayıb.Odur ki, apellyasiya şikayətinin və iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz etmişdir.Əlavə olaraq bildirmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmrin surəti və əmrə əsas olmuş sənədləri hazırda özlərində saxlanılmadığına görə məhkəməyə təqdim edə bilmir.Əgər əldə edərsə növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəkdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada təkrar olaraq xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(003)-4388/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı "xxxx" MMC-nin ticarət markaları ilə iş şöbəsinin tərcüməçi vəzifəsinə 23.06.2017-ci il tarixdə qəbul olunmuş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin d bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) 13.07.2017-ci il tarixdə 165/k saylı əmrə əsasən xitam verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, (apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının əslinə baxış keçirilmişdir) qeyd nömrəsi 14, qeydin 13 nömrəsində olan qeydlərə düzəliş edilərək, əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmişdir.İnsan Resursları departamentinin direktoru F.Ə.Məlikzadə tərəfindən imza edilərək Cavabdeh MMC-nin möhürü ilə təsdiq edilmişdir. İlk olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçının tərcüməçi vəzifəsində işlədiyi Cavabdeh MMC-dən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə həmin normaya əsasən xitam verilməsinin əsassız olduğunu irəli sürərək, 13 iyul 2017-ci il tarixli, 165/k nömrəli əmrin ləğv edilməsi və işdən azad olunmağının əsası kimi həmin Məcəllənin 68.2-ci maddəsinin “a” bəndinin göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən (apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasının əslinə baxış keçirilmişdir) görünür ki, cavabdeh iddia tələbini qəbul etmiş və apellyasiya baxışı zamanı əmək kitabçasında mübahisələndirilən əmrə özü düzəliş etmişdir.Lakin aparılmış qeyd natamamdır.Belə ki, Əmrin nömrə və tarixi qeyd edilməmiş, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sistemində düzəliş olunmayıb Odur ki, Məhkəmə Kollegiyası işin yuxarıda qeyd edilən hallarını, cavabdehin iddia tələbini qəbul etdiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin 24 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Bundan əlavə Kollegiya qeyd edir ki, cavabdehin nümayəndəsi bildirmişdir ki, mübahisələndirilən əmrin verilməsinə əsas olan sənədləri hazırda saxlanılmadığına görə məhkəməyə təqdim edə bilməmişdir.Məhkəmə Kollegiyası və birinci instansiya məhkəməsi işə baxarkən əmək kitabçasındakı əmrə dair qeydlərə istinad etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli, 2(003)-4388/2021 saylı qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh MMC tərəfindən qəbul edilmiş 13 iyul 2017-ci il tarixli, 165/k nömrəli əmr ləğv edilməklə İddiaçı son iş yerindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən azad edilməsi barədə cavabdeh tərəfindən düzəliş olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar