Məhkəmə qərarları › İş №2(103)-2262/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2262/2021

15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2262/2021 15.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020ci il tarixli 2(005)-924/2020 saylı qətnaməsindən iddiaçı və cavabdehin apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzilinə köçürülməsinə və mənzilin mətbəxi, sanitar sahələri və eyvanı ümumi istifadədə olmaqla 22.5 kv.m olan yaşayış otağına istifadə hüququnun müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən, 48 saylı mənzil Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə birgə mülkiyyət hesab edilərək payları ½ hissədə müəyyən olunmuş, mənzilin birgə mülkiyyətdə olması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* nömrəli çıxarışı ilə təsdiq olunur. xx.xx.2010-cu ildən cavabdehlə nikah pozulduqdan birgə mülkiyyət olan mənzildə yaşamaqlarının mümkünsüzlüyünü nəzərə alaraq "mənzilin naturada bölünməsi, bölünməsi mümkün olmadığı halda açıq hərracdan satılması, satışdan əldə olunan vəsaititin paylara uyğun bölünməsi barədə" tələbi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə təmin olunmasına baxmayaraq icrası mümkün olmamışdır. Bundan sonra “ümumi paylı mülkiyyət hüququna xitam verilməsi barədə” iddia tələbi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə təmin edilməmiş, təmin olunmamasının səbəbi “paylarının cuzi olmadığından mülkiyyətin iştirakçılarının öhdəsinə kompensasiya ödənilməsi vəzifəsinin qoyula bilməməsi” kimi göstərilibdir. Cavabdeh mübahisələr yaradaraq iddiaçı barəsində polis orqanlarına şikayətlər etməsi, müxtəlif narahatlıqlar yaratması nəticəsində mənzilin 1/2 hissəsinə dair sahiblik, istifadə hüquqlarını həyata keçirilməsindən məhrum olmuşdur. Cavabdehdən fərqli olaraq başqa yaşayış yeri olmadığından kirayəçi qismində ailəsi ilə yaşamağı ağır olduğundan bu növ tələblə məhkəməyə müraciət etmək məcburiyyətindədir. «Asan 4» Xidmət Mərkəzindən alınan arayışdan məlum olur ki, cavabdehin digər yaşayış yeri olduğundan, sözügedən mənzilə qeydiyyata da düşməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(005)- 924/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı evin, 48 saylı mənzilinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı və cavabdeh apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin istifadə qaydasının müəyyən edilməsi hissəsində ləğv edilməsini və mənzilin 13.8 kv.m olan otağına istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, qətnamə qanunsuz və əsassızdır, mənzilə köçürülməsi müəyyən olunsa da, hansı otaqda yaşamağı müəyyən edilməmişdir. Mənzilin 13.8 kv.m olan otağına istifadə hüququnun müəyyən edilməsi qanuni və əsaslıdır. Cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinə görə qətnamə əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. İddiaçı mənzilin 13.8 kv.m olan otağına köçürülməsinə etiraz etmədiyini, qurulmuş mətbəxin yerində qalmasına razı olduğunu, lakin özünün mənzilin layihəsi üzrə nəzərdə tutulmuş mətbəxdən istifadə edəcəyini bildirdi. Həmçinin köçürüləcəyi otaqdan hazırda nikahda olduğu arvadı ilə birgə istifadə edəcəyini bildirdi. Birinci nikahdan olan oğlu ilə eyni otaqda yaşamasının mümkün olmadığını qeyd etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və nümayəndəsi tərəf isə qarşı tərəfin apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, təmin edilməməsini xahiş etdilər. Həmçinin cavabdeh ərizə təqdim edərək, bildirdi ki, iddiaçının sahəsi 13.8 kv.m olan otağa köçməsinə etiraz etmir, lakin mətbəxdən yaşayış otağına çevrilmiş sahəsi 14.1 kv.m olan otaq, yəni yataq otağı onun və kiçik oğlunun istifadəsindədir, belə olan halda, iddiaçı ilə hər birinin istifadəsində bir yataq otağı olacaqdır, digər sahələrin, yəni mətbəxotaq, dəhliz, eyvan və hamam-tualetin ümumi istifadədə olmağına etiraz etmir, qeyd etdiyi otağın iddiaçıya verilməsinə uşaqlardan biri ilə yaşadığı halda razıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 6811/2015 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, 61 saylı evin, 48 saylı mənzili tərəflərin birgə mülkiyyəti hesab edilərək ½ hissədə payları müəyyən edilmişdir. RX seriyalı nömrəli ******* nömrəli çıxarışına Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48 paylı mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1283 nömrəli reyestr kitabının 116952 nömrəli vərəqində xx.xx.2016-cı ildə qeydiyyata alınmış, onun ½ payı müəyyən edilmişdir. Digər ½ hissədə pay Cavabdeh məxsusdur. Çıxarışa əlavə olunmuş mənzilin planına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 61, mənzil 48-in ümumi sahəsi ümumi sahəsi 65.4 kv.m, yaşayış sahəsi 36.3 kv.m olmaqla, iki otaqdan ibarətdir. Dəhliz 9.9 kv.m, sanitar qovşağı 1.5 kv.m, yaşayış otağı 13,8 kv.m, mətbəx 14.1 kv.m, yaşayış otağı 22.5 kv.m-dir. İddiaçı hazırda həmin mənzilə köçürülməsini və mənzilə istifadə qaydalarının müəyyən edilməsini tələb edir. Məhkəmə tərəfindən Bakı şəhəri, Ə.Əlizadə küçəsi ev 61-də yerləşən, 48 saylı mənzilə tərəflərin iştirakı ilə yerli baxış zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Ə.Əlizadə küçəsindəki 61 saylı evin 48 saylı mənzili çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Mənzilə daxil olarkən müəyyən olunmuşdur ki, işdə olan çıxarışa əsasən mənzilin ümumi sahəsi 65.4 kv.m, yaşayış sahəsi 36.3 kv.m olmaqla, iki otaqdan ibarətdir. Dəhliz 9.9 kv.m, sanitar qovşağı 1.5 kv.m, yaşayış otağı 13,8 kv.m, mətbəx 14.1 kv.m, yaşayış otağı 22.5 kv.m-dir. Mənzil təmirlidir və bütün zəruri avadanlıq ilə təchiz olunub. Sahəsi 22.5 kv.m olan yaşayış otağı mənzilin salonu və mətbəxi kimi, 14.1 kv.m olan mətbəx isə yataq otağı kimi istifadə olunur. Yerli baxış zamanı İddiaçı 22.5 kv.m olan yaşayış otağına köçürülmək istədiyini, Cavabdeh isə buna etiraz edərək hazırda həmin mənzildə iki oğlu ilə birlikdə yaşadığını, sözügedən otağın həm salon, həm də mətbəx kimi istifadə edildiyini, ona görə iddiaçının həmin otağa köçürülməsinin mümkün olmadığını, köçürüləcəyi təqdirdə mənzildə yaşayanların mətbəxə daxil olmalarında maneələrin olacağını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.3-cü maddəsinə görə, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Mübahisələndirilən mənzilin ½ hissəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının tanınması işin mübahisəsiz halıdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq, haqlı olaraq iddiaçının məhrum edildiyi mənzilə köçürülməsi qənaətinə gəlmişdir. İddia tələbinin mənzilə istifadə qaydalarının müəyyən olunması hissəsinə münasibətdə məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı qeyd olunan mənzildə paylı mülkiyyətçi olduğuna görə onun qeyd olunan mənzilə istifadə hüququ da mövcuddur, ancaq iddia tələbində qeyd olunan və iddiaçının istifadə qaydalarının müəyyən olunmasını tələb etdiyi 22.5 kv.m olan yaşayış otağı mənzilin salonu barədə spesifik olaraq istifadə qaydalarını müəyyən etmək qeyri-mümkündür. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. İddaiaçı apelyasiya şikayətində mənzilin sahəsi 13.8 kv.m olan otağına köçürülməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı cavabdeh iddiaçının sahəsi 13.8 kv.m olan otağın uşaqlardan biri ilə yaşadığı halda iddiaçıya verilməsinə razı olduğunu, digər sahələrin, yəni mətbəx-otaq, dəhliz, eyvan və hamam-tualetin ümumi istifadədə olmağına etiraz etmədiyini bildirmiş, iddiaçı isə bununla razılaşmayaraq, köçürüldüyü sahədən hazırda nikahda olduğu arvadı ilə birgə istifadə edəcəyini, əvvəlki nikahdan olan uşaqla yaşamağın mümkün olmadığını, həmçinin özünün mənzilin layihəsi üzrə nəzərdə tutulmuş mətbəxdən istifadə edəcəyini bildirmişdir. Kollegiya qeyd edir ki, iddiaçının qeyd etdiyi şəkildə mənzildən istifadə qaydasının müəyyən edilməsi qeyri-mümkündür, mənzilin hazırki vəziyyətində layihə üzrə nəzərdə tutulmuş mətbəxdən onun istifadəsi də qeyri-mümkündür, çünki dəyişdirildikdən sonra hazırda həmin sahə yataq otağı kimi cavabdeh tərəfindən istifadə olunur. Kollegiya onu da qeyd edir ki, iddiaçının tələb etdiyi istifadə qaydasının müəyyən edilməsi, cavabdehin iki uşağı ilə birlikdə bir yataq otağından, iddiaçının isə sərbəst şəkildə bir yataq otağından istifadəsi ilə nəticələnir ki, bu da cavabdehin hüquqlarının pozulması ilə nəticələnməsinə səbəb olur. Kollegiya hesab edir ki, hər iki tərəfin apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-924/2020 saylı iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar