Məhkəmə qərarları › İş №2(103)-226/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-226/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-226/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsindən əşyalarla birlikdə çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən əşyalarla birlikdə çıxarılma” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-504/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 0,015640 ha ölçüdə torpaq sahəsinə və onun üzərində olan 1B saylı fərdi yaşayış evinin 72,60 kv.m. ölçüdə hissəsinə dair İddiaçı (bundan sonra “iddiaçı”) mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə isə iddiaçının 163,70 kv.m. ölçüdə 1B saylı evə dair mülkiyyət hüququ qeydiyyata alınmışdır. Cavabdeh (bundan sonra “cavabdeh”) iddiaçının qardaşı oğlu X1 həyat yoldaşıdır. Onların arasında xx.xx.2001-ci il tarixdə nikah başlanmış və bundan sonra cavabdeh qeyd edilən ünvana köçmüşdür. Birgə nikahdan iki övladları olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3623/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X18 atasının yanında saxlanılmışdır. Cavabdeh köçdüyü tarixdən bugünədək həmin ünvanda yerləşən iki mərtəbəli “B” literli tikilidə yaşayır. Keçmiş həyat yoldaşı onunla birlikdə yaşamır. Onların arasında bağlanmış nikah pozulduqdan sonra cavabdehin həmin tikilidə yaşaması keçmiş həyat yoldaşı, qaynatası X5, qaynanası X6, baldızı X8 tərəfindən mübahisələndirilmiş, lakin onların “yaşayış sahəsindən çıxarılması” tələbinə dair iddiaları Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8848/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7204 saylı ekspert rəyinə əsasən Cavabdeh istifadəsində olan iki mərtəbəli “B” literli yaşayış sahəsinin Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********89- 10301 reyestr nömrəli çıxarış ilə İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 1B saylı evin daxilində yerləşdiyi, Cavabdeh istifadəsində olan yaşayış sahəsinin texniki pasport sənədində ümumi sahəsinin 54 kv.metr təşkil edən iki mərtəbəli “B” literli yaşayış sahəsi kimi göstərilən tikili olduğu, tədqiq edilən mülkün bir tərəfdən yol, 3 tərəfdən qonşu sahələrlə əhatə olunduğunu nəzərə alaraq, Cavabdeh istifadəsində olan yaşayış sahəsindən texniki cəhətdən sərbəst şəkildə istifadə etməsinin mümkün olmadığı müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 1B ünvanında yerləşən yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus fərdi yaşayış evinin birində qalır və cavabdehin sözü gedən evə qeydiyyatı yoxdur. Dəfələrlə o, cavabdehə evini tərk etməsini bildirsə də, cavabdeh müxtəlif bəhanələrlə müddəti uzadır. Həmin müddət ərzində yaşadığı otaqdan tanımadığı şəxslərin giriş-çıxışını təmin edir.

4. Bundan sonra Cavabdeh məhkəməyə “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi vermiş, lakin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-504/2023 nömrəli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata qəbulundan imtina edilmiş və ərizə geri qaytarılmışdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-504/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsi, ev 1B-dən (həmin sahədən qeydiyyatdan keçməyən əlavə tikililər də nəzərə alınmaqla) özünə aid əşyaları ilə birlikdə çıxarılmış, iddia qalan hissədə təmin edilməmişdir. (X10)

6. Məhkəmə iddia tələbinin təmin edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, cavabdehin mübahisəli evə hər hansı mülkiyyət və ya əşya hüququ yoxdur. Çünki onun həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ) aşkar edilməmiş, habelə cavabdeh bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə iclasında mübahisəli yaşayış evinin texniki pasportuna cavabdehin iştirakı ilə baxış keçirmiş və cavabdehin etirafı ilə müəyyən edilmişdir ki, cavabdeh birinci mərtəbədə yerləşən “B” tikilisinin üzərində (ikinci mərtəbədə) özbaşına inşa edilmiş tikilidə yaşayır. Cavabdeh “B” tikilisindən istifadə etməklə ikinci mərtəbəyə qalxır və öz əşyaları ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı ünvan 3 ünvanın tam hüquqlu mülkiyyətçisi olmuş, həmçinin həmin ünvanın alt hissəsi yəni torpaq sahəsi də (cavabdehin yaşadığı faktiki torpaq sahəsi) iddiaçıya qanuni əsasla keçmiş və mülkiyyətindədir.

7. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, digər şəxslərin kimlər olmasına dair iddiaçı tərəfindən sübutlar təqdim edilmədiyindən həmin hissədə tələb əsaslı hesab edilə bilməz və rədd edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci, 157-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 76-cı, 77-ci, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. Lakin məhkəmə bunu nəzərə almamışdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1009/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar Əzizbala Ağayev və onun ailə üzvləri tərəfindən verilmiş iddia təmin olunmamışdır. Sonradan apellyasiya şikayəti verilsə də, iddiaçıların apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədə tikilinin özbaşına tikili olması, iddiaçıların subyektiv hüququnun olmaması öz təsdiqini tapmışdır. Hazırda heç bir şərait dəyişməmişdir. Onun yaşadığı otaq hazırda özbaşına tikildir. Həmin otağa heç bir şəxsin mülkiyyət hüququ tanınmamışdır. Hazırki iddiaçının da onun evdən çıxarılmasını tələb etmək hüququ yoxdur. Yəni həmin qətnamə ilə müəyyən edilən hallar hazırki işə baxan məhkəmə üçün məcburi xarakter daşıyırdı. Məhkəmə buna əhəmiyyət verməmişdir. Məhkəmə iddiaçınını subyektiv hüququnun olub-olmamasını araşdırmamışdır. Həmin tikilinin heç bir mülkiyyət sənədi olmamışdır. İddiaçının tikiliyə mülkiyyət hüququ tanınmamışdır. Məhkəmə hazırki iş üzrə ekspertiza təyin etməli və cavabdehin yaşadığı tikilinin, otağın təqdim olunmuş çıxarışda və texniki pasportda görünüb-görünməməsini müəyyən etməli idi. Yəni bu tikiliyə mülkiyyət hüqunun tanınıb tanınmamasını müəyyən etməli idi. İş üzrə ekspertiza təyin etməklə daha düzgün nəticəyə gəlmək mümkün idi. Həmin həyətdə çıxarışdan əlavə tikililər mövcuddur. Onun yaşadığı ev özbaşına tikilidir. Məhkəmə buna özbaşına tikili ilə bağlı qanunvericiliyi tətbiq etməmişdir. Ümumiyyətlə onun həmin evə gəlin köçməsi, həmin evdə 2001-ci ildən yaşaması mənzilin onun iştirakı olmadan özəlləşdirilməsini qeyri-mümkün edirdi. Lakin hazırki məhkəmənin predmeti olmasa belə onun həmin evə gəlin köçməsi, uşaqlarını həmin evdə böyütməsi, onun evdən çıxarılmasını mümkünsüz edir. Ümumiyyətlə məhkəmə iş üzrə yerli baxış keçirə bilərdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

15. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur.

18. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin mövqeyi belə olmuşdur ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.

Apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

21. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

22. Hazırkı apellyasiya şikayəti qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş olunsa da, hüquqi nəticə etibarı ilə qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız iddianı təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin hər hansı hissədə ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.

24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, cavabdeh iddiaçının qardaşı oğlu, X7 arvadı olmuş, onların arasında nikah xx.xx.2001-ci il tarixdə bağlanmış, xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuş, tərəflərin birgə nikahından doğulmuş və həmin vaxt yetkinlik yaşına çatmamış X18 atasının yanında saxlanılmışdır. Hazırda cavabdehin yetkinlik yaşına çatmayan uşağı yoxdur. Nikaha daxil olduğu 2001-ci ildən bugünədək cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 0,015640 ha ölçüdə torpaq sahəsinin üzərində olan 1B saylı fərdi yaşayış evinə aid olmaqla ümumi sahəsi 54 kv.m. olan iki mərtəbəli (hər iki mərtəbə onun istifadəsindədir) “B” literli tikilidə yaşayır. Bu hal məhkəmə kollegiyası tərəfindən keçirilmiş yerində müayinə zamanı, habelə məhkəmə kollegiyası tərəfindən mötəbər sübut kimi qəbul edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7204 saylı ekspert rəyi ilə öz təsdiqini tapır. Qeyd edilən torpaq sahəsinə və fərdi yaşayış evinin 72,60 kv.m ölçüdə hissəsinə xx.xx.2021-ci il tarixdə, 163,70 kv.m hissəsinə isə xx.xx.2023-cü il tarixdə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və həmin tarixdən də onun mülkiyyətindədir. Ekspert rəyinə əsasən cavabdehin yaşadığı həmin tikili iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin daxilində yerləşir.

25. Bununla belə, cavabdeh nikaha daxil olduqdan sonra köçdüyü mübahisəli yaşayış sahəsi hər hansı şəxsin, o cümlədən iddiaçının mülkiyyətində olmamış, hüquqi vəziyyətinə görə özbaşına tikinti olmuşdur. Mübahisəli yaşayış sahəsinin də daxil olduğu fərdi yaşayış evi xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Həmin tarixdən də onun bu əmlaka sətəncam vermək hüququnun yaranması hüquqi nəticə etibarı ilə həmin daşınmaz əmlaka dair onunla cavabdeh arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Belə ki, iddiaçının həmin əmlaka dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində cavabdehlə onun arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Belə olan halda, həmin əmlakın məhz 2023-cü il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınması nəzərə alınmaqla cavabdehin həmin sahədən istifadə hüququnun yaranması və onun bu sahədə bundan sonra da yaşamasının mümkünlüyü qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

26. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin nikahda olduğu 2001-2020-ci illər ərzində yaşadığı sahə hüquqi vəziyyətinə görə özbaşına tikinti olduğundan onun həmin sahədən istifadə hüququ yaranmamış, yalnız nikahından irəli gələrək orada yaşamaq hüququ olmuşdur. Onun keçmiş həyat yoldaşı, qaynatası və baldızı tərəfindən ona qarşı irəli sürülmüş “yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia da onun həmin sahədən istifadə hüququnun olması əsası ilə deyil, iddiaçıların belə bir iddia irəli sürmək üçün subyektiv hüquqlarının olmaması əsası ilə rədd edilmişdir. Belə ki, məhkəmələr qeyd etmişdilər ki, iddiaçılar həmin sahəyə dair hər hansı hüquq müəyyənedici sənəd təqdim etmir, onlar həmin sahə üzərində hər hansı hüquq əldə etməmişdilər. Belə olan halda, iddiaçılardan biri olmuş X11 ilə nikaha daxil olduqdan sonra onun arvadı kimi həmin sahəyə köçmüş cavabdehin də məhz nikahından irəli gələrək yaşamaq hüququndan başqa hər hansı hüququnun yaranması istisna olunur.

27. Bununla belə, cavabdeh 2023-cü ildə mənzilə mülkiyyət hüququ əldə etmiş iddiaçının ümumiyyətlə ailə üzvü deyil, onun ailə üzvü kimi mübahisəli sahəyə köçürülməmişdir. Cavabdeh iddiaçının qardaşının keçmiş ailə üzvüdür (onların nikahları artıq pozulmuş, ailə münasibətlərinə xitam verilmişdir). Hazırki vəziyyətdə cavabdehin iddiaçıya münasibətdə “digər qohum” statusuna malik olub-olmamasına qiymət verilməsinə isə ümumiyyətlə hər hansı zərurət yoxdur. Belə ki, cavabdeh nikahda olduğu təqdirdə belə iddiaçının digər qohumu kimi qiymətləndirilə bilməzdi. Hər bir halda, bu ifadənin hüquqi mənasına uyğun olaraq cavabdeh Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi olaraq iddiaçıdan özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər kateqoriyasına aid deyil.

28. Mövcud vəziyyətdə cavabdeh iddiaçıya münasibətdə “digər şəxs” statusuna malik olan şəxsdir. Bu baxımdan cavabdehin həmin mənzildən istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.2-ci və ya 228.1-ci maddələrinə əsasən notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın bağlanması və ya bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur. Lakin iddiaçının cavabdehin onun mülkiyyətində olan yaşayış sahəsindən çıxarılmasını təkidlə tələb etdiyi bir vəziyyətdə bunun qeyri-mümkünlüyü bir mənalıdır.

29. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, mübahisəli “B” literli 2 mərtəbəli tikilinin cavabdehin nikahda olduğu dövrdə onlar tərəfindən inşa edildiyi, habelə onun vəziyyətinin yaxşılaşdırılması, o cümlədən əsaslı təmir edilməsi də müəyyən edilməmişdir (həmin əmlakda yerində müayinə də keçirilmişdir). Cavabdeh də ümumiyyətlə bu mövqedən çıxış etmir.

30. Bununla belə, nəticə etibarı ilə cavabdeh hər hansı hüquqi əsas olmadan, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakda yaşayır. Bu da öz növbəsində iddiaçıya mülkiyyət hüququ ilə ona məxsus olan bu əmlaka istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu məhdudlaşdırmaqla, pozur. Bu səbəbdən iddiaçının həmin əmlaka olan hüquqlarının qorunması və bərpa edilməsi, o cümlədən cavabdehin onun hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunsuz hərəkətlərin qarşısının alınması üçün cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh mübahisəli “B” literli 2 mərtəbəli tikilidən çıxarılmalıdır.

31. Nəzərə alınmalıdır ki, cavabdeh həmin ünvanda əşyaları ilə birlikdə yaşayır və onun həmin yaşayış sahəsindən çıxarılması oradan ona məxsus olan bütün əşyaların da çıxarılmasını şərtləndirir.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinə istinadən onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixdə, ilkin olaraq Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 1B saylı fərdi yaşayış evinin 72,60 kv.metr hissəsinə mülkiyyət hüququ tanınmışdır. Həmin vaxt evin texniki pasportunda “B” literli tikilinin 1 mərtəbəli olduğu göstərilmişdir. Halbuki, həmin tikili iki mərtəbəli olmuşdur. Bu səbəbdən qətnamədə cavabdehin 1B-dən (həmin sahədən qeydiyyatdan keçməyən əlavə tikililərdə nəzərə alınmaqla) çıxarılması qət edilmişdir. Qeydiyyatdan keçməyən əlavə tikililər dedikdə də məhz “b” literli tikilinin ikinci mərtəbəsi nəzərdə tutulmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə artırmalar da nəzərə alınmaqla 1B saylı ev 163.70 kv.metr ölçüdə olaraq iddiaçının adına dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı tərtib edilmiş texniki pasportda cavabdehin yaşadığı mübahisəli yaşayış sahəsinin artıq iki mərtəbəli olduğu göstərilmişdir (həmin sənədlər iddiaçı tərəfindən məhkəməyə qətnamə çıxarıldıqdan sonra, xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir). Bu baxımdan mövcud vəziyyətdə qətnamənin nəticə hissəsində göstərilənlər cavabdehin məhz Bakı şəhəri, Nəsimi rayonu, X12 küçəsində yerləşən 0,015640 ha ölçüdə torpaq sahəsinin üzərində olan 1B saylı fərdi yaşayış evindən, o cümlədən həmin evin sahəsinə daxil olmaqla ümumi sahəsi 54 kv.m. olan iki mərtəbəli “B” literli tikilidən çıxarılmasını özündə ehtiva edir.

33. Beləliklə, məhkəmə kollegiyası cavabdehin yaşadığı sahənin iddiaçının mülkiyyətinə daxil olduğunu, cavabdehin iddiaçının ailə üzvü, habelə keçmiş ailə üzvü olmadığını, ona münasibətdə “digər qohum” statusu daşımadığını, cavabdehin orada yaşamasına iddiaçının razılığının olmadığını, həmin sahənin hər hansı hissəsinin inşa edilməsi, o cümlədən yaxşılaşdırılması ilə bağlı cavabdeh tərəfindən hər hansı vəsaitin sərf edilməsinin müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı cavabdehə münasibətdə təmin etməkdə haqlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

34. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tikinti-texniki eskpertizası üzrə aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-504/2023 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Məhkəmə tikinti-texniki eskpertizası üzrə aparılmış ekspert tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar